Ali Məqamlı Rəhbərin informasiya bloku

Ölkə başçısının nüvə danışıqlarının nəticəsi ilə bağlı məktubu və Ali Məqamlı Rəhbərin cavabı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Həsən Ruhaninin nüvə danışıqlarının nəticəsi ilə bağlı ona ünvanladığı məktuba cavab olaraq, çəkdiyi zəhmətlərə görə ölkə prezidentinə təşəkkürünü bildirmiş, danışıqlarda iştirak edən komandaya yorulmaq bilmədən, ardıcıl surətdə göstərdikləri səylərə görə qədirdanlığını ifadə etmiş, bu danışıqların sonuclanmasını mühüm bir addım adlandırmışdır. Cavab məktubunda Ali Məqamlı Rəhbər nüvə danışıqlarında qarşı tərəf kimi çıxış edən 6 dövlətdən bəzilərinin etimada layiq olmadığını qeyd edərək aşağıdakıları vurğulayır: “Hazırlanmış mətn diqqətlə gözdən keçirilməli, əvvəlcədən nəzərdə tutulmuş qanuni məcraya salınmalı və yalnız bundan sonra təsdiqlənəcəyi təqdirdə qarşı tərəfin razılaşmanın şərtlərindən ehtimal olunan yayınma halları dəyərləndirilməli və bunun qarşısı alınmalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Əziz xalqımızdan gözləntim budur ki, sakit şəraitdə, müdriklik və uzaqgörənliklə milli mənafeyi təmin edə bilməyimiz üçün əvvəlki kimi öz birlik və mətinliyini qorusun”.

Ölkə başçısının məktubunun və Ali Məqamlı Rəhbərin cavab məktubunun mətnləri aşağıdakı kimidir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə,

Sizə salamlarımı və salamatlıq diləklərimi çatdırıram.

Bəndələrini şərəfləndirən əziz Allaha şükürlər edirəm ki, nüvə danışıqlarının uğur və şərəflə başa çatdığını vüqarlı İran xalqına və Ali Məqamlı Rəhbərə elan etmək səadətini mənə nəsib etdi. Böyük İran xalqının meydanda var olub bütün gücü ilə müqavimət göstərməsinin, habelə İslam İnqilabının Müdrik Rəhbərinin istiqamətverici tövsiyələrinin nəticəsi olan bu ilahi uğur xalqın siyasi qəhrəmanlığının, dünya ilə konstruktiv əməkdaşlıq strategiyasının seçilməsinin bərəkətidir. İqtisadiyyat və xarici siyasət sahəsində 23 aydır ki davam edən ardıcıl səylərin məhsulu olaraq əldə edilmiş bu nailiyyət İran İslam dövlətinə öz nüvə hüququnu təsbit etməkdə qələbə qazandırdı, zülmkar sanksiyaların aradan qaldırılması, ölkənin inkişaf və yüksəliş yolunda sürətlə irəliləməsi, müqavimət iqtisadiyyatının siyasətlərinin icrası üçün şərait yaratdı.

Bu nailiyyət böyük dövlətlər sanksiya silahının nə insan kapitalını məhv etməyə, nə də İranın nüvə sferasında əldə etdiyi irəliləyişə mane olmağa qadir olduğunu anladıqdan sonra qazanıldı. Bu meydanda əldə etdiyimiz uğurun sirri ölkə daxilindəki birlik və həmrəyliyimiz, habelə Ali Məqamlı Rəhbərin tövsiyə və göstərişləri əsasında hərəkət etməyimizdədir. Bu təcrübə keşməkeşlər dövrünü yaşayan ölkənin düzgün istiqamətləndirilməsində ictimai birliyin mehvəri kimi Ali Məqamlı Rəhbərliyin əvəzsiz rolunu bir daha nümayiş etdirdi. Bu qələbəni biz hər şeydən çox şanlı İran xalqının fədakarlıqlarına və xüsusilə də nüvə sənayesinin məzlum şəhidlərinə borcluyuq. Onlar uzunillik səbir və dözümdən sonra, çəkdikləri əzab-əziyyətlərin şirin meyvəsini dadacaqlar. Düşmənlərimiz iranafobiya layihəsini inkişaf etdirməklə ölkəmizi beynəlxalq arenada təcrid edərək bizə zərbə vurmaq niyyətində olduqları halda, biz nəinki təkcə bu layihəni iflasa uğratdıq, hətta bu prosesdə ölkəmizin beynəlxalq statusu o qədər yüksəldi ki, hazırda dünya ictimaiyyəti səbirsizliklə müxtəlif sahələrdə İranla danışıqlara və əməkdaşlığa daxil olmaq arzusundadır. Bu razılaşma açıq-aydın göstərdi ki, biz ölkəmizin qürur və heysiyyətini qorumaqla, dövlətimizin qırmızı xətlərinə riayət etməklə yanaşı, dünya dövlətləri ilə danışıqlara gedə, diplomatik bacarığımıza və haqlı mövqeyimizə əsaslanan özünəinam hissi ilə dünya dövlətlərini bizim məntiqli mövqeyimizi qəbul etməkdə qaçılmaz vəziyyətdə qoya bilərik. Danışıqların nəticəsi olaraq, beynəlxalq münasibətlər tarixində qazanılmış bu misilsiz nailiyyət Təhlükəsizlik Şurasının hədə-qorxu dolu qətnamələrinin hamısını bir kənara qoyur və beynəlxalq əməkdaşlıq üçün (hətta nüvə sahəsində) zəmin yaradır. Bunda regionumuz üçün də böyük bir ibrət dərsi var: belə ki regionun siyasi problemlərinin də həlli yolu təcavüzkarlıq, qətllər və terror yox,  xalqın həqiqi iştirakı və danışıqlar aparmaqdır.

Bizə bu işdə istiqamət verən müdrik və uzaqgörən tövsiyələrinizə, ardıcıl və açıq-aşkar dəstəyinizə görə Cənabınıza, habelə danışıqlarda iştirak etmiş,  mətanət və ləyaqətlə, yorulmaq bilmədən dövlətin elan olunmuş bütün siyasətlərini və qırmızı xətlərini qorumağa, dözümlü və fədakar İran xalqının vüqar və başucalığını   müzakirələr səngərində nümayiş etdirməyə müvəffəq olmuş komandaya təşəkkürümü bildirməyi lazım bilirəm.

Sözsüz ki, bu prosesin sonrakı mərhələlərinə çatmaq, xalqın bütün istəklərini yerinə yetirib zülmkar sanksiyaların tamamilə aradan qaldırılmasına nail olana qədər bu razılaşmanın müxtəlif mərhələlərini icra etmək üçün bundan sonra da ölkə daxilində birlik və həmrəyliyə, möhkəm durub müqavimət göstərməyimizə və Cənabınızın rəhbərliyi altında müdrik tədbirlər həyata keçirməyimizə ehtiyac var. Mənim heç bir şübhəm yoxdur ki,  camaatımızın sayıqlığı, dövlətimizlə xalqımızın söz  və könül birliyi sayəsində həmişə olduğu kimi, bundan sonra da Allahın lütf və yardımı bu müqəddəs hökumətə şamil olunacaq və bu nəcib və səbirli xalqı öz uca hədəflərinə çatdıracaq. Uca Allaha arxalanır və Ondan yardım istəyirik.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.

Həsən Ruhani
23 tir 1394

Mərhəmətli və Bağışlayan Allahın adı ilə.

Möhtərəm ölkə başçısı,

Sizə salamlarımı, salamatlıq diləklərimi çatdırır, çəkdiyiniz çoxsaylı zəhmətlərə görə təşəkkürümü bildirirəm. Əvvəla nüvə danışıqlarında iştirak edən komandaya yorulmaq bilmədən, ardıcıl surətdə göstərdikləri səylərə görə səmimi təşəkkür və qədirdanlığımı bildirməyi və onlara ilahi mükafat diləməyi lazım bilirəm, daha sonra isə qeyd edirəm ki, bu danışıqların sonuclanması mühüm bir addımdır. Hazırkı vəziyyətdə, hazırlanmış mətn diqqətlə gözdən keçirilməli, əvvəlcədən nəzərdə tutulmuş qanuni məcraya salınmalı və yalnız bundan sonra təsdiqlənəcəyi təqdirdə qarşı tərəfin razılaşmanın şərtlərindən ehtimal olunan yayınma halları dəyərləndirilməli və bunun qarşısı alınmalıdır. Yaxşı bilirik ki, qarşı tərəfdəki 6 dövlətdən bəzilərinə heç bir vəchlə etimad etmək olmaz.

Əziz xalqımızdan gözləntim budur ki, sakit şəraitdə, müdriklik və uzaqgörənliklə milli mənafeyi təmin edə bilməyimiz üçün əvvəlki kimi öz birlik və mətinliyini qorusun.

Allahın salamı və rəhməti nəsibiniz olsun.

Seyid Əli Xamenei
24 tir 1394


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /