Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Quranın hədəflərinə doğru bircə addım irəli atsan, Allah insana ikiqat artıq güc verir

Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə Qurani-Kərimin həyatverici ayələrinin ürək açan rayihəsi ilə doldu. 32-ci Beynəlxalq Quran Müsabiqəsində iştirak edən görkəmli Quran qariləri, hafizlər və ustadlar  İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin də iştirak etdiyi görüşdə  Quranla nurlu bir ünsiyyət məclisi qurdular.

Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər Quranın müsəlmanların fərdi və ictimai həyatının bütün sferalarında özünü göstərməli olduğunu vurğulayaraq bu ali hədəfə çatmaq üçün iki başlıca elementə – gözüaçıqlıq və əzmə ehtiyac olduğunu bildirdi. O dedi: “İslam dünyasının hazırkı problemlərinin əlacı Quranın təlimatlarına tabe olmaq, modern cahiliyyətin diktəsinə boyun əyməmək və bu cahiliyyətin zorakı tələblərinə  müqavimət göstərməkdir”.

“Quran əxlaqına uyğunlaşmağın, Quranın göstərişləri əsasında bir cəmiyyət formalaşdırmağın ilk addımı Quranı oxumaq və əzbərləməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təəssüflər olsun ki, bu gün İslam dünyası cahil hökumətlərin təzyiqlərindən irəli gələn zəiflik, yoxsulluq və vətəndaş müharibələrindən kəskin şəkildə əziyyət çəkir. Bu zorakı təzyiqlərə qarşı mübarizənin yeganə yolu Qurana təslim olmaq, onun uca hədəflərinə çatmaq uğrunda ciddi əzm nümayiş etdirməkdir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Quranın hədəflərinə doğru bircə addım irəli atsan, Uca Yaradan insana ikiqat artıq güc verir. İran xalqı bunu təcrübədən keçirmiş, zorakılıqlara müqavimət göstərməklə daha çox bacarıq əldə edərək sabaha daha da ümidlənmişdir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dünyasının problemlərinin çözüm formulu İran xalqının hegemon dövlətlər qarşısında müqavimət təcrübəsindən istifadə etməkdir. O həmçinin dedi: “Bu gün düşmənlərin əsas planlarından biri İslam ümməti arasında ixtilaf və ikitirəlik yaratmaqdır.  Ona görə də hər kəs diqqətli olmalıdır ki, ixtilafa səbəb olacaq fikirlərlə çıxış edərək İslam və Quran düşmənlərinin ruporuna çevrilməsin”.

Danışıqları ilə konfliktə yol açan hər kəsin düşmənin ruporu kimi çıxış etdiyini deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Şiə-sünni, ərəb və qeyri-ərəb, etnik və milli təəssübkeşlik zəminində konfliktləri qızışdırmaq, millətçi tendensiyalara rəvac vermək İslam ümmətinin düşmənlərinin fəaliyyət planlarında birinci sırada durur. Bütün bunlar qarşısında gözüaçıqlıq və əzmlə müqavimət göstərmək lazımdır”.

Gözüaçıq olub dostu düşməndən ayırmağın son dərəcə vacib olduğunu qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Gözüaçıqlıqla yanaşı əzm və iradə də olanda tutduğun yolu qət etmək, təzyiqlər, zorakı tələblər və məkrli planlar qarşısında müqavimət göstərmək də asan olur. Allahın köməyi də elə budur”.

“Quranla ünsiyyətin cəmiyyətdə günü-gündən genişlənməsi ümid və müjdə verir” – deyən Həzrət Ayətullah Xamenei rəsmilərin Quranın öyrənilməsi və təbliği ilə bağlı məsələlərə ciddi yanaşmalı olduqlarını vurğulayaraq əlavə etdi: “Gənclər və ziyalılar Quranla daha çox ünsiyyətdə olmalıdırlar, çünki düşüncənin Quran bilgiləri ilə zənginləşməsi insanın rəftarına, danışığına və qəbul etdiyi əhəmiyyətli qərarlara öz təsirini göstərir”.

Ali Məqamlı Rəhbər Quranla ünsiyyətin aydın və xoşbəxt gələcəyə zəmanət verdiyini qeyd edərək aşağıdakıları vurğuladı: “Sevindirici haldır ki, bu gün müsəlman toplumlarında da İslama və Qurana doğru hərəkat başlayıb. İslami oyanış bunun bərəkətli nəticələrindən biridir”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “İslami oyanış məhv olub aradan getməyəcək bir həqiqətdir və onun təsiri günü-gündən genişlənəcək”.

İslami oyanışın günü-gündən genişlənməsində din alimlərinin, ziyalıların, yazarların, universitet tələbələrinin, elm adamlarının, qarilərin və Quran hafizlərinin çiyninə daha böyük vəzifələr düşdüyünü deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnsanlarda Quranın müjdə verdiyi yola ümid yaratmaq lazımdır”.

Sonda Ali Məqamlı Rəhbər buna ümidvar olduğunu qeyd etdi ki, müsəlman dövlətləri Quran haqda danışmaqdan çox, ona əməl etməyə yaxın olacaq və Quranın göstərişlərini yerinə yetirəcəklər.

Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, Vəqflər və Xeyriyyə İşləri Təşkilatının sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi görüş iştirakçılarını şəbaniyyə bayramları münasibətilə təbrik edərək 32-ci Quran müsabiqəsinin gedişi haqda məlumat verdi.

Ötənilki ilə müqayisədə builki müsabiqənin kəmiyyət və keyfiyyət baxımından daha üstün olduğunu deyən cənab Məhəmmədi  əlavə etdi: “Müsabiqədə iştirakçılar arasında ayrı-seçkilik qoyulmadan hamıya eyni dərəcədə diqqət ayrılması, iştirakçılar arasında ünsiyyət və mehriban münasibətin olması, yeniyetmə qarilərin iştirakı, xarici qarilərin iştirakı ilə ostanlarda Quran məclislərinin təşkil olunması, Quran sahəsində fəal olan xanımlara yüksək dəyər verilməsi, habelə rəsmilərin və xalqın müsabiqədə tamaşaçı qismində geniş iştirakı builki müsabiqənin ən mühüm özəlliklərindən və proqramlarındandır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /