Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi

Bu gün  (çərşənbə günü) səhər, ölkədə qeyd olunan İnqilab Keşikçiləri Günü və 3 xordad – qürurverici “Beytülmüqəddəs” əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümü günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hsüeyn (ə) adına Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirildi.

Meydana daxil olan Ali Baş Komandan əvvəlcə adı gizli şəhidlərin məzarlarını ziyarət etdi, “Fatihə” oxuyaraq Allah-taaladan Müqəddəs Müdafiə şəhidlərinin ruhuna dərgahında ən ali dərəcələr dilədi.

Daha sonra Ali Baş Komandan meydanda düzülmüş hərbi birləşmələri salamladı.

Həzrət Ayətullah Xamenei həmçinin meydanda olan əlil və veteranlarla da salamlaşıb hal-əhval tutdu.

Mərasim zamanı çıxış edən Həzrət Ayətullah Xamenei müasir dünyada iki başlıca diskursun: yeni İslam diskursu və cahiliyyət diskurslarının yayıldığını qeyd edəərk bildirdi ki, bu iki diskurs arasında yaxınlıq və barışıq qeyri-mümkündür. O, nüvə danışıqlarının gedişində irəli sürülmüş yeni haqsız tələblərə, o cümlədən hərbi obyektlərə baxış keçirilməsi və İran alimləri ilə söhbətlər aparılması tələblərinə toxunaraq aşağıdakıları vurğuladı: “Sözsüz ki, belə bir şeyə icazə verilməyəcək. Düşmənlər bilsin ki, İran xalqı və rəsmiləri hegemonluq və zorakılıq qarşısında heç bir vəchlə geri çəkilməyəcək”.

Ali Baş Komandan həmçinin İran xalqının bədxahlarının və Fars Körfəzi regionunun bəzi rəsmilərinin vasitəli müharibələri İran sərhədlərinə çəkib gətirmək səyləri barədə yayılan xəbərlərə toxunaraq dedi: “Əgər bir şeytanlıq baş verərsə, İran İslam Respublikasının reaksiyası çox sərt olacaq”.

Mərasim zamanı Ali Məqamlı Rəhbər bütün sferalarda yeni, təşəbbüskar və dolğun mahiyyətli işlərin həyata keçirilməsi tendensiyasının yayılmalı olduğunu vurğuladı. O, İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın bugünkü buraxılış mərasimində bu xüsusiyyətin müşahidə olunduğunu qeyd edərək dedi: “Bütün məsələlərdə səthi işlərdən çəkinmək lazımdır”.

“İslam İnqilabı Keşikçiləri Korpusu imkan və bacarıqları, uğurları, əməli və ideoloji səviyyəsi baxımından məqbul bir inkişaf mərhələsinə çatmış pak bir ağacdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İmam Hüseyn (ə) adına Hərbi Akademiya Keşikçi Korpusun irəliyə doğru hərəkətinin və inkişafının göstəricilərindən biridir”.

Bu universitetin arxasında Müqəddəs Müdafiə dövründə həyata keçirilmiş mühüm əməliyyatların, Keşikçi Korpusun qocaman döyüşçülərinin mücahidə və fədakarlıqlarının durduğunu deyən Ali Baş Komandan müdavimlərə xitabən aşağıdakıları vurğuladı: “Bu gün böyük İslam İnqilabının yeni İslam diskursunu təbliğ edən bayrağı sizin əlinizdədir. Onu özünüzdən əvvəlkilər kimi qüdrət və mətanətlə daşıyın!”

Ali Məqamlı Rəhbər yeni İslam diskursunun bayrağının səadət və xoşbəxtlik yolunu bəşəriyyətin üzünə açmağa qadir olduğunu və dünyada yetişən yeni nəsildə böyük maraq doğuraraq gəncləri özünə cəlb etdiyini qeyd edərək dedi: “Bu qürurverici hərəkat dahi liderimiz İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə başladıldı, İran xalqı da fədakarlıqla onun arxasında durub bu bayrağı ucaltdı”.

Ali Məqamlı Rəhbər “cahiliyyət diskursu” adlı digər bir diskursun da mövcud olduğunu bildərərək dedi: “Ədalətin, insan azadlığının, istismar və müstəmləkəçiliyin tamamilə yox edilməsinin, imperializm  sisteminin məhvinin tərəfdarı olan İslam diskursuna əks mövqedə bu gün özündə zorakılıq, hegemonluq, eqoistlik və özünü üstün tutmanı əks etdirən və dünyanın imperialist dövlətləri tərəfindən yürüdülən cahiliyyət diskursu durur”.

“Xalqların iti gözü bu iki diskursu ayırd etməyə, cahiliyyət diskursunun “insan haqları”, “aqresiyasız davranışlar” kimi sözlər altında gizlətdiyi münafiq və riyakar davranışlarını sezməyə qadirdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu iki diskursun öz aralarında sülhə gəlib yaxınlaşması heç vaxt mümkün olmayacaq. Çünki onlardan birinin mahiyyətində xalqlara qarşı zülm və savaş, digərinin mahiyyətində isə məzlumları müdafiə və zalımlara qarşı mübarizə durur”.

Düşmənin İran İslam Respublikasının təkləndiyi barədə apardığı təbliğata toxunan Ali Məqamlı Rəhbər dedi: “İslam dövləti ilk gündən bu günə qədər həmişə xalqların qəlbində özünə yer tutub. Ötən 36 ildə dünyanın müxtəlif ölkələrində əhalinin İran prezidentlərinə qarşı nümayiş etdirdiyi sevgi və heyranlıq bunun bariz nümunəsidir”.

Həzrət Ayətullah Xamenei xalqlar, hətta vicdanlı və müstəqil dövlət başçıları, habelə dünyanın bütün azadlıqsevər insanları arasında İran xalqının adının yüksək səs və qürurla səsləndiyini bildirərək aşağıdakıları vurğuladı: “Təklənmiş və təcrid olunmuşlar o kəslərdir ki, yalnız zorakılıq və dollar gücünə kimlərisə özünə tərəf çəkməyi bacarırlar”.

“İran xalqı öz nüfuz və ehtiramını İslam dini, inqilabi hərəkat və ideyalar sayəsində qazanıb” – deyə vurğulayan Ali Məqamlı Rəhbər İslam dövlətinin qarşısında bəzi çətinlik və maneələrin durduğunu söylədi. O dedi: “Bizim bu çətinlik və maneələrdən heç bir qorxumuz, çəkinəcəyimiz yoxdur, çünki maneələrin varlığı dinamikliyin, canlılığın, fəallığın və inkişafa doğru irəliləyişin göstəricisidir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İran xalqı qüdrət, Allaha təvəkkül və özünəinamla bu çətinlik və maneələri geridə qoyacaq”.

Həzrət Ayətullah Xamenei nüvə danışıqlarının gedişində qarşı tərəfin haqsız tələblər irəli sürərək zorakılığa cəhd etməsini həmin problemlərdən biri adlandıraraq dedi: “Düşmənlər İran xalqını və rəsmilərini hələ də yaxşı tanımadıqlarına görə zorakı tonla danışırlar. Belə ki İran xalqı və bu xalqdan baş qaldırmış dövlət heç vaxt hegemonluğa tabe olmayacaq”.

Ali Məqamlı Rəhbər qarşı tərəfin haqsız tələbləri qarşısında nə qədər geri çəkilsən, onların bir o qədər irəli gələcəyini bildirərək dedi: “Bu haqsız tələblər qarşısında əzm, Allaha təvəkkül və milli iqtidardan möhkəm bir sədd çəkmək lazımdır”.

“Qarşı tərəfin nüvə danışıqlarında irəli sürdüyü haqsız tələblərdən biri də onların ölkəmizdəki hərbi obyektlərin yoxlanışına, iranlı alim və tədqiqatçılarla söhbət aparmağa icazə istəmələridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Daha öncə də deyildiyi kimi, heç bir hərbi obyektin heç bir şəkildə yoxlanışına, eləcə də nüvə alimləri və digər strateji sahələrin mütəxəssisləri ilə söhbətlər aparılmasına, onların elmi fəaliyyətinin məxfiliyinin pozulmasına icazə verilməyəcək”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Mən icazə verməyəcəyəm ki, yadlar gəlib bizim alimlərimizlə, bu xalqın əziz və görkəmli övladları ilə söhbət aparıb onların işlərini araşdırsınlar”.

Ağlı olan heç bir dövlətin və xalqın belə bir şeyə icazə verməyəcəyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Həyasız və utanmaz düşmən onu gözləyir ki, biz onların bizim alimlərimizlə bu xalqın öz əziyyətinin nəticəsi olan, mühüm bir elm sahəsində qazanılmış nailiyyətlər barədə söhbət etməsinə icazə verəcəyik, amma sözsüz ki, heç kəsə belə bir icazə verilməyəcək”.

O həmçinin dedi: “İslam dövlətinin düşmənləri və dövlətimizin hansı qərara gələcəyini gözləyən hər kəs bunu lazımınca anlasın”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Bu meydanda şücaətlə irəliləyən əziz ölkə rəsmilərimiz bilməlidirlər ki, həyasız düşmənə qarşı mübarizənin yeganə yolu möhkəm və qırılmaz əzmdir”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, rəsmilər və danışıqlarda iştirak edən komanda bu danışıqlarda İran xalqının əzəmətini dünyaya çatdırmalıdır.

Ali Məqamlı Rəhbər bütün rəsmilərin məhz İslam İnqilabının bərəkəti sayəsində vəzifəyə gəldiklərini vurğulayaraq dedi: “Biz hamımız xalqa xidmət edirik və vəzifəmiz zorakılıq, həyasızlıq, yersiz tələblər və məkrli planlar qarşısında tam mətinliklə müqavimət göstərməkdir”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei düşmənlərin və Fars Körfəzi məntəqəsinin bəzi ağılsız rəsmilərinin vasitəli müharibələri İran sərhədlərinə doğru çəkib gətirmək istiqamətində müştərək səylər göstərdikləri barədə yayılan xəbərlərə toxunaraq dedi: “İslam İnqilabı Keşikçiləri və silahlı qüvvələrin sıralarında milli təhlükəsizliyin toxunulmazlığını qoruyan bütün qüvvələr ayıq-sayıqdır. Əgər bir şeytanlıq baş versə, İran İslam Respublikasının reaksiyası çox sərt olacaq”.

“İran xalqı öz aydın üfüqlərinə doğru irəliləyişini tam ümidlə davam etdirəcək” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, uca amallara aparan yolu sona qədər qət etmək böyük çətinlik və əziyyətlər bahasına başa gəlir. Tarix boyu da yalnız o xalqlar ləyaqət medalı alıblar ki, çətinliklər qarşısında diz çökməyiblər, hər cür aqresiv və yumşaq təcavüz qarşısında milli əzm və iqtidarın möhkəm səddini nümayiş etdiriblər”.

İran xalqının məhz belə xalqlardan olduğunu bildirən Ali Məqamlı Rəhbər son olaraq bunları dedi: “Ümidvaram ki, əziz gənclərimiz, yeni yetişən gənc nəsil ötən nəslin onlara ötürdüyü əmanətin ağır yükünü əvvəlkindən də yaxşı və layiqincə daşıyacaq”.

Mərasim zamanı çıxış edən İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı briqada generalı Məhəmmədəli Cəfəri bildirdi ki, korpusun hazırlıq səviyyəsini hərtərəfli yüksəltməkdə əsas məqsəd İslam İnqilabını müdafiə etmək və onun nailiyyətlərini qorumaqdır. O vurğuladı: “İslam İnqilabını əhatə edən şəraiti, 2 cəbhənin – imperialistlərin və məzlumların qarşı-qarşıya durduğunu dərk edən İslam İnqilabı Keşikçiləri Korpusu mənəviyyat, iman, rasionallıq və müdrikliyə söykənərək, müdafiə və təhlükəsizlik texnologiyalarından istifadə edərək, günün tələblərinə cavab verməyən döyüş taktikalarını yeniləyərək öz daxili qüdrətini günü-gündən artırmaq niyyətindədir”.

“İnqilab keşikçisi olmağın bir hissəsi də şücaətdir” – deyən general Cəfəri əlavə etdi: “Düşmənlər qarşısında İslam İnqilabının keşiyində durmaq bizim qılınclarımızın parıltısı, imanımızın və texnologiyalarımızın gücü sayəsində mümkün olur. Bunlar düşməndə eyni dərəcədə qorxu və təhlükə hissi yaradır”.

General Cəfəri dedi: “Düşmən silahın dilini daha yaxşı anlayır və biz də onunla eyni dildə danışmaq niyyətindəyik”.

O həmçinin vurğuladı ki, İslam İnqilabı Keşikçiləri Korpusunun silahı ədalət və zülmə qarşı mübarizə naminə işə düşür.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandanı, keşikçi admiral Mürtəza Səfəri də akademiyanın elmi və mədəni proqramları, həyata keçirilən tədbirlər haqda məlumat verdi.

Mərasim zamanı akademiyanın 2 komandiri, 2  müəllim və tədqiqatçısı, habelə nümunəvi məzun və müdavimlərin nümayəndələri Ali Məqamlı Rəhbərdən hədiyyələr aldılar, akademiyaya yeni qəbul olunmuş kursantların  nümayəndəsi isə Həzrət Ayətullah Xameneidən paqonlarını almaq şərəfinə nail oldu.

Bugünkü buraxılış mərasiminin proqramına “Pak ağac” adlı layihənin icrası və İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin keşikçi andı içməsi də daxil idi.

Mərasim zamanı akademiyanın tələbələri özünəinam döyüşü də nümayiş etdirdilər.

Mərasimin sonunda meydanda düzülmüş birləşmələr Ali Baş Komandanın önündən təntənəli keçid etdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /