İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan insanlarla bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, İslam dünyasının dərdlərinə şəfa ola biləcək formul vəhdət və bölünməzlikdir. Hazırda regionda gedən məzhəb və tayfa müharibələrinin müsəlman xalqlarının diqqətini İsrail rejimindən yayındırmaq üçün qəsdən layihələndirildiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İran İslam Respublikasının regionda yürütdüyü siyasət Amerika başda olmaqla imperializmin yürütdüyü siyasətin tam əksidir. İran Amerikaya qətiyyən inanmır, çünki Amerika siyasətçilərində əsla dürüstlük və insaf yoxdur”.
Hamını Ramazan bayramı münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei İslam dünyasının hazırkı vəziyyətinin təəssüf doğurduğunu, müsəlmanlar arasında birlik və həmrəyliyin olmadığını qeyd edərək dedi: “Hazırda regionda hökm sürən konfliktlər kənar təsirlərdən doğub və təbii deyil. İslam dünyasının din alimləri, ziyalıları, dövlət rəsmiləri, siyasətçiləri, ictimaiyyətin üzdə olan, tanınmış simaları bu konfliktlərdə İslam ümmətinin xainliyini çəkənlərin əli olduğuna diqqət yetirməlidirlər”.
Bu konfliktləri nəyə görə təbii hesab etmədiyini açıqlayan Ali Məqamlı Rəhbər region ölkələrində sünni və şiələrin uzun illər boyu dinc şəraitdə yanaşı yaşadıqlarını qeyd edərək dedi: “İslam ümməti bir olub ortaq cəhətlərini önə çəksəydi, heç şübhəsiz, dünyanın siyasi arenasında özünəməxsus bir qüvvə olardı. Amma böyük dövlətlər öz mənafeyini təmin etmək və İsrail rejimini qoruyub saxlamaq üçün İslam ümmətinin arasına qəsdən bu konfliktləri salıblar”.
Həzrət Ayətullah Xamenei müsəlman dövlətlərində bəzi şəxslərin İsrailə meyil və rəğbətlə yanaşdıqlarına baxmayaraq, müsəlmanlar arasında bu qanunsuz rejimə qarşı nifrət olduğunu bildirərək əlavə etdi: “İmperialist dövlətlər müsəlman ölkələrində bəzi yaramaz insanlarla iş birliyinə girərək, müsəlman xalqlarının diqqətini İsrail rejimindən yayındırmaq üçün məzhəb zəminində müharibələr salıb, “Əl-qaidə” və İŞİD kimi cinayətkar təşkilatları qurublar”.
Bəzi Amerika rəsmilərinin İŞİD-in yaradılması və genişləndirilməsində Amerikanın rolu olmasını etiraf etdiklərini xatırladan Həzrət Ayətullah Xamenei İŞİD əleyhinə koalisiyanın təşkil olunmasına inanmaq mümkün olmadığını bildirərək dedi: “İmperialist dövlətlər regionda açıq-aşkar xain siyasət yürüdürlər. Bunu hamı dərk etməlidir”.
İran İslam Respublikasının regionda imperializmə tam əks siyasət yürütdüyünü qeyd edən Ali Məqamlı Rəhbər İraq məsələsinə toxunaraq dedi: “İmperialistlərin İraqda güddüyü siyasət xalqın seçimi əsasında yaranmış dövləti yıxmaqdan, şiə və sünnilər arasına konflikt salmaqdan və ən nəhayət İraqı parçalamaqdan ibarətdir. İran İslam Respublikasının İraqa münasibətdə siyasəti isə seçki nəticəsində formalaşmış dövləti dəstəkləyib möhkəmləndirməyi, daxili konfliktlərə və vətəndaş müharibələrinə yol açan ünsürlərə qarşı mübarizəni və İraqın ərazi bütövlüyünün qorunmasını əks etdirir”.
Həzrət Ayətullah Xamenei Suriya ilə bağlı da aşağıdakıları qeyd etdi: “İmperializmin Suriyada yürütdüyü siyasət xalqın iradəsindən kənar bir iradəni ona zorla diktə etmək, İsrail rejimi əleyhinə açıq və qətiyyətli mövqe tutan dövləti devirməkdən ibarətdir. İran İslam Respublikası isə şüarı, məqsədi və niyyəti sionistlərə müqavimət göstərmək olan bir dövləti İslam dünyası üçün olduqca dəyərli hesab edir”.
O vurğuladı: “İraq, Suriya, Yəmən, Livan, Bəhreyn kimi regional məsələlərdə İİR şəxsi mənafeyini güdmür, əksinə, bu ölkələrdə həlledici qərarı xalqların verməli olduğuna, başqalarının onların işinə müdaxilə edərək qərar qəbul etmək haqqı olmadığına inanır”.
İmperializmin və İslam dövlətinin Livana münasibətdə bir-birinə tam zidd siyasət yürütdüklərini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika başda olmaqla imperializm sistemi Livan torpağının önəmli bir hissəsinin qəsbkar İsrail rejimi tərəfindən işğal olunması qarşısında illərlə razılıq əlaməti olaraq susmuşdu, amma dünya miqyasında ən şərəfli milli müqavimət qruplarından biri olan mömin və fədakar bir müqavimət qrupu sionist rejiminə qarşı çıxış edib onu Livan torpağından uzaqlaşdıran kimi bu qrupu terrorçu adlandırdı, üstəlik hələ onu məhv etmək niyyətindədir də”.
“İran İslam Respublikasının Livanın müqavimətini dəstəkləməsinin səbəbi livanlıların təcavüzkarlar qarşısında şücaəti, fədakarlığı və həqiqi müqavimətidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar Livanın müqavimətini terrorçuluq adlandırır, Livan “Hizbullah” hərəkatını dəstəklədiyinə görə İranı da terroru himayə etməkdə ittiham edirlər. Halbuki əsl terrorçu İŞİD-i yaratmış, murdar sionistlərə havadarlıq edən amerikalılar özləridir və terroru himayə etdiklərinə görə mühakimə olunmalıdırlar”.
Ali Məqamlı Rəhbər Yəmən mövzusuna toxunaraq bu məsələdə də İİR və imperializmin siyasətlərinin toqquşduğunu qeyd edərək dedi: “Amerika Yəməndə ən həssas şəraitdə siyasi boşluq yaratmaq məqsədilə istefa verərək ölkəsindən qaçmış, başqa bir ölkədən vətəninə və xalqına hücum etməsini istəmiş bir prezidenti, günahsız yəmənlilərin, uşaqların qanına qəltan edilməsini dəstəkləyir, camaatına seçkinin hətta adını belə çəkməyə imkan verməyən ən diktator rejimlərlə dostcasına əl sıxır, eyni zamanda başdan-ayağa seçki ilə formalaşmış İran İslam Respublikasını diktator rejim adlandırır!”
Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Amerika siyasətçiləri son dərəcə insafsız danışır, açıq-aydın həqiqətləri həyasızcasına inkar edirlər”.
O, əlavə etdi: “Elə buna görə də deyirik ki, amerikalılara inanmaq olmaz. Çünki onlar əsla dürüst deyillər”.
Ali Məqamlı Rəhbər aşağıdakıları da qeyd etdi: “Elə ölkəmizin başçısının və digər rəsmilərimizin xeyli zəhmət çəkdikləri, çətin bir sınaq olan nüvə danışıqlarında da amerikanın yalançılığının, sözünün üstündə durmamağının dəfələrlə şahidi olduq. Sevindirici haldır ki, rəsmilərimiz onlara layiqincə müqavimət göstərdilər, müəyyən situasiyalarda hətta əsl inqilabçı kimi davrandılar. İndi gərək gözləyək, görək bu məsələnin axırı necə olur”.
“İslam dünyasının və ayrı-ayrılıqda müsəlman ölkələrindən hər birinin problemlərinin həlli yolu birlik və həmrəyliyi qorumaqdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı da bir olmalıdır. Nüvə mövzusu ölkədə ikitirəliyə yol açmamalıdır, çünki əlaqəli rəsmilər bu məsələnin üzərində işləyir, milli mənafeyin qorunması üçün çalışırlar”.
Ali Məqamlı Rəhbər xarici medianın ölkədə hərc-mərclik yaratmaq üçün genişmiqyaslı səylər göstərdiyini xatırladaraq dedi: “Bu səylərdən qorunmağın yeganə yolu ümummilli təqvaya riayət etmək, iman, elm, sənaye və mədəniyyəti gücləndirmək, bununla da daxili iqtidarı artırmaqla cəmiyyətdə kənar təsirlərə qarşı immunitet yaratmaqdır”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Ruhani çıxış edərək dünya müsəlmanlarını mübarək Ramazan bayramı münasibətilə təbrik etdi. O, ramazan ayının iman üçün sınaq, həmçinin səbir, müqavimət və mətinlik ayı olduğunu bildirərək dedi: “Builki ramazan birlik və həmrəylik, pak insan fitrətinə qayıdış ayı oldu”.
Xalqın duaları sayəsində builki ramazanda İran xalqının dünyanın super-dövlətləri qarşısında göstərdiyi 12 illik müqavimətin öz bəhrəsini verdiyini qeyd edən cənab Ruhani əlavə etdi: “Dövlət İran xalqının iradə və müqavimətinin müəyyən etdiyi yol xəritəsi əsasında, Ali Məqamlı Rəhbərin dahiyanə istiqamətləndirmələri, hakimiyyətin hər 3 qolunun dəstəyi, eləcə də bu xalqın övladlarının diplomatik arenada nümayiş etdirdiyi mücahidə və fədakarlıq sayəsində böyük İran xalqının hüququnu təmin etməyə müvəffəq oldu”.
İran İslam Respublikasının diplomatik səriştə və danışıqlar aparmaq bacarığı sahəsində dünyaya yeni bir güc nümayiş etdirdiyini deyən ölkə başçısı regionda gedən proseslərə də toxundu və builki ramazan ayının İraq, Suriya və Yəməndən tutmuş Fələstin, Livan, Əfqanıstan və Pakistana qədər regiondakı qonşu ölkələr üçün çox çətin keçdiyini bildirdi. O, əlavə etdi: “İran İslam Respublikasının iradəsi bütün məzlumların müdafiəsini və bütün zalımlar qarşısında müqaviməti əks etdirir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir