Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın düşmənçiliyi azalmayıb, o, ölkəmizə nüfuz edib zərbə vurmaq niyyətindədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, şəhid Rəcayi və şəhid Bahonərin şəhadəti ilə bağlı günlərin Hökumət həftəsi adlandırılmasının fəlsəfəsi bu iki dəyərli insanın ideya və davranışlarını, şəxsi keyfiyyətlərini bir meyar kimi yaşatmaqdır. O, hökumətin səylərini, o cümlədən inflyasiyanın azaldılması, iqtisadi sabitliyin təmin edilməsi, səhiyyə, nüvə danışıqlarının başa çatdırılması sahəsində görülən işləri təqdir edərək dedi: “Ölkənin ümumi inkişaf prosesində rəsmilər düşmənlərin ədavətinin hələ də davam etdiyinə, yadelillərin ölkəyə nüfuz etməsi təhlükəsinə qarşı sayıq olmağa, şəxsi intriqalardan çəkinməyə, elmi inkişafın sürət tempinin qorunmasına, mədəniyyət sferasının İmam Xomeyninin və İslam İnqilabının əsas prinsip və şüarları əsasında idarə edilməsinə, inkişaf prosesində ədalətə önəm verilməsinə, xarici ticarətin ciddi şəkildə idarə edilməsinə, müqavimət iqtisadiyyatının reallaşması üçün konkret mərhələlərə bölünmüş, vahid proqramın işlənib hazırlanmasına hərtərəfli diqqət yetirməlidirlər”.

Hökumət həftəsi ilə əlaqədar keçirilən bu görüşdə Ali Məqamlı Rəhbər iştirakçıları Həzrət İmam Rzanın (ə) mövludu münasibətilə təbrik edərək bildirdi ki, bu il bu mövludun Hökumət həftəsi ilə üst-üstə düşməsi mübarək bir haldır. O, əlavə etdi: “8-ci imamın müqəddəs məqbərəsinin İranda olması ölkəmiz üçün qürur mənbəyi olan faktlardan biridir. Biz bu aliməqam şəxsiyyətin ehtiramının layiqincə qorunması üçün əlimizdən gəldiyi qədər səy göstərməliyik”.

Həzrət Ayətullah Xamenei həmçinin şəhid Rəcayi və şəhid Bahonərin xatirəsini böyük ehtiramla yad edərək aşağıdakıları vurğuladı: “Bu günlərə Hökumət həftəsi adı verilməsində hədəflərdən biri də o vüqarlı şəhidlərin xarakter və davranış xüsusiyyətlərinin hökumət adamları üçün meyara çevrilməsidir”.

Ali Məqamlı Rəhbər şəhid Rəcayi və şəhid Bahonər üçün xarakterik olan bariz xüsusiyyətlər sırasında İmam Xomeyninin (r.ə) hədəflərinə inamı, ixlası, xalqa xidmət ruhiyyəsini, xalqa yaxın olmağı, heç bir zaman vəzifə postunu öz gələcəyini maddi cəhətdən təmin etmək üçün vasitəyə çevirməməyi və İslam İnqilabının təməl prinsiplərinə sadiqliyi qeyd edərək dedi: “Rəsmilər diqqətli olmalıdırlar, çünki onların davranışı, həyat tərzi və əlaqələri cəmiyyətdə müəyyən mədəniyyət formalaşdırır”.

Bu giriş sözlərindən sonra Ali Məqamlı Rəhbər son iki ildə çəkdikləri zəhmətə, həyata keçirdikləri işlərə görə ölkə başçısına və hökumət kabinetinin üzvlərinə təşəkkürünü bildirdi və görüş zamanı nazirlərdən bir neçəsinin verdiyi hesabatlara toxunaraq dedi: “Görülən işlərlə bağlı bu gün çox yaxşı və hərtərəfli hesabatlar verildi. Onlar barədə əhalini də məlumatlandırmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei eyni zamanda bir məqamı da qeyd etdi: rəsmilərin verdiyi hesabatlar elə olmalıdır ki, xalq öz həyatındakı reallıqlara nəzər saldıqda onların doğruluğunu təsdiqləsin.

Çıxışının davamında hökumətin həyata keçirdiyi bəzi müsbət tədbirlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “İnflyasiyanın azaldılması, iqtisadiyyat sahəsində nisbi sabitliyin təmin edilməsi, kəskin dəyişikliklərin qarşısının alınması hökumətin həyata keçirdiyi müsbət tədbirlərdəndir və bu işlər gələcəkdə də davam etdirilməlidir”.

O, əlavə etdi: “Əlbəttə ki, inflyasiyanın ikirəqəmli ədədlərlə ifadə olunması bizi qane etmir. İnflyasiyanın illik faiz göstəricisi 10-dan aşağı rəqəmlərə endirilməlidir”.

Həzrət Ayətullah Xamenei hökumətin həyata keçirdiyi digər müsbət tədbirlər sırasında ölkənin iqtisadi durğunluqdan çıxarılması, səhiyyə sahəsində islahatlar edilməsi, ölkənin elmi inkişafının davam etdirilməsi, su ehtiyatının yığılması, əkinçilik sahəsində su sərfinin idarə olunması, müxtəlif meliorasiya layihələrinin icrası istiqamətində görülən işləri qeyd etdi. O, nüvə məsələsinə də toxunaraq dedi: “Nüvə danışıqlarının yekunlaşdırılması da olduqca əhəmiyyətli işlərdən biri idi və həyata keçirildi. Ümidvaram ki, bu sahədə müəyyən problem və çətinliklər varsa da, aradan qaldırılacaq”.

Ali Məqamlı Rəhbər eyni zamanda nüvə mövzusunda, ola bilsin ki, düşmənin hədəflərinə diqqət yetirilməyəcəyi ilə bağlı narahatlıq keçirdiyini bildirərək aşağıdakıları vurğuladı: “İslam İnqilabının əvvəlindən bu günə qədər Amerika və İsrailin bu inqilaba və İslam Respublikasına qarşı düşmənçiliyi azalmayıb. Rəsmilərimiz bu reallığı heç bir vəchlə diqqətdən qaçırmamalıdırlar”.

O, əlavə etdi: “Əlbəttə, düşmənin zərbə vurmaq üçün seçdiyi metodlar yenilənə bilər, amma siyasət, iqtisadiyyat və mədəniyyət sferalarına cavabdeh olan bütün rəsmilər diqqətli olmalıdırlar ki, düşmənin cızdığı planların icrasında alətə çevrilməsinlər və qəbul etdikləri qərarlarla bilərəkdən və ya bilmədən yadellilərin dəyirmanına su tökməsinlər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Düşmənin açıq-açığına ədavət güdən hədəflərini onun şifahi və yazılı bəyanatlarından anlamaq olar. Heç kəs unutmamalıdır ki, düşmən cəbhəsi ölkəmizə və xalqımıza qarşı əlisilahlı, hazır şəkildə durub. Biz də tutacağımız cəbhəni dəqiq müəyyən edərək düşmənlər qarşısında hər mərhələnin tələbinə uyğun şəkildə mövqe seçərək addım atmalıyıq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, Amerika və İsrailin sonu bilinməyən düşmənçiliyini dərk etmək məsələsi təkcə hökumət adamlarına aid deyil. Xalqın sıravi nümayəndələri, xüsusən də İslam İnqilabına can yandıran şəxslər də bu reallığa diqqət yetirməlidirlər, amma bu işdə hökumət nümayəndələrinin çiyinlərinə düşən vəzifə daha ağırdır”.

“Düşmənin aydın olmayan, dolaşıq yollarla, tədricən ölkəyə nüfuz etmək səylərinə qarşı sayıq olmaq obyektiv reallıqdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İstənilən şəraitdə inqilabi mövqe seçməkdə qətiyyətli olmaq, düşmən qarşısında öz inqilabi mövqeyini və İmam Xomeyninin (r.ə) əsas prinsiplərini heç nədən qorxub çəkinmədən, utanmadan, açıq-açığına bəyan etmək lazımdır”.

Ali Məqamlı Rəhbər dedi: “Əgər diqqətsizlik etsək, qəflətən anlayacağıq ki, düşmən haradasa boşluq tapıb ölkənin siyasətini, iqtisadiyyatını və ya mədəniyyətini təhdid edən işlərlə məşğuldur. Odur ki tam ehtiyatlı olmalıyıq”.

Xalqın birlik və həmrəyliyini qorumağın digər bir zəruri məsələ olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hətta 22 bəhmən yürüşündə də camaatın hamısı eyni siyasi cinahdan olmur, amma hər kəsin rəhbər tutduğu başlıca kurs, tendensiya eyni olur. Odur ki cəmiyyətdə mövcud olan bu birliyi, yekdilliyi tam məsuliyyətlə qorumaq lazımdır”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar aşağıdakıları da qeyd etdi: “Cəmiyyətdə birliyi qorumaq üçün ayrı-ayrı şəxslərin davranış və fəaliyyətini şərh etməkdən, hərc-mərclikdən uzaq olmaq, birlik və həmrəyliyə xələl gətirəcək heç bir söz danışmamaq lazımdır”.

Daha sonra Həzrət Ayətullah Xamenei hazırkı etapın prioritetləri haqda danışdı. O, ölkənin elmi inkişafının sürət tempini qoruyub saxlamağın vacib olduğunu vurğulayaraq dedi: “Elm ölkənin inkişafının əsl bazasıdır. Bu sahəyə nə qədər pul xərclənsə də, İranın gələcəyi üçün sərmayə qoyuluşu deməkdir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Fəaliyyət proqramlarını elə formada qurub elə işləmək lazımdır ki, 20 illik perspektiv planın ikinci onilliyində ölkədə elmi inkişafın sürət tempi qorunsun və inşallah, ölkəmiz elmi inkişafına görə dünya üzrə ilk onluğa düşə bilsin”.

Ali Məqamlı Rəhbər bildirdi ki, son 10 ildə elmi inkişafın cəmiyyətdə ümumi bir diskursa çevrilməsi ölkədə elmi yüksəlişin qarantıdır. O həmçinin dedi: “Cəmiyyətdə ruh yüksəlişi və dinamiklik yaradan bu diskursu qoruyub saxlamaq və gücləndirmək lazımdır”.

“Elmi əsaslı şirkətlərə, elm və texnologiya parklarına önəm və dəstək vermək vacibdir və bu, məşğulluğun artması üçün şərait yarada bilər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İşi elə qurun ki, tələbələr təhsilin müxtəlif pillələrində əmək bazarına daxil olub əmək fəaliyyəti ilə məşğul ola bilsinlər”.

Mədəniyyətin hazırkı etapın digər bir prioriteti olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İqtisadi problemlər insanın fikrinin dağılmasına səbəb olmur, amma mədəniyyət sahəsindəki xoşagəlməz məsələlər isə bəzən insanın yuxusunu ərşə çəkir”.

Ali Məqamlı Rəhbər bu mövzuda rəsmilərin öhdəsinə iki əsas vəzifə düşdüyünü bildirdi: mədəniyyət sahəsində sağlam məhsullar istehsal etmək və zərərli məhsulun istehsalının qarşısını almaq. O, əlavə etdi: “Dünyanın bütün ölkələrində mədəni məhsullara nəzarət edilir, senzura var. Odur ki əgər bəzi məhsullar əsas prinsip və ideyalarla ziddiyyət təşkil edirsə, heç nədən utanıb-çəkinmədən onların qarşısını alın; istər bu, çap əsərləri olsun, istərsə də vizual məhsullar”.

Mədəniyyət sahəsində özbaşınalığı qətiyyətlə rədd edən Həzrət Ayətullah Xamenei dedi: “Mədəniyyət sferası İmam Xomeyninin (r.ə) və İslam İnqilabının əsas prinsip və şüarları əsasında idarə olunmalı, cəmiyyət üçün mənəvi qida ola biləcək sağlam mədəni məhsul istehsal edilməlidir”.

İqtisadiyyatın ölkənin başlıca prioriteti olduğunu bildirən Ali Məqamlı Rəhbər bu mövzu ilə bağlı bir neçə məqama toxundu. İlk olaraq o, ədalətlə paralel olan iqtisadi inkişafdan danışdı.

Ali Məqamlı Rəhbər dedi: “Bir məqama diqqət yetirmək lazımdır ki, iqtisadi inkişafın fonunda cəmiyyətdə kəskin təbəqələşmə baş verməsin, aztəminatlı insanlar daha da ağır vəziyyətə düşməsin”.

Həzrət Ayətullah Xamenei həmçinin bildirdi ki, əməyə sevginin, zəhmətkeşliyin ümumi bir diskursa çevrilməsi, tənbəllik və işsizliyin isə cəmiyyətin mədəni məfkurəsində qınaq obyekti olan bir hal kimi dəyərləndirilməsi hazırlanan fəaliyyət proqramlarında və həyata keçirilən tədbirlərdə diqqət yetirilməsi vacib olan digər mühüm məqamlardandır. O, əlavə etdi: “İnsanların sahibkarlığa, ölkədə sərvət istehsalına təşviq edilməsi, bunların təbliği ilə yanaşı, düzgün və sağlam yolla pul qazanmağın mümkün olduğu kanalların yaradılmasına da önəm verilməli, iş axtarmağın yolları media vasitələri tərəfindən insanlara göstərilməlidir. Bəzi televiziya proqramlarının bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir”.

Yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün ölkənin geniş imkanlara malik olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Biznes fəaliyyətinin və xarici ticarətin idarə edilməsi məsələsi olduqca əhəmiyyətlidir”.

O həmçinin ticarət və mal mübadiləsi zamanı ədaləti gözləmək, İranı xarici malların satış bazarına çevirməmək lazım olduğunu vurğuladı.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının mühüm bir mövzu olduğunu bildirərək dedi ki, hökumətin istənilən fəaliyyət proqramında bu mövzuya hərtərəfli diqqət yetirilməlidir.

O, sözügedən mövzu ilə bağlı verdikləri hesabatlara görə hökumət strukturlarına təşəkkürünü bildirsə də, aşağıdakıları vurğuladı: “Görülən işlərdən bəziləri hələ başlanğıc xarakteri daşıyır, bəziləri müqavimət iqtisadiyyatı ilə əlaqəli deyil, bəziləri isə əslində hökumət strukturlarının həyata keçirməli olduğu cari işlərdir, amma müqavimət iqtisadiyyatı sahəsindəki tədbirlərin sırasına daxil edilib”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da xatırlatdı: “Müqavimət iqtisadiyyatı birgə düşünülərək hazırlanmış, tam və hərtərəfli bir siyasətlər paketidir. Onun reallaşması üçün də vahid və sistemləşdirilmiş bir icra proqramı lazımdır”.

O, əlavə etdi: “Bu proqramda hər bir hökumət strukturunun payı müəyyən olunmalı, onun icrası üçün konkret vaxt ayrılmalı, problem və maneələr aradan qalxdıqca bu strukturların fəaliyyəti izlənməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bu icra proqramı hazırlanıb ərsəyə gətirildikdən sonra müqavimət iqtisadiyyatının reallaşdırılmasında ikinci addım güclü, səriştəli, sözükeçən bir idarəetmə mərkəzinin yaradılmasıdır. Bu mərkəz bütün fəaliyyətlərə, problemlərin həlli istiqamətində atılacaq əsaslı addımlara nəzarət edib vaxtında və düzgün qərarlar qəbul etməklə sözügedən proqramın icrası üçün zəmin yaradacaq və görülən işlər barədə əhaliyə məlumat verəcək”.

Üzünü hökumət adamlarına tutan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Müqavimət iqtisadiyyatının siyasətləri ilə uyğun olmayan heç bir proqramı gündəliyinizə daxil etməyin. 6-cı inkişaf proqramını da məhz bu əsaslar üzərində, tez bir zamanda işləyib hazırlayın”.

Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının reallaşması üçün qeyri-hökumət sektorlarının, o cümlədən bəsicin potensialından istifadə etməyin, habelə iqtisadçılardan və fəal iqtisadi subyektlərdın bəhrələnməyin vacib olduğunu bildirdi.

O, əlavə etdi: “Müqavimət iqtisadiyyatının siyasətlərinin icrası üçün hansısa hüquqi bazaya, qanunvericilik aktlarına ehtiyac duyularsa belə, parlament və Məhkəmə Hakimiyyəti bu sahədə əməkdaşlıq etməyə hazırdır”.

İqtisadi durğunluq mövzusuna toxunan Həzrət Ayətullah Xamenei prezidentin ölkə iqtisadiyyatında 3 faizlik müsbət artımın müşahidə olunduğu barədə verdiyi hesabatla bağlı aşağıdakıları dedi: “Bu artım durğunluqda azacıq da olsa tərpəniş olduğunu göstərir, amma əgər iqtisadi durğunluqla ciddi şəkildə mübarizə aparılmasa, hazırkı iqtisadi artım da risk altına düşəcək və inflyasiya bir daha artan xətlə inkişaf etməyə başlayacaq”.

Ali Məqamlı Rəhbər durğunluq ucbatından problemlə üzləşmiş iqtisadi müəssisələrə də toxunaraq aşağıdakıları dedi: “Bu istehsalat mərkəzlərindən bəziləri maliyyə çətinlikləri ilə üzləşib, bu məsələdə banklar onlara yardımçı olmalıdır. Bəzilərinin isə maliyyə çətinlikləri yoxdur, onlar üçün müəyyən olunmuş güzəştli krediti də alıblar, lakin bu pulu başqa yerə sərf ediblər. Belə müəssisələrlə bağlı müvafiq tədbirlər görülməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Durğunluq problemini həll etmək üçün bəzi layihələri özəl sektora həvalə etmək lazımdır”.

Ölkədə 400 trilyon tümən həcmində yarımçıq layihə olduğu barədə mövcud olan bəzi statistik göstəricilərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Bu layihələrin 10 faizi özəl sektora həvalə olunsa, ölkənin iqtisadi dövriyyəsinə 40 trilyon tümən daxil olar və bu, durğunluğun aradan qaldırılmasına mühüm təsir göstərər”.

Daha sonra kənd təsərrüfatı sektoruna əvvəlkindən artıq diqqət göstərmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər ölkənin əsas istehlak məhsulları ilə özünü təmin etməsi üçün fəaliyyət proqramları hazırlamaq lazım olduğunu qeyd edərək dedi: “Kənd təsərrüfatında müasir texnika və texnologiyalardan istifadə etməklə yanaşı, müxtəlif ostanlarda gənc aqronomların potensialından da yararlanmaq lazımdır”.

Lüzumsuz meyvə idxalının qarşısını almağın vacib olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Kəndlərə, emal sənayesinə, aqrar sənayenin potensialından istifadəyə daha ciddi diqqət yetirmək lazımdır”.

Ali Məqamlı Rəhbər mədən sektorunun ölkənin önəmli potensiallarından biri olduğunu qeyd edərək dedi: “Böyük dövlətlərin bircə işarəsi ilə və regiondakı xəbis ünsürlərin atdığı o addımlar nəticəsində 100 dollardan 40 dollara düşən neft bazarına heç bir vəchlə etibar etmək olmaz. Biz bunu başqa bir şeylə əvəz etmək barədə düşünməliyik ki, burada da ən yaxşı variant mədən sektorudur”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Mədən sahəsində özəl sektorun imkanlarından istifadə etmək, həmçinin xammal satışının qarşısını almaq lazımdır”.

Həzrət Ayətullah Xamenei su məsələsinin, suya qənaətin, suvarma sistemində islahatların aparılmasının da əhəmiyyətli olduğunu bildirdi.

Görüşün əvvəlində ölkə başçısı cənab Ruhani ötən 2 il ərzində hökumətin müxtəlif sferalarda həyata keçirdiyi tədbirləri ehtiva edən hesabatla çıxış etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /