Bu gün (bazar ertəsi) səhər İmam Əli (ə) adına Hərbi Akademiyada Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının 8-ci müştərək buraxılış mərasimi keçirildi.
Mərasimin keçirildiyi məkana daxil olan Ali Məqamlı Rəhbər əvvəlcə şəhidlərin xatirəsinə qurulmuş memorialın önünə gəldi, “Fatihə” oxuyaraq Uca Allahdan Müqəddəs Müdafiə şəhidlərinə ilahi dərgahda ən ali dərəcələr dilədi.
Daha sonra Ali Baş Komandan meydanda düzülmüş hərbi birləşmələri salamladı.
Mərasim zamanı çıxış edən Həzrət Ayətullah Xamenei silahlı qüvvələrin hər bir ölkənin qüdrətinin dayağı olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Silahlı qüvvələrin həqiqətən qüdrətli olması üçün müasir elmi biliklərə yiyələnmiş və ən yeni maddi-texniki baza ilə təchiz olunmuş insan qüvvəsi ilə yanaşı iman, bəsirət, möhkəm əzm və gerçək məsuliyyət hissinin də bir arada olması lazımdır”.
“Müasir dünya saf İslamın azadlıq bəxş edən mesajlarına təşnədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dünyadakı bədxah və hegemon qüvvələr incəsənət, siyasət və hərbi gücdən, eləcə də başqa vasitələrdən istifadə edərək əsl İslamın çağırışlarının eşidilməsinə əngəl olmağa çalışırlar. Buna baxmayaraq, o çağırış artıq qulaqlara çatıb. İmperialist dövlətlərin günü-gündən daha çox qorxuya düşməsi buna sübutdur”.
Silahlı qüvvələrin güc və iqtidarı ilə ciddi və dərindən məşğul olmaq, bu mövzuya səthi yanaşmamaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Bir ölkənin qüdrətli silahlı qüvvələrə sahib olması üçün təkcə çoxsaylı insan potensialı, ən son elmi biliklər və texnologiyalar kifayət deyil. Silahlı qüvvələrin bütün fəaliyyətlərinə və yanaşmalarına güclü stimul, mənəviyyat, əzm və həqiqi məsuliyyət hissi hakim olmalıdır”.
8 il davam etmiş Müqəddəs Müdafiə savaşında ölkənin silahlı qüvvələrinin elmi-mənəvi potensiala malik olduğunu, təşəbbüskarlıq və güclü əzm nümayiş etdirdiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Dünya İran İslam Respublikasının silahlı qüvvələrini hesaba alır, ciddi qəbul edir, çünki bilir ki, hansı meydanda məsuliyyət və döyüş bacarığı tələb olunursa, ölkəmizin silahlı qüvvələri orada hər şeyi yüzdə-yüz yerinə yetirir”.
Ali Məqamlı Rəhbər İmam Əli (ə) adına Hərbi Akademiyanın qürurverici nailiyyətlərini, bu ali təhsil ocağının yetirməsi olan şəhidləri xatırladaraq akademiyanın müdavimlərinə xitabən aşağıdakıları dedi: “Bu bərəkət dolu elmi və hərbi kompleksin tərkibində, iqtidarımızın əsas dayaqlarından biri olaraq, silahlı qüvvələrin günü-gündən daha da inkişafına hazırlaşın, öz elmi bilik və təşəbbüsləri ilə elm aləmində uğurlar qazanan gənc alim və tədqiqatçılar kimi, öz elmi potensialınızdan və təşəbbüslərinizdən bəhrələnib yeni hərbi nailiyyətlər təqdim etməklə ölkəmizin hərbi sistemini tərəqqi və yüksəlişin zirvələrinə çatdırın”.
Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei bəşəriyyətin İran xalqının İslamla bağlı mesajlarına hər zaman olduğundan daha çox ehtiyac duyduğunu vurğulayaraq dedi: “Dünyanın hegemon və zorakı dövlətləri əsl İslamın nicatverici mesajlarının cazibəsindən, eləcə də öz maraqlarının təhdid edilə biləcəyindən bərk nigarandır. Buna görə də bütün vasitələrlə, xüsusilə də incəsənətin imkanlarından istifadə etməklə dünya ictimaiyyətini İslamdan qorxutmağa çalışırlar”.
Ali Məqamlı Rəhbər düşmənin islamafobiyanı yaymaq üçün işlətdiyi daha bir metod kimi, İslam dini və İslam hökuməti adı altında silahlı qruplaşmaların yaradılmasını və onların əli ilə günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsini qeyd edərək dedi: “Əsl İslamın bəşəriyyətə ünvanladığı mesaj asayiş, qürur, heysiyyət, sülh və əmin-amanlıq şəraitində ömür sürməklə bağlıdır. Bədxahlar isə xalqların bu mesajla tanış olmasını istəmir”.
Ali Məqamlı Rəhbər İmam Əli (ə) adına Hərbi Akademiyanın müdavimlərinə xitabən aşağıdakıları vurğuladı: “Sizdən əvvəlki nəsil əsl İslamın mesajını döyüş, siyasət və inqilab meydanlarında car çəkərək dünyaya göstərdi. İndi isə o əzəmətli şəhidlərin, o böyük insanların varisi olan sizlər bu mesajı dünya xalqlarına çatdırmalısınız”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə İmam Əli (ə) adına Hərbi Akademiyanın komandanı general Fuladi Ali Məqamlı Rəhbəri salamlayaraq akademiyanın təhsil proqramı və burada həyata keçirilən fəaliyyətlər haqda məlumat verdi, təhsil və fəaliyyət proqramlarının 3 əsas mehvər üzərində qurulduğunu bildirdi: 1. dini iman və məlumatlılığın artırılması; 2. təhsilin keyfiyyətinin yüksəldilməsi və günün tələblərinə uyğunlaşdırılması; 3. kreativlik və novatorluq.
Mərasim zamanı hərbi akademiyaların nümunəvi komandir, müəllim, məzun və tələbələrinə, həmçinin şəhid analarından birinə Qurani-Kərim və digər hədiyyələr təqdim olundu, yeni qəbul olunmuş kursantları və məzunları təmsil edən 2 gənc hərbi rütbə və poqonlarını şəxsən Ali Baş Komandandan aldılar.
Mərasimin davamında müdavimlər “Şəhidlərin varisiyik” adlı proqram nümayiş etdirdilər.
Sonda meydanda düzülmüş hərbi birləşmələr özünəinam əməliyyatı icra etdilər və Ali Baş Komandanın durduğu məkanın önündən paradla keçdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir