Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmam Xomeyni (r.ə) məktəbi İran xalqı üçün ümid dolu bir yol xəritəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər İslam Respublikasının banisi dahi İmam Xomeyninin (r.ə) müqəddəs hərəmində İran xalqı ilə görüşdü. Dövlətinə və inqilabına sadiq insanlardan ibarət möhtəşəm və misilsiz bir kütlə qarşısında çıxış edən Ali Məqamlı Rəhbər İmam Xomeyni məktəbini “İran xalqının ümid dolu yol xəritəsi” adlandırdı.  “İmam Xomeyni şəxsiyyətinin təhrif olunmasının qarşısını almaq vacibdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmam Xomeyni şəxsiyyətinin təhrif edilməsinə qarşı mübarizənin yeganə yolu o dahi insanın ideologiyasının sənədli surətdə əlimizdə olan başlıca prinsiplərini dönə-dönə nəzərdən keçirməkdir. Həmin başlıca prinsiplər sırasında Məhəmməd peyğəmbərin (s) yer üzünə gətirdiyi əsl İslamın təsdiqi və amerikasayağı İslamın inkarını, ilahi vədlərin doğruluğuna inam və imperializmə etimadsızlığı, xalqın güc və iradəsinə inamı, dövlətin üzərində mərkəzləşmənin qəbul olunmamasını, yoxsul təbəqənin ciddi surətdə himayə edilməsini, dəbdəbəli həyat tərzinin bəyənilməməsini, dünyadakı məzlum insanların himayə edilməsini, beynəlxalq miqyaslı soyğunçularla heç nəyi nəzərə almadan, açıq-açığına müxalifəti, istiqlaliyyətə can atmanı, müstəmləkəçilərin ağalığını rədd etməni, milli birliyə böyük önəm verilməsini qeyd etmək olar”.

İmam Xomeyninin (r.ə) vəfatının 26-cı ildönümündə çıxışına başlayan Ali Məqamlı Rəhbər əvvəlcə Həzrət Mehdi Sahibəzzamanın (ə.f) mövludunun ildönümü olan “nimeye-şəban” gecəsinə (şəban ayının 15-ci gecəsi) toxunaraq dünyanın sonu yaxınlaşdığı zaman xilaskarın gələcəyi əqidəsinin bütün təkallahlı dinlərdə mövcud olduğunu qeyd edərək dedi: “İslam dininin bütün məzhəbləri bu xilaskarın Peyğəmbərin (s) nəslindən olan Mehdi adlı bir şəxs olacağını düşünürlər. Şiələr isə danılmaz və qəti dəlillərlə, müəyyən olunmuş xüsusiyyətlərə əsasən Sahibəzzamanın 11-ci imamın oğlu olduğunu iddia edir və bu fikri sübuta yetirirlər”.

“Vəd olunmuş Mehdinin zühuruna inamın ən böyük özəlliyi insanlarda ümid yaratmaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu dərin və nicatverici əqidənin parlaq işığı zülmət qaranlıqların hökm sürdüyü bütün dövrlərdə şiələrdə gələcəyə inam və canlanma yaradıb”.

Daha sonra Ali Məqamlı Rəhbər bugünkü çıxışının əsas mövzusunun, yəni İmam Xomeyni şəxsiyyətinin təhrif edilməsinin əhəmiyyətini açıqlayaraq dedi: “Dahi İmam onu təkcə öz dövrü ilə məhdudlaşdırmağa çalışanların dediklərindən fərqli olaraq, İran xalqının əzəmətli və tarixi bir hərəkatının təcəssümüdür və təbii ki, onun şəxsiyyətinin təhrif olunması bu hərəkatın sonrakı inkişafına çoxlu ziyan vuracaq. Elə buna görə də bu məsələdə tam sayıq və ehtiyatlı olmaq lazımdır”.

“İmam Xomeyninin (r.ə) ideoloji, siyasi və ictimai məktəbi İran xalqının ədalət, inkişaf, iqtidar kimi böyük hədəflərə çatması üçün  yol xəritəsidir” –  deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmamı təhrifə uğramamış, olduğu kimi tanımadan bu yol xəritəsini davam etdirmək mümkün olmayacaq”.

Mərhum İmam Xomeyninin (r.ə) görkəmli fəqih, arif və filosof olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei bildirdi ki, İmamın əsl şəxsiyyəti Allah yolunun həqiqi mücahidlərini vəsf edən, onların bu yolda cihadın haqqını lazımınca verdiklərini vurğulayan ayələrin məzmununun gerçəkləşməsi idi.

O, əlavə etdi: “İran xalqının möhtəşəm lideri İmam Xomeyni (r.ə) bu diyarın və İslam dünyasının tarixində misilsiz bir dəyişiklik edərək çürük və yanlış monarxiya rejimini devirdi, ilkin İslam dövründən sonra İslam dininə əsaslanan birinci dövlət və hökuməti quraraq Allah yolunda cihadın haqqını lazımınca verdi”.

Dahi İmamın siyasi, ictimai və ideoloji cihadını daxili cihadın, dərin mənəviyyatın tamamladığını deyən Ali Məqamlı Rəhbər İmam Xomeyni məktəbinin müxtəlif aspektlərindən danışdı. O dedi: “Onun belə böyük dəyişikliklər etməsinə imkan yaradan məfkurə tövhidə söykənən bir dünyagörüşünə  əsaslanırdı”.

Ali Məqamlı Rəhbər günün tələblərinə cavab verməni İmam Xomeyni məktəbinin ikinci özəlliyi adlandıraraq dedi: “İmam Xomeyni öz bitkin və sistemli məfkurəsinə əsaslanaraq İran və bütövlükdə bəşər cəmiyyətinin üzləşdiyi problemlər üçün həll yolları irəli sürür və xalqlar bu həll yollarının dəyərini dərk edirdilər. Elə buna görə də İmam Xomeyni məktəbi dünya xalqları arasında genişləndirdi”.

Canlılıq, dinamiklik və praktikliyin İmam Xomeyni məktəbinin digər xüsusiyyətləri olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İmam hansısa dairələrdə gəlişigözəl çıxışlar edən, amma iş görmək meydanında heç bir effekti və faydası olmayan bəzi nəzəriyyəçi və mütəfəkkirlər kimi deyildi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İran xalqında stimul, dinamika və ümidin yaranması İmamın, onun məktəbinin arxasınca getməyin bərəkətli nəticələrindəndir. O həmçinin vurğuladı: “Böyük İran xalqının öz hədəflərini reallaşdırmasına hələ çox var, amma mühüm olan odur ki, bu xalq və onun gəncləri bu işıqlı yolu stimul, ümid və əzm dolu qəlblə davam etdirirlər”.

“İnsanda böyük şövq və həvəs doğuran bu yolun düzgün formada davam etdirilməsi İmam Xomeyni şəxsiyyətini, İmamın məktəbinin əsas prinsiplərini doğru-dürüst və dərindən bilməkdən asılıdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İmamın şəxsiyyətini təhrif etmək onun yolunu təhrif etmək, İran xalqını öz düzgün kursundan yayındırmaq deməkdir. Əgər İmamın yolu itirilsə, unudulsa və ya Allah eləməmiş, qəsdən kənara buraxılsa, İran xalqı zərbə alacaq”.

Həzrət Ayətullah Xamenei dünya imperializminin, hegemon dövlətlərin böyük, zəngin, regionda əhəmiyyətli bir ölkə kimi İrana hələ də tamah gözü ilə baxdıqlarını vurğulayaraq dedi: “Dünyanın hiyləgər dövlətləri doymaq bilməyən bu tamahlarından yalnız o zaman əl çəkərlər ki, İran xalqı onların ümidini kəsəcək bir qüdrət və tərəqqiyə nail olsun”.

“İran xalqının inkişaf edərək qüdrətlənməsi onun İmam Xomeyni ideoloji məktəbinin əsas prinsip və ideyaları çərçivəsində hərəkət edib-etməməsindən asılıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün bu məsələləri nəzərə aldıqda İmam Xomeyni şəxsiyyətinin təhrif edilməsinin nə qədər əhəmiyyətli olduğu daha da qabarıq görünür. Bu barədə bütün rəsmilərə, inqilabi ideologiya sahəsinin mütəxəssislərinə, İmamın köhnə şagirdlərinə,  İmamın yoluna həvəs və maraq göstərən insanlara, ümumiyyətlə, bütün gənclərə, ziyalılara, universitetlərdə və teoloji mərkəzlərdə təhsil alan tələbələrə xəbərdarlıq etmək lazımdır”.

Ali Məqamlı Rəhbər İmam Xomeyni şəxsiyyətinin təhrif edilməsinin İslam İnqilabının ilk illərindən ortaya çıxmış və uzun keçmişi olan bir mövzu olduğunu qeyd edərək dedi: “Düşmən inqilabın ilk illərindən bəri, İmamın həyatda olduğu dövrdə də çalışırdı ki, dünyada apardığı təbliğatda onu quru, kobud, uyğunlaşmağı bacarmayan, hiss və emosiyalardan məhrum olan bir inqilabçı kimi təqdim etsin”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Dahi İmam Xomeyni  imperialist dövlətlər qarşısında qətiyyətli, sarsılmaz bir şəxsiyyət idi, amma eyni zamanda Allahın və Onun yaratdıqlarının, xüsusilə də yoxsul və zəif təbəqənin qarşısında sevgi, emosionallıq, mehribanlıq və nəzakət mücəssəməsi kimi çıxış edirdi”.

Ölkə daxilində də İmamın şəxsiyyətinin qəsdən və ya bilmədən təhrif olunduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İmamın (r.ə) sağ olduğu dövrdə bir qrup adam bəyəndiyi hər bir fikri ona aid edirdi. Halbuki bunların heç birinin İmamın şəxsiyyəti ilə əlaqəsi yox idi”.

O, əlavə etdi: “İmamın vəfatından sonra da bu tendensiya davam etdi. O yerə qədər ki, bəziləri İmamı siyasi, ideoloji və mədəni davranışlarında heç bir qeyd-şərt bilməyən liberal bir insan kimi təqdim edirlər. Halbuki bu, tamamilə yanlış və reallığa zidd olan bir yanaşmadır”.

“İmam Xomeyni şəxsiyyətinin düzgün və dərindən tanımağın yeganə yolu onun ideoloji məktəbinin əsas prinsiplərini araşdırıb öyrənməkdir” –  deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İmamın şəxsiyyəti bu metod əsasında öyrənilməzsə, kimlərsə onu cəmiyyətə öz siyasi əqidələrinə və düşüncə tərzlərinə uyğun şəkildə tanıtdıra bilərlər”.

İmamın xalq arasında hələ də sevildiyini, düşmənin bu sevgini yox etməyə müvəffəq olmadığını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Elə buna görə də insanların qəlbinə dərindən nüfuz etmiş İmamın şəxsiyyətinin təhrif olunması böyük bir təhlükədir. Bu təhlükənin yaranmasına isə İmamın ideoloji prinsiplərinin tədqiq edilərək öyrənilməsi əngəl ola bilər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İmam Xomeyni məktəbinin əsas ideyalarını onun ölkədə islami hərəkatın getdiyi 15 il, eləcə də İslam İnqilabının qələbəsindən sonrakı 10 il ərzində etdiyi müxtəlif çıxışlardan götürmək olar. O həmçinin bunları əlavə etdi: “Bu prinsipləri paralel surətdə nəzərdən keçirdikdə İmam Xomeyninin gerçək şəxsiyyətinin portretini görmək olur”.

Həzrət Ayətullah Xamenei İmamın ideoloji prinsiplərindən 7-si haqda danışmazdan əvvəl bununla bağlı aşağıdakı bir neçə məqama toxundu: 1. Bu prinsiplər İmamın çıxışlarında dönə-dönə vurğulanır və onun açıq-aydın ideyalarındandır. 2. Bu prinsiplər arasında seçim edərək hansılarısa önə çəkmək, digərlərini isə arxa planda qoymaq olmaz; 3. İmamın prinsipləri təkcə bu 7 məqamla məhdudlaşmır və mütəxəssislər müəyyən olunmuş metodlar çərçivəsində araşdırma apararaq İmamın ideoloji məktəbinin digər prinsipləri haqda fikir yürüdə bilərlər.

Daha sonra Ali Məqamlı Rəhbər İmam Xomeyni ideoloji məktəbinin 7 başlıca prinsipi haqda söhbətə başlayaraq dedi: “Bu prinsiplərdən biri Həzrət Məhəmmədin (s) yer üzünə gətirdiyi əsl İslamın təsbit, amerikasayağı İslamın isə inkar edilməsidir. İmam həmişə əsl İslamla amerikasayağı İslamı qarşı-qarşı qoyurdu”.

Amerikasayağı İslamın mahiyyətini açıqlayan Ali Məqamlı Rəhbər onun “sekulyar İslam” və “mürtəce İslam” kimi iki qolu olduğunu qeyd edərək dedi: “İmam cəmiyyətin, insanların sosial davranışlarının dindən ayrı olmalı olduğunu düşünən insanları dinə qarşı gerilikçi, yeni fikirli insanlar üçün qəbuledilməz, mürtəce yanaşma nümayiş etdirən insanlarla həmişə bir tuturdu”.

Həzrət Ayətullah Xamenei amerikasayağı İslamın hər iki qolunun daim Amerika və dünyanın digər hegemon dövlətləri tərəfindən himayə olunduğunu bildirərək dedi: “Bu gün də azğın İŞİD və “Əl-qaidə” cərəyanları, həmçinin zahirən müsəlman, əslində isə İslam fiqhinə və şəriətinə yad olan cərəyanlar Amerika və İsraildən dəstək alır”.

O həmçinin aşağıdakıları qeyd etdi: “İmam Xomeyninin nəzərində əsl İslam zaman və məkanın tələblərinə uyğun, aydın yanaşma ilə, bəşər və İslam cəmiyyətinin hazırkı ehtiyaclarını, düşmənin istifadə etdiyi üsulları bilərək, teoloji mərkəzlərdə işlənib püxtələşmiş və oturuşmuş elmi metodlarla tədqiq olunaraq əldə edilmiş, Quran və sünnəyə əsaslanan İslamdır”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İmamın (r.ə) ideoloji məktəbində “saray axundları”nın və İŞİD-in İslamı elə İsrail və Amerikanın cinayətlərinə etinasız yanaşan, gözünü böyük dövlətlərə dikmiş İslamın tayıdır və bunların hər ikisi qəbuledilməzdir”.

O bildirdi ki, özünü İmam Xomeyninin ardıcılı hesab edən hər bir şəxs sekulyar İslama və mürtəce İslama qarşı mövqeyini, sərhədlərini müəyyənləşdirməlidir.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin ikinci ideoloji prinsipi kimi, onun Allahın yardımına təvəkkül etməsini, ilahi vədlərin doğruluğuna olan möhkəm inamını, bunun qarşılığında isə dünyanın hegemon, imperialist dövlətlərinə həmişə etimadsızlıqla yanaşmasını qeyd edərək dedi: “Dahi liderimiz İmam Xomeyni (r.ə) ilahi vədlərə və onların doğruluğuna həmişə inanır və bunun tam əksi olaraq, dünyanın imperialist güclərinin vədlərinə qəti surətdə etimad etmirdi”.

Həzrət  Ayətullah Xamenei bildirdi ki, İmamın bu bariz xüsusiyyəti onun öz mövqeyini açıq-aşkar, qətiyyətlə, çəkinmədən ifadə etməsinə səbəb olurdu.

Ali Məqamlı Rəhbər İmamın bəzi imperialist dövlət başçılarının ona ünvanladığı məktubları tam qətiyyətlə və tutarlı şəkildə, eyni zamanda  etik normalara uyğun formada və hörmətlə cavablandırdığını xatırladaraq dedi: “İmam Allaha təvəkkül hissini İran xalqının da canına yeritdi və xalqımız Yaradana təvəkkül etməyə, Allahın yardımına arxalanmağa başladı”.

İmamın imperialistlərə qətiyyən inanmadığını, onların vədlərinə tam etinasızlıqla yanaşdığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün biz bunu tam olaraq təcrübədən keçirib anlamışıq ki, imperialistlərin vədlərinə heç bir vəchlə inanmaq olmaz. Çünki onlar özəl iclaslarda bir şey deyir, ümumi toplantılarda isə bir başqa cür danışır və davranırlar”.

“Allaha inam və imperialistlərə etimadsızlıq İmamın danılmaz ideoloji prinsiplərindəndir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu yanaşmanın mənası dünya ilə əlaqələri kəsmək deyildi, belə ki normal diplomatik münasibətlər səviyyəsində əlaqələr qorunub saxlanırdı, lakin imperialistlərə və onların əlaltılarına heç bir vəchlə inam yox idi”.

Ali Məqamlı Rəhbər İmamın 3-cü əsas ideyası kimi, onun xalqın güc və iradəsinə inamını, problemlərin həllində aparıcı qüvvə kimi dövlətin üzərində təmərküzləşmənin əleyhinə olmasını qeyd etdi.

Dahi İmam Xomeyninin (r.ə) iqtisadiyyat, müdafiə, quruculuq, təbliğat və digər sahələrlə bağlı müxtəlif məsələlərdə, ən başlıcası, seçkidə xalqın güc və seçiminə, xalqa arxalanmağın əhəmiyyətinə, həqiqətən də, inandığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “İnqilabın qələbəsindən sonra İmamın həyatda olduğu 10 il ərzində – hansı ki bundan 8 ili məcburi savaşın getdiyi illər idi –  ölkədə 10-a yaxın seçki keçirildi. Bu seçkilərin tarixində hətta bir gün belə dəyişiklik edilməmiş, hər biri əvvəlcədən müəyyən edilmiş vaxtda baş tutmuşdu. Çünki İmam (r.ə) xalqın rəyinə, fikrinə və seçiminə sözün həqiqi mənasında hörmət bəsləyirdi”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Hətta ola bilsin ki, müəyyən məqamlarda xalqın seçimi İmamın fikri ilə üst-üstə düşmürdü, amma o yenə də xalqın rəyinə hörmətlə yanaşırdı”.

Həzrət Ayətullah Xamenei İmamın (r.ə) öz çıxışlarında dəfələrlə xalqı nemətin sahibi, özünü isə xalqın xidmətçisi adlandırdığını xatırladaraq aşağıdakıları vurğuladı: “Bu ifadələr xalqın, onun rəy, seçim və iştirakının İmam Xomeyninin gözündə nə qədər yüksək mövqeyə malik olduğunu göstərir. Əlbəttə ki, xalq da onun bu münasibətinə müvafiq surətdə cavab verirdi. İmamın bircə işarəsi bəs idi ki, insanlar həmin meydanda canla-başla hazır olsunlar”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “İmamla xalq arasında qarşılıqlı əlaqə və bağlılıq var idi. İmam xalqı, xalq da İmamı sevirdi”.

Söhbətinin davamında İmam Xomeyni məktəbinin digər bir ideoloji prinsipini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Ölkə müstəvisində İmam yoxsul və zəif təbəqələrin himayə olunmasının ciddi tərəfdarı idi. O, iqtisadi bərabərsizliyi, zəngin insanların dəbdəbəli, aristokratik həyat sürməsini çox kəskin və barışmaz surətdə rədd edirdi”.

İmamın sözün həqiqi mənasında sosial ədalətin tərəfdarı olduğunu qeyd edən Ali Məqamlı Rəhbər bu mövzunun onun bəyanatlarında dönə-dönə təkrarlandığını və İmamın müəyyən etdiyi aydın, qəti xətlərdən biri olduğunu dedi. O, əlavə etdi: “İmam bir yandan cəmiyyətdə yoxsulluğun kökünün kəsilməli olduğunu vurğulayır, digər tərəfdənsə rəsmilərə saray həyatına, dəbdəbəyə, aristokratik həyat tərzinə rəğbət bəsləmək xarakterindən uzaq durmalı olduqları barədə xəbərdarlıqlar edirdi”.

Ali Məqamlı Rəhbər İmamın dönə-dönə rəsmilərə yoxsul təbəqəyə inamla yanaşmağı tövsiyə etdiyini qeyd edərək dedi: “İmam dönə-dönə deyirdi ki, məhz daxmalarda, yoxsulluq içində yaşayanlar çətinlik və problemlərdən heç bir narazılıq etmədən bu meydanları doldururlar.  Halbuki maddi nemətlərdən daha çox yararlananlar çətinliklə qarşılaşdıqda daha çox etiraz bildirirlər”.

İmamın 5-ci ideoloji prinsipini qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları dedi: “Xarici müstəvidə İmam beynəlxalq arenadakı soyğunçu və imperialist dövlətlərə müxalif olduğunu açıq-açığına ifadə edir, məzlumları müdafiədə heç kimi və heç nəyi nəzərə almırdı”.

İmamın imperialistlərlə heç bir vəchlə barışığa getmək niyyətində olmadığını vurğulayan Ali Məqamlı Rəhbər qeyd etdi ki, Amerikanın ünvanına işlədilmiş “böyük şeytan” ifadəsi ilk dəfə İmamın işlətdiyi heyrətamiz bir bənzətmədir. O həmçinin dedi: “Böyük şeytan” ifadəsinin daşıdığı məna yükü və onun əməli dəyəri çox böyükdür. Çünki kiməsə “şeytan”  ləqəbi verilirsə, ona qarşı bəslənən münasibət və emosiyalar da onun  şeytan xislətinə müvafiq olmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmam ömrünün son gününə qədər Amerikaya eyni münasibəti bəslədi. O, Amerika haqda “böyük şeytan” ifadəsini dildə işlətməklə yanaşı, buna qəlbinin dərinliyinə qədər inanırdı”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “İmamdan fərqli olaraq, inqilabın ilk illərindən bəri elə insanlar var idi ki, İran xalqının əli ilə devrilmiş şah diktaturasının arxasında Amerikanın durduğunu, bu zalım rejimin Amerikanın əlindən yemləndiyini anlamırdılar və buna görə də ölkə daxilində Amerikanın iştirakına, hətta bəzi ABŞ qurumlarının fəaliyyətinə razı idilər”.

Həzrət Ayətullah Xamenei inqilabın ilk illərində müvəqqəti hökumətlə İmam arasında fikir ayrılığının da əsasən məhz bu mövzu ilə bağlı olduğunu bildirərək dedi: “Onlar anlamırdılar ki, əgər Amerikanın əlinə yenidən fürsət düşsə, İran xalqına öz zərbəsini vuracaq. İmam isə bunu çox yaxşı dərk edir və buna uyğun mövqe seçirdi. Casus yuvasının ifşa olunması məsələsinə İmamın sərgilədiyi yanaşma  da bu çərçivədə idi”.

Ali Məqamlı Rəhbər son illər ərzində regionda baş vermiş bəzi hadisələrə, Amerikaya etimad etmiş bəzi cərəyanların məhz həmin nöqtədən zərbə aldığına toxunaraq dedi: “İmam özünün bu ideoloji prinsipini rəhbər tutaraq daim Amerikaya, bu dövlətin siyasi və təhlükəsizlik aparatına qarşı çıxış edir, bunun qarşısında isə məzlum xalqları, özəlliklə Fələstin xalqını tam səmimiyyət və qətiyyətlə dəstəkləyirdi”.

“Dünya və regionda gedən prosesləri də İmamın bu məntiqindən çıxış edərək düzgün təhlil etmək olar” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün biz İŞİD-in Suriya və İraqdakı zülmkar, vəhşi davranışlarının nə dərəcədə əleyhinəyiksə, Amerika federal polisinin öz ölkəsindəki zülmkar davranışlarının da bir o qədər əleyhinəyik və bizim üçün bunlar ikisi də birdir”.

Ali Məqamlı Rəhbər fikrini aşağıdakı cümlələrlə davam etdirdi: “Biz məzlum Qəzza əhalisinin blokadada saxlanmasının nə dərəcədə əleyhinəyiksə, heç bir pənah yeri olmayan Yəmən əhalisinin bombalanmasının da bir o qədər əleyhinəyik. Bəhreyn xalqına qarşı yol verilən aqresiv davranışların nə dərəcədə əleyhinəyiksə, Amerikanın pilotsuz təyyarələrinin Əfqanıstan və Pakistanda əhaliyə etdiyi hücumların da eyni dərəcədə əleyhinəyik”.

“Biz İmamın açıq-aydın məntiqinə əsasən, məzlumların tərəfdarı və zalımların əleyhinəyik” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Məhz elə buna görə də Fələstin məsələsi həmişə olduğu kimi İran İslam Respublikası üçün əsas problem olaraq qalır və heç vaxt dövlətimizin gündəliyindən çıxarılmayacaq”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Fələstin məsələsi İslamın vacib və lazımlı cihad meydanlarından biridir, heç bir olay bizi bu məsələdən ayıra, uzaqlaşdıra bilməz”.

Həzrət Ayətullah Xamenei fikirlərinə aşağıdakıları da əlavə etdi: “Fələstin meydanında öhdəsinə düşən vəzifəyə əməl etməyən müəyyən şəxslər ola bilər, buna baxmayaraq, Fələstin xalqını və fələstinli mücahidləri biz təsdiqləyir və dəstəkləyirik”.

Ali Məqamlı Rəhbər İmam Xomeyni (r.ə) məktəbinin 6-cı başlıca prinsipi kimi, onun ölkənin müstəqilliyini mühüm bir məsələ kimi daim önə çəkməsini, imperializmin, yadellilərin ağalığını qəti şəkildə rədd etməsini qeyd etdi.

Müstəqilliyə “bütöv bir xalq miqyasında azadlıq” kimi tərif verən Həzrət Ayətullah Xamenei bildirdi ki, bəzilərinin fərdi azadlıqlar tələb etməsi və bununla yanaşı, ölkənin müstəqilliyinin, xalqın azadlıqlarının əleyhinə çıxışlar etməsi qəbuledilməz bir ziddiyyətdir. O həmçinin dedi: “Təəssüflər olsun, elə insanlar var ki, ölkənin müstəqilliyini inkar etmək üçün nəzəriyyələr hazırlayır, müstəqilliyi gah təcrid olunmaq kimi mənalandırır, gah da bu gün üçün dəyər hesab olunmayan bir məsələ kimi qiymətləndirirlər. Bu kimi davranışlar çox mühüm və təhlükəli bir səhvdir”.

Dahi İmam Xomeyninin ölkə üçün müstəqilliyin zəruri olduğuna çox böyük inam bəslədiyini və yadellilərin ağalığını qəti surətdə rədd etdiyini deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənin təhdid və sanksiya kimi tədbirlərinin çoxu məhz İmamın bu prinsipinə xələl gətirmək məqsədi güdür. O, əlavə etdi: “Düşmən ölkəmizin müstəqilliyini hədəfə alıb. Onun bu hədəfini hamı dərk edərək sayıq olmalıdır”.

Ali Məqamlı Rəhbərin İmam Xomeyni məktəbinin işıqlı prinsipləri arasından vurğuladığı sonuncu prinsip milli birlik, düşmənin təfriqəçi planlarına qarşı mübarizə oldu.

“Məzhəb və etnik mənsubiyyət zəminində konfliktlərin salınması düşmənin qəti siyasətləri sırasına daxildir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dahi liderimiz İmam Xomeyni İslam İnqilabının qələbəsinin ilk günündən bu məkrli planlara qarşı mübarizə aparmaq üçün milli birliyin, xalqın nümayəndələri arasında vəhdətin əhəmiyyətini inanılmaz bir səylə vurğulayırdı”.

Həzrət Ayətullah Xamenei konflikt salma siyasətinin hələ də davam etdirildiyini qeyd edərək bildirdi ki, İslam dünyasında konfliktlərin qızışdırılması imperializm və Amerikanın başlıca siyasətlərindəndir. O həmçinin dedi: “Bu məkrli planın tam əksinə olaraq, İran İslam Respublikasının İslam dünyasına yanaşması vahid ümmətin formalaşdırılması prinsipi üzərində qurulub və dövlətimiz bu hədəfin gerçəkləşməsi uğrunda çalışır. Məhz bu yanaşmaya əsasən İran sünni məzhəbli fələstinli qardaşları ilə eynilə şiə məzhəbli livanlı hizbullahçı qardaşları ilə saxladığı kimi münasibət saxlayır”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, Amerikanın ikinci əl nökərləri tərəfindən ortaya atılmış “şiə hilalı” məsələsi, habelə Amerikanın İraq və Suriyada İŞİD kimi terrorçu cərəyanlara etdiyi yardımlar imperializmin məzhəb zəminində konflikt yaratma siyasətinin göstəricilərindəndir. O, əlavə etdi: “Hamı – istər sünnilər, istərsə də şiələr – diqqətli olmalıdır ki, düşmənin oyununa gəlməsinlər”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Amerikanın himayə etdiyi sünnilik də, Londondan dünyaya ixrac olunan şiəlik də bir-birinin tayıdır. Hər ikisi şeytanın qardaşları, Qərbin və imperializmin əlaltılarıdır”.

“Cari il üçün “Söz və könül birliyi” şüarının seçilməsi və sonradan bu məsələnin dönə-dönə vurğulanması da məhz düşmənin təfriqəçi planları əleyhinə mübarizə aparmaq baxımından böyük əhəmiyyət kəsb edir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmən bilavasitə İslamın mövcudluğunu təhdid edir. Buna görə də bütün məzhəb və etnoslar bir yumruqda birləşib, düşmənin İslam dünyasının geniş ərazisinə nüfuz etməsinə imkan verməməlidirlər”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər qeyd etdi ki, İmam Xomeyninin insanlarda eyni dərəcədə həm böyük simpatiya, həm də antipatiya yaratmasının əsasında da onun bu dönməz prinsipləri durur. O, əlavə etdi: “İmamın prinsipləri təkcə bu sadaladıqlarımla məhdudlaşmır və mütəxəssislər bu sahədə araşdırma apara bilərlər, amma heç kəs öz könlüncə olanları İmama aid etməməlidir. Bu barədə söylənən fikirlər İmamla bağlı mənbələrdə, özü də ardıcıl olaraq dəfələrlə əksini tapan prinsiplərə əsaslanmalıdır”.

Son olaraq o, mühüm bir reallığa toxunaraq aşağıdakıları vurğuladı: “Hər kəs bilsin ki, düşmən bu ölkədə qeyd-şərtsiz ağalıq etdiyi dövrana qayıtmaq istəyir. Onun qaş-qabağı, təbəssümü, vəd və təhdidləri də bu məqsədə çatmaq üçündür”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, İslam dininə qarşı düşmənçiliklərin kökündə də əsasən bu dinin həmin qayıdışın əleyhinə olması durur. O, əlavə etdi: “Düşmən İslamın əleyhinədir, çünki bu din onun o məkrli planına müqavimət göstərən bir qüvvədir. Onlar İran xalqının da əleyhinədirlər, çünki bu xalq onların qarşısında dağ kimi möhkəm durub”.

Ali Məqamlı Rəhbər Amerikanın köhnə siyasətçilərindən birinin terrorçu təkfirçi qruplaşmalarının Qərb üçün əhəmiyyətli olmadığı və böyük İslam sivilizasiyası yaratmaq niyyətində olan İranı düşmən bilmək lazım olduğu barədə səsləndirdiyi fikirləri xatırladaraq dedi: “Bu siyasət İslam dünyasında vahid ümmətin formalaşdırılmasının nə qədər vacib və əhəmiyyətli olduğunu göstərir. Hər kəs bilməlidir ki, düşmən islami hərəkatın və İran xalqının tərəqqisinn qarşısını almaq üçün bütün gücünü səfərbər edib”.

O həmçinin vurğuladı: “Xalq arasında kim daha çox müqavimət göstərirsə, düşmən onun əleyhinə daha çox köklənir. Onlar mömin insanların, inqilabi qurum və təşkilatların daha çox əleyhinədirlər, çünki bunların düşmənin müdaxiləsi qarşısında möhkəm və keçilməz bir sədd olduğunu bilirlər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Höccətül-İslam vəl-muslimin Seyid Həsən Xomeyni çıxış edərək İslam İnqilabının dahi banisinin məqbərəsini ziyarətə gəlmiş insanları salamladı. O, İraq, Suriya, Bəhreyn və Yəməndə baş verən hadisələrə toxunaraq irticaçıların regionu xaosa sürüklədiklərini bildirdi və dedi: “İslam toplumu çox acı olaylara hamilədir. Bunun səbəbkarları isə qəlbi İslama qarşı kin və nifrətlə dolu olanlardır”.

Müqəddəs İmam Xomeyni (r.ə) məqbərəsinin hamisi aşağıdakıları da əlavə etdi: “Bütövlükdə İslam sivilizasiyasını hədəfə almış qəddar bir qruplaşma Peyğəmbərin (s) və İslam dininin adı altında insanları qətlə yetirir, xaricilərdən, sionistlərdən dəstək alaraq İslam əleyhinə çox pis fikir formalaşdırır”.

Höccətül-İslam Seyid Həsən Xomeyni İranın İmam Xomeyni (r.ə) diyarı olduğunu vurğulayaraq bütün dünyanın İran xalqını sınadığını qeyd etdi və fikrini aşağıdakı sözlərlə aydınlaşdırdı: “Əgər kimsə vətənimizə yan baxsa, xalqımız Ali Baş Komandanın rəhbərliyi altında birləşərək ölkəyə istənilən formada təcavüz edilməsinə icazə verməyəcək, onun ərazi bütövlüyünü və suverenliyini qoruyacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /