Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şair haqla batilin davasına bitərəf qalırsa, ilahi nemət olan istedadını əməldə puç edir

Həzrət İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində mədəniyyət xadimlərindən, fars şeiri və ədəbiyyatının ustadlarından, ölkənin gənc və qocaman şairlərindən, o cümlədən Hindistan, Pakistan, Əfqanıstan, Tacikistan və Azərbaycan şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər iştirakçıları İmam Həsən Müctəbanın (ə) mübarək mövludu münasibətilə təbrik edərək bildirdi ki, şeirin insanlara göstərdiyi misilsiz təsir şairlərin üzərinə ağır məsuliyyət qoyur. O, vüqarlı şairlərin batil cəbhəsi və onun dünyadakı təbliğat maşınının ağalığı qarşısında haqq cəbhəsini müdafiə etməli olduğunu vurğulayaraq dedi: “İnqilabi şeir məhz bu tendensiyanı özündə əks etdirən və inqilabi hədəflərə, yəni ədalət, insanlıq, birlik, milli yüksəliş, ölkənin hərtərəfli inkişafı və kamil insanın formalaşdırılmasına xidmət edən şeirdir”.

“Şeir kimi təsirli bir vasitədən iki istiqamətdə: həm dinləyicini doğru yola yönəltmək, həm də onu yanlış yoldan çəkindirmək üçün istifadə etmək olar” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzi qüvvələr yeni media imkanlarının genişlənməsindən istifadə edərək gənc şairləri inqilabi şeirin incə, emosional və qəhrəmanlıq ruhiyyəli atmosferindən yayındırıb, poeziyanı insanlıqdan uzaq, azğın, büsbütün cinsi instinktlərin təsiri altında olan, şəxsi mənafe güdən və zülmə sitayiş edən bir mədəniyyətə xidmətə istiqamətləndirməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər bəzi gənc şairlərin bu zəhərləyici atmosfer qarşısında müqavimət göstərməsini yüksək qiymətləndirərək aşağıdakıları vurğuladı: “Bu müqavimət öhdəsinə düşən məsuliyyəti dərk etməkdən irəli gəlir. Bu gün zülmə qarşı çıxan, İslam ümmətinin, o cümlədən Bəhreyn, Yəmən, Livan, Qəzza, Fələstin və Suriyanın hədəflərini tərənnüm edən hər bir şeir müdrik şeirin nümunəsidir”.

“Haqla batilin qarşıdurmasında şairləri bitərəf qalmağa çağırmaq mənasızdır” – deyə vurğulayan Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Şair və ya incəsənət adamı haqla batilin davasına bitərəf qalırsa, bu o deməkdir ki, o, ilahi nemət olan istedadını əməldə puç edir. Əgər batil cəbhəsinə xidmət edərsə, gördüyü iş xəyanət və cinayətdir”.

Həzrət Ayətullah Xamenei bugünlər Sərdəştin kimyəvi bombardmana məruz qalmasının ildönümü olduğuna toxunaraq qeyd etdi ki, İran xalqının yaşadığı çoxsaylı məzlumiyyətlər şeirin dili ilə dünyaya çatdırmaq üçün çox əhəmiyyətli və sarsıdıcı nümunələrdir. O həmçinin dedi: “Amerika, İngiltərə və İsrailin ağalığı altında olan dünya mediası bəzən bir heyvanın öldürülməsinə görə hay-küylü təbliğat aparır, amma bu kimi cinayətlər və buna bənzər hallar, o cümlədən bu günlərdə Yəmənin bombalanması, ötən illər ərzində Qəzza və Livana edilən hücumlar qarşısında həyasızcasına susur”.

Ali Məqamlı Rəhbər şairlərə belə bir sualla müraciət etdi: “Şərəfi olan bir insan belə cəbhələşmə və xəbislik qarşısında nə etməlidir?”

Gənc şairlərin proseslərə və olaylara dərhal reaksiya verməsini çox müsbət və dəyərli hal kimi qiymətləndirən Həzrət Ayətullah Xamenei dedi: “Ümidvaram ki, əslində İslam İnqilabının hədəf və ideallarına, yəni ədalət, insanlıq, birlik, milli yüksəliş, ölkənin hərtərəfli inkişafı və kamil insanın formalaşdırılması ideyalarına xidmət edən inqilabi şeir günü-gündən daha da yüksək mövqe və status qazanacaq”.

İslam İnqilabından sonrakı dövrdə ölkədə poeziyanın göz önündə inkişafından razı qaldığını bildirən Ali Məqamlı Rəhbər qeyd etdi ki, parlaq keçmişi, tarix boyu böyük üstünlük və şöhrət qazandığı mərhələlər nəzərə alınarsa, İran şeirinin potensialı hazırkı vəziyyətindən çox-çox yüksəkdir demək mümkündür. O, əlavə etdi: “Rəsmi qurumlar, o cümlədən dövlət strukturları, incəsənət sferası, “Səda və sima” Dövlət Teleradiosu bu sahədə öhdələrinə düşən vəzifələri yerinə yetirməlidir”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər hamını ramazan ayının bərəkətlərindən faydalanmağa, Həzrəti-Haqqın dərgahına dua və yalvarış etmək, mübarək ramazan ayında oxunması tövsiyə olunan duaların dərinliyinə varmaqla qəlbini çirkinliklərdən təmizləməyə çağırdı.

Görüşün əvvəlində 20-dən çox şair Ali Məqamlı Rəhbərin qarşısında öz şeirlərini oxudu.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /