İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qırğızıstan Respublikasının prezidenti cənab Almazbek Atambayev və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün günortadan sonra baş tutan görüşündə qardaş müsəlman ölkələr arasında ikitərəfli əməkdaşlığı mümkün qədər gücləndirməyin vacib olduğunu vurğulayaraq dedi: “İran İslam Respublikasının xarici siyasəti qardaş müsəlman ölkələr arasında əlaqələri hərtərəfli şəkildə artırmağa, bağlılığı daha da möhkəmləndirməyə əsaslanır”.
Görüş zamanı Ali Məqamlı Rəhbər bildirdi ki, hegemon dövlətlərin zorakılığına qarşı mübarizə İslam dininin əsas prinsiplərindən olan ilahi təlimlərdən biridir. O, Qırğızıstan prezidentinin Amerikanın bu ölkədə yerləşən aviabazasının bağlanması, super-güclərin hegemonluğuna qarşı mübarizənin vacibliyi ilə bağlı söylədiyi fikirlərə toxunaraq dedi: “Təcavüzkar və imperialist dövlətlər dünyadakı bütün xalqlara qarşı daim məkrli planlar qururlar, amma İslam dini müsəlman xalqlarının nüfuz və başucalığını istəyir. Böyük dövlətlərlə mübarizə aparıb onların şərini özündən uzaqlaşdırmağın yeganə yolu isə budur ki, müsəlman ölkələri müqavimət göstərsin və öz aralarında əlaqələri möhkəmləndirsin”.
Ali Məqamlı Rəhbər həmçinin bildirdi ki, iki ölkə arasında müxtəlif sferalarda, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın artırılması mümkündür və hər iki tərəfin sıx əməkdaşlıq qurmaq iradəsindən asılıdır.
İran prezidenti cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Qırğızıstan Respublikasının prezidenti cənab Almazbek Atambayev Tehran səfərindən məmnunluq duyduğunu bildirərək dedi: “İranlılar və qırğızlar müştərək dinə, tarixi və mədəni bağlara malik iki qardaş xalqdır və hər ikisində azadlığa, müstəqilliyə can atma ruhu vardır”.
O, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsini, hava, dəmiryolu və magistral xətlər daxil olmaqla nəqliyyat əlaqələrinin qurulmasını arzu etdiyini bildirərək dedi: “İki ölkə arasındakı əlaqələr hazırkı səviyyəsindən çox-çox yüksək olmalıdır”.
Cənab Atambayev Qırğızıstanın Manas bölgəsində yerləşən, Amerika Hərbi Hava Qüvvələrinə məxsus aviabazanın fəaliyyətinin dayandırılması və həmin ölkə ilə əməkdaşlıq haqda müqavilənin ləğv edilməsi məsələsinə toxunaraq dedi: “Dünyada heç bir ölkənin özünü başqalarından üstün bilməyə və başqa ölkələrə qarşı zülmkar sanksiyalar tətbiq etməyə haqqı yoxdur”.
O, əlavə etdi: “Vur-tut 200 ilə yaxın keçmişi olan ABŞ dövləti İran kimi 5 min illik sivilizasiya tarixi olan bir ölkəyə öz iradəsini diktə etmək istəyir, bu isə mümkün deyil”.
Cənab Atambayev İran dövləti və xalqının Amerika qarşısında göstərdiyi müqaviməti yüksək qiymətləndirdiyini bildirərək dedi: “İran sanksiyalar qarşısında nəinki sarsılmadı, hətta daha da möhkəmləndi. Biz İran İslam Respublikasını özümüzə örnək bilirik”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir