İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hakimiyyətin 3 qolunun başçıları və yüksək çinli hökumət rəsmiləri ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan ramazan görüşündə müqavimət iqtisadiyyatının reallaşdırılmasının müsbət nəticələrini, qarşıda duran çətinliklərini və bu çətinliklərin həlli yollarını açıqlamaqla yanaşı, nüvə müzakirələri ilə bağlı həlledici məqamlara toxundu. O, nüvə məsələsində İranın qırmızı xətlərini açıq-açığına elan və şərh edərək aşağıdakıları vurğuladı: “Amerikalılar İranın nüvə sənayesini məhv etmək niyyətindədirlər. Onların tam əksinə olaraq, İran rəsmiləri isə qırmızı xətlərin üzərində təkidlə durmaqla yanaşı, müsbət – yəni insaflı, ədalətli, qürurlu, İranın mənafeyinə uyğun olan bir razılığın əldə edilməsini istəyirlər”.
Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər ramazan ayının təqva ayı olduğuna toxunaraq təqvanın iki: şəxsi və ictimai tərəfləri olduğunu qeyd etdi və bu barədə aşağıdakıları dedi: “Şəxsi təqva əslində insanı həlakedici mənəvi zərbələrdən qoruyan və əlbəttə ki, onun dünyəvi işlərinə də mühüm təsir göstərən daimi ehtiyatlılıq halıdır”.
Cəmiyyət miqyasında təqvanı sosial və iqtisadi məsələlərə şamil etmək mümkün olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İqtisadi məsələlərdə cəmiyyətin təqvası elə müqavimət iqtisadiyyatıdır ki, ölkəni dünyada gedən proseslərdən qaynaqlanan böhranlardan, eləcə də dünya dövlətlərinin işğalçı siyasətlərinin hücumlarından qoruyur”.
Ali Məqamlı Rəhbər ölkəni dünya dövlətlərinin iqtisadi artımı qarşısında möhkəmləndirmək lazım olduğu barədə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar etdiyini xatırladaraq dedi: “Bu illər ərzində rəsmilərimiz öz güc və imkanları səviyyəsində çox yaxşı işlər həyata keçiriblər, lakin ölkənin bütün imkan və potensialından istifadə edərək müqavimət iqtisadiyyatının reallaşması ilə məşğul olmaq lazımdır”.
Müqavimət iqtisadiyyatı modelinin bəzi digər ölkələrdə həyata keçirildiyini və müsbət nəticələr verdiyini vurğulayan Həzrət Ayətullah Xamenei bildirdi ki, bu iqtisadiyyatın əsas mehvərini ölkənin daxilinə müraciət etmək, bütün diqqəti daxilə yönəltmək təşkil edir. O həmçinin dedi: “Bütün diqqəti daxilə yönəltmək təcrid olunmaq demək deyil. Bunun mənası xaricdə gedən prosesləri müşahidə edərək ölkə daxilindəki güc və potensiala söykənməkdir”.
“Müqavimət iqtisadiyyatının siyasətlərinin işlənib hazırlanması uzun sürən məsləhətləşmələrin və birgə çıxarılmış müdrik qərarların nəticəsi idi” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu siyasətlər ictimaiyyətə açıqlandıqdan sonra iqtisadi ekspertlərin əksəriyyəti onları müsbət qiymətləndirib. Bu gün müqavimət iqtisadiyyatı anlayışı ölkənin iqtisadi leksikonuna və mədəniyyətinə çox geniş bir şəkildə daxil olub”.
Müqavimət iqtisadiyyatı modelinin böyük dövlətlərin 3-cü dünya ölkələrinə diktə etdiyi köhnə modelin tam əksi olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Həmin köhnə model hər bir ölkənin gözünü xaricə dikməsinə əsaslanır. Müqavimət iqtisadiyyatı modeli isə daxili potensiala söykənən mütərəqqi bir modeldir”.
O həmçinin əlavə etdi: “Bəziləri belə düşünə bilər ki, müqavimət iqtisadiyyatı yaxşı bir modeldir, amma onun gerçəkləşməsinə imkan yoxdur. Halbuki mən qətiyyətlə deyirəm: mövcud potensialı nəzərə alsaq, ölkənin hazırkı vəziyyətində müqavimət iqtisadiyyatının icrası tamamilə mümkündür”.
Bu girişdən sonra Həzrət Ayətullah Xamenei ölkədə mövcud olan, müqavimət iqtisadiyyatının siyasətlərinin icrası üçün baza rolunu oynaya biləcək geniş imkan və potensialdan danışdı. Onun qeyd etdiyi ilk element ölkədə gənc, özünəinamlı, yaxşı təhsil almış mütəxəssislərin varlığı oldu. Ali Məqamlı Rəhbər bu barədə aşağıdakıları qeyd etdi: “Ölkədə bu qədər gənc və təhsilli kadrların varlığı İslam İnqilabının bərəkətidir. Bir şərtlə ki, yanlış siyasətlər cəmiyyətin ahıllaşmasına və gənc nəslin sayının azalmasına səbəb olmaya”.
Həzrət Ayətullah Xamenei ölkədə 10 milyona yaxın universitet məzununun, 4 miyondan artıq məktəblinin olduğunu qeyd edərək bu sayın İslam İnqilabından əvvəlki dövrlə müqayisədə 25 dəfə çox olduğunu bildirdi və dedi: “Bu qədər gənc və savadlı mütəxəssis qüvvəsi İslam dövlətinin iftixarlarından və böyük bir fürsətdir”.
Ölkənin iqtisadi statusunun digər bir əlverişli imkan olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Dünya statistikasına əsasən, İran İslam Respublikası iqtisadiyyatına görə dünyada 20-ci yeri tutur. İstifadə olunmamış potensialdan bəhrələnəcəyimiz təqdirdə biz dünyada 12-ci yeri tuta bilərik”.
“İranın neft və qaz ehtiyatlarına görə birinci yerdə durması da əlverişli imkanlardan biridir” – deyən Ali Məqamlı Rəhbər ölkənin şimalın cənuba və şərqin qərbə qovuşuğu kimi, üstün bir coğrafi mövqeyə malik olduğunu bildirdi. O həmçinin əlavə etdi: “Üst-üstə 370 milyon əhalisi olan 15 ölkə ilə qonşuluq çox yaxın xarici bazar kimi, həmçinin ölkənin özünün 70 milyondan artıq əhalisi böyük bir daxili bazar olaraq digər bir potensialdır. Təkcə elə bu daxili bazara diqqət yetirilsə, istehsal sahəsində vəziyyət dəyişər”.
Ölkədə enerji, nəqliyyat, kommunikasiya, atom elektrik stansiyaları, bəndçəkmə və sair sahələrdə lazımi infrastrukturun mövcudluğunun, həmçinin toplanmış zəngin idarəçilik təcrübəsinin də dəyərli bir potensial olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz bu imkanlardan düzgün və münasib formada istifadə etməliyik, çünki ölkənin problemi yaxşı layihələrin, düzgün mütəxəssis yanaşmasının olmamağı deyil. Əsas problem – mütəxəssislər arasında da vurğulandığı kimi – layihələrdən, düzgün fikirlərdən lazımınca istifadə olunmamasıdır”.
Bəzi problemlərin ölkə daxilindəki əngəllərdən qaynaqlandığını deyən Ali Məqamlı Rəhbər həmin əngəllərdən bəzilərinə işarə edərək dedi: “Ölkəmiz üçün çətinlik yaradan böyük əngəllərdən biri də işdə səhlənkarlıq, problemlərə bəsit, səthi yanaşmadır”.
O həmçinin vurğuladı: “Danışmaqla, ekspertlərin dildə apardığı müzakirələrlə işlər irəli getməyəcək. Problemlərin həllini tapması üçün hərəkət etmək, tədbirlər görmək, işlərin gedişini uzun müddət ərzində izləmək lazımdır”.
Bəzi böyük işlərin öz nəticəsini verməsi üçün bütöv bir nəsil dəyişikliyi qədər zaman tələb oluna biləcəyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir vaxtlar universitetlərdə ölkədə elmi hərəkata strat vermək haqda söhbətlər gedəndə, demək olar, heç kəs inanmırdı ki, 10-15 ildən sonra professorlarımızın və istedadlı gənclərimizin əzmi sayəsində bu gün ölkəmizdə mövcud olan elmi inkişaf mümkün olacaq. Amma bu gün o illərlə müqayisədə diqqətəlayiq, bəzi sferalarda isə heyranedici elmi nailiyyətlərə imza atmışıq”.
Ali Məqamlı Rəhbərin ölkə daxilindəki çətinliklər sırasında qeyd etdiyi digər bir məqam asan, lakin ziyanlı alternativ yollara üz tutmaq oldu. O, bu mövzunu açıqlayarkən aşağıdakıları qeyd etdi: “Bəzən bəzi məhsulları, yaxud ehtiyacları təmin etmək üçün 2 yol olur: biri Avropadan olan asan yol, digəri isə Avropadan olmayan və çətin yol. Birinci yol asan olsa da, insanı çıxmaza salır, dostlarını zəiflədir, düşmənlərini isə gücləndirir”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Daxildəki çətinliklərdən biri də çox böyük səhv və kökündən yanlış olan bir təsəvvürdür. Belə ki bəziləri İslam dövlətinin ideoloji əsaslarından və prinsiplərindən uzaqlaşmaqla yolların açılacağını, problemlərin həll olunacağını düşünürlər”.
O, əlavə etdi: “Daim xalqa xidmət etməyə çalışan hökumətimizdə təmsil olunan rəsmilər inqilabın prinsip və ideyalarına inanan insanlardır və mənim onlardan şikayətim yoxdur, lakin ümumilikdə rəhbər vəzifəli şəxslər arasında elə insanlar var ki, prinsiplərdən geri durmaqla yolların açılacağını güman edirlər. Halbuki bu böyük bir səhvdir və onun hansı nəticələr verə biləcəyini son illər bəzi ölkələrdə müşahidə etmişik”.
Ali Məqamlı Rəhbər vurğuladı: “İnkişafın yeganə yolu əsas ideya və prinsiplər üzərində möhkəm durub müqavimət göstərməkdir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkə daxilindəki problemlərdən biri də bəzilərinin xalqın çətinliklərə dözə bilməyəcəyini güman etməsidir.
O bu barədə aşağıdakıları qeyd etdi: “İşlərin nə yerdə olduğu camaata doğru-dürüst açıqlansa, xalq möhkəm durub müqavimət göstərəcək”.
Ölkənin imkan və potensialına şübhə ilə yanaşmağın da daxildəki çətinliklərdən biri olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İqtisadi məsələlərdə gənc elm adamlarına və qeyri-hökumət müəssisələrinə inanmaq, onların güc və imkanlarından istifadə etmək lazımdır”.
“Müqavimət iqtisadiyyatının reallaşmasının əsas şərti möhkəm və ciddi əzm, səhlənkarlıqdan, rahatlığa can atmaqdan çəkinmək və cihad ruhlu idarəetməyə önəm verməkdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Cihad ruhlu idarəetmə Allaha təvəkküldən, müdriklikdən, ağıl işlətməkdən, eyni zamanda işləri ciddi əzmlə, gözlənilməz situasiyalardan qorxmadan irəli aparmaqdır”.
Cihad ruhlu idarəetmə ilə yanaşı, müqavimət iqtisadiyyatına müvafiq mədəniyyətin genişləndirilməsinin də vacib olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Dövlət Teleradiosu, media, rəsmilər, imam-cümələr, camaat arasında sözü keçən hər kəs müqavimət iqtisadiyyatına uyğun mədəniyyətin carçısı olmalıdır”.
“Qənaət, özəlliklə dövlət strukturlarında daxili məhsuldan istifadə, məntiqsiz idxala qarşı ciddi mübarizə, qaçaqmalçılığa qarşı mübarizə, kiçik və orta istehsalat müəssisələrinə ciddi diqqət ayrılması, pul siyasətlərinə və bank sisteminin fəaliyyətinə yenidən baxılması müqavimət iqtisadiyyatının siyasətlərinin icrası üçün zəruri olan tələblərdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bütün bu sadalananların reallaşmasının başlıca şərti isə ölkə daxilində söz və könül birliyinin, vəhdətin olmasıdır”.
Hamının dövlətə və rəsmilərə yardım etməli olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İstənilən tərəfin qarşı tərəfin fəaliyyətinə kölgə salacaq lüzumsuz şərhlər verməsi qəbuledilməzdir və bundan çəkinmək lazımdır”.
Müqavimət iqtisadiyyatı ilə bağlı söhbətini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Biz iqtisadiyyat sahəsində böyük işlər həyata keçirə və bu həssas mərhələni uğurla geridə qoya bilərik”.
Ali Məqamlı Rəhbər çıxışını nüvə məsələsi ilə bağlı mühüm fikirləri ilə davam etdirdi. Nüvə danışıqlarının bəzi təfərrüatlarını şərh etməzdən, İran tərəfin nüvə məsələsi ilə bağlı istəklərini və qırmızı xətlərini açıqlamazdan əvvəl o, 3 məqamı vurğuladı.
Həmin məqamlardan biri bu idi ki, Ali Məqamlı Rəhbərin ümumi görüşlərdə səsləndirdiyi fikirlər eynilə özəl iclaslarda ölkə başçısına və əlaqədar qurumların rəsmilərinə dedikləridir, odur ki ictimaiyyətə açıqlanan qırmızı xətlərdən bəzilərinin özəl iclaslarda nəzərə alınmadığı barədə aparılan təbliğat həqiqəti əks etdirmir və yalandır.
Həzrət Ayətullah Xameneinin nüvə mövzusu ilə bağlı söhbətinə giriş olaraq qeyd etdiyi ikinci məqam İran tərəfdən danışıqlarda iştirak edən komandanın üzvlərinin əmanətdar, qeyrətli, şücaətli və dindar insanlar olması idi.
O dedi: “Bu komanda qarşı tərəfdən danışıqlarda iştirak edən çoxsaylı diplomatlar qarşısında milli qürur və təəssüb hissi ilə, tam diqqətlə, problemi həll etmək, ölkənin işlərini irəli aparmaq niyyəti ilə çalışıb əlindən gələni edir və insafla demək lazımdır ki, doğrudan da, çox böyük cəsarətlə mövqeyini açıqlayaraq üzərində durur”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Danışıqların təfərrüatı ilə tanış olan hər kəs mənim bu dediklərimi etiraf edər. Əlbəttə ki, onlar nə etmək lazım olduğunu müəyyənləşdirməkdə səhvə yol verə bilərlər, amma buna baxmayaraq, dindar və qeyrətlidirlər”.
Həzrət Ayətullah Xameneinin giriş olaraq qeyd etdiyi üçüncü məqam nüvə mövzusunda tənqidi fikirlər səsləndirənlərlə bağlı oldu.
O dedi: “Biz tənqidin əleyhinə deyilik, bunun lazımlı olduğunu, işlərin irəliləməsinə kömək etdiyini düşünürük, amma bu bir reallıqdır ki, tənqid etmək iş görməkdən asandır. Çünki qarşı tərəfin eyiblərini rahatlıqla görmək olur, amma onun üzləşdiyi çətinlikləri, narahatlıqları dərk etmək çətindir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Mənim bu sözüm tənqidlərin davam etməsinə əngəl olmamalıdır, amma gəlin nəzərə alaq ki, danışıqlarda iştirak edən komanda tənqidlərdə vurğulanan məsələlərdən bəzilərindən xəbərdardır, sadəcə olaraq, bəzi zərurətlər onları bəzi addımları atmağa sövq edir”.
Daha sonra Həzrət Ayətullah Xamenei Amerika ilə danışıqların qısa tarixçəsinə nəzər saldı və bunun danışıqların gedişini dərk etməyə diqqətəlayiq dərəcədə yardımçı olacağını qeyd etdi.
O dedi: “Amerika ilə danışıqlar mövzusu əvvəlki hökumətin dövrünə aiddir və onlar tərəfdən bu xahişlə Tehrana vasitəçi göndərilməsi ilə bağlıdır”.
Məsələni bir qədər də açıqlayan Ali Məqamlı Rəhbər dedi: “O zaman regionun hörmətli simalarından biri vasitəçi qismində bizim görüşümüzə gəlmişdi. Həmin adam açıq-açığına bildirdi ki, Amerika prezidenti ondan Tehrana gedərək Amerika tərəfin danışıqlara getmək istədiyini çatdırmağı xahiş edib. Amerikalılar ona İranı nüvə dövləti kimi tanımaqla yanaşı, nüvə problemini həll etmək və sanksiyaları 6 ay içində aradan qaldırmaq istədiklərini demişdilər. Əlbəttə ki, biz həmin vasitəçiyə amerikalılara və onların sözlərinə inanmadığımızı bildirdik, amma onun təkidi ilə bu məsələni bir daha sınaqdan keçirməyi qəbul etdik və beləliklə, danışıqlara start verildi”.
Ali Məqamlı Rəhbər beynəlxalq münasibətlərlə bağlı iki mühüm məqamı qeyd edərək dedi: “İstənilən diplomatik təmasda iki meydan vardır ki, onlara diqqət yetirmək lazımdır: birincisi, reallıq, əməli iş, sərvət istehsalı meydanı olan əsas meydan, bir də diplomatiya, siyasət meydanı. Bu ikinci meydan əldə olan imkanların, sərvətin ölkə üçün imtiyaza, milli mənafeyin təmin olunmasına çevrilməsi meydanıdır”.
O, əlavə etdi: “İstənilən ölkənin birinci meydanda əliboş olması ikinci meydanda onun manevr etmə imkanlarını məhdudlaşdırır. Bu məntiqə əsasən, İran danışıqlar meydanına mühüm və güclü nailiyyətlərlə daxil olmuşdur. Həmin nailiyyətlərdən biri də 20 faizlik nüvə yanacağının istehsalı idi”.
Ali Məqamlı Rəhbər xatırlatdı ki, bütün böyük nüvə dövlətləri radiodərman preparatlarının istehsalı üçün Tehran Nüvə Araşdırmaları Mərkəzinə 20 faizlik yanacaq satmaqdan imtina etmişdilər və hətta İranın bu yanacağı digər dövlətlərdən almasının da qarşısını alırdılar, amma İranın gənc və şanlı alimləri bu yanacağı istehsal edərək onu yanacaq lövhəsinə çevirməyə nail oldular və qarşı tərəf mat qaldı.
O, əlavə etdi: “20 faizlik yanacaqdan əlavə, göz önündə olan digər nailiyyətlərimiz də var idi. Faktiki olaraq, İranın təzyiqlər qarşısında seçdiyi strategiya effektini verdi və amerikalılar bu nəticəyə gəldilər ki, sanksiyalar onların istədiyi və gözlədiyi təsiri göstərmir, başqa bir yol tapmaq lazımdır”.
İranın Amerika tərəfə şübhə ilə yanaşdığını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Buna baxmayaraq, əgər amerikalılar regiondan olan həmin vasitəçiyə dedikləri söz və vədlərin üstündə dursaydılar, biz də müəyyən güzəştlər etməyə hazır idik. Çünki ağıla və müəyyən hesablamalara uyğun olaraq, danışıqlarda hansısa güzəştlər etmək, bir qədər geri çəkilmək olar, amma onlar danışıqlara start verildikdən az sonra haqsız tələblər irəli sürməyə və verdikləri sözlərdən qaçmağa başladılar”.
“İranın nəzərində yaxşı razılaşma ədalətli və insaflı bir razılaşmadır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Danışıqların gedişində amerikalılar sanksiyaların ləğvi üçün verilmiş 6 ayı əvvəlcə 1 ilə çevirdilər, daha sonra danışıqlar müddətində haqsız tələblərini bir qədər də artırdılar, hətta daha çox sanksiyalar tətbiq edəcəkləri ilə hədələdilər, gizli və aşkar surətdə bizi hərbi hücumla təhdid etdilər”.
Nüvə danışıqlarının gedişi ilə bağlı söhbətini bir növ yekunlaşdıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Amerikalıların tələblərini dərindən araşdırıb düşündükdə görünür ki, onların hədəfi İranda nüvə sənayesinin kökünü kəsmək, ölkənin nüvə mahiyyətini məhv etmək, onu quru, məzmunsuz bir mənzərəyə, gülünc bir karikaturaya çevirməkdir”.
Dəqiq araşdırmalara əsasən, ölkənin, həqiqətən də, 20 min meqavat nüvə enerjisinə ehtiyacı olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar ölkəmizdə nüvə sənayesini məhv etmək, iranlıları bu sənayenin çoxsaylı faydalarından məhrum etməklə yanaşı, təzyiqləri davam etdirərək sanksiyaları da bir yolla qoruyub saxlamaq istəyirlər”.
Amerika ilə danışıqların dolaşıq mənzərəsini aydınlaşdırmağa davam edən Həzrət Ayətullah Xamenei daha bir mühüm məqama toxunaraq Amerikanın özünün nüvə mövzusunda razılaşma əldə olunmasına ehtiyac duyduğunu qeyd etdi.
O dedi: “Əgər onlar danışıqlarda qarşıya qoyduqları məqsədlərə çata bilsələr, böyük bir qələbə qazanmış olarlar, çünki azadlıqsevər İran xalqını diz çökdürmüş, başqalarına örnək ola biləcək bir ölkəni məğlub etmiş sayılarlar. Onların danışıqları bu qədər uzatmaları, söz verib sözlərindən qaçmaları bu hədəfin gerçəkləşməsi üçündür”.
İranın danışıqların əvvəlindən bu günə qədər məntiqli istəklərlə çıxış etdiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Biz zülmkar sanksiyaların ortadan qaldırılmasını istədiyimizi əvvəldən demişik. Əlbəttə, bunun qarşılığında nələrsə verməyə hazırıq, bu şərtlə ki, nüvə sənayesi dayandırılmasın və ziyan görməsin”.
Çıxışının davamında Həzrət Ayətullah Xamenei İranın nüvə mövzusunda qırmızı xətləri haqqında aydın açıqlamalar verdi.
İlk olaraq o, aşağıdakı məqamı qeyd etdi: “Amerikalıların istəyinə rəğmən, biz 10, 12 il davam edəcək uzunmüddətli məhdudiyyətləri qəbul etmirik və bizim üçün məqbul ola biləcək müddəti onlara demişik”.
“Hətta məhdudiyyət dövründə belə, nüvə sahəsində elmi tədqiqatların, quruculuq işlərinin davam etdirilməsi İranın ikinci qırmızı xəttidir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Onlar deyirlər ki, 12 il ərzində heç bir iş görməyin, amma bu həddən ziyadə səhv bir fikir, zorakı bir tələbdir”.
Nüvə mövzusunda İranın 3-cü qırmızı xəttini açıqlayan Ali Məqamlı Rəhbər dedi: “İstər Təhlükəsizlik Şurası, istər Amerika Konqresi, istərsə də Amerika dövləti tərəfindən qoyulmuş iqtisadi, maliyyə və bank sanksiyaları razılaşmanın imzalanmasından dərhal sonra ləğv olunmalı, qalan sanksiyalar da məntiqəuyğun bir müddətdə aradan qaldırılmalıdır”.
O, əlavə etdi: “Amerikalılar sanksiyalarla bağlı dolaşıq, bir neçə mərhələli, əcaib-qəraib, dibindən nə çıxacağı məlum olmayan bir formul təqdim edirlər, biz isə tələb və istəklərimizi açıq-aydın bildiririk”.
İranın nüvə danışıqlarındakı qırmızı xətləri ilə bağlı söhbətini davam etdirən Həzrət Ayətullah Xamenei aşağıdakıları qeyd etdi: “Sanksiyaların ləğvi üçün İranın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsi şərt qoyulmamalıdır. Qoy deməsinlər ki, siz öhdəliklərinizi yerinə yetirin, agentlik bunu təsdiqləsin, sonra sanksiyaları ləğv edək. Biz bunu qəti surətdə qəbul etmirik”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Sanksiyaların ləğvi də İranın öz öhdəliklərini icra etməsi ilə qarşılıqlı şəkildə həyata keçirilməlidir”.
O, aşağıdakıları da vurğuladı: “Biz qarşı tərəfin öz üzərinə götürdüyü öhdəlikləri Beynəlxalq Nüvə Agentliyinin hesabatlarına əsasən icra etməsinin əleyhinəyik. Agentlik müstəqil və ədalətli olmadığını artıq dəfələrlə sübut edib, buna görə də biz həmin quruma nikbin yanaşmırıq”.
Ali Məqamlı Rəhbər dedi: “Deyirlər ki, “agentlik əminlik əldə etməlidir”. Bu nə ağılsız sözdür? Agentlik əminliyi necə əldə edəcək? Bu ölkəni qarış-qarış gəzib yoxlanış aparacaq?”
Ali Məqamlı Rəhbər beynəlxalq aləmdə qəbul olunmamış, qeyri-ənənəvi yoxlama metodlarının, görkəmli elm adamlarının sorğu-suala çəkilməsinin və hərbi obyektlərdə yoxlanış aparılmasının qəti surətdə əleyhinə olduğunu bildirərək bunun da İranın nüvə məsələsində qırmızı xətlərindən biri olduğunu elan etdi.
O, açıq-aşkar vurğuladı: “İranda hamı, o cümlədən mən, hökumət, parlament, məhkəmə hakimiyyəti, təhlükəsizlik orqanları, hərbi strukturlar, bütün digər qurumlar yaxşı bir razılaşmanın əldə olunmasını istəyir. Elə bir razılaşma ki, ədalətli olsun, ölkəmizin şərəfini, xalqımızın xeyir və mənafeyini təmin etsin”.
“Biz sanksiyaların ləğvinə çalışsaq da, müəyyən cəhətdən onları bir növ fürsət hesab edirik. Çünki sanksiyalar bizim öz daxili imkan və potensialımıza daha çox diqqət yetirməyimizə səbəb olub”.
Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər ramazan ayının bərəkətlərindən, xüsusilə də bu ayda oxunması tövsiyə olunan dualardan, onlardakı yüksək məna və məzmundan faydalanmaq lazım olduğunu da qeyd edərək aşağıdakıları əlavə etdi: “Mübarək ramazan ayı Tanrı qarşısında təslimkarlıq, istiğfar, Allaha qayıdış, özünütərbiyə və əxlaq ayıdır”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Ruhani çıxış edəərk 11-ci hökumətin 22 ay əvvəl işə başladığını qeyd etdi və bildirdi ki, ölkədaxili məsələlərdə dövlət inam, xoş məram və rəftar, yaxın münasibət, habelə ifratdan uzaq olmaq yanaşmalarını rəhbər tutur. O dedi: “Hökumətin xarici siyasət sferasında izlədiyi tendensiya isə qırmızı xətt olaraq milli istiqlal, qürur və heysiyyəti qorumaq şərti ilə dünya ilə konstruktiv əməkdaşlıq, habelə yenə də qırmızı xətt olaraq İslam əxlaqına və bu dinin hökmlərinə riayət etmək şərti ilə bütün mədəniyyət və incəsənət adamları üçün daha açıq mühitin yaradılmasıdır”.
Cənab Ruhani hökumətin 2 əsas prioriteti olaraq, xalqın nüvə hüququnun təmin edilməsi çərçivəsində nüvə müzakirələrinin yekunlaşdırılmasını, habelə ölkə və cəmiyyətin ehtiyaclarının təmin olunmasını qeyd etdi. O dedi: “Güclü dövlətləri danışıqlar masasına gətirən amil İran xalqının bədxahların təzyiqlərinə müqavimət göstərərək sanksiyalara qalib gəlməsi oldu”.
Sanksiyaların heç bir zaman uğurlu olmayacağını, İran xalqının hətta sanksiyalar şəraitində belə öz siyasi, iqtisadi, mədəni və ictimai problemlərini həll etməyə qadir olduğunu deyən ölkə başçısı əlavə etdi: “Biz xalqın köməyi ilə sanksiyalar şəraitində inflyasiyanı kontrol altına almağa, durğunluqdan çıxmağa müvəffəq olduq və investisiyanın həcmi də elə sanksiyalar şəraitində yüksəldi”.
Cənab Ruhani dövlətin sanksiyalar şəraitində həyata keçirdiyi tədbirlər sırasında strateji məhsulların ehtiyat fondlarının yaradılmasını, ixracata mane olan amillərin aradan qaldırılmasını, durğunluqdan çıxış layihəsinin hazırlanmasını, buğda idxalının azaldılmasını, səhiyyə xidmətlərinin təqdim olunmasını, aztəminatlı ailələrə yardımlar edilməsini, əmtəə formasında subsidiyaların verilməsini, büdcədə neftdən asılılığın azaldılmasını, cari xərclərdə qənaətə riayət edilməsini, 8 min yeni sənaye müəssisəsinin işə başlamasını və ekologiya sahəsində görülən müsbət işləri qeyd etdi.
Cənab Ruhani dövlətin neft gəlirlərinin azalmasını cari ildə yaranmış özünəməxsus vəziyyət kimi dəyərləndirərək dedi: “Çətinliklərdən uğurla keçmək üçün bir olub həmrəy şəkildə çalışmalıyıq. Xalqın köməyi ilə biz bunu edəcəyik”.
“Hazırkı şəraitdə cəmiyyətdə işin gedişinə mane olan lüzumsuz mübahisə və qarşıdurmaların yaranmasına imkan verməməliyik” – deyə vurğulayan ölkə başçısı əlavə etdi: “Qarşı tərəf haqsız tələblər irəli sürməzsə, razılaşma əldə etmək mümkün olacaq və biz tariximizin bu çətin mərhələsini geridə qoyacağıq”.
Cənab Ruhani çıxışının digər hissəsində region xalqlarının bu gün bəzi ölkələrin müdaxiləsinə və terrorçuların təzyiqlərinə ikiqat artıq məruz qaldığını qeyd edərək dedi: “İran İslam Respublikası terrorçulara qarşı mübarizədə və region xalqlarını dəstəkləməkdə avanqard olub və bundan sonra da bu yolu davam etdirəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir