Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın İran xalqına qarşı düşmənçiliyinin sonu yoxdur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanla bu gün (çərşənbə günü) səhər keçirdiyi izdihamlı görüşdə Amerikanın müəyyən yollar tapıb ölkəyə nüfuz etmək üçün məkrli səylər göstərdiyi barədə xəbərdarlıq etdi. O bildirdi ki, müqavimət qabiliyyəti olan güclü iqtisadiyyat, elmin günü-gündən inkişaf etdirilməsi, habelə özəlliklə gənclərdə inqilabi əhval-ruhiyyənin qorunub saxlanması və gücləndirilməsi “Böyük Şeytan”ın sonu bilinməyən düşmənçiliyinə qarşı qüdrətli mübarizə üçün vacib olan 3 əsas amildir. Ali Məqamlı Rəhbər 1394-cü ilin isfənd ayında ölkədə baş tutacaq seçkilərlə bağlı bəzi məqamlara da toxunaraq dedi: “Eynilə ayrı-ayrılıqda hər bir seçicinin verdiyi səs kimi, hər bir seçkinin nəticəsi də “həqqün-nas” – yəni insanların haqqıdır. Xalqın bu haqqı var qüvvə ilə qorunacaq”.

Hazırda zilqədə ayının bərəkətli günlərinin yaşandığını və bu dəyərli fürsətlərdən bəhrələnmək lazım olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei şəhrivər ayının da məna yükü ilə dolu xatirələrlə zəngin olduğunu bildirərək dedi: “Bu ayda baş vermiş bütün olaylarda, o cümlədən 1357-ci il şəhrivər ayının 17-də günahsız əhalinin Pəhləvi rejiminin əli ilə qırdırılmasında, 1360-cı il şəhrivər ayının 8-də ölkə başçısı və baş nazirin qətlə yetirilməsində, bu ayda Ayətullah Quddusi və Ayətullah Mədəninin şəhid edilməsində, 1359-cu il şəhrivər ayının 31-də Səddamın İrana hücum etməsində müstəqim və ya qeyri-müstəqim surətdə Amerikanın izi müşahidə olunur”.

Bu düşündürücü xatirələrin getdikcə unudulub, özəlliklə də gənclərin zehnindən silinəcəyindən narahatlıq keçirdiyini bildirən Ali Məqamlı Rəhbər rəsmi strukturların bu sahədə zəif fəaliyyət göstərməsini tənqid edərək dedi: “Belə ibrətverici hadisələr xalqın tarixi yaddaşında arxa plana keçməməlidir. Çünki əgər gənc nəsil xalqın tarixində mühüm yer tutan belə hadisələr haqda bilib, onların köklərini araşdırmağa səy göstərməzsə, ölkənin hazırkı və gələcək kursunu müəyyən etməkdə də səhvə yol verər”.

Həzrət Ayətullah Xamenei Pəhləvi hakimiyyəti dövründə Amerikanın İranda mütləq hakimiyyətə malik olduğunu sübut edən bəzi nümunələri sadalayaraq dedi: “Diktator rejimin bütün “qaymağı”, o cümlədən nazirlər kabineti və şəxsən şah özü Amerikaya tabe idi. Amerika rəsmiləri öz əlləri ilə hakimiyyətə gətirdikləri insanların vasitəsilə məzlum İran xalqı üzərində Firon kimi ağalıq edirdilər. Dahi İmam Xomeyni (r.ə) isə zəmanənin Musası kimi, xalqın dəstəyi və dayağı ilə bu qədim məmləkətdə o büsatı qurdu”.

Ali Məqamlı Rəhbər bildirdi ki, amerikalıların İran xalqına və İslam Respublikasına qarşı yürütdüyü sonu bilinməyən düşmənçiliyin əsas səbəbi onların bu ölkədəki qeyri-qanuni mənafeyinin sona çatmasıdır.

“İmam Xomeyninin (r.ə) tarixi bir addım ataraq Amerikanı “Böyük Şeytan” adlandırması olduqca mənalı bir hərəkət idi” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünyadakı bütün şeytanların başçısı İblisdir, İblisinsə işi yalnız aldadıb yoldan azdırmaqdır. Halbuki Amerika həm aldadıb yoldan azdırır, həm qırğınlar törədir, həm sanksiya və təzyiqlər edir, həm də yalan və riyakarlıqla məşğul olur”.

Amerikanın İblisdən də betər simasını mələk kimi qələmə verməyə çalışanları kəskin tənqid edən Ali Məqamlı Rəhbər dedi: “Din və inqilabi ideyalar bir kənara qalsın, ölkənin mənafeyinə sədaqət və sağlam məntiq necə olsun? Hansı sağlam məntiq və vicdan icazə verir ki, biz Amerika kimi bir cinayətkarı bəzəyib-düzəyib etimada layiq bir dost kimi təqdim edək?”

Amerikanın ölkəyə nüfuz etmək üçün işlətdiyi metod və siyasətlərlə bağlı xəbərdarlıq edən Ali Məqamlı Rəhbər dedi: “Xalqın qapıdan qovub çıxardığı Şeytan pəncərədən geri qayıtmaq niyyətindədir və biz bunu ona icazə verməməliyik”.

Amerikanın İran xalqına qarşı düşmənçiliyinin sonu olmadığını bildirən Həzrət Ayətullah Xamenei nümunə olaraq aşağıdakıları qeyd etdi: “Elə Birgə Kompleks Tədbirlər Planı razılaşdırıldıqdan, müqəddəratı hələ nə İranda, nə də Amerikada dəqiq müəyyən olunmamış razılaşma əldə olunduqdan dərhal sonra artıq amerikalılar konqresdə məkrli planlar cızmağa, ölkəmizə problemlər yaratmaq məqsədilə İran əleyhinə qanun layihəsi hazırlamağa başlayıblar”.

“Amerikanın məkrli planlarının sona çatmasının yeganə yolu iranlıların milli iqtidarıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz elə güclənməliyik ki, Böyük Şeytan bu düşmənçiliyinin nəticə verəcəyinə ümidini itirsin”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /