Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ başda olmaqla imperializm sistemi düşmən məfhumunun real nümunəsi, tam təzahürüdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin və İslami Televiziya və Radiolar Birliyinin qurultaylarında iştirak edən insanlarla görüşdü. Çıxışı zamanı o qeyd etdi ki, imperializmin region üçün cızdığı planlara qarşı mübarizə Allah yolunda cihadın bariz nümunəsidir. O, Amerikanın nüvə danışıqlarının nəticələrindən sui-istifadə edərək İranda siyasi, iqtisadi və mədəni nüfuzunu genişləndirmək səylərinə qarşı qətiyyətlə mübarizə aparılacağını bildirərək dedi: “İmperializmin region üçün cızdığı planlar iki əsas üzərində durur: konflikt yaratmaq və nüfuzunu möhkəmləndirmək. Bunlara qarşı düzgün müdafiə və hücum planları ilə durmadan və müdrikliklə mübarizə aparmaq lazımdır”.

Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin artıq 6-cı qurultayının keçirildiyinə toxunan Ali Məqamlı Rəhbər qeyd etdi ki, Peyğəmbərin (s) Əhli-Beytinin (ə) yolunu davam etdirmək üçün İslam təlimlərini təbliğ edərək genişləndirmək, ilahi hökmləri yerinə yetirmək, bütün varlığı ilə Allah yolunda cihad etmək, zülmə və zalıma qarşı mübarizə aparmaq lazımdır. O həmçinin vurğuladı: “Allah yolunda cihad təkcə hərbi əməliyyatlar aparmaq mənasında deyil. Bura siyasi, iqtisadi və mədəni mübarizə də daxildir”.

Həzrət Ayətullah Xamenei dedi: “Bu gün Allah yolunda cihadın bariz nümunəsi imperializmin müsəlmanların kompakt şəkildə yaşadığı regionda, xüsusilə də həssas və strateji bir bölgə olan Qərbi Asiyada yürütdüyü planları görüb dərk etmək və buna qarşı mübarizə üçün fəaliyyət proqramı hazırlamaqdır. Bu mübarizə eyni zamanda həm hücum, həm də müdafiə tədbirlərini ehtiva etməlidir”.

İmperializmin ötən əsrdə regionda həyata keçirdiyi məkrli planlara toxunan Ali Məqamlı Rəhbər dedi: “Hərçənd imperializmin müsəlman regionunda yürütdüyü çirkin planların tarixi çox uzaqlara gedib çıxır, amma İran İslam İnqilabının qələbəsindən sonra bu təcrübənin başqa ölkələrdə təkrarlanmaması üçün təzyiqlər və çirkin siyasətlər daha da şiddətlənib”.

O, əlavə etdi: “Ötən 35 ildə İran İslam Respublikası daim təhdidlərin, sanksiyaların, təhlükəsizlik sahəsində təzyiqlərin və cürbəcür siyasi oyunların hədəfində olub. İran xalqı belə təzyiqlərə adət edib”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Əlbəttə, bir neçə il əvvəl Şimali Afrika regionunda islami oyanış hərəkatının baş qaldırmasından sonra düşmənlər çaşqın vəziyyətə düşdükləri üçün onların Qərbi Asiya regionundakı çirkin planları daha da kəskinləşdi”.

Həzrət Ayətullah Xamenei dedi: “Onlar elə güman edirlər ki, islami oyanış hərəkatını əzib məhv edə biliblər, amma bu, məhv edilməsi mümkün olmayan bir hərəkatdır, hələ də davam edir və gec-tez öz varlığını nümayiş etdirəcək”.

“ABŞ başda olmaqla imperializm sistemi düşmən məfhumunun real nümunəsi, tam təzahürüdür” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İnsanlıq və əxlaqdan qətiyyən nəsibini almamış Amerika əsla utanıb-çəkinmədən, gözəl sözlərin və təbəssümlərin maskası altında çirkin əməllərə və cinayətlərə əl atır”.

Daha sonra Ali Məqamlı Rəhbər hazırkı şəraitdə düşmənin izlədiyi plan haqda danışaraq dedi: “Bu plan iki əsas üzərində durur: konflikt yaratmaq və nüfuzunu möhkəmləndirmək”.

Düşmənin konflikt yaratmaq istiqamətində qurduğu planlara toxunan Ali Məqamlı Rəhbər dedi: “İmperializmin planları sırasında dövlətlər və bundan daha təhlükəlisi xalqlar arasına konflikt salmaq yer alır”.

Hazırkı etapda xalqlar arasına konflikt salmaq üçün sünni-şiə qarşıdurması kimi qondarma bəhanələrdən istifadə olunduğunu deyən Həzrət Ayətullah Xamenei ingilislərin konflikt salmaq mövzusunda peşəkar, amerikalıların isə onların şagirdi olduğunu bildirdi. O, əlavə etdi: “Xalqlar arasında zahirən məzhəb zəminində konfliktlər yaratmaq üçün istifadə olunan ən başlıca vasitə qəddar, həyasız, mərhəmətsiz təkfirçi qrupların yaradılmasıdır. Amerikalılar özləri onların ərsəyə gəlməsində əlləri olduğunu etiraf ediblər. Təəsüflər olsun ki, bəzi sadəlövh müsəlmanlar da gözüaçıq olmadıqları üçün bu çirkin plana aldanaraq düşmənin əlində alətə çevriliblər”.

Suriya məsələsinin bunun açıq-aşkar nümunəsi olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Tunis və Misirdə diktaturalar islami şüarlarla devrildikdən sonra Amerika və sionistlər bu modeldən onlara müqavimət göstərən ölkələri məhv etmək üçün istifadə etmək qərarına gəldilər və bu məqsədlə Suriyanı seçdilər”.

Ali Məqamlı Rəhbər dedi: “Suriya olayları başladıqdan sonra bir qrup bəsirətsiz müsəlman bu planın axarına düşdü və düşmənin cədvəlindəki boş xanaları dolduraraq Suriyanı bu vəziyyətə çatdırdı”.

O vurğuladı: “Bu gün İraq, Suriya, Yəmən və digər yerlərdə baş verən, kimlərinsə “məzhəb davası” kimi qələmə verməyə çalışdığı hadisələr əsla məzhəb davası deyil, əksinə siyasi qarşıdurmadır”.

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, bu gün ən mühüm vəzifə bu konfliktləri aradan qaldırmaq üçün çalışmaqdır.

O, əlavə etdi: “Biz açıq-aşkar elan etmişik ki, İran İslam Respublikası regionun bütün müsəlman ölkələrinə dostluq əlini uzadır və müsəlman dövlətləri ilə heç bir problemi yoxdur”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “İİR qonşularından əksəriyyəti ilə dostluq münasibətindədir. Əlbəttə, bizimlə konflikt aparan bəzi ölkələr də var ki, tərslik edir, çirkin siyasət yürüdürlər, amma İran yenə də öz qonşuları, müsəlman dövlətləri, xüsusilə də region ölkələri ilə xoş münasibət qurmaq niyyətindədir”.

O bildirdi: “İran İslam Respublikasının davranışlarının əsasında o prinsiplər durur ki, dahi İmam Xomeyni onları rəhbər tutaraq İslam İnqilabına qələbə qazandırmağa və bu inqilabı sabit şəkildə bərqərar etməyə müvəffəq olmuşdur”.

Həzrət Ayətullah Xamenei “Möminlər öz aralarında bir-birinə rəhmli, kafirlərə qarşı sərt olarlar” prinsipinin İslam dövlətinin dəyişməz prinsiplərindən biri olduğunu qeyd edərək vurğuladı: “Biz dahi İmam Xomeynidən (r.ə) öyrəndiklərimizi və İslam Respublikasının dəyişməz kursunu rəhbər tutaraq imperializmlə qətiyyən barışığa getməyəcəyik, müsəlman qardaşlarımızla isə dostluq, mehriban münasibətlər içində yaşamaq niyyətindəyik”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Məzlumu müdafiə etməkdə biz məzhəbə heç bir önəm vermirik. Livandakı şiə qardaşlarımıza necə dəstək olmuşuqsa, Qəzzadakı sünni qardaşlarımıza da o şəkildə dəstək olmuşuq və Fələstin məsələsini İslam dünyasının bir nömrəli problemi hesab edirik”.

Müsəlman Qərbi Asiya regionu üçün cızılan planların birinci dayağı kimi, “konflikt yaratma” mövzusu haqda söhbətini yekunlaşdıran Həzrət Ayətullah Xamenei dedi: “İslam dünyasında konfliktlərin qızışdırılması qadağandır və biz hətta bəzi şiə qrupları tərəfindən olsa belə, konfliktə yol açacaq istənilən davranışa, hərəkətə qarşıyıq və əhli-sünnənin müqəddəslərinin təhqir edilməsini pisləyirik”.

Ali Məqamlı Rəhbər region ölkələrində öz nüfuzunu möhkəmləndirməyin Amerikanın ikinci məşum planı olduğunu qeyd edərək dedi: “ABŞ region ölkələrində onilliklər boyu malik olduğu, hazırda isə əldən verdiyi nüfuzu yenidən bərpa etmək istəyir”.

Rəsmi Vaşinqtonun nüvə danışıqlarının nəticələrindən sui-istifadə etməyə çalışdığını bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar hələ müqəddəratı, qəbul olunub-olunmayacağı nə İranda, nə də Amerikada məlum olmayan bir razılaşmadan İrana nüfuz etmək üçün bir vasitə kimi istifadə etmək istəyirlər. Amma biz bu yolu qəti surətdə kəsmişik və əlimizdə olan yüksək imkanlarla amerikalıların İrana iqtisadi, siyasi və ya mədəni cəhətdən nüfuz etməsinə və ya ölkəmizdə siyasi iştirakına icazə verməyəcəyik”.

İranın regionla bağlı siyasətinin Amerikanın siyasətinə tam əks olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Onlar region ölkələrini parçalayıb yerində kiçik və asılı dövlətlər yaratmaq istəyirlər, amma Allahın köməyi ilə bu, baş verməyəcək”.

Ali Məqamlı Rəhbər bundan öncə Amerikanın İraqı parçalamağa çalışdığı haqda da xəbərdarlıq etdiyini xatırladaraq dedi: “Bəziləri mənim o sözümə təəccüblənirdilər, bu gün isə Amerika açıq-aşkar İraqın bölünməsindən danışır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İraqın və əgər bacarsalar, Suriyanın bölünməsi amerikalıların konkret hədəfidir. Bizim üçünsə region ölkələrinin, o cümlədən Suriya və İraqın ərazi bütövlüyü olduqca əhəmiyyətlidir”.

İslam Respublikası ilə ABŞ-ın siyasətlərinin bir-birinə zidd olduğunu açıqlayan Ali Məqamlı Rəhbər söhbətinə davam edərək dedi: “İran regionun, o cümlədən Fələstinin müqavimətini tamamilə dəstəkləyir və İsrailə qarşı mübarizə aparan, sionist rejimini vuran hər kəsi dəstəkləyəcək”.

Ali Məqamlı Rəhbər həmçinin bildirdi ki, İranın başlıca siyasətləri sırasına Amerikanın və konflikt yaratma siyasəti yürüdən digər mərkəzlərin təfriqəçi siyasətlərinə qarşı mübarizə də daxildir. O vurğuladı: “Biz təbliğat mərkəzi London olan və imperializmin təmizlikçisi rolunu oynayan şiəliyi əsla şiəlik saymırıq”.

Ali Məqamlı Rəhbər İran İslam Respublikasının bütün məzlumları, o cümlədən Bəhreyn və Yəmən əhalisini dəstəklədiyini qeyd edərək dedi: “Əsassız iddialara baxmayaraq, biz bu ölkələrin işinə müdaxilə etmirik, amma onların məzlum əhalisini dəstəkləməyə davam edəcəyik”.

Yəməndə məzlum insanların qətlə yetirilməsini və ölkənin viran edilməsini kəskin şəkildə tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Bəzi siyasi məqsədlərin – özü də ağılsız metodlarla – izlənməsi Yəmən xalqına qarşı cinayətlərin davam etdirilməsinə səbəb olmuşdur”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “İslam dünyasının digər bölgələrində, o cümlədən Əfqanıstan və Pakistanda da kədərli hadisələr baş verir. Müsəlmanlar sayıqlıq və gözüaçıqlıqla bu problemləri həll etməlidirlər”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei İslami Radio və Televiziyalar Birliyinin gizli mafiya kimi Amerika və sionistlərə çalışan təhlükəli media imperatorluğuna qarşı mübarizədə son dərəcə əhəmiyyətli bir mərkəz olduğunu qeyd edərək dedi: “Bu hərəkat tamamilə gücləndirilməli və genişləndirilməlidir”.

Əksər müsəlman ölkələrindəki kütləvi informasiya vasitələrinin müsəlman əhalinin istək və arzularından çox uzaq olduğunu, imperializmin təhlükəli siyasətlərinin dəyirmanına su tökdüyünü deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Zalımların media imperatorluğu bitərəf olduğunu iddia etdiyinə baxmayaraq, təhriflər, yalanlar və cürbəcür dolaşıq metodlarla dünyanın zorakı və hegemon dövlətlərinin məqsədlərinə xidmət edir”.

Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmperialistlərin və onların əlaltılarının qarayaxmalarına baxmayaraq, mücahid gənclərin, kişi və qadınların iştirakının bərəkəti sayəsində İslamın nüfuz və qüdrəti, heç şübhəsiz, mütləqdir, zəmanətlidir və regionun gələcəyi müsəlman xalqlarına aiddir”.

Görüşün sonunda Ali Məqamlı Rəhbər qonaqlardan bir qrupu ilə yaxından görüşüb söhbət etdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin baş katibi Höccətül-İslam vəl-muslimin Məhəmmədhəsən Əxtəri cəmiyyətin 6-cı qurultayı haqqında məlumat verərək dedi: “Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin qurultayı dünyanın 30-dan çox ölkəsindən gəlmiş alim və görkəmli şəxslərin iştirakı ilə keçdi”.

Müsəlman Ölkələrin Radio və Televiziyaları Birliyinin baş katibi Höccətül-İslam Kərimiyan da öz məruzəsində aşağıdakıları qeyd etdi: “İslami Radio və Televiziyalar Birliyinin həyata keçirdiyi tədbirlər sırasında media sferasında İslam dininin meyarlarına əsasən yeni leksikonun yaradılmasına səy göstərmək, kütlənin etimadını qazanmaq, əsas diqqəti insan resurslarının yetişdirilməsinə ayırmaq, informasiyanın istehsalı, paylanması və yayılması mexanizmlərini yaratmaq, habelə məzmunun idarə edilməsinə səy göstərmək ən mühüm yer tutmuşdur”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /