Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məhbusların sayının artması, doğrudan da, təəssüfləndiricidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri və bu strukturda çalışan rəsmilərlə bu gün (bazar günü) günortadan sonra baş tutan görüşündə Məhkəmə Hakimiyyətinin iki yüksək məqamlı şəhidinin: məzlum şəhid Ayətullah Beheşti və Şəhid Quddusinin xatirəsini ehtiramla yad edərək bildirdi ki, ədliyyə strukturunun müstəqilliyi və heç bir təsir altına düşməməsi olduqca əhəmiyyətlidir. O vurğuladı: “Ədliyyə sisteminin müstəqilliyinə xələl gətirə biləcək təhdid, şirnikdirmə, üzgörənlik və ümumi atmosferin təsiri kimi amillərə qarşı mübarizə aparmaq, məhkəmə hakimiyyətinin düzgün fəaliyyətinə böyük diqqət və önəm vermək lazımdır”.

“İqtidar Məhkəmə Hakimiyyətinin müstəqilliyini təmin edən amillərdən biridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məhkəmə Hakimiyyətinin iqtidar və səlahiyyət istəməsi siyasi partiya və cinahların adət etdiyimiz şəkildə hakimiyyətə can atması deyil. Bu, ədliyyə sisteminin qətiyyəti, haqq-ədalətin üzərində möhkəm durması kimi başa düşülməlidir”.

Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin müstəqilliyinin təmin olunması üçün 2 başqa amilin: qanunçuluq və tam şəffaf fəaliyyətin mühüm və effektiv olduğunu qeyd edərək dedi: “Ədliyyə strukturunun şəffaf fəaliyyəti sahəsində müsbət işlər həyata keçirilib. Bu yolu ciddi şəkildə davam etdirmək lazımdır, çünki bu strukturda yol verilən hər cür fəsad cəmiyyətdə daha böyük fəsadlara yol açacaq”.

Həzrət Ayətullah Xamenei həmçinin bildirdi ki, cinayət hallarının qarşısının alınması Məhkəmə Hakimiyyətinin qarşısında duran digər mühüm və həssas məsələlərdəndir.

O, əlavə etdi: “Əlbəttə, digər strukturlar da bu sahədə fəal olmaldır, amma bu işdə mütəşəkkil surətdə hərəkət etmək lazımdır, çünki əks təqdirdə cinayət halları daim artaraq genişlənəcək və onların yuxarıdan idarə olunması mümkünsüz bir vəziyyətə gələcək”.

“Məhbusların sayının artması, doğrudan da, təəssüfləndiricidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu məsələ maliyyə xərcləri, ailədaxili münasibətlər, o cümlədən əxlaqi və ictimai baxımdan çox ziyanlıdır. Onun həlli üçün müxtəlif yolları gözdən keçirərək ciddi düşünmək lazımdır”.

Həzrət Ayətullah Xamenei həmçinin bildirdi ki, məhbusların say artımının qarşısını almaq baxımından cəmiyyətdə sülh və anlaşma mədəniyyətinin genişləndirilməsi, risk faktorlarının dəyərləndirilməsi, habelə Münaqişələrin Həlli üzrə Şuraların işinin gücləndirilməsi yaxşı effekt verə bilər. O, əlavə etdi: “Maliyyə cəzalarının ödənilməməsi, habelə narkotik maddələrlə bağlı məhkumluq hallarının artmasının mənfi nəticələrinə qarşı mübarizə aparmaq üçün də yeni həll yolları və təkliflər nəzərdən keçirilməlidir”.

Ali Məqamlı Rəhbər gənclərin nikaha daxil olmasını asanlaşdırmaq istiqamətində səylər göstərmək lazım olduğunu vurğulayaraq ailə məhkəmələrində qarşıya çıxan bəzi problemlərə, o cümlədən “qarşılıqlı razılaşma əsasında boşanma” məsələsinə toxundu. O dedi: “Möhtərəm hakimlər ailələrin böyüklərindən kömək alaraq belə problemləri azaltmalıdırlar”.

“Əsas fəaliyyət proqramı”, “qanunda islahatlar” və “kadr hazırlığı” çıxışının davamında Ali Məqamlı Rəhbərin toxunduğu 3 mühüm məqam və tövsiyə oldu.

Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyəti üçün əsas fəaliyyət proqramının zəruri olduğunu vurğulayaraq dedi: “Dəqiq işlənib hazırlanmış, aydın bir proqrama əsaslanmaq gələcək perspektivlər yolunda inamla irəliləməyə yardım edəcək və gündəlik problemlərin burulğanında ilişib qalmağa mane olacaq”.

Ali Məqamlı Rəhbər ikinci məsələ, yəni qanunda islahatlarla bağlı aşağıdakıları qeyd etdi: “Qanun ölkənin inkişafı üçün yol açır. Bəzi qanunlarda boşluqlar və ya bir-biri ilə ziddiyyətlər olduğu üçün onlarda islahatlar aparmaq lazımdır. Buna baxmayaraq, mən qanundan yayınmanı heç bir vəchlə qəbul etmirəm”.

Son tövsiyəsini verən Ali Məqamlı Rəhbər kadr hazırlığının çox əhəmiyyətli olduğunu bildirərək dedi: “Məhkəmə Hakimiyyətində istedadlı və sağlam kadrlar var ki, onları böyük işlər üçün yetişdirmək lazımdır”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər görüş iştirakçılarını ədliyyə işçilərinin peşə həftəsi münasibəti ilə təbrik edərək şəhid Beheşti və Quddusinin xatirələrini ehtiramla yad etdi.

O, şəhid Ayətullah Beheştinin inqilabi mübarizə dövründə, həmçinin inqilabi şəraitdə ölkənin idarə olunmasında müstəsna rola malik bir şəxsiyyət olduğunu qeyd edərək dedi: “Ayətullah Beheşti dövrünün nadir simalarından biri, maraqlı, güclü idarəçilik qabiliyyəti olan, tədbirli bir şəxsiyyət, qətiyyətli inqilabçı hesab olunurdu. Onun həyatı ölkə və inqilab üçün, doğrudan da, faydalı oldu və şəhadəti də cəmiyyətin birlik və həmrəyliyi, inqilabi prosesin güclənməsi üçün zəmin yaratdı”.

Ali Məqamlı Rəhbər şəhid Quddusinin də (inqilabın ilk baş prokuroru) incə ruhlu, eyni zamanda cəsarətli və təsir altına düşməyən bir şəxsiyyət olduğunu dedi.

Həzrət Ayətullah Xamenei həmçinin Məhkəmə Hakimiyyətinin sədrinin əzmkarlığını, dinamikliyini, öhdəsinə düşən məsuliyyəti yerinə yetirməkdə, rəhbərlik etdiyi strukturun idarə olunmasında göstərdiyi cihad ruhlu səyləri yüksək qiymətləndirərək Məhkəmə Hakimiyyətinin əhəmiyyəti ilə bağlı aşağıdakıları əlavə etdi: “Məhkəmə Hakimiyyəti ölkənin 3 əsas dayağından biri, islami hökmlərin önəmli bir hissəsinin icraçısıdır. Odur ki bu strukturdan hər cür səy, mücahidə və çətinliklər qarşısında dözüm gözləməyin yeri var”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani 7 tir hadisəsi zamanı şəhid olmuş insanların, xüsusilə də şəhid Ayətullah Dr. Beheştinin xatirəsini ehtiramla yad edərək rəhbərlik etdiyi strukturda həyata keçirilmiş proqram və tədbirlər haqda məlumat verdi.

Ayətullah Amoli Laricani Ali Məqamlı Rəhbərin Məhkəmə Hakimiyyətinin qarşısına qoyduğu tələblərə toxunaraq ədliyyə strukturunun 6 əsas prioriteti sırasında aşağıdakıları sadaladı: 1. Siyasətlərin işlənib hazırlanması və ardıcıl surətdə icrası üçün xüsusi və aydın mexanizmin yaradılması; 2. Ədliyyə strukturunun fəaliyyətinə nəzarət; 3. Ədliyyə strukturunda tədbirlərin gecikdirilməsinin qarşısının alınması; 4. Köhnə kadrları əvəz edəcək yeni və peşəkar kadrların yetişdirilməsi; 5. Cinayətlərin qarşısının alınması; 6. Digər hakimiyyət qüvvələri ilə əməkdaşlıq. O həmçinin əlavə etdi: “Məhkəmə Hakimiyyətinin siyasətləri Ali Məqamlı Rəhbərin tövsiyələri, ölkənin 20 illik perspektiv planının və 5 illik inkişaf proqramının tələbləri əsasında müəyyən olunmuş və “Ədliyyə orqanlarının 5 illik fəaliyyət proqramı” şəklində işlənib hazırlanmışdır”.

Hakimlərin və ədliyyə orqanlarında çalışan kadrların fəaliyyətinə nəzarətin gücləndirildiyini qeyd edən cənab Laricani dedi: “Ədliyyə işçiləri məhkəmə hakimiyyətinin sağlam və şəffaf fəaliyyətini təmin etmək üçün hamılıqla səfərbər olublar”.

Ayətullah Amoli Laricanin qeyd etdiyi digər məsələlər sırasında məhkəmə işlərinə baxılması üçün ayrılan vaxtın azaldılması, ədliyyə strukturunun fəaliyyətində səmərəlilik göstəricisinin yüksəldilməsi, həmçinin cinayət faktlarının qarşısının alınması istiqamətində səy göstərilməsi yer alırdı.

Görüşün sonunda iştirakçılar Həzrət Ayətullah Xameninin imamətliyi ilə məğrib və işa namazlarını qıldılar.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /