İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra 7 tir şəhidlərinin ailə üzvləri və Tehran ostanında yaşayan, bir neçə övladı şəhid olmuş ailələrlə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər ölkənin və İran xalqının şəhidlərə və şəhid ailələrinə borclu olduğunu bildirdi. Şəhidlərin hər bir dövrdə xalqa ümidverici, ifşaedici, mənəvi yüksəliş və güclü əzm dolu mesajlar verdiyini deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu gün ölkədə güclü əzmə, düşməni tanımağa, onunla mədəniyyət, siyasət və sosial həyat sferaları da daxil olmaqla yumşaq müharibənin müxtəlif meydanlarında üzləşməyə hazır olmağa ehtiyac var. Mediada xəbis düşmənin əsl simasını bəzəyib ört-basdır etməyə çalışanlar xalqın yaxşılığını istəmirlər”.
Ali Məqamlı Rəhbər bildirdi ki, inqilabın bərəkətli nəticələrindən biri də İslamın əsas təlimlərinin yenidən tədqiq olunaraq irəli sürülməsi və onların cəmiyyətdə reallaşdırılmasıdır. O, əlavə etdi: “Həmin başlıca təlimlərdən biri də bizim cəmiyyətimizdə reallaşmış, şəhidliklə bağlı təlimlər sistemidir. Belə ki şəhidlərimiz stimul və ruh yüksəkliyi ilə meydana atılıblar və onların sidq ürəkdən göstərdiyi səylər şəhadət kimi böyük bir ilahi mükafatla mükafatlandırılıb. Şəhidlər heç bir qorxu və qəm-qüssə bilmədən Allah-taalanın görüşünə gediblər və onların bu addımının mənəvi təsirləri cəmiyyətdə əks olunub”.
Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, şəhid ailələrində qürur hissinin yaranması, xalq arasında sevinc, ruh yüksəkliyi və güclü əzmin meydana gəlməsi də şəhidliyin cəmiyyətdəki bərəkətli nəticələrindəndir. O, 1360-cı il tir ayının 7-də baş vermiş hadisəyə toxunaraq dedi: “Ayətullah Beheşti və nazirlərdən, deputatlardan, siyasi və inqilabi fəallardan bir qrupunun şəhid olduğu 7 tir hadisəsi kimi böyük bir hadisə, təbii ki, İslam İnqilabının məğlubiyyəti ilə nəticələnməli idi. Lakin bu şəhidlərin qanının bərəkəti sayəsində, güman olunanın tam əksi baş verdi. Bu hadisədən sonra xalq bir yumruqda birləşdi, inqilab öz düzgün və həqiqi kursuna düşdü”.
“7 tir şəhidlərinin qanının bərəkətlərindən biri də bu cinayəti törədənlərin həqiqi simasının ifşa edilməsi idi” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu hadisədən sonra bu böyük cinayətin bilavasitə icraçısı olan və uzun illər boyu özünü başqa cür təqdim etmiş şəxslərin əsl siması xalqımız və gənclərimiz üçün ifşa olundu. Həmin terrorçular bir müddət sonra Səddama pənah apardılar və İran, eləcə də İraq xalqlarına qarşı mübarizə aparmaq üçün onunla əlbir oldular”.
Ali Məqamlı Rəhbər onu da qeyd etdi ki, istər ölkənin daxilində, istərsə də xaricində 7 tir hadisəsinin pərdəarxasında durmuş əllərin, həmçinin susaraq razılığını ifadə etməyi seçənlərin əsl üzünün ifşası da bu hadisə nəticəsində şəhid olmuş insanların qanının bərəkətidir. O, əlavə etdi: “7 tir olayından sonra dahi liderimiz İmam Xomeyni (r.ə) bu hadisədən münasib formada bəhrələnərək, öz düzgün kursundan yayınmaqda olan İslam İnqilabına nicat verdi və xalqa inqilabın əsl gedişini göstərdi”.
7 tir hadisəsindən sonra cəmiyyətdə mənəvi yüksəliş müşahidə olunduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu hadisə düşmənlərə inqilabın cəmiyyətin dərinliklərində özünə nə qədər güclü və möhkəm şəkildə yer etdiyini göstərdi və onlar anladılar ki, İslam İnqilabına qarşı aqresiv münasibət heç bir nəticə verməyəcək”.
“İnsan haqları iddiasında olan imperialist dövlətlərin əsl simasının ifşası da 7 tir şəhidlərinin qanının bərəkətidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “7 tir cinayətini törədənlər bu gün Avropa və Amerikada azad şəkildə fəaliyyət göstərir, bu ölkələrin rəsmiləri ilə görüşürlər və hətta onların insan haqları (!) mövzusunda nitq söyləmələri üçün iclaslar da keçirilir”.
Ali Məqamlı Rəhbər: “Belə yanaşmalar insan haqları iddiaçılarının ikiüzlülük, murdarlıq və riyakarlığın zirvəsində olduğunu ortaya qoyur” – deyərək aşağıdakıları vurğuladı: “Ölkəmizdə terror nəticəsində həlak olmuş 17 min şəhid var ki, onların da əksəriyyəti ticarətlə, kənd təsərrüfatı ilə məşğul olan, idarələrdə çalışan, universitetlərdə dərs deyən insanlar, hətta qadın və uşaqlar da daxil olmaqla adi insanlardır. Bu cinayətləri törədənlər isə insan haqları iddiası ilə çıxış edən ölkələrdə azad şəkildə yaşayır və fəaliyyət göstərir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şəhidlərin qanının bərəkətlərindən biri də cəmiyyətə müqavimət və mətanət ruhunun aşılanması, xalqın ruhiyyəsinin gücləndirilməsidir. O, yaxınlarda paytaxt Tehranda 270 şəhidin dəfn olunduğuna və həmin mərasim zamanı yaşanmış həyəcan və coşquya toxunaraq aşağıdakıları əlavə etdi: “Bu möhtəşəm hadisə və ondan doğan dinamiklik, hazırlıq, şövq, sevgi və ideallara can atma hissləri ümidsizlik, durğunluq və həvəssizliyin tam əksidir”.
Çıxışının davamında şəhidlərin, o cümlədən 7 tir şəhidlərinin İran xalqının əzəmət və dözüm simvolu olaraq tanıtdırılması istiqamətində işlərin zəif və az aparılmasından təəssüf hissi keçirdiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “Mədəniyyət sferasında təmsil olunan mömin, inqilabçı, xalqın arasından çıxmış, stimullu gənclər yeni metod və vasitələrdən istifadə edərək ustalıqla bu son dərəcə görkəmli şəxsiyyətlərin portretini yaratmalı, onları cəmiyyətə olduğu kimi tanıtdırmalıdırlar”.
Şəhidlərin və onların ailələrinin İran xalqının boynunda böyük və vəsfəgəlməz haqqı olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Şəhid ailələri özlərində olan yüksək əzm və ruhiyyəni cəmiyyətə ötürürlər. Bu gün ölkəmizin bu böyük əzm və ruhiyyəyə ehtiyacı var”.
Düşməni tanımağın da bugünün əsas ehtiyaclarından olduğunu deyən Həzrət Ayətullah Xamenei bəzi media orqanlarında düşmənin cinayətkar simasına don geydirmək üçün təbliğat aparıldığı barədə xəbərdarlıq edərək Amerika və onun əlaltılarının İran xalqı əleyhinə törətdiyi əməllərə misallar çəkdi.
O, 1360-cı ildə baş vermiş 7 tir hadisəsini, 1366-cı ilin 7 tir günü Sərdəştin kimyəvi bombalarla atəşə tutulmasını, 1361-ci ilin 11 tir günü şəhid Səduqinin terror edilməsini, 1367-ci ilin 12 tir günü İrana məxsus sərnişin təyyarəsinin havada vurulub yerə salınmasını xatırlayaraq dedi: “Hətta tir ayının bu günlərini “Amerikasayağı “insan haqları” həftəsi” adlandırmaq lazım olduğunu düşünənlər də var”.
Düşmənini tanımağın vacib olduğunu bir daha vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Xalqımız düşmənin ədavətinə dərinliyinə qədər bələd olub, soyuq müharibənin müxtəlif meydanlarında, o cümlədən mədəniyyət, siyasət və ictimai həyatda ona qarşı mübarizəyə hazır olmalıdır”.
Amerikanın qəddar, qorxunc və amansız simasını ört-basdır edib fərqli təqdim etməyə çalışanları tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Amerikanın və onun bəzi əlaltılarının xəbis düşmənçiliyini öz media təbliğatında bəzəyib-düzəyib fərqli təqdim etməyə çalışanlar əslində ölkəyə və xalqa xəyanət edirlər”.
Son olaraq: “İran xalqının şəhidlərin ümid və ruh yüksəkliyi ilə dolu, düşmənləri ifşa edən, əngəlləri qaldırıb yolları açan mesajlarına ehtiyacı var” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı şəhidlərə və onların ailə üzvlərinə borcludur. Bu reallığı inkar edənlər xalqın mənafeyinə ögey münasibət bəsləyirlər və ciblərində İran pasportu daşısalar da, əslində əcnəbidirlər”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun sədri Höccətül-İslam vəl-muslimin Seyid Məhəmmədəli Şəhidi Məhəllati 7 tir şəhidlərinin xatirəsini ehtiramla yad edərək dedi: “İslamın və inqilabın düşmənlərinin istəyinə rəğmən, 7 tir şəhidlərinin xatirəsi ölkəmizdə həmişə yaşayır və anılır”.
O, əlavə etdi: “İslam İnqilabının tarixi sübut etmişdir ki, 7 tir hadisəsi və buna bənzər hadisələr, inqilabın minlərlə ən yaxşı havadarının terror edilməsi nəinki İran xalqını zəiflətmədi, hətta əksinə – onun günü-gündən daha da dözümlü, mətin, mübariz və güclü olmasına səbəb oldu”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir