İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün günortadan sonra baş tutan ramazan görüşündə Əmirəlmöminin Əlinin (ə) Malik Əştərə yazdığı, bir çox istiqamətverici məqamları ehtiva edən fərmanın ayrı-ayrı fraqmentlərini şərh edib aydınlaşdıraraq aşağıdakıları vurğuladı: “Bütün problemlərin həllinin başlıca amili ruhi, mənəvi və ideoloji dayaqdır. Müttəqilərin mövlası Həzrət Əlinin (ə) “Nəhcül-bəlağə”sini dərindən düşünərək oxumaq insan üçün belə bir dayağı təmin edir”.
Görüşün əvvəlində ölkə başçısının nüvə danışıqlarının nəticələri barədə söylədiyi fikirlərə toxunan Ali Məqamlı Rəhbər ciddi surətdə, sədaqətlə çəkdikləri zəhmət və əziyyətlərə görə müzakirələrdə təmsil olunan komandaya təşəkkür və qədirdanlığını bildirdi.
Daha sonra o, Malik Əştərin öz şəxsi keyfiyyətlərinə görə Əmirəlmöminin Əlinin (ə) yanında müstəsna mövqeyə malik bir insan olduğunu qeyd edərək dedi: “Həzrət Əli İbn Əbutalibin (ə) yazdığı fərman belə bir şəxsiyyətə ünvanlanırdı. Bu məqamın üzərində düşünməyə dəyər”.
Həzrət Ayətullah Xamenei həmin fərmanda vəzifəli şəxslərin öhdəsinə düşən vəzifələrdən danışıldığını qeyd edərək dedi: “Həzrət Əlinin Malikə yazdığı məktubda hakim təbəqənin çiyinlərinə qoyduğu 4 əsas vəzifə aşağıdakılardan ibarətdir: əhalidən hökumətə çatan vergilərin yığılması, əhalinin və onların məskunlaşdığı yerlərin müdafiəsi, cəmiyyətin islah olunmağa, nöqsanların aradan qaldırılmasına təşviq edilməsi və ölkənin quruculuğu, abadlaşdırılması”.
Ali Məqamlı Rəhbər həmçinin Həzrət Əlinin Malik Əştərə özünütərbiyə istiqamətində verdiyi mühüm tapşırıqlar sırasında islami hakimiyyətin təmsilçilərinə istənilən dövr və şəraitdə ilahi təqvaya riayət etmələri, dində vacib hesab olunan ibadətlərə, sünnəyə və müstəhəbata tam ciddiyyətlə əməl etmələri, qəlbdə, dildə və əməldə Allahın dininə yardımçı olmaları, bütün şəhvani meyillər qarşısında nəfslərini islah etmələri ilə bağlı verilən tövsiyələri qeyd etdi.
Ali Məqamlı Rəhbərin Həzrət Əlinin (ə) Malik Əştərə yazdığı fərmanın fraqmentlərinə istinadən vurğuladığı digər bir məqam əvvəlki hakimlər haqda insafla mühakimə yürütmək oldu.
“Vəzifə postunda olduğu dövrdə hər bir şəxsin toplaya biləcəyi ən yaxşı ehtiyat saleh əməldir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Xalqın gözü tərəzidir və o, düşünüb-daşınıb çıxardığı nəticəyə əsasən yürütdüyü mühakimələrdə heç vaxt yanılmır. Odur ki camaatın bu kimi mühakimələrindən hansısa vəzifəli şəxsin əməlisaleh olub-olmadığını anlamaq mümkündür”.
Ali Məqamlı Rəhbərin Əmirəlmömininin (ə) hökumət fərmanını nəzərdən keçirərkən qeyd etdiyi digər iki tövsiyə nəfsin azğınlığa düçar olub məhv olmasının qarşısını almaq üçün onu hərislik və dargözlüklə qorumaq və Allahın müəyyən etdiyi vəzifələri hər bir şeydən üstün tutmaq oldu. O dedi: “Mərhum İmam Xomeyni bu ilahi tövsiyələrə əməl olunmasının bariz təcəssümü idi”.
İmam Əlinin (ə) Malikə verdiyi digər tövsiyələr sırasında xalqı səmimi-qəlbdən sevməyi və camaata qarşı səbir və sevgi ilə davranmağı qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Əmirəlmömininin göstərişinə əsasən, camaatın səhv və yanlışlarına güzəşt etmək lazımdır; əlbəttə ki, Allahın müəyyən etdiyi hüdudların tapdanması və ya İslam dini və İslam hökumətinə qarşı mübarizə halları istisna olmaq şərti ilə”.
Sonda Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) Malik Əştərə yazdığı fərmanın fövqəladə bir mədəni ehtiyatı ehtiva etdiyini qeyd edərək çəkdikləri zəhmətə görə hökumət kabinetinin üzvlərinə təşəkkürünü bildirdi və Allahdan onlara uğurlar dilədi.
Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani çıxış edərək nüvə danışıqlarının nəticələrinə toxundu, hökumətə və danışıqlarda iştirak edən komandaya verdiyi dəstəyə, daim doğru yol göstərdiyinə görə Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirdi. O, bununla da düşmənlərin İslam Respublikasına qarşı haqsız təzyiq və ittihamlarına son qoyulacağına, ölkənin inkişafı yolunda yeni bir hərəkatın başlayacağına ümidvar olduğunu qeyd etdi.
Çıxışının davamında ölkə başçısı hökumət kabinetinin fəaliyyəti ilə bağlı hesabat təqdim etdi.
Cənab Ruhani hökumətin son 2 ildə qazandığı nailiyyətlərə və qarşılaşdığı çətinliklərə toxunaraq xarici siyasət sferasında həyata keçirilmiş işlər sırasında qonşu dövlətlərlə yaxın münasibətlərin qorunması və nüvə müzakirələrinin davam etdirilməsi istiqamətində göstərilən səyləri qeyd etdi. O dedi: “Regionumuz terror və iğtişaşlarla çalxalandığı bir şəraitdə İran İslam Respublikası terrordan əziyyət çəkən region ölkələrini dəstəkləyib və bu yolu davam etdirəcək”.
Ölkə başçısı hökumətin iqtisadiyyat sferasında qazandığı uğurlar sırasında ölkənin durğunluqdan çıxmasını, iqtisadi inkişafdakı enişin artımla əvəzlənməsini, inflyasiyanın kontrolda saxlanmasını, buğda idxalının azaldılmasını və qeyri-neft məhsullarının ixracının artırılmasını qeyd edərək dedi: “Məşğulluq və iqtisadi artım məsələsində durğunluqdan çıxmaq üçün sərmayəyə və texnologiyaya ehtiyacımız var”.
Cənab Ruhani hökumətin qarşılaşdığı problemlər sırasında Mərkəzi Banka və özəl şirkətlərə böyük məbləğdə borcun olmasını, nağd subsidiyalardan qaynaqlanan çətinlikləri, işsizliyi, səmərəliliyin aşağı səviyyədə olmasını, icazəsiz kredit müəssisələrinin fəaliyyətini, bank gecikdirmələrini, su çatışmazlığını, yeraltı sərvətlərin azalmasını, quraqlığı, ekoloji problemləri və neftin qiymətinin aşağı düşməsini qeyd etdi.
Hökumətin ölkə və əhalinin problemlərini aradan qaldırmaq üçün bütün güc və imkanlarını səfərbər etdiyini deyən ölkə başçısı əlavə etdi: “Problemləri həll etmək, qalan işləri daha yüksək sürət tempi ilə həyata keçirmək üçün hökumətin 3 qolu arasında əməkdaşlığa ehtiyacımız var”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir