Mömin, təkallahlı və bölünməz İran xalqı ramazanda bir ay boyunca həyata keçirdiyi ibadət, oruc və özünütərbiyədən sonra bu gün şanlı İran diyarının dörd bir yanında Allah-taalaya şükür səcdəsi etdi və ən möhtəşəm Fitr namazlarından birini qılaraq Uca Yaradanından milli qurtuluşunun davamını, dünya və axirətdə səadət dilədi. Bu tarixi ehtişamın tam mərkəzində – paytaxt Tehranda isə əhali bayram namazını İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imaməti ilə qıldı.
Namazın ilk xütbəsində Ali Məqamlı Rəhbər İran xalqını və dünyanın bütün müsəlmanlarını mübarək Ramazan bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, builki ramazan ayı sözün həqiqi mənasında İran xalqının üzərinə ilahi bərəkət yağışının yağdırılması ayı oldu. O, əlavə etdi: “Uzun və isti yay günlərində tutulan oruclar, müxtəlif yerlərdə təşkil olunan Quran tədbirləri, gözəl dua və təvəssül məclisləri, məscidlərdə və ictimai məkanlarda açılan sadə iftar süfrələri, ən nəhayət, Ümumdünya Qüds günü təşkil olunan böyük yürüş bu səmavi bərəkətin nişanələrindən idi”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “İran xalqını tanımağın ən doğru yolu bu reallıqlar haqqında dərindən düşünməkdir. O reallıqlar ki, xalqımızın həm ibadət, həm də imperializmə qarşı mübarizə meydanında nə qədər fəal və başqa xalqlara örnək olduğunu göstərir”.
İran xalqının Ümumdünya Qüds günü səsləndirdiyi “İsrailə ölüm!” və “Amerikaya ölüm!” şüarlarına toxunan Həzrət Ayətullah Xamenei dedi: “İran xalqının hərəkatının əzəmətli tendensiyalarını yadellilərin qərəzli danışıqlarından yox, bu şüarlardan anlamaq lazımdır. Təəssüf ki, ölkədə də reallıqları yanlış qavrayan bəzi anlamaz insanlar onların dediklərini təkrar edirlər”.
Namazın ikinci xütbəsində regionda yaşanan xoşagəlməz olaylara toxunan Həzrət Ayətullah Xamenei dedi: “Təəssüf ki, məşum və xeyirsiz əllər Yəmən, Fələstin, Bəhreyn və Suriyada region xalqlarının çoxu üçün mübarək Ramazan ayını acı və çətin günlərə çevirdilər. Bu məsələlər İran xalqı üçün çox əhəmiyyətlidir”.
Ali Məqamlı Rəhbərin ikinci xütbəsinin böyük bir hissəsi nüvə mövzusu ilə bağlı bir neçə məqamın açıqlanmasına həsr olunurdu. İlk olaraq Ali Məqamlı Rəhbər uzun sürən, qızğın nüvə müzakirələri ilə əlaqəli rəsmilərə, özəlliklə də bilavasitə müzakirələrdə təmsil olunmuş komandaya çəkdikləri zəhmət görə təşəkkürünü bildirərək dedi: “Hazırlanmış mətnin təsdiqlənməsi üçün öncədən nəzərdə tutulmuş qanuni yolla getmək lazımdır. Əlbəttə, bu mətn təsdiq olunsa da, olunmasa da, danışıqlarda iştirak etmiş insanların əcri vardır, inşallah”.
Ali Məqamlı Rəhbər “Nüvə müzakirələri nəticəsində əldə olunmuş razılaşmanın mətni”nin oxunuşunu həyata keçirən səlahiyyətli şəxslərə xitabən aşağıdakıları vurğuladı: “Ölkənin və xalqın mənafeyini əsas götürərək öz işinizi diqqətlə həyata keçirin ki, nəticəni başıucalıqla xalqa və Allah-taalaya təqdim edə biləsiniz”.
İslam Respublikasının razılaşma üçün hazırlanmış mətndən istənilən formada sui-istifadə halına qarşı olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İstər bu mətn təsdiq olunsun, istərsə də olunmasın, biz kiminsə İslam dövlətinin başlıca prinsiplərinə xələl gətirməsinə icazə verməyəcəyik”.
Hazırda təhdid ifadə edən bir atmosferin mövcud olduğunu və düşmənlərin İranın müdafiə məsələləri üzərinə basqı etdiyini bildirən Həzrət Ayətullah Xamenei dedi: “Allahın köməyi ilə ölkəmizin müdafiə qabiliyyəti və təhlükəsizliyinin toxunulmazlığı qorunacaq və İslam Respublikası düşmənin haqısz tələblərinə heç vaxt boyun əyməyəcək”.
Ali Məqamlı Rəhbərin nüvə mövzusu ilə bağlı vurğuladığı digər məqam İslam Respublikasının regiondakı dostlarını dəstəkləməkdə davam edəcəyini bildirməsi oldu.
O dedi: “Hazırlanmış mətn ölkə daxilində hüquqi prosedurları keçdikdən sonra təsdiq olunsa da, olunmasa da, İran xalqı məzlum Fələstin, Yəmən və Bəhreyn xalqlarını, Suriya və İraq dövlətlərini və xalqlarını, Livan və Fələstinin sadiq mücahidlərini dəstəkləməkdən vaz keçməyəcək”.
“İstənilən halda İran xalqı və İslam Respublikasının Amerikaya qarşı siyasətində heç bir dəyişiklik olmayacaq” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz nüvə məsələsi kimi müstəsna mövzular istisna olmaqla ikitərəfli, regional və qlobal məsələlərdə Amerika ilə heç bir danışığa getməyəcəyik. Nüvə mövzusunda isə bundan əvvəl də danışıqlar olmuşdu”.
Ali Məqamlı Rəhbər uşaq qatili olan, terrorçu İsrail rejimini müdafiə edən, mücahid və fədakar Livan hizbullahçılarını isə terrorçu adlandıran Amerikanın siyasətini kəskin tənqid edərək dedi: “Biz və Amerikanın regionda yürütdüyümüz siyasət 180 dərəcə fərqlənir, belə olan halda biz onlarla necə danışıqlara gedib nəyisə müzakirə edə bilərik?”
Nüvə mövzusu ilə bağlı qeydlərini davam etdirən Ali Məqamlı Rəhbər amerikalıların son günlər öyünərək səsləndirdikləri fikirlərə toxunub dedi: “Bu günlərdə Amerikanın dövlət adamları və dövlət xanımları ölkədaxili problemlərini həll etmək üçün əlacsız qalaraq öyünməyə başlayıblar, amma onların uzun-uzadı danışdığı bu boş sözlər həqiqətə uyğun deyil”.
Amerika rəsmilərinin qürrələnmək məqsədilə etdiyi həmin çıxışlara misal olaraq onların, guya ki, İranın nüvə silahı istehsal etməsinin qarşısını aldıqları barədə səsləndirdikləri fikirlərə münasibət bildirən Ali Məqamlı Rəhbər dedi: “Biz hələ illər öncə İslam təlimlərinə əsasən, nüvə silahının haram olduğu barədə fətva vermişik. Bizim şəriətimiz bu silahı istehsal etməyə icazə vermir. Amerikalılar isə zaman-zaman bu fətvanın əhəmiyyətini etiraf etdiklərinə baxmayaraq, qürrələnmək üçün apardıqları yalan təbliğatlarında İranın nüvə istehsal etməsinə onların təhdidlərinin mane olduğunu iddia edirlər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikanın hazırkı rəsmiləri İran xalqını təslim etməkdən danışırlar. Onların bundan əvvəlki 5 prezidenti də bunu arzulayırdı, amma ya elə həmin arzularla öldülər, ya da tarixə qarışdılar. Elə onlar kimi, siz də İranın təslim olmağını ancaq yuxuda görərsiniz”.
Ali Məqamlı Rəhbər Amerikanın hazırkı dövlət başçısının keçmişdə öz ölkəsinin İrana qarşı yol verdiyi bir neçə səhvi, o cümlədən 28 mordad qiyamını və Səddamı himayə etmələrini etiraf etdiyini qeyd edərək dedi: “Bunlar, elə bil ki, xalvardan bir ovucdur. Amerikanın hələ etiraf etmək istəmədiyi bir çox başqa səhvləri də var”.
Ali Məqamlı Rəhbər Amerikanın dövlət adamlarına belə bir məsləhət də verdi: “Ölkənizin gələcək rəsmiləri sizin indi yol verdiyiniz səhvləri etiraf etməyə məcbur olmasınlar deyə bu səhvlərinizdən əl götürün”.
İran İslam Respublikasının günü-gündən artan iqtidarını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “12 ilə yaxındır ki, dünyanın 6 böyük dövləti İranın nüvə sənaye sahəsində irəliləyişlər etməsinə əngəl olmağa, bəzilərinin qeyd etdiyi kimi, İranda bu sənayenin kökünü tamamilə kəsməyə çalışır. Bu gün isə onlar ölkəmizdə bir neçə min sentrifuqanın fəaliyyətini, nüvə sahəsində araşdırmaların və inkişafın davam etdirilməsini qəbul etməyə, buna dözməyə məcburdurlar. Bu, İran xalqının iqtidarından başqa heç bir mənaya dəlalət etmir”.
İran İslam Respublikasının artan güc və iqtidarının xalqın mübarizliyindən və müqavimət ruhundan, eləcə də əziz İran alimlərinin parlaq istedad və təşəbbüskarlığından qaynaqlandığını bildirən Ali Məqamlı Rəhbər şəhid olmuş nüvə alimlərini, onların ailə üzvlərini və ardıcıllarını yüksək dəyərləndirərək dedi: “Öz sözünün üstündə belə möhkəm dayanan bir xalqa Allahın sonsuz rəhməti olsun!”
Fitr bayramı namazının ikinci xütbəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər Amerikanın hazırkı prezidentinin İran xalqını məhv etməyə qadir olduğu barədə səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Qədimdə belə söhbətlərə “qürbətdə danışılan söz” deyərdilər”.
O, üzünü Amerika rəsmilərinə tutaraq aşağıdakıları vurğuladı: “Biz heç bir müharibəni alqışlamırıq, heç bir müharibəyə ilk olaraq addım atmarıq, amma əgər müharibə baş versə, döyüşdən burnu ovulmuş və məğlub halda çıxan təcavüzkar və cinayətkar Amerika olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir