İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Heydər Əl-Abadi və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə) günü günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, İraqda milli və siyasi birliyin qorunması üçün sayıqlıq olduqca vacibdir. Terrorçularla döyüşlərdə iştirak edən iraqlı gənclərin əzmkar və şücaətli olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Xalqın içindən çıxan könüllülərin böyük potensialı İraqın gələcəyi və müxtəlif sferalarda inkişafı üçün çox effektiv və təsirli olacaq”.
“İraq dövləti və xalqının terrorçulara müqavimət göstərməsi region ölkələrinin təhlükəsizliyini təmin edir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “İraq xalqının terrorçularla döyüşlərdə daha bariz formada aşkara çıxmış mühüm xüsusiyyətlərindən biri də xalqın sıralarından çıxmış könüllülərdən və qəbilələrin qeyrətli nümayəndələrindən təşkil olunmuş qüvvələrin düşmənlə qarşıdurmada göstərdiyi əzm, şücaət və qüdrətdir”.
İraqda terrorçuların varlığının müvəqqəti bir təzahür olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Xalqın sıralarından çıxmış könüllülərin gücü elə bir böyük sərmayədir ki, ona müharibədən də mühüm olan müxtəlif meydanlarda arxalanmaq olar”.
O həmçinin dedi: “İraq xalqının keçmişdə ingilis istismarından və hal-hazırda Amerikanın öz nüfuzunu genişləndirmək siyasətindən qazandığı təcrübə göstərir ki, bu xalqın bədxahları nəhəng xalq qüvvələrinin meydanlara çıxmasını heç vaxt istəmir. Ona görə də bu qüvvələri qorumaq lazımdır”.
Ali Məqamlı Rəhbər bildirdi ki, İraqda milli və siyasi birliyin dayaqlarını məhv etmək Qərb dövlətlərinin təhlükəsizlik və kəşfiyyat orqanlarının əsas hədəflərindən biridir. O həmçinin vurğuladı: “Bu məkrli planlar və təfriqəçi cəhdlər qarşısında sayıqlıq və diqqətlə durmaq, İraqda sünni və şiələr, kürd və ərəblər arasında var olan milli birliyə xələl gəlməsinə imkan verməmək lazımdır”.
İran İslam Respublikasının İraqdakı mübariz və inqilabçı qüvvələrin birliyini dəstəklədiyini deyən Həzrət Ayətullah Xamenei onu da qeyd etdi ki, İraq xalqı və rəsmiləri yadellilərin onların arasına konflikt salmaq planlarına qarşı sayıq və ehtiyatlı olmalıdırlar.
“İran İslam Respublikası İraqın inkişaf və təhlükəsizliyini öz inkişaf və təhlükəsizliyi hesab edir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalıların niyyəti budur ki, bir yandan regionun bəzi ərəb ölkələrində etdikləri kimi, İraqın sərvətini yağmalasınlar, digər tərəfdən isə keçmişdə olduğu kimi, ölkədə öz istədiklərini diktə etsinlər. Lakin belə bir hədəfin reallaşmasına imkan vermək olmaz”.
İranın İraqdakı legitim hökuməti hərtərəfli dəstəklədiyini qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “İran İslam Respublikası indiyə qədər olduğu kimi, yenə də İraq dövlətinə və xalqına dəstəyini davam etdirəcək”.
Söhbətinin digər hissəsində Ali Məqamlı Rəhbər İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü o həzrətin məqbərəsini ziyarətə gedən zəvvarlara hədsiz qonaqpərvərlik və nəcibliklə yanaşan İraq xalqını bu yüksək keyfiyyətlərinə görə təqdir edərək dedi: “Bugünün maddiyyatçı dünyasında belə sevgi və mənəviyyat dolu davranışlar olduqca əhəmiyyətli və diqqətəlayiqdir. İraq xalqında olan bu yüksək keyfiyyət hələ dərinliyinə qədər, doğru-dürüst tanınmayıb”.
Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə İraqın baş naziri cənab Heydər Əl-Abadi bu görüşdən son dərəcə məmnun olduğunu ifadə edərək qeyd etdi ki, İranın İraqı hərtərəfli dəstəkləməkdə davam etməsi və İran İslam Respublikasının səmimi əməkdaşlığı iki ölkə arasında əlaqələrin dərinliyinin göstəricisidir. O həmçinin dedi: “İraqın düşmənləri bütün güc və diqqəti ölkədə məzhəb və etnik mənsubiyyət zəminində konfliktlər yaratmağa yönəldiblər. Lakin İraq xalqı və dövləti bu kimi planlara müqavimət göstərərək milli birliyi qorumaqda qərarlıdır”.
İraq və Suriyadakı təkfirçi terrorçuların sünni və şiələr arasında heç bir fərq qoymadığını deyən cənab Heydər Əl-Abadi əlavə etdi: “İraq dövləti və xalqının müqaviməti hazırda İŞİD-in region ölkələrinə yayılması qarşısında möhkəm bir sədd yaratmışdır. Lakin bu terrorçulara qarşı ciddi mübarizə aparılması üçün region ölkələrinin birliyinə ehtiyac var”.
Cənab Heydər Əl-Abadi həmçinin terrorçulara qarşı mübarizədə İraq dövləti və xalqına göstərdiyi yardım və dəstəyə görə İran İslam Respublikasına təşəkkür etdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir