Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yəmənin bombardman edilməsinin əsl səbəbi Səudiyyə hökumətinin və onların himayədarlarının İranın regiondakı nüfuzundan keçirdikləri qəzəb və əsəbdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə ilə bu gün (şənbə günü) günortadan sonra keçirdiyi açıq və səmimi görüşdə 4 saatdan artıq müddət ərzində gəncləri narahat edən məsələləri, onların tənqidi fikirlərini, arzu və təkliflərini dinlədi, müxtəlif məsələlər, o cümlədən gənclərin idealları, tələbə təşkilatlarının təsirini artırmaq üçün nələrin tələb olunması, regional problemlər, İran xalqının anti-imperialist hərəkatının davam etdirilməsi və müasir dövrdə tələbələri narahat edən problemlər haqda söhbət etdi.

Saat 18:00-dan başlayaraq namaz və iftardan sonra da davam edən bu görüşdə Ali Məqamlı Rəhbər mübarək ramazan ayının son günlərində bir həsrət yaşandığını qeyd edərək dedi: “Bu mənəviyyat və saflıq baharında qəlbini ilahi lütf və rəhmət yağışının altına tutan hər kəs gələcəkdə bu mənəvi səpinin məhsulunu biçəcək”.

Gənclərin ruhi-mənəvi yüksəlişin yolları barədə həmişəki sualını cavablandıran Ali Məqamlı Rəhbər dedi: “Böyüklərdən belə eşitmişik ki, mənəvi yüksəliş üçün ən mühüm iş təqvadır, günahlardan çəkinməkdir”.

“Dində vacib olan ibadətlərin yerinə yetirilməsi, xüsusilə də vaxtın əvvəlində, bütün qəlbini və diqqətini Allaha yönəldərək, imkan daxilində camaatla qılınan namaz günahdan çəkinməyi tamamlayır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu dəyərli məcmunu Qurandan gündə ən azı bir neçə ayə oxumaqla zinətləndirin”.

Həzrət Ayətullah Xamenei dində vacib olan əməllər haqda söhbətini bitirdikdən sonra tələbə həyatında vacib olan işlər haqda danışdı.

Tələbə ictimaiyyətinin əhalinin seçilən və müstəsna kəsimi olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Tələbələr üçün ən vacib məsələ ideallara can atmaqdır”.

Həzrət Ayətullah Xamenei ideallara can atmanın realizmə zidd olduğunu iddia edən yanaşmaları inkar edərək dedi: “İdealizm realizmə yox, mühafizəkarlığa ziddir”.

Fikrini daha da açıqlayan Ali Məqamlı Rəhbər mühafizəkarlığı hər cür reallıq qarşısında təslim olmaq kimi səciyyələndirərək dedi: “İdeallara can atma böyük hədəflərə çatmaq uğrunda müsbət reallıqlardan düzgün istifadə etmək və mənfi reallıqlara qarşı mübarizə aparmaq deməkdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam cəmiyyəti formalaşdırmaq və siyasi İslam təfəkkürünü yenidən dirçəltmək ən mühüm ideallardandır. O, əlavə etdi: “Ölkəmizin və cəmiyyətimizin inkişaf və yüksəlişində özünəinam və “Biz bacarırıq!” ideyaları da həlledici təsirə malikdir”.

İmperializm sisteminə və müstəmləkəçilərə qarşı mübarizə Ali Məqamlı Rəhbərin tələbə ictimaiyyəti üçün vacib olan məsələlər sırasında qeyd etdiyi 3-cü mühüm ideya oldu.

O dedi: “Dünyanın hegemon dövlətlərinin İran xalqı ilə düşmənçilik etməsinin əsas səbəbi  İslam Respublikasının müstəmləkəçilərin və onların ağalığı altında əzilənlərin varlığına əsaslanan sistemi qəbul etmək istəməməsidir”.

Ali Məqamlı Rəhbər tələbə təşkilatlarının rəhbər tutmalı olduğu digər ideyalar sırasında ədalətpərvərliyi, islami həyat tərzini, Qərbə xas olan yox, əsl azadlıqsevərliyi, elmi inkişafı, əməyə və zəhmətə sevgini, tənbəllikdən uzaq olmanı, universitetlərin islamiləşməsini qeyd etdi.

Daha sonra Həzrət Ayətullah Xamenei tələbə ictimaiyyətini narahat edən mühüm bir məsələyə toxundu: İdeallara can atmaqla ölkə rəsmilərinin verdiyi qərarlara necə təsir göstərmək olar?

Onun bu mühüm suala cavabı qəti və təkidli oldu: “İdeallarınızı dönə-dönə təkrarlayın, onların üzərində ciddi şəkildə durun ki, onlar tələbə ictimaiyyətinin, daha sonra isə bütövlükdə cəmiyyətin diskursuna çevrilsin. Ondan sonra rəsmilər, dövlət və hökumət orqanları bu ideyaların təsiri altına düşəcək”.

Ali Məqamlı Rəhbər tələbə ictimaiyyətinin ölkənin müxtəlif strukturlarına təsiretmə mexanizmini açıqladıqdan sonra tələbə təşkilatlarının riayət etməli olduğu bəzi önəmli məsələləri qeyd etdi.

İlk olaraq o, islami anlayışlara səthi yanaşmadan çəkinməyin, bu istiqamətdə dərin iş aparmağın vacibliyinə toxundu.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, zahirən İslama uyğun görünən, lakin fərqli mahiyyət daşıyan bəzi şüar və fikirləri tənqid etdi.

Nümünə olaraq o, aşağıdakıları dedi: “Bugünlər geniş yayılmış “mərhəmətli İslam” ifadəsi 2 gözəl sözdən ibarətdir, amma onun əsl mənası nədir? Görəsən, bu məna nəzərdə tutulmur ki, insanları mömin və kafirlərə, dost-düşmənə bölən Qurana əks olaraq, bütün insanlara yalnız mərhəmətlə yanaşmaq lazımdır? Və Allahın buyurduğuna əks gedərək, İslama və İran xalqına qarşı düşmənçilik edənlərlə  məhəbbət və xeyirxahlıqla, yumşaq davranmaq lazımdır?”

Belə düşünülməmiş, dayaz fikirlərin yanlış və azdırıcı olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəlkə, “mərhəmətli İslam” ifadəsi Qərb liberalizmindən qaynaqlanır? Əgər belədirsə, bu ifadə nə İslamı, nə də hətta mərhəmət və duyğunu ifadə edir, çünki liberalizmin əsasında duran humanizm təfəkkürü Yaradanın və mənəviyyatın inkarı üzərində formalaşıb və güc, sərvət sahibi olan qrupların mənafeyinə xidmət edir”.

Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər “Amerika dəyərləri” adlandırılan məsələləri tənqid edərək aşağıdakıları dedi: “İmperializm sisteminin dünyanı əzib talamasının kökündə həmin Amerika dəyərləri durur. Amerika rəsmilərinin müstəmləkəçi davranışlarında bu dəyərlərin müsbət məqamları da  unudulub”.

O, əlavə etdi: “Əgər “mərhəmətli İslam” ifadəsi bu kimi məsələləri nəzərdə tutursa, yüz faiz yanlışdır və gerçək İslamla heç bir əlaqəsi yoxdur”.

Daha sonra Ali Məqamlı Rəhbər tələbə təşkilatlarının effektiv fəaliyyəti üçün vacib olan digər bir amilə toxunaraq bu qurumların tələbələri cəlb etmə qabiliyyətinin artırılmasından danışdı.

Ali Məqamlı Rəhbər qızlar və oğlanlar üçün birgə ekskursiyalar təşkil etmək və onların belə qarışıq şəkildə düşərgələrdə qalması üçün şərait yaratmaq, həmçinin müxtəlif konsertlər keçirmək kimi yanlış yollarla daha çox tələbənin tələbə təşkilatlarına cəlb edilməsini əsla məqbul hesab etmədiyini bildirərək vurğuladı: “Tələbə təşkilatlarına marağı artırmaq bəhanəsi ilə camaatın tələbə oğlan və qızlarını qarışıq şəkildə “tələbə orduları” adı altında Avropaya aparanlar, heç şübhəsiz, tələbə ictimaiyyətinə və hətta gələcək nəsilə xəyanət edirlər”.

Tələbə təşkilatlarına marağı artırmağın düzgün yollarını izah edən Ali Məqamlı Rəhbər dini, ictimai və siyasi mövzularda yeni fikirlərin irəli sürülməsini qeyd edərək dedi: “Quran və “Nəhcül-bəlağə”nin dərindən mütaliəsi  yeni və maraqlı fikirlərin ortaya qoyulmasına  şərait yarada bilər”.

Ali Məqamlı Rəhbərin tələbə təşkilatlarına digər tövsiyəsi tələbə teatrı, karikatura, satira, müxtəlif audiomaterialların yayımı, poeziya tədbirləri kimi sənətyönümlü üsüllardan istifadə ilə bağlı oldu.

Tələbə təşkilatlarına marağın artırılmasının 3-cü tələbi haqda danışan Həzrət Ayətullah Xamenei tələbə gəncləri ideoloji cəhətdən tam qane etməyin, hansısa fikir və ideyaların diktəsindən çəkinməyin vacibliyini vurğuladı. O dedi: “Qarşındakı insanı düşündürən şübhə və sualları cavablandırmadan dini fikirləri kiməsə ötürmək mümkün deyil. Əlbəttə, insanlar ideoloji cəhətdən tam qane olmadan da  müəyyən həyəcan və emosiyaların təsiri altında hansısa fikirləri qəbul edə bilərlər, amma bu, insan düşüncəsinin tam qane olması kimi deyil və burada sarsılmaz ideologiyadan söhbət gedə bilməz”.

Ali Məqamlı Rəhbər tarixdə marksist və kommunistlərin insanlarda tam inanılmış, əsaslı ideologiya yaratmadan öz ideyalarını cəmiyyətə zorla diktə etmə metodundan istifadə etdiklərinə toxunaraq aşağıdakı xəbərdarlığı etdi: “Bəzi universitetlərdə yenidən marksist cərəyanın fəallaşdığı barədə xəbərlər doğrudursa, sözsüz ki, maddi cəhətdən bu işi himayə edən Amerikadır, məqsəd isə tələbələr arasında ikitirəlik yaratmaq, tələbə ictimaiyyətini parçalamaqdır”.

Ali Məqamlı Rəhbər tələbə təşkilatlarına dəyərlərə önəm verən müəllimləri önə çəkməyi, ölkə, dövlət və xalq üçün inanılmış hesab olunmayan insanlardan istifadədən çəkinməyi tövsiyə edərək dedi: “1388-ci ildə o hadisələrə rəvac vermiş, heç bir məntiqə əsaslanmadan dövlətçiliyimizə və dövlətimizin islami mahiyyətinə qarşı çıxmış ünsürlər kimi insanlara inanmaq olmaz”.

Həzrət Ayətullah Xamenei həmçinin bildirdi ki, tələbə təşkilatlarının effektivliyini artırmağın digər bir tələbi ölkədəki reallıqları düzgün dərk etməkdir.

O, əlavə etdi: “Ölkə rəsmilərinin daha artıq işləyib səy göstərməsini istəmək haqlı bir gözləntidir, amma müsbət reallıqları da görmək lazımdır”.

Həzrət Ayətullah Xamenei bunu da qeyd etdi ki, ölkədəki diqqətəlayiq reallıqlardan biri də idealların daha da dolğunlaşması, bəzi cərəyanların İmam Xomeyni ideyalarını arxa plana keçirərək yox etmək cəhdlərinin heç bir nəticə verməməsidir.

O, dahi İmam Xomeyninin ölümündən sonra müəyyən adamların səhvə yol verərək İmamın ideyalarını kənara atmaqla bağlı gizli məqsədlərini aşkara çıxardıqlarını xatırladaraq dedi: “Əlbəttə ki, indi onlar püxtələşdikləri üçün artıq qəlblərindəkini açıq-aşkar demirlər, buna baxmayaraq, yenə də həmin məqsədi izləyirlər”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Belələri ölkə daxilində və xaricdə durmadan səy göstərdiklərinə, siyasətçilərdən, mütəfəkkirlərdən və sənət adamlarından istifadə etdiklərinə baxmayaraq, ölkədə ideallar daha da canlanaraq aktuallaşmışdır. Dini  və inqilabi ideyalar hətta İmamın həyatda olduğu dövrün, eləcə də Müqəddəs Müdafiənin cəlbedici reallıqlarını görməmiş gəncləri bütün varlıqları ilə özünə cəzb edir”.

Ali Məqamlı Rəhbər tələbə təşkilatlarının diqqət yetirməli olduğu reallıqlar sırasında İranın regiondakı heyranedici mənəvi-ideoloji nüfuz və iştirakını da qeyd etdi.

O dedi: “Xəbərimiz var ki, amerikalılar və regiondakı mürtəce qüvvələr gizli görüşlərində İranın regiondakı nüfuzu haqda söhbət edib dərdləşirlər, amma əllərindən bir iş gəlmir”.

Yəmənin artıq 100 gündür ki bombalandığına, bu ölkənin məzlum və günahsız əhalisinin vəhşicəsinə qətlə yetirildiyinə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Azadlıq iddiası ilə çıxış edən liberal Qərb Səudiyyə hökumətinin bu cinayəti qarşısında dodağını belə tərpətmir, Təhlükəsizlik Şurası isə ən rüsvayçı qətnamələrindən birində Yəməni bombalayanların əvəzinə, bombalananları ittiham edir”.

“Yəmən əhalisinin ev-eşiyinin bombardman edilməsinin əsl səbəbi Səudiyyə hökumətinin və onları himayə edənlərin İranın regiondakı nüfuzundan keçirdikləri qəzəb və əsəbdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün iddialara baxmayaraq, İran İslam dövlətinin regionda malik olduğu nüfuz silaha söykənən, fiziki bir təzahür yox, ilahi nemətdir. Şəhid Beheşti kimi, biz də bu xalqın düşmənlərinə deyirik: “Qəzəb və əsəbinizdən ölün!”

Tələbə təşkilatlarına beynəlxalq və regional məsələlər, o cümlədən Yəmən, Suriya və İraqda baş verən olaylar üzərində işləməyi tövsiyə edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, seçki vaxtı istifadə etmək üçün tələbə təşkilatları yaratmaq tələbə ictimaiyyətinə bir növ xəyanətdir. O, əlavə etdi: “Birdəfəlik istifadə üçün nəzərdə tutulan bu təşkilatlardan fərqli olaraq, dini dəyərlərin daşıyıcısı, real işlər həyata keçirməkdə maraqlı olan tələbə təşkilatları ölkənin ümumi inkişafında çox faydalı və effektiv ola bilər”.

Çıxışının birinci hissəsində Ali Məqamlı Rəhbər tələbə təşkilat və hərəkatlarının 9 nümayəndəsinin çıxışlarını dinlədikdən sonra tələbələrdən birinin heç bir iş görməyib yalnız şüarlar irəli sürməyin faydasız olduğu barədə səsləndirdiyi fikirlərə toxunaraq dedi: “ Əlbəttə ki, dərin  mahiyyətli, dolğun, təbliğ edilməsi məqsədəuyğun bir ideoloji həqiqətin carçısı olan şüar insanları meydanlara çəkib gətirə, istiqamətləndirə, stimulverici ola bilər”.

Tələbələrdən birinin inqilabyönlü tələbə təşkilatlarına sərt münasibət göstərildiyi barədə fikirlərinə toxunan Həzrət Ayətullah Xamenei Elmlər və Səhiyyə Nazirlərinə xitabən aşağıdakıları vurğuladı: “Dini və inqilabi yönümlü tələbə təşkilatlarının irəli sürdüyü fikirlər elə bizim dediklərimiz və istədiklərimizdir. Universitetlərdə aparıcı vəzifələrdə çalışan şəxslər bu təşkilatlara əsla sərt münasibət göstərib onların fəaliyyətini məhdudlaşdırmamalıdırlar”.

Ali Məqamlı Rəhbər universitetlərdə konsertlərin təşkil olunması kimi elmi nailiyyətlərə kölgə salan məsələlərin geniş hal almasını tənqid etmiş bir tələbənin haqlı olduğunu bildirərək dedi: “Tələbə ictimaiyyətini ruhlandırmaq bəhanəsi ilə yol verilən bu kimi hallar ən yanlış işlərdəndir”.

“Gənclərin belə qeyri-sağlam mühitlərə sövq edilməsi düşmənin planıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin nüvə və nano-texnologiyalar kimi həssas və mühüm sahələrdə qazandığı bugünkü qürurverici elmi inkişafın avanqardları mömin və inqilabçı gənclər olub və elə hazırda da bu belədir. Düşmənlər bizim universitetlərimizdə  Dr. Şəhriyari və Dr. Çəmranların yetişdirilməsini istəmirlər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Mən hər iki möhtərəm nazirimizə – həm Elmlər, həm də Səhiyyə nazirlərinə etimad edirəm, amma onlar diqqətli olmalıdırlar ki, tabeçiliklərində çalışan müəyyən insanlar bəzi yanlış işlər və tədbirlərlə tələbələri dini-inqilabi tendensiyadan, mənəviyyatdan uzaqlaşdırmasınlar”.

Tələbələrin öz çıxışlarında toxunduqları digər bir mühüm məqam həqiqi mənada azad fikir tribunalarının təşkil olunması ilə bağlı idi. Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları qeyd etdi: “Mən belə bir işin həyata keçirilməsi ilə tamamilə razıyam. İnqilabi ideyaların daşıyıcısı olan, dini hökuməti dəstəkləyən gənc müsəlman tələbə soyuqqanlılıqla, güclü məntiqlə, əsaslı arqumentlər gətirərək qarşı tərəfin arqumentlərini rədd etməyi bacarmalıdır və bu gün bu potensial vardır”.

Həzrət Ayətullah Xamenei Ali Məqamlı Rəhbərliyin bəzi nümayəndələrinin və rəsmilərinin səsləndirdiyi fikirlərin Ali Məqamlı Rəhbərin fikirləri kimi təqdim olunması barədə verilmiş sualı cavablandıraraq dedi: “O insanların dedikləri onların öz fikirləridir. Mənim fikirlərimi mənim özümdən eşidin”.

O, əlavə etdi: “Mənim tərəfimdən vəzifəyə təyin olunmuş şəxslər bəzi ictimai-siyasi məsələlərdə hətta mənimlə fərqli fikirdə də ola bilərlər. Bunun heç bir eybi yoxdur, çünki əsas məsələ ümumi inqilabi prinsip və tendensiyaların qorunmasıdır”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Əlbəttə ki, əgər kimsə mənim dediklərimə istinadən reallığa uyğun olmayan bir fikir irəli sürərsə, ona xatırlatma edilir və həmin məsələyə düzəliş etməsi istənilir”.

Tələbələrdən biri isə nüvə danışıqlarından sonra imperializmə qarşı mübarizənin necə olacağı barədə sualla çıxış etmişdi. Ali Məqamlı Rəhbər onun bu sualını aşağıdakı kimi cavablandırdı: “Quranın başlıca təlimlərinə əsasən, imperializmə, müstəmləkə sisteminə qarşı mübarizəni heç vaxt dayandırmaq olmaz. Bu gün isə Amerika imperializmin ən bariz nümunəsidir”.

O, əlavə etdi: “Biz yalnız nüvə mövzusunda müzakirələr aparmaq səlahiyyətinə malik olduqlarını danışıqlarda təmsil olunan rəsmilərə də demişik. Amerika tərəfi bəzən regional problemləri, o cümlədən Suriya və Yəmən məsələlərini ortaya atsa da, rəsmilərimiz bu mövzularda danışıqlar aparmadıqlarını bildirirlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İmperializmə qarşı mübarizə İslam İnqilabının təməl prinsiplərindən və bizim əsas işlərimizdən biridir, odur ki imperializmə qarşı mübarizəni davam etdirməyə hazır olun”.

Çıxış edən tələbələrdən biri Ali Məqamlı Rəhbərdən ata-analara gənclərin ailə qurmasını mümkün qədər asanlaşdırmağı tövsiyə etməsini xahiş etmişdi. Həzrət Ayətullah Xamenei də öz növbəsində valideynləri bu məsələdə tələbkarlıq etməkdən çəkindirərək dedi: “Allah-taala Quranda vəd vermişdir ki, ailə qurduqdan sonra Öz lütfü ilə gəncləri ehtiyacsız edəcək və onların problemlərini aradan qaldıracaq”.

Ali Məqamlı Rəhbər gənclərin ailə qurmasını asanlaşdıran elçilik və vasitəçilik kimi adətləri təqdirəlayiq ənənələr kimi qiymətləndirərək dedi: “Gənclərin ailə qurması ilə əlaqəli problemlərin həlli ölkəmizin və cəmiyyətimizin dünya və axirəti üçün faydalıdır”.

O, mövzu ilə əlaqədar olaraq, demoqrafik artım məsələsinə də toxundu və reproduktiv fəaliyyətin qarşısının alınmasını qadağan edən qanuna lazımınca riayət olunmaması ilə bağlı bəzi məlumatlar aldığını bildirərək Səhiyyə Nazirinə bu işlə məşğul olmağı tapşırdı.

Ali Məqamlı Rəhbər tələbələrlə görüşündən dərin və səmimi-qəlbdən məmnunluq duyduğunu bildirərək gənc iranlı tələbələrin ölkənin müxtəlif məsələləri ilə bağlı arenalarda fəal, dinamik və stimul dolu iştirakının mühüm bir məqam olduğunu və bəzi qərəzli statistika mərkəzlərinin iranlı gənclərin pessimizmə qapıldığı barədə yaydığı xəbərlərin tam əksini nümayiş etdirdiyini qeyd etdi.

O, əlavə etdi: “Bu çirkin və ağ yalan rəzil azadlıqları ölkəyə yeritmək üçün  bəhanədir”.

“İranlı gənclər dünyanın ən dinamik, ən fəal, yüksək əhval-ruhiyyəli gənclərindəndir” – deyən Həzrət Ayətullah Xamenei bildirdi ki, İrandan fərqli olaraq, Avropada gənclər arasında intihar faktlarının sayı ilə bağlı mövcud olan yüksək statistik rəqəmlər Qərb dünyasındakı pessimizm və məyusluqdan xəbər verir.

Ali Məqamlı Rəhbər bir neçə il öncə Avropada bir gəncin silahlı hücumu nəticəsində 80-ə yaxın uşağın qətlə yetirilməsini, həmçinin çoxlu sayda avropalı gəncin kamikadze əməliyyatları yolu ilə intihar etmək üçün İŞİD-ə qoşulmasını Avropada gənclərin pessimizm əhval-ruhiyyəsində olmasına nümunə kimi qeyd edərək dedi: “Bundan fərqli olaraq, yayın qızmar istisində, orucağız, üstəlik gecəni oyaq qalıb qədr gecəsinin ibadətlərini yerinə yetirdikdən sonra Qüds günü yürüşü üçün küçələrə çıxan iranlı gənclər  dinamik və yüksək əhval-ruhiyyədədir, pessimizmdən çox-çox uzaqdır”.

Görüşün əvvəlində tələbə təşkilatlarının nümayəndələrindən aşağıda adları sadalanan 9 nəfəri çıxış edərək öz rəy və görüşlərini ifadə etdilər:

- Əli Pəhləvankaşi – Müsəlman Tələbə Təşkilatının katibi;

- Keyvan Asim Kəffaş – Azad Universitetin Müsəlman Tələbə Təşkilatları Birliyinin baş katibi;

- Vəhid Zare – Tələbə Bəsicinin Mövqe Açıqlama Şurasının üzvü;

- Hadi Zülfüqari – Əllamə Təbatəbayi adına Universitetin Müsəlman Tələbə Birliyinin katibi;

- Mikayıl Dəyani – Müstəqil İslami Tələbə Təşkilatları Birliyinin katibi;

- Əli Mehdiyanəfər – Azad Universitetin şimal bölgəsi filialının tələbə bəsicinin məsul siması;

- Hüseyn Şahbazizadə – Ədalətpərvər Tələbələr Hərəkatının katibi;

- Zeynəb Sadat Hüseyni – Vəhdətin Möhkəmləndirilməsi Təşkilatının mərkəzi şurasının üzvü;

- Səba Kərəm – Nəcəf qərargahının həkim cihad qrupunun rəsmisi.

Çıxış edənlər aşağıdakı mövzulara toxundular:

- Hakimiyyətin 3 qolunun rəsmilərinin tələbələrlə daha sıx əlaqədə olmasının vacibliyi;

- Mədəniyyət sahəsindəki nöqsan və çatışmazlıqları izləmək üçün intellekt-klubun təşkil olunması;

- Siyasi yanaşmanın mədəniyyət sferasından uzaqlaşdırılması;

- Ali Mədəni İnqilab Şurasının üzvləri arasında gəncləşdirmə siyasətinin aparılması, tələbə təşkilatlarına müəyyən yer ayrılması;

- Burs məsələsində səhvə yol vermiş şəxslərə qarşı qanunla ölçü götürülməsi zərurəti;

- Ölkənin elmi inkişafına görə dünya üzrə tutduğu mövqeyini əldən verməməsi üçün durmadan səy göstərilməsi;

- Məhkəmə hakimiyyətinin maliyyə korrupsiyası hallarına qarşı mübarizə istiqamətində daha artıq səylər göstərməsi zərurəti;

-  Amerikanın haqsız tələblərinə müqavimət göstərib milli mənafeyi qorumaq üçün göstərdiyi səylərə görə nüvə danışıqlarında iştirak edən komandanın dəstəklənməsi;

-  Elmi əsaslı iqtisadiyyata diqqət ayrılması;

- Fitnəkar ünsürlərin rəhbər vəzifələrdən kənarlaşdırılması;

- Siyasi konfliktlərin ön plana keçirilməsindən çəkinməklə cəmiyyətin düşüncəsində iltihablaşmanın qarşısını almaq zərurəti;

- Cümə namazı tribunalarının yaratdığı imkandan lazımınca istifadə olunması, imam-cümələrin siyasi partiyaların fəaliyyətinə qoşulmamasının vacibliyi;

- İqtisadi problemləri uğurla geridə qoymaq üçün daxili güc və imkanlara, cihad ruhlu idarəetməyə əsaslanma;

- Siyasət, iqtisadiyyat və mədəniyyət sferasında İmam Xomeyninin (r.ə) kursundan yayınma hallarının qarşısını almağın vacibliyi;

- Yanlış və azğın cərəyanların universitetlərin mədəni atmosferinə nüfuz etməsinə əngəl olma zərurəti;

- İnqilabın birinci nəslinin idarəçilik təcrübəsinin sonrakı nəsillərə ötürülməsinin vacibliyi;

- Ölkənin diplomatik potensialının Amerika ilə danışıqlar və nüvə məsələsi ilə məhdudlaşdırılmasının tənqidi;

- Ölkənin hazırkı şəraitini İmam Həsənin (ə) sülhü qəbul etdiyi şəraitə bərabər tutmağın doğru olmaması və bu yanaşmanın tənqidi;

- Rəsmilərin əhalinin aztəminatlı və yoxsul təbəqələrinə ciddi diqqət ayırması zərurəti.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /