İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei həcc ziyarətinin və digər müqəddəs məkanlara ziyarətlərin təşkilinə cavabdeh olan rəsmilərlə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə həcc ziyarətini İslamın öz varlığını davam etdirməsinin qarantı, İslam ümmətinin vəhdət və əzəmətinin təzahürü adlandırdı. O, Allah-taalanın vacib buyurduğu bu böyük ibadətin fərdi və ictimai aspektlərinə paralel surətdə diqqət yetirmək lazım olduğunu vurğulayaraq qeyd etdi ki, İran xalqının vəhdət və bölünməzlik təcrübəsinin möhtəşəm həcc toplanışına ötürülməsi İslam ümmətinin daha artıq birlik, həmrəylik və iqtidarına yol açacaq.
İslamdakı digər vacib ibadətlərlə müqayisədə həccin misilsiz özəlliklərə malik olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Həcc fərdi və ictimai olmaqla iki fərqli aspektə malikdir. Bunlardan hər birinə riayət edilməsi hacıların və müsəlman xalqlarının dünya və axirət səadətinə qovuşmasında müstəsna təsirə malikdir”.
Allahın evini ziyarət edərək həcc ayinlərini yerinə yetirməyin ruhun saflaşması, Uca Yaradana yaxınlaşmaq, insanın qalan bütün ömrü üçün mənəvi ehtiyat əldə etməsi baxımından misilsiz bir fürsət olduğunu deyən Həzrət Ayətullah Xamenei həcc zəvvarlarına xitabən aşağıdakıları vurğuladı: “Həccin hər bir ayininin ayrı-ayrılıqda qədrini bilin, ruhunuzu və canınızı bu böyük nemətin çeşməsində paklayaraq sirab edin”.
Həccin sosial aspektini də açıqlayan Ali Məqamlı Rəhbər həmin günlərdə irqindən, məzhəbindən, zahiri görünüşündən, hansı mədəniyyətin daşıyıcı olmasından asılı olmayaraq, bütün xalqların eyni vaxda Məkkə və Mədinədə olduğuna toxunaraq dedi: “Həcc müsəlmanların vəhdətinin təzahürü və bunun üçün həqiqi fürsətdir”.
Ali Məqamlı Rəhbər müxtəlif yollarla, o cümlədən milli mənsubiyyət məsələsini qabartmaqla İslam ümmətinin əsl həqiqətini və əhəmiyyətini arxa plana keçirənləri sərt tənqid edərək aşağıdakıları vurğuladı: “Həcc ziyarəti İslam ümmətinin formalaşdırılmasına məna yükü ilə dolu bir nümunə, dünya müsəlmanlarının birgə, həmrəy və həmdərd olması üçün olduqca böyük bir fürsətdir”.
Ali Məqamlı Rəhbər həccin digər mühüm ictimai aspektləri sırasında bu böyük ibadətin özündə İslam ümmətinin əzəmətini təzahür etdirməsini və müsəlmanların təcrübə mübadiləsi üçün fürsət yaratmasını qeyd edərək dedi: “Müsəlman xalqlarının faydalı təcrübələrinin bəyan və əks olunması İslam ümmətinin güclənməsinə yol açır”.
Həzrət Ayətullah Xamenei bu baxımdan İran xalqının düşməni tanımaq, ona etimad etməmək, dostu düşmənlə səhv salmamaq təcrübəsinin mühüm və effektiv olduğunu qeyd edərək dedi: “Bizim xalqımız təqdirəlayiq bir dərrakə ilə anlayıb ki, İran xalqının və eyni zamanda İslam ümmətinin gerçək və inadcıl düşməni dünya imperializmi və sionizmdir. Elə buna görə də iranlılar bütün milli və islami toplantılarda Amerika və İsrail əleyhinə şüarlar səsləndirirlər”.
O, əlavə etdi: “Son 36 ildə imperialistlər İrana qarşı düşmənçiliyi bəzən başqa ölkələrin dili və davranışları ilə ifadə ediblər, amma İran xalqı həmin ölkələrin aldandığını, alət edildiyini, əsl düşmənin elə Amerika və İsrail olduğunu həmişə anlayıb”.
Ali Məqamlı Rəhbər bəzi ölkələrdə islami yönümlü müəyyən qrupların hakimiyyətə gəlməsi ilə yaşanmış uğursuz təcrübələri xatırladaraq dedi: “İran xalqından fərqli olaraq, onlar dostla düşməni səhv saldılar və bunun ziyanını da çəkdilər”.
“Vəhdət həcc mövsümündə İran xalqının başqa xalqlara ötürə biləcəyi digər mühüm təcrübələrdəndir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı daxilindəki bütün dini, ideoloji və siyasi ixtilaflara, etnik rəngarəngliyinə baxmayaraq milli birliyini qoruyub və bu ilahi nemətin qədrini lazımınca dərk edir. Bu dəyərli təcrübəni başqa xalqlara da ötürmək lazımdır”.
Ali Məqamlı Rəhbər bildirdi ki, bəzi ölkələrdə məzhəb, siyasi ideologiya və hətta partiya mənsubiyyəti bəhanəsi ilə daxili çəkişmələrin ortaya çıxması vəhdət kimi bir nemətin qədrini bilməməyin nəticəsidir. O, əlavə etdi: “Allah-taalanın heç bir xalqla “qohumluğu” yoxdur. İnsanlar birlik və həmrəyliyin qədrini bilməyəndə Yaradan onları ixtilaf, qarşıdurma, qan-qada kimi bəlalara düçar edir”.
Həzrət Ayətullah Xamenei dünyadakı zalım qüvvələrin İslam dini, İran və İslam dövləti əleyhinə qurduğu məkrli planları xatırladaraq dedi: “Əslində onlar şiəliyin və İranın əleyhinə yox, Quranın əleyhinə plan qururlar, çünki İslamın və Quranın xalqların oyanışına təkan verəcək bir mehvər olduğunu bilirlər”.
İmperialistlərin müsəlmanların arasına nüfuz edərək onlara zərbə vurmaq üçün durmadan cürbəcür yollara əl atdığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmperialistlərin ardı-arası kəsilməyən maliyyə dəstəyi sayəsində Amerikada, Avropada, işğal altında olan Fələstində və asılı dövlətlərdə onlarla siyasi-ideoloji mərkəz İslam ümmətinin oyanışına səbəb olan, ona iqtidar qazandıracaq amillərə qarşı mübarizə yollarını araşdırıb tapmaq və bu mübarizəni reallaşdırmaq üçün İslamı və şiəliyi tədqiq etməkdədir”.
O həmçinin vurğuladı: “Dünyadakı hegemon qüvvələr İslam adı altında konflikt və aqresiya yaratmaq planını tamamilə ciddi şəkildə izləyir, açıq-aydın ilahi din olan İslamı bədnam etmək, xalqları bir-birinin canına salmaq, hətta eyni xalqın içərisinə qarşıdurma salmaqla İslam ümmətini zəiflətməyə çalışırlar. Həcc günlərində İran xalqının birlik və düşməni tanıma təcrübəsinin digər xalqlara ötürülməsi bu məkrli planı puç edə bilər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, həcc mövsümündə xalqların öz faydalı təcrübələrini bir-birinə ötürməsini istəməyənlər var, amma istənilən halda bunun yolunu tapmaq lazımdır”.
Çıxışının sonunda həcc ziyarətinin fərdi və ictimai aspektlərinə paralel surətdə diqqət yetirmək lazım olduğunu bir daha vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Məbada möhtərəm hacılarımız Peyğəmbərin (s) rayihəsi ilə dolu bir şəhərdə doyunca nəfəs almaq, Məkkeye-Müəzzəmdə, Allahın evində şövqlə ibadət etmək kimi misilsiz bir fürsəti bazarları gəzib alış-veriş etmək kimi yanlış bir hərəkətlə əldən versinlər, sonra da Məscidül-həram və Məscidül-Nəbidə olmaq kimi tayı-bərabəri olmayan, insana sevinc və ruh yüksəkliyi bəxş edən bir fürsətdən layiqincə istifadə etməməyin həsrəti bir ömür boyu ürəklərində qalsın”.
Çıxışında həmçinin həcc ziyarətinin təşkili üçün çalışmağın ən gözəl və möhtəşəm məsuliyyətlərdən biri olduğunu qeyd edən Ali Məqamlı Rəhbər ölkə üzrə bu işi həyata keçirən rəsmilərə təşəkkürünü bildirərək dedi: “Həcc ziyarətinin yüksək səviyyədə təşkil olunması üçün bütün güc və imkanlarınızı səfərbər edin”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi və iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əskər builki həcc ziyarəti üçün “Həcc – mənəviyyat, gözüaçıqlıq və müsəlman birliyi!” şüarının seçildiyini qeyd edərək dedi: “Builki həcc ziyarəti ilə bağlı həyata keçirilmiş tədbirlər və ön plana çəkilən yanaşmalar sırasında 10 adda strategiyanın, eləcə də həccin yüksək səviyyədə yerinə yetirilməsi layihəsinin işlənib hazırlanmasını, insan resurslarının bilik səviyyəsinin yüksəldilməsini, zəvvarlar və həcc karvanlarına rəhbərlik edəcək ruhanilər üçün maarifləndirici kursların təşkilini, elmi iclasların keçirilməsini, zəvvarların və işçi heyətin potensialından istifadəni qeyd etmək olar”.
Cənab Qazi Əskər həmçinin dedi: “Builki həcc ziyarəti İran xalqının nüfuz və ehtiramının qorunması ilə yanaşı, dünya müsəlmanlarının vəhdət mehvərinə çevrilməlidir”.
Həcc və Ziyarətlər Təşkilatının sədri cənab Əvhədi də rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məruzə edərək, builki həcc ziyarəti ilə bağlı həyata keçirilmiş tədbirlər sırasında zəvvarların qeydiyyatının asanlaşdırılmasını, zəvvarların 62 faizinin birbaşa təyyarə reysi ilə Mədinə şəhərinə göndərilməsini, menyuda rəngarəngliyin yaradılmasını, zəvvarların ehtiyac duyduğu məhsullardan böyük bir qisminin ölkə daxilindən təmin edilməsini, xidmətlərin yekun qiymətinin azaldılmasını, smart bildiriş xidmətinin təşkilini qeyd etdi. O həmçinin dedi: “Ölkəmizdən 455 karvanın tərkibində 65 min zəvvarın həccə yola düşməsi üçün lazımi tədbirlər görülmüşdür”.
Görüşdən əvvəl Ali Məqamlı Rəhbər həcc mövzusunda kitab və fotoların nümayiş olunduğu sərgiyə baxış keçirdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir