İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı günü) səhər keçirdiyi görüşdə Xubriqan Məclisini İslama əsaslanan xalq hakimiyyətinin tam təcəssümü, cəmiyyətin mənəvi asayiş və rahatlıq qaynağı adlandırdı. O, bütün rəsmilərə İslam dininin təfəkkür sistemi çərçivəsində fəaliyyət göstərməyi, imperializmin stereotip və “dəyər”lərinə uymaqdan ehtiyatlı olmağı təkidlə tövsiyə edərək aşağıdakıları vurğuladı: “Bu gün din alimlərinin, ziyalıların və rəsmilərin öhdəsinə düşən ən mühüm vəzifə düşmənin qurduğu planlara qarşı həssas olmaq, düşməni tanımaq, islami təfəkkür sistemi çərçivəsində, gənclərin qabiliyyət və bacarıqlarından, ölkədəki geniş potensialdan istifadə etməklə ölkəni üzü inkişafa doğru gedən, ümidverici bir gələcəyin gözlədiyini xalqa izah etməkdir”.
Ali Məqamlı Rəhbər həmçinin Birgə Kompleks Tədbirlər Planı və onun qəbulundan sonra mövcud olan vəziyyətlə bağlı mühüm məqamlara toxundu.
Çıxışının əvvəlində Həzrət Ayətullah Xamenei Allaha təslim olmaları və ilahi vədlərə inamla yanaşmaları nəticəsində möminlərin qəlbinə Tanrıdan bir rahatlıq və arxayınlığın nazil edilməsi ilə bağlı Qurandan bir neçə ayə misal gətirərək bildirdi ki, Xubriqan Məclisi cəmiyyətdə mənəvi asayiş və rahatlıq üçün zəmin yaradır. Bunun səbəbini açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Xubriqan Məclisi yeganə məclisdir ki, orada iki seçki keçirilir: biri əhali tərəfindən baş tutan məclis üzvlərinin seçimi, digəri isə məclis üzvləri tərəfindən keçirilən Rəhbərlik seçimi”.
O, əlavə etdi: “Bu iki seçkiyə əsasən, Xubriqan Məclisi bir yandan İslama əsaslanan, dini xalq hakimiyyətinin tam təcəssümü, digər tərəfdən isə islami dəyər və hökmlərin hakimiyyətinin göstəricisidir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə özünəməxsus keyfiyyətləri əks etdirən Xubriqan Məclisi təşkil olunduğu və bu məclisin üzvləri öz müstəqil düşüncələrini və bilik səviyyələrini nümayiş etdirdiyi zaman bu, cəmiyyətdə mənəvi rahatlıq və arxayınlığa yol açır”.
Xubriqan Məclisində baş tutan hər iki seçkidə kifayət qədər diqqətli olmaq və müstəqil fikir yürütmək lazım olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müstəqil fikir yürütmək bu mənadadır ki, Xubriqan Məclisinin nümayəndələri imperializm sisteminin dəyər və stereotiplərinin əsirinə çevrilməməlidirlər”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Əlbəttə, bu tövsiyə təkcə Xubriqan Məclisinin üzvlərinə aid deyil. Bütün məmurlar, dövlətin aparıcı qüvvəsi olan rəsmilər, eləcə də siyasət, sosial həyat və din sahələrini gözəl bilən ekspertlər ehtiyatlı olmalıdırlar ki, imperialistlərin daim haqqında danışıb təbliğ etdiyi stereotiplərə uymasınlar”.
“İmperializm cəbhəsi daim haqqında danışdığı, qondarma prinsipləri digər ölkələrin rəsmilərinə, səlahiyyətli şəxslərinə zorla qəbul etdirmək üçün əlindən gələni edərək genişmiqyaslı təbliğat aparır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperialistlərin leksikonunda “terrorizm” və “insan haqları” kimi anlayışlar xüsusi məna kəsb edir. Onlar üçün Yəmən əhalisinə 6 ay ərzində durmadan edilən hücumlar, Qəzzada günahsız insanların qətli terrorizm deyil, səsvermə hüququnun təmin olunmasını tələb etdiyinə görə Bəhreyn əhalisinin əzilməsi isə insan haqlarının pozulması hesab olunmur!”
O həmçinin dedi: “İmperializm sisteminin leksikonunda Livan və Fələstindəki müqavimət qruplarının haqlı və qanuni şəkildə öz torpağını müdafiə etməsi terrorçuluq hesab olunur, Amerikaya yaxın olan istibdadçı ölkələrin regionda törətdiyi əməllər isə insan haqlarına zidd deyil!”
Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Bu leksikonda nüvə alimlərinin terror edilməsi də terrorçuluq hesab olunmur; hansı ki sionistlər bunu, demək olar, açıq-aşkar dilə gətirərək demiş, bəzi Avropa ölkələri də həmin olaylara havadarlıq etməkdə rolları olduğunu etiraf etmişlər!”
“Bu kimi anlayışları saxtalaşdırmaq və hamının bu leksikon çərçivəsində danışmasını gözləmək imperializmin bariz əlamətlərindəndir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bunun qarşısında İslam Respublikası İslam dininə əsaslanan elə bir fəlsəfi sistemə malikdir ki, aradan illər ötdüyünə baxmayaraq, hələ də dünyada ilk gün olduğu kimi aktual, canlı və cəlbedicidir”.
İslama əsaslanan düşüncə sisteminin ayrı-ayrı elementlərini açıqlayan Ali Məqamlı Rəhbər bu sırada zülm, istibdad və imperializmin inkarını, milli qürur və dini heysiyyəti, siyasi, ideoloji və iqtisadi müstəqilliyi sadaladı. O, müstəqilliyin əhəmiyyəti, bunun bir xalqın özünəinamında və inkişafında oynadığı rolla bağlı aşağıdakıları dedi: “Müstəqillik azadlığın bir hissəsidir, odur ki müstəqilliyin vacib olduğunu inkar edənlər əslində azadlığın əleyhinədirlər”.
“Müstəqillik, azadlıq və İslam respublikası” şüarının bu 3 anlayışın məntiqi əlaqəsini ehtiva etdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hərtərəfli müstəqillik, düşüncə və əməlində azadlıq –İslama əsaslanan düşüncə sistemində və İslam respublikası rejimində bunların hər ikisi var. Belə bir fəlsəfi sistem istənilən xalqın özünəinam qazanması, inkişaf və yüksəlişə doğru irəliləyişi üçün zəmin yaradacaq”.
Ali Məqamlı Rəhbər islami həyat tərzinin, novatorluğun, milli birlik və əməkdaşlığın islami məfkurə sisteminin digər elementləri olduğunu qeyd edərək dedi: “İran xalqı ötən 36 ildə bu məfkurə sistemi çərçivəsində hərəkət etməsi sayəsində, qarşısında müxtəlif maneələr olmasına baxmayaraq, bir çox nailiyyətlər əldə edə bilib”.
Həzrət Ayətullah Xamenei İslam dövlətinin göz dikdiyi gələcək üfüqlərin mənzərəsini “elm və sənaye sahəsində inkişaf etmiş, 150-200 milyon nəfərə qədər əhalisi olan, mənəviyyatlı, imperializmdən uzaq, imperialistlərə və hegemon dövlətlərə qarşı çıxan bir İran” cümlələri ilə təsvir edərək aşağıdakıları əlavə etdi: “İran İslam Respublikasının belə bir mövqeyə yetişməsi imperializm cəbhəsi üçün dözülməzdir. İslam dövləti əleyhinə qurulan bütün məkrli planların, görülən işlərin əsas səbəbi də belə bir gələcəyin reallaşmasının qarşısını almaqdır”.
“Belə bir müsəlman ölkəsinin araya-ərsəyə gəlməsi küfr və imperializmin büsatına son qoyacaq” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İran xalqı, xüsusilə də gənclər, din alimləri və universitet ictimaiyyətində təmsil olunan ziyalılar İslam dininə əsaslanan məfkurə sistemi çərçivəsində fəaliyyət göstərərək irəli getməli, hamı, o cümlədən rəsmilər düşmənin planlarına qarşı həssas və sayıq olmalıdır”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Düşmənin təbəssümünə və ya ola bilsin ki konkret hansısa mövzuda qısa müddət sürəcək havadarlığına görə ona aldanmaq olmaz. Əksinə, düşmənin hansı planları izlədiyini daim diqqətdə saxlamaq lazımdır”.
Həzrət Ayətullah Xamenei bir daha vurğuladı ki, düşmənin, dünya imperializminin mövcudluğu uydurma bir mövzu yox, reallıqdır və bunun ən bariz nümunəsi Amerika dövləti və onun arxasında duran, sionistlərə məxsus iqtisadi şirkət və kartellərdir”.
İmanlı gənclərin qabiliyyət, istedad və bacarığına, ölkədə mövcud olan imkan və potensiala, təbii resurslara, əhali arasında İslam, Əhli-Beyt (ə) mədəniyyətinin dərin köklərə malik olduğuna toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Bütün rəsmilər, habelə cəmiyyətdə söz sahibi olan, nüfuzlu insanlar bu işıqlı gələcək haqda insanlarımıza əvvəlkindən də çox danışmalı, onları ümidli gələcəyə kökləyərək cəmiyyətdə mənəvi sakitlik və rahatlıq üçün zəmin yaratmalıdırlar”.
Ali Məqamlı Rəhbər çıxışının digər hissəsini nüvə mövzusunda əldə edilmiş Birgə Kompleks Tədbirlər Planı və bundan sonrakı proseslər, həmçinin müqavimət iqtisadiyyatının siyasətlərinin icrası ilə bağlı mühüm məqamlara həsr etdi.
O, son günlər Birgə Kompleks Tədbirlər Planına baxılmasında parlamentin rolu ilə bağlı gedən müzakirələrə toxunaraq dedi: “Bu məsələnin hüquqi tərəfləri və buradan irəli gələn tələblər barədə hüquqşünas ekspertlər fikir bildirməlidirlər, amma ümumi yanaşdıqda mən belə düşünürəm və bunu möhtərəm prezidentə də bildirmişəm ki, parlamentin Birgə Kompleks Tədbirlər Planına baxılması prosesindən kənarda saxlanması məsləhət deyil”.
İslami Şura Məclisinin sözügedən prosesdə iştirakına şərait yaratmaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei eyni zamanda aşağıdakıları əlavə etdi: “Sənədin araşdırılma metodu, qəbul edilməsi və ya geri qaytarılması barədə mənim parlamentə heç bir tövsiyəm yoxdur. Xalqın nümayəndəsi olan deputatlar özləri qərar verməlidir”.
Ali Məqamlı Rəhbər Birgə Kompleks Tədbirlər Planının razılaşdırılmasından sonra baş verən məsələlər barədə aşağıdakıları qeyd etdi: “Mən hökumət kabinetində təmsil olunan əziz və səmimi qardaşlarımızla bu mövzu ilə bağlı bəzi məqamları müzakirə etmişəm və indi bu barədə Xubriqan Məclisinin üzvlərinə və bütün xalqa məlumat vermək istəyirəm”.
O, İranla danışıqlarda 6 ölkənin iştirak etdiyinə və bu ölkələr arasında Amerikanın mövqe və roluna toxunaraq dedi: “Əslində, bizim qarşımızda duran tərəf Amerikadır, amma Amerika rəsmiləri çox xoşagəlməz tərzdə danışırlar və onların bu danışıqlarına qarşı hansı mövqe tutulacağı müəyyən olunmalıdır”.
O, Amerika rəsmilərinin sanksiyaların əsas strukturunun saxlanacağı barədə səsləndirdiyi fikirlərə münasibət bildirərək aşağıdakıları vurğuladı: “Əgər sanksiyaların əsas strukturu saxlanacaqsa, onda biz nə üçün müzakirə aparırdıq? Bu, İran İslam Respublikasının danışıqlara qoşulmasının əsas səbəbi olan amilə tamamilə ziddir, çünki bizim danışıqlara getməkdə məqsədimiz sanksiyaların ortadan qaldırılması idi”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz danışıqlarda hansısa məqamlarda geri çəkilib bəzi güzəştlər etmişiksə, bu əsasən sanksiyaların qaldırılmasına nail olmaq üçün olub. Əgər bu təmin olunmayacaqdısa, müzakirələrə qoşulmağa nə lüzum var idi? Biz öz işimizə davam edib, indi əlimizdə olan 19 min sentrifuqanı qısa müddət ərzində 50-60 minə çatdıra, 20 faiz zənginləşdirməni də davam etdirərək elmi araşdırmalarımızı və bu texnologiyanın inkişafını daha da sürətləndirə bilərdik”.
Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Əgər sanksiyalar qaldırılmayacaqsa, ortada bir razılaşma da olmayacaq, odur ki bu məsələ ilə bağlı hansı mövqe tutulacağı əvvəlcədən müəyyən edilməlidir”.
Ali Məqamlı Rəhbər dövlət rəsmilərinə xitabən aşağıdakıları dedi: “Heç də düşünməyin ki, amerikalılar bu sözləri ölkə daxilindəki opponentlərini qane etmək üçün deyirlər. Əlbəttə, mən də bu fikirdəyəm ki, Amerika daxilində siyasi qarşıdurmaların getməsi realdır, onlar bir-biri ilə rəqabət aparır və bu rəqabətin səbəbi də bizə aydındır, lakin rəsmən səsləndirilən bəyanatlara cavab verilməlidir. Əgər cavab verilməzsə, qarşı tərəfin dedikləri təsdiq edilmiş olacaq”.
Həzrət Ayətullah Xamenei həmçinin Amerika rəsmilərinin sanksiyaların müvəqqəti olaraq dayandırılması barədə səsləndirdiyi fikirlərə də toxunaraq dedi: “Bu, bizi əvvəldən maraqlandırmayıb və biz sanksiyaların müvəqqəti dayandırılmasına yox, tamamilə aradan qaldırılmasına israr etmişik”.
O, əlavə etdi: “Əlbəttə ki, biz sanksiyaların dərhal qaldırılmasını nəzərdə tuturduq, amma burada yoldaşlar məsələnin bəzi tərəflərini bizə açıqladılar, biz də etiraz etmədik, amma sanksiyalar ortadan qaldırılmalıdır. Əgər sanksiyaların müvəqqəti olaraq dayandırılmasından söhbət gedərsə, biz də əsaslı addımlar səviyyəsində olmasa da, sanksiyaların müvəqqəti dayandırılmasına müvafiq həddə lazım olan tədbirləri həyata keçirəcəyik”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Əlbəttə ki, qarşı tərəf bəzi sanksiyaların ortadan qaldırılmasının Amerikanın əlində olmadığını deyir. Biz də deyirik ki, qoy Amerikadan və Avropa dövlətlərindən asılı olan sanksiyalar götürülsün”.
Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin xoşagəlməz bəyanatları qismində nüvə razılaşmasının məzmunundan tamamilə kənar olan bəzi fikirləri qeyd edərək dedi: “Amerikanın hakim dairələri İran haqda 19-cu əsrin ingilisləri kimi danışır. Onlar, elə bil, dünya tarixindən 2 əsr geri qalıblar. Halbuki dünya dəyişilib və artıq super-dövlətlər o işləri görmək üçün güc və imkanlara, münasib arenaya sahib deyillər. Qarşı tərəfdə də artıq güc və imkanlarının müəyyən qismi ilə tanınan, müəyyən qismini isə lazım gəldiyi zaman tanıtdıracaq İslam Respublikası durur. İran hansısa geridə qalmış ölkə deyil ki, onunla istədikləri kimi danışa bilsinlər!”
Ali Məqamlı Rəhbər Amerika rəsmilərinin imperialist niyyətli bəyanatlarından birini xatırladaraq dedi: “Amerika rəsmiləri deyirlər ki, İran dövləti və onun rəsmilərinin fərqli davranacağını gözləyirlər”.
O, əlavə etdi: “Onlar üçün fərqli davranış İslam Respublikasının bu günə qədərki davranışlarından fərqlənən davranışdır, bu isə dini dəyərlərdən vaz keçmək, İslamın hökmlərinə bağlılıqdan əl götürmək deməkdir. Amma belə bir şey heç bir zaman baş verməyəcək. Nə hökumət, nə parlament, nə də digər rəsmilər əsla belə bir şeyə yol verməyəcəklər, bunu etmək fikrinə düşən biri olsa da, İslam Respublikası və İran xalqı onun bu hərəkətini qəbul etməyəcək”.
Amerikanın gözləntilərinə daha bir misal gətirən Ali Məqamlı Rəhbər dedi: “Amerikanın regionda izlədiyi siyasətlərdən biri də müqavimət qüvvələrini tamamilə məhv və yox etmək, Suriya və İraqda ağalığı bütünlüklə ələ keçirməkdir. Onlar İslam Respublikasının da buna qoşulacağını gözləyirlər, amma belə bir şey heç vaxt olmayacaq”.
Amerika rəsmilərinin qıcıqlandırıcı bəyanatlarından daha birini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Onlar Birgə Kompleks Tədbirlər Planının Amerika üçün həm İranın daxilində, həm də İrandan kənarda – regionda fürsətlər yaratdığını deyirlər”.
Ali Məqamlı Rəhbər hökumət kabinetində və digər strukturlarda təmsil olunan rəsmilərə xitabən aşağıdakıları vurğuladı: “Hökumət kabinetinin üzvləri və digər strukturların rəsmiləri Amerikanın nə ölkə daxilində, nə də ölkədən kənarda hansısa münasib fürsətlər axtarmasına heç bir vəchlə imkan verməməlidirlər. Çünki onlar daim izlədikləri bu fürsətlərə nə qədər yaxınlaşsalar, heç şübhəsiz, xalqların zillət, əzab-əziyyət və geriliyi bir o qədər artacaq”.
İstər xarici siyasətə, istərsə də digər sferalara cavabdeh olan rəsmilərə Amerika ilə qətiyyən nüvə mövzusundan kənar heç bir mövzuda danışıqlar aparmamağı israrla tapşırdığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bunun səbəbi Amerikanın İran İslam Respublikasının yanaşmalarına 180 dərəcə zidd olan yanaşmalarıdır”.
Çıxışının ardında Ali Məqamlı Rəhbər ölkədəki mühüm məsələlərdən biri olan iqtisadiyyat məsələsinə toxunaraq dedi: “Müqavimət iqtisadiyyatının siyasətləri vahid və bölünməz bir məcmudur, onların icrası üçün də tam və mükəmməl bir fəaliyyət proqramına ehtiyac var. Buna görə də mən möhtərəm ölkə başçısından və nazirlərdən müqavimət iqtisadiyyatının siyasətlərinin gerçəkləşməsi üçün kompleks, operativ və işlək bir fəaliyyət proqramı işləyib hazırlamalarını istəmişəm və bu tədbirin həyata keçiriləcəyinə ümid edirəm”.
O, müqavimət iqtisadiyyatının reallaşdırılmasının nə qədər əhəmiyyətli olması ilə bağlı aşağıdakıları qeyd etdi: “Müqavimət iqtisadiyyatı reallaşarsa, artıq əhəmiyyətli olmayacaq ki, İrana ayrılmayan pul 5 milyard dollardır, ya 100 milyard; əlbəttə, dünyadan istədiyimiz və indiyə qədər bizə zülm edərək qarşısını aldıqları miqdarda puldan istifadə olunmalıdır, amma müqavimət iqtisadiyyatı bu kimi problemlərə görə dayandırılmamalıdır”.
Həzrət Ayətullah Xamenei həmçinin müqavimət iqtisadiyyatının icrası üçün aktiv bir əməliyyat komitəsi yaradılmalı olduğunu vurğulayaraq dedi: “Hökumətin tərkibində təşkil edilməli olan bu komitə hər bir qurumun vəzifəsini müəyyən etməklə, görüləcək işlərin vaxt bölgüsünü və monitorinqini aparmaqla böyük bir dinamika yaratmalıdır”.
Çıxışının son hissəsində Ali Məqamlı Rəhbər ölkədəki mömin insanlara üz tutaraq dedi: “Xalqımızın ümummilli hərəkatı İslam dininin ideya və hədəflərinə doğrudur. Ölkə əhalisinin mütləq əksəriyyətini təşkil edən mömin, nəcib və inamlı insanlar Allahın kömək vədinə optimist yanaşaraq müxtəlif iqtisadiyyat, siyasət və mədəniyyət meydanlarında düşmənin siyasətlərinə qarşı mübarizə aparmaq üçün hazırlıqlarını qoruyub saxlamalıdırlar”.
Ali Məqamlı Rəhbərdən öncə çıxış edən Xubriqan Məclisinin sədri Ayətullah Yəzdi İmam Xomeyninin (r.ə) liderliyinin və İran xalqının şücaətinin İslam İnqilabının qələbəsinin əsas amili olduğunu söylədi və ardınca Xubriqan Məclisinin sonuncu iclası ilə bağlı bəzi məqamlara toxundu.
Həmçinin Xubriqan Məclisinin sədr əvəzi Ayətullah Haşemi Şahrudi də XM-in 18-ci iclası barədə məlumat verərək bildirdi ki, sonuncu iclasın gündəliyində duran əsas məsələ məclis üzvlərinin sayı ilə bağlı əsasnamədə dəyişiklər edilməsi olmuşdur.
XM-in sədrəvəzi iclasda regiondakı vəziyyətin, təkfirçilərin İslam dünyasında yaratdığı fitnənin müzakirə olunduğunu, iclasa qonaq qismində dəvət olunmuş ekspertlərin nüvə danışıqlarının nəticələrini şərh etdiyini qeyd edərək dedi: “Sonuncu iclasda çıxış və müzakirələrin əsas mövzusunu təşkil etmiş ən mühüm mövzular sırasında ölkədəki problemlərin həlli ilə bağlı təkliflərin irəli sürülməsi, mədəniyyət sferasındakı nöqsanlarla bağlı məclis üzvlərinin narahatlıq ifadə etməsi, şəhidlərin uca məqamına sonsuz ehtiram ifadə olunması, eləcə də xalqın şəhidlərin dəfnini möhtəşəm bir hərəkat səviyyəsində həyata keçirməsinin mədəni baxımdan dəyərli bir addım kimi yüksək qiymətləndirilməsi, XM-ə gələcək seçkilərin əhəmiyyəti, XM-in mövqeyinin qorunub saxlanmasında Keşikçi Şuranın öhdəsinə düşən ağır məsuliyyət, vəzifə səlahiyyətlərinin qanuna müvafiq qaydada ötürülməsinin vacibliyi, habelə İslam İnqilabından sonra yoxsulluğun yüksək səviyyədə olduğu ostanların, xüsusilə də əhli-sünnənin yaşadığı bölgələrin inkişafı istiqamətində görülən işlər barədə məruzələr yer alırdı”.
Ayətullah Haşemi Şahrudi əlavə etdi: “Xubriqan Məclisinin üzvləri bunu da vurğuladılar ki, nüvə mövzusunda razılaşmanın əldə edilməsi Amerika ilə münasibətlərin adiləşməsi demək deyil”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir