Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İslami Şura Məclisinin sədri və deputatlarla görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri və məclis nümayəndələri ilə bu gün (çərşənbə günü) günortadan qabaq baş tutan görüşündə parlamentin 9-cu çağırışının son 1 illik fəaliyyəti dövründə ciddi surətdə işləməyə davam etmək lazım olduğunu, seçki faktorunun işlərin tempinə təsir göstərməməli olduğunu vurğuladı. O bildirdi ki, hakimiyyətin digər qolları, xüsusilə də hökumətlə əməkdaşlıq etmək, özəlliklə “6-cı inkişaf proqramı haqda qanun”un oxunuşu və 1395-ci ilin büdcəsinin müzakirələri zamanı müqavimət iqtisadiyyatı mövzusuna xüsusi diqqət ayırmaq, İslam İnqilabının və İslam dövlətinin əsas mövqe və prinsipləri üzərində qətiyyətlə durmaq İslami Şura Məclisində təmsil olunan nümayəndələrin ən mühüm  vəzifələridir. Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Ölkənin iqtisadi problemlərinin, həmçinin nüvə probleminin həllinin açarı daxili imkan və potensiala söykənib müqavimət iqtisadiyyatına inanmaqdadır. Ölkədə çıxılmaz bir situasiya yoxdur. Problemlərin əlacı daxili istehsalı gücləndirməkdə və maaliyyə məsələlərində nizam-intizama riayət etməkdədir”.

Görüş zamanı Həzrət Ayətullah Xamenei parlamentin 9-cu çağırışında təmsil olunan deputatlara bu günə qədər çəkdikləri zəhmətə, imza atdıqları gözəl işlərə görə təşəkkürünü bildirərək qalan 1 illik fəaliyyət dövrünü qənimət bilməyi tövsiyə edərək dedi: “Diqqətli olun ki, ilin sonunda gözlənilən parlament seçkiləri faktoru davranışınıza və səsləndirdiyiniz fikirlərə təsir göstərməsin, yeganə meyarınız haqq-ədalət olsun”.

Ali Məqamlı Rəhbərin deputatlara ikinci tövsiyəsi “6-cı inkişaf proqramı”na xüsusi diqqət ayırmaları, fəaliyyətlərinin sonuncu ilində bu sənədin oxunuşu zamanı hövsələsizlik bəlasına düçar olmaqdan ehtiyatlı olmaları ilə bağlı oldu.

O dedi: “6-cı inkişaf proqramı haqda qanun” çox əhəmiyyətlidir, çünki iş başına keçən hökumət kabinetləri onun tələblərinə riayət etməli olacaq və bu qanun əhalinin həyatına da öz təsirini göstərəcək”.

Ali Məqamlı Rəhbərin üçüncü tövsiyəsi hakimiyyətin digər qolları, xüsusilə də hökumətlə əməkdaşlığa həsr olunmuşdu. O dedi: “Hökumət hakimiyyətin digər qolları və strukturları arasında vasitəçilik vəzifəsi daşıyır. Onun uğurlu fəaliyyəti digər strukturların işinə də öz təsirini göstərir. Odur ki hökumətlə əməkdaşlıq etmək lazımdır və bu, əsl birlik və həmrəyliyin təzahürüdür”.

Bir-birinə qarşı xoş güman bəsləməyin əməkdaşlığın vacib şərtlərindən olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bədgümanlıqla, qarşı tərəflə razılığa gəldikdən sonra ona xəyanət etmək, ondan sui-istifadə etmək niyyətində olmaqla əməkdaşlıq etmək mümkün deyil. Eyni zamanda xoşgümanlıq da sadəlövlük, tez aldanmaq kimi başa düşülməməlidir”.

Əməkdaşlığın bir-birini asılı vəziyyətə salmaqdan fərqli olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Qarşılıqlı əməkdaşlıq prosesində parlament nümayəndələri və nazirlərin niyyəti bir-birini asılı vəziyyətə salmaq yox, qanunla öhdələrinə düşən vəzifələri yerinə yetirmək və ölkənin mənafeyinə xidmət etmək olmalıdır”.

“Qarşılıqlı əməkdaşlığın daha bir vacib şərti xüsusilə komissiyalarda nazirlərə qarşı hörmətlə, etik qaydalara uyğun olaraq davranmaqdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Nə deputatlar təhqiramiz, alçaldıcı tərzdə rəftar etməli, nə də nazirlər hökmrancasına davranmalıdırlar. Etik qaydalara bütün etaplarda riayət olunmalıdır”.

Ali Məqamlı Rəhbərin parlament nümayəndələrinə dördüncü tövsiyəsi müqavimət iqtisadiyyatı ilə bağlı oldu. Ali Məqamlı Rəhbər bu mövzu ilə əlaqədar, incə bir məqama toxunaraq dedi: “Müqavimət iqtisadiyyatı məsələsində ölkədə söz birliyi var, hər kəs bunu dəstəklədiyini deyir, amma bu mövzuda könül birliyi də olmalı və biz müqavimət iqtisadiyyatının zəruriliyinə həqiqətən inanmalıyıq”.

“Ölkənin daxili problemlərinin həllinin açarı müqavimət iqtisadiyyatı, daxili istehsalın gücləndirilməsidir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei istehsala əngəl olan amillərin aradan qaldırılması haqda qanunun qəbul olunmasına görə parlament nümayəndələrinə təşəkkürünü bildirərək dedi: “Biz istehsalı gücləndirsək və ölkənin daxili potensialından istifadə etsək, daxildəki problemlərin həll olunmasından əlavə, nüvə məsələsi kimi beynəlxalq problemlərin həlli də asanlaşacaq”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Nüvə məsələsinin müəyyən həll yolları var, lakin onların hamısı bizim öz daxili imkanlarımıza söykənməyimizdən və istehsalatımızı gücləndirməyimizdən asılıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz Amerika, Qərb və İsraillə aramızda olan problemlər sırasında nüvə məsələsindən əlavə, ardıcıl olaraq insan haqları kimi başqa problemlərin də olacağını proqnozlaşdırırıq. Lakin əgər diqqəti öz güc və imkanlarımıza yönəldib daxili problemləri həll etsək, həmin problemlərin həlli də asanlaşacaq”.

Ali Məqamlı Rəhbər deputatlara xitabən dedi: “Məhz elə buna görə də “6-cı inkişaf proqramı haqda qanun”un və gələn ilin büdcəsinin müzakirələri zamanı müqavimət iqtisadiyyatı mövzusuna xüsusi yanaşaraq mövcud boşluqları aradan qaldırmaq lazımdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Hökumət kabinetindəki yoldaşlar istehsalın gücləndirilməsi ilə bağlı dönə-dönə bunu deyirlər ki, resurslarımız çatışmır. Bunu mən də bilirəm, resursların bu çatışmazlığına sanksiyaların da təsiri olub, amma şərait belədirsə, vəziyyətdən çıxış yolu axtarmaq lazım deyilmi?”

“Çıxış yolu var” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Resursların çatışmazlığı çözümsüz bir problem deyil. Ondan çıxış yolu isə daxili resursların bölgüsündə prioritetlərin müəyyən edilməsi və maliyyə intizamının gücləndirilməsidir”.

O həmçinin dedi: “Belə bir şəraitdə müəyyən yerlərdə lüzumsuz xərclər edilir. Odur ki hökumət, parlament, məhkəmə hakimiyyəti və silahlı qüvvələr işləri düzgün idarə edib maliyyə intizamını təmin etməklə resursların bölgüsünü uyğun şəkildə və prioritetləri əsas götürərək aparmalıdırlar”.

Özəlliklə silahlı qüvvələrin müəyyən sferalarında bəzi strukturların büdcədə heç bir artım olmadan öz imkanlarını artıraraq daha çox işlər gördüklərini qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu nümunələr göstərir ki, resursların çatışmazlığı şəraitində də problem və çətinlikləri həll etmək olar”.

Həzrət Ayətullah Xameneinin parlament nümayəndələrinə növbəti tövsiyəsi dövlətin prinsipial mövqeyini əks etdirən məsələlər üzərində möhkəm durmaqla bağlı oldu.

9-cu parlamentin İslam İnqilabı və dövlət üçün əsas, prinsipial əhəmiyyət daşıyan məsələlərlə bağlı müsbət, məqbul və zaman-zaman tam mütərəqqi mövqe nümayiş etdirdiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “Parlament daim dövlətin prinsipial mövqeyini əks etdirən uca bir bina kimi olmalıdır. Bu məsələdə meyar isə dahi İmam Xomeyninin (r.ə) söylədiyi fikirlər və onun vəsiyyətnaməsi olmalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Parlament dövlətin başlıca prinsipləri üzərində daim möhkəm dursa, imperializmin qorxulu uçurumuna yuvarlanmaq təhlükəsi olmayacaq. Amma əgər Allah eləməmiş, bu mətinlik olmasa, təhlükələr çox olacaq”.

Çıxışının ardında Həzrət Ayətullah Xamenei nüvə məsələsinə də toxunaraq dedi: “Nüvə məsələsində bizim mövqeyimiz xalq qarşısında aşkar şəkildə açıqladığımız məsələlərdən ibarətdir. Həmin məsələlər şifahi və yazılı surətdə rəsmilərə də dəqiqliklə çatdırılıb və əlbəttə ki, dövlətin prinsipial mövqeyini açıqlamaq və vurğulamaq üçün onlara özəl olaraq ictimaiyyət üçün açıqlanması nəzərdə tutulmayan bəzi məqamlar da deyilib”.

Rəsmilərin və danışıqlarda iştirak edən komandanın gərgin işlədiklərini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Onlar elan olunmuş mövqelər üzərində israrla durmalıdırlar və ümidvaram ki, ölkənin və dövlətin mənafeyini təmin edə biləcəklər”.

Çıxışının əvvəlində rəcəb, şəban və ramazan aylarının böyük fürsətlər olduğunu qeyd edən Ali Məqamlı Rəhbər ölkə rəsmilərinin hamısının, o cümlədən deputatların Allah-taala ilə aralarında olan rabitəni daha da möhkəmləndirməli olduqlarını bildirərək dedi: “Bu aylarda tövsiyə olunmuş dualardan istifadə etmək, Quranla daha tez-tez ünsiyyətdə olub nafilə namazlarını qılmaqla Allahla daha sıx rabitədə olmağımız üçün zəmin yaratmalıyıq”.

“Vəzifədə olduğumuz dövrdəki fəaliyyətimizə görə Allah-taala qarşısında cavab verəcəyimizi heç birimiz yaddan çıxarmamalıyıq” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei deputatların sonuncu fəaliyyət ilinin mühüm olduğunu bildirərək dedi: “Çalışmalıyıq ki, fəaliyyətimizdə həmişə ilahi haqlara riayət edək, sözün düzünü danışaq və yanaşmalarımız düzgün olsun”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İslami Şura Məclisinin sədri cənab Laricani parlamentin 9-cu çağırışının geridə qalan 3 il ərzində gördüyü işlər haqda hesabat verərək dedi: “Bu müddət ərzində 120 qanun qəbul olunub ki, onların da əksəriyyəti iqtisadiyyatın və istehsalat sektorunun ehtiyaclarının aradan qaldırılmasına yönəlib”.

Cənab Laricani parlamentin 9-cu çağırışının fəaliyyəti dövründə istehsalın qarşısını alan əngəllərin aradan qaldırılması, məhsul və valyuta qaçaqmalçılığı ilə mübarizə, risk qrupuna daxil olan təbəqələrin zəruri məhsullarla təminatı və büdcə qanunlarının qəbul olunduğunu qeyd edərək dedi: “Parlamentin həyata keçirdiyi digər effektiv tədbirlər sırasında səhiyyə sferasına və ölkənin müdafiə hazırlığına xüsusi diqqət yetirilməsini, yarımçıq qalmış layihələrin özəl sektora təhvil verilməsi üçün şərait yaradılmasını qeyd etmək olar”.

Cənab Laricani parlamentin nəzarət tədbirlərinə, həmçinin hesablama divanının, Parlamentin Elmi Tədqiqatlar Mərkəzinin, Konstitusiyanın 90-cı Maddəsinin İcrası üzrə  Komitənin və Qanunların Tətbiqi Şurasının fəaliyyətinə də toxundu. O, parlamentin 9-cu çağırışının prinsipial mövzular, beynəlxalq və regional məsələlərlə bağlı mövqeyi barədə aşağıdakıları vurğuladı: “9-cu parlamentin əsas strategiyası İmam Xomeyninin (r.ə) əsl ideoloji xətti əsasında yadellilər qarşısında xalqı hərtərəfli hüquqi müdafiə etməkdən, habelə bütün gücü daxili iqtisadiyyata və nüvə məsələsinə yönəltməkdən ibarətdir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /