Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Rəsmilər inqilabi əqidəli, mömin professorların qədrini bilməlidirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif universitetlərində dərs deyən minlərlə müəllim, habelə elmi şuraların üzvləri ilə bu gün (şənbə günü) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, əməksevər, mömin və mütərəqqi bir nəslin təlim-tərbiyəsində universitet müəllimlərinin rolu əvəzsizdir. O, elmi dairələrdə kiminsə fəaliyyətinə kölgə sala biləcək söz-söhbətlərdən çəkinmək lazım olduğunu vurğulayaraq dedi: “Ölkənin elmi inkişaf tempi heç bir dəlil əsasında yavaşladılmamalıdır”.

2 saatdan artıq davam edən görüş zamanı Ali Məqamlı Rəhbər universitet müəllimlərindən bir neçəsinin rəy və görüşlərini dinlədikdən sonra çıxışına başlayaraq bildirdi ki, müəllimlərin tələbələrin qəlbinə və ruhuna təbii olaraq təsir göstərərək nüfuz etməsi müstəsna bir şansdır. O, əlavə etdi: “Bu çox böyük imkandan dindar, milli qürura malik, stimullu, inqilabçı, çalışqan, əxlaqlı, cəsarətli, özünəinamlı, gələcəyə ümidlə baxan bir gənc nəslin təlim-tərbiyəsi üçün bəhrələnin, əziz İranımızı inkişaf etdirəcək güclü qollar yetişdirin”.

“Gənc nəslə lazım olan digər mühüm xüsusiyyətlər yadelillərə ehtiyac hiss etməmək, ölkənin mövqe və yolunu düzgün dərk etmək, ölkənin suverenliyinin hər hansı bir şəkildə pozulmasına həssaslıq və qətiyyətlə yanaşmaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hörmətli müəllimlərimiz öz davranış və xarakterləri ilə belə bir nəslin yetişdirilməsinə çalışmalıdırlar”.

Universitet müəllimlərini soyuq müharibənin komandirləri adlandıran Ali Məqamlı Rəhbər üzünü onlara tutaraq dedi: “Eynilə 8 il davam etmiş Müqəddəs Müdafiənin komandirləri kimi,  bu həyat əhəmiyyətli və ciddi mübarizə meydanında soyuq müharibənin zabitləri olan gənc tələbələri düzgün istiqamətləndirin. Çünki bu da bir Müqəddəs Müdafiə meydanıdır”.

Universitetlərin elmi şuralarında 70 min elmi işçinin təmsil olunmasından sevinc duyduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu müəllimlərin böyük bir qismi mömin, dindar, İslam İnqilabının əsas prinsiplərinə inanan insanlardır. Bu, çox mühüm bir məsələ və ölkə üçün qürurverici bir faktdır”.

Elmi Tədqiqatlar və Texnologiyalar, habelə Səhiyyə və Tibbi Təhsil Nazirliklərini mömin və inqilabi əqidəli professorların qədrini bilməyə çağıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əksər hallarda gizli aparılan məkrli təbliğatın hücumlarından qorxmayaraq öhdəsinə düşən mühüm vəzifələri yerinə yetirməklə məşğul olan insanları yüksək qiymətləndirmək lazımdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İranın öz elmi inkişafına görə dünya üzrə 16-cı yer tutması son 10-15 il ərzində ölkənin universitetlərində və elmi mərkəzlərində görülən ardıcıl işlərin nəticəsidir. O, əlavə etdi: “İrana bu iftixarı nəsib etmiş ürəkaçan, sürətli elmi inkişaf tempi bu gün yavaşıyıb. Rəsmilər elmi inkişafımızın dayanmaması, ölkənin ehtiyaclarına uyğun sürət tempinə malik olması üçün ikiqat əzm və səy göstərməlidirlər”.

Ölkənin elmi inkişaf tempini yavaşıdan amilləri bir növ nəzərdən keçirən Ali Məqamlı Rəhbər elmi dairələrdə insanların fəaliyyətinə kölgə salan siyasi söz-söhbətləri və siyasətbazlıq hallarını kəskin tənqid edərək dedi: “Universitet ictimaiyyəti siyasi prosesləri dərk etməli, siyasi cəhətdən məlumatlı olmalıdır. Siyasi çəkişmələr və bu zəmində gedən söz-söhbətlər isə universitetlərin əsl işinə, yəni elmi fəaliyyətlərə və inkişafa zərbə vurur”.

Ali Məqamlı Rəhbər universitetlərdəki siyasətbazlıq hallarına misal olaraq, burs (təqaüd, tələbələrə göstərilən maddi dəstək) mövzusu ilə bağlı ortaya atılan söz-söhbətlərə toxundu və bunu son illərin ən yanlış işlərindən biri adlandırdı.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dəqiq araşdırmalar göstərir ki, burs məsələsi qəzetlərdə bu mövzu ətrafında qurulan oyunlardan fərqli formada olub. Hətta məsələ o şəkildə olsaydı belə, bir qrup şəxsin qanunsuz olaraq əldə etdiyi imtiyaz hüquqi yollarla ləğv olunmalı idi, daha hay-küy və ajiotaj yaratmaq  lazım deyildi”.

Siyasətbazlığın elmi dairələr üçün öldürücü zəhər olduğunu deyən Ali Məqamlı Rəhbər burs məsələsində müəyyən insanlara zülm edilməsindən təəssüf hissi keçirdiyini bildirərək aşağıdakıları vurğuladı: “Bu mövzuda universitetlərə sızdırılmış zəhər siyasətçi düşüncə tərzindən qaynaqlanırdı və təəssüflər olsun ki, həm qanuna, həm ağıl və uzaqgörənliyə, həm də əxlaqa ziddi idi”.

Ali Məqamlı Rəhbər çıxışının digər hissəsini humanitar elmlər sahəsində dəyişikliklərin həyata keçirilməsi işində rəsmilərin ciddi səy göstərməsinin vacibliyinə həsr etdi.

O dedi: “Bu vacib dəyişikliklərin həyata keçirilməsi üçün həm universitetlərin, habelə Ali Mədəni İnqilab Şurası, Humanitar Elmlərdə Dəyişikliklər Şurası kimi strukturların daxilində canlanmaya, həm də kənardan rəsmi qurumların dəstəyinə ehtiyac var”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allaha şükürlər olsun ki, daxildən canlanma var. Rəsmi qurumlar humanitar elmlərdə dəyişikliklər sahəsində həyata keçirilmiş nəzəri işləri reallaşdırmalı, müvafiq şuranın qəbul etdiyi qərarları icra etməlidirlər”.

Ali Məqamlı Rəhbərin toxunduğu dördüncü məqam ölkənin ümumi büdcəsində elmi tədqiqatlara ayrılan büdcənin payı ilə bağlı oldu. Ötən illər ərzində bu mövzunu dönə-dönə vurğuladığını xatırladan Ali Məqamlı Rəhbər elmi tədqiqatlara ayrılan büdcənin gözlənilən payının reallaşmamasından təəssüf hissi keçirdiyini bildirərək əlavə etdi: “Perspektiv planda elmi tədqiqatlar üçün ümumi büdcənin 4 faizi nəzərdə tutulub. Bu rəqəmin qısa müddət ərzində reallşması mümkün deyil, amma təxminən 2 faizin reallaşmasına nail olmaq lazımdır. Eyni zamanda elmi tədqiqatlara ayrılan bu büdcənin, maliyyə vəsaitlərinin düzgün və yerində xərclənməsinə də diqqət yetirilməlidir”.

Ali Məqamlı Rəhbərin universitet müəllimlərinə və ali təhsil sferasının rəsmilərinə xitabən vurğuladığı digər bir məqam “Kompleks elmi plan”ın həyata keçirilməsinin vacibliyi oldu.

Sözügedən sənədin ekspertlər tərəfindən müsbət qiymətləndirildiyini bildirən Həzrət Ayətullah Xamenei qeyd etdi ki,  onun reallaşmasında ilk addım müvafiq diskursun formalaşdırılması olmalıdır. O dedi: “Ölkənin elmi inkişafı yayğın bir diskurs halına gəlib əməli bir prosesə çevrildiyi kimi, kompleks elmi plan mövzusunda da ölkə universitetlərinin rəhbər işçiləri, müəllimlər və tələbələr bu sənədin təfərrüatlarından xəbərdar olmalı, kompleks elmi plan hamı tərəfindən qəbul olunan bir diskursa çevrilməlidir”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, “Ali təhsilin planlaşdırılması haqqında sənəd”ə diqqət çəkərək bu sənədin təkmilləşdirilməli və reallaşdırılmalı olduğunu qeyd etdi. O həmçinin dedi: “Ölkənin ayrı-ayrı əraziləri üzrə elmi planlaşdırma universitetlərin, ixtisas sahələrinin potensialının öyrənilməsi və bu sahədə lazımi qərarların verilməsi, daha sonra isə əsaslı inkişafı üçün xüsusi investisiya imkanı olan prioritetlərin müəyyən olunmasıdır”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, magistratura və doktorantura pillələrində təhsil alan tələbələrin sayının nəzərəçarpan dərəcədə artmasına makroyanaşma sərgiləməsi Elmlər Nazirliyi üçün müstəsna bir üstünlük və bu qurumun fəaliyyətindəki  mühüm sferalardan biridir. O, əlavə etdi: “Elmlər Nazirliyi düzgün planlama, kompleks istiqamətləndirmə və makroyanaşma əsasında bu pillələrdə təhsil alan tələbələrin həyata keçirdiyi işlərin nəticəsini ölkədəki problemlərin həllinə yönəltməlidir. Çünki əks təqdirdə ölkənin resurs və imkanları hədər gedəcək”.

“Universitet müəllimlərinin və ölkə elmini idarə edən qurumların düşmənin məkrli planlarına qarşı mübarizədə rolu mühümdür” – deyən Həzrəy Ayətullah Xamenei əlavə etdi: “Ölkəmizə qarşı sanksiyalar tətbiq etməkdə düşmənin məqsədi nüvə məsələsi, yaxud insan haqları və terrorizm kimi məsələlər deyil. Çünki terrora, insan haqlarına zidd əməllərə rəvac verən mərkəz onlar özləridir. Onların məqsədi İran xalqının layiq olduğu sivilizasiyaya çatmasına mane olmaqdır. Biz öz mövqe və statusumuzu dəqiq bilib, ölkəmizin qürurverici irəliləyişlərini davam etdirməliyik. Bu prosesdə isə universitet müəllimlərinin və elmi kollektivlərin rolu çox böyükdür”.

Görüşün əvvəlində universitet müəllimlərindən aşağıda adları sadalanan 7 nəfəri çıxış edərək rəy və görüşlərini, vurğulamaq istədikləri məqamları qeyd etdilər:

- Dr. Məhəmmədmehdi Nayebi – Şərif Sənaye Universiteti, elektrotexnika ixtisası üzrə professor;

- Dr. Məhəmmədhüseyn Rəcəbi Dəvani – İmam Hüseyn (ə) adına Universitetin nəzdində fəaliyyət göstərən İmamət Hədisləri Sahəsində Araşdırmalar Mərkəzinin direktoru;

- Dr. Məhəmməd Qənadi Mərağeyi – Nüvə Elmləri və Texnologiyaları Tədqiqat Mərkəzinin direktoru, nüvə elmləri sahəsində görkəmli alim;

- Dr. Hüseyn Səlimi – Əllamə Təbatəbayi adına Universitetin professoru;

- Dr. Cəfər Hezarcəribi – Əllamə Təbatəbayi adına Universitetin professoru, sosioloq;

- Dr. Höccətullah Əbdülməliki – İslami Bilgilər və İqtisadiyyat Universitetinin professoru;

- Dr. Sədəf Əlipur – İran Tibb Elmləri Universitetinin dosenti.

Natiqlərin vurğuladığı əsas məqamlar aşağıdakılar oldu:

- Elmi tədqiqatların əməli şəkildə reallaşdırılması, elmi nailiyyətlər zəncirinin sərvət istehsalı ilə sonuclanması üçün sənayenin inkişafını sürətləndirməyin vacibliyi;

-  Real özəl sektorun gücləndirilməsinin əhəmiyyəti;

- Ölkənin sənaye strategiyasının işlənib hazırlanmasının vacibliyi;

- İslam İnqilabının dəyişməz prinsipləri və yol xəritəsi olaraq İmam Xomeyninin (r.ə) və Ali Məqamlı Rəhbərin ideyalarının nəzəri əsaslarının tərifinin verilməsi və təsbitinin zəruriliyi;

- İdeoloji təhriflərin qarşısını almaq üçün İmam Xomeyni (r.ə) ideyaları üzərində mərkəzləşmiş mütəxəssislərin yetişdirilməsinin əhəmiyyəti;

-  Ölkənin nüvə sənayesi sahəsində əldə etdiyi mühüm nailiyyətlərin ictimaiyyətə açıqlanması, bu sahədə aparılan elmi tədqiqatların və qazanılan inkişafın əhəmiyyətinin vurğulanması;

- Aqresiv və dağıdıcı İslam qarşısında şiə əqidəli, rasional, sivil və elmi inkişafı dəstəkləyən İslamın tanıtdırılmasının vacibliyi;

- Aktuallıq, dəyərlərə önəm vermə və tətbiqilik prinsipləri əsasında humanitar fənlərə yenidən baxılmasının vacibliyi;

- Humanitar elmlər sahəsində nəzəri cəhətdən əməkdaşlığın vacibliyi;

- Professional davranışların öyrənilməsinin və ölkədə təlimin keyfiyyətinin yüksəldilməsinin vacibliyi;

- Yeni texnologiyalara əsaslanan yeni müalicə metodlarının əhəmiyyəti;

- “Səhiyyə sistemində dəyişikliklər” layihəsinin icrası üçün peşəkar kadrların təmin olunmasının zəruriliyi;

- Ölkənin bütün böyük iqtisadi imkanlarından, o cümlədən kənd təsərrüfatı sektorundan istifadə;

- Ölkənin intellektual elita potensialından bəhrələnməyin vacibliyi;

- Neft satışından asılılığa son qoymaq üçün sanksiyalardan bir fürsət kimi  faydalanmağın vacibliyi;

- Müqavimət iqtisadiyyatının reallaşdırılmasında mədəniyyət amilinə, bu sahədə maarifləndirmə və təbliğat işlərinə xüsusi önəm verməyin vacibliyi;


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /