Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bugünkü cahiliyyət elmlə silahlanıb və daha təhlükəlidir

Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mübarək besətinin ildönümündə – bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmilərindən bir qrupu, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü. İslamdan öncəki cahiliyyətdən qat-qat təhlükəli və daha geniş imkanlara malik olan bugünkü modern cahiliyyətə qarşı sayıqlıqla mübarizə aparmaq üçün besətin öyrədici cəhətlərindən bəhrələnmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər Amerika başda olmaqla imperializmin modern cahiliyyəti formalaşdıran başlıca amil olduğunu qeyd edərək dedi: “İran İslam Respublikasının 35 illik keçmiş təcrübəsi göstərdi ki, böyük İslam ümməti iki prinsipi: gözüaçıqlıq və əzmi qorumaqla bu cahiliyyətə müqavimət göstərərək onu məğlub edə bilər”.

İran xalqını, dünya müsəlmanlarını və yer üzündəki bütün azadlıqsevər insanları böyük və tarixi bir bayram olan Məbəs bayramı münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei bəşəriyyətin besətin dərslərinə, bu dərsləri dönə-dönə gözdən keçirib öyrənməyə ehtiyacı olduğunu bildirdi. O, əlavə etdi: “Peyğəmbərin besəti (s) nəinki təkcə Ərəbistan yarımadasında, o dövrün bütün imperatorluqlarında hakim olan cahiliyyətlə mübarizə üçün idi”.

Bu cahiliyyətin iki başlıca elementinin şəhvət və qəzəb olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “O zaman İslam insanların həyatında geniş yayılmış azğınlıqlarla mübarizəyə qalxdı. Bütün bu azğınlıqlar bir yandan cilovlanması mümkün olmayan cinsi və nəfsani şəhvətlərdən, digər tərəfdən isə viranedici qəzəb və qəddarlıqdan qaynaqlanırdı”.

Ali Məqamlı Rəhbər İslamdan əvvəlki cahiliyyətin müasir dövrdə də həmin iki əsas, yəni şəhvət və qəzəb üzərində yenidən meydana gəldiyini bildirərək dedi: “Bu gün də məntiqsiz və azğın şəhvətin, heç bir sərhəd tanımayan qəddarlıq və qırğınların şahidi oluruq. Bir fərqlə: bugünkü cahiliyyət, çox təəssüflər olsun ki, elmlə silahlanıb və daha təhlükəlidir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Əlbəttə ki, bunun qarşılığında İslam da daha hazırlıqlı bir vəziyyətdədir və onun möhtəşəm gücü  cürbəcür vasitələrin köməyi ilə dünyada daha da genişlənib. Uğura olan ümid də daha yüksəkdir, amma uğur qazanmaq üçün gözüaçıqlıq, əzm və təpər şərtdir”.

Həzrət Ayətullah Xamenei müsəlman ölkələrində hazırda hökm sürən vəziyyətin, region ölkələrindəki qeyri-sabitliyin, qardaş qırğınlarının, terrorçu qruplaşmaların ağalığının Amerika başda olmaqla imperialistlərin planlarının nəticəsi olan modern cahiliyyətə nümunə olduğunu qeyd edərək dedi: “Onlar öz məşum hədəflərini həyata keçirmək və mənafelərini qorumaq üçün yalana əsaslanan geniş təbliğatdan da istifadə edirlər. Amerikanın terrorizmə qarşı mübarizə iddiaları buna bariz nümunədir”.

O, əlavə etdi: “Amerikalılar İŞİD kimi ən təhlükəli terror qruplaşmalarını yaratdıqlarını öz dilləri ilə etiraf etdikləri halda, terrorizmə qarşı mübarizə iddiasındadırlar. Onlar Suriyadakı terrorçuları və onların havadarlarını rəsmən himayə edirlər, Qəzzada və İordan çayının qərb sahilində fələstinliləri təzyiqə məruz qoyan qondarma İsrail rejimini himayə edirlər, amma şüarlarında yalandan terrorla mübarizə iddiaları səsləndirirlər. Modern cahiliyyət bax budur”.

Ali Məqamlı Rəhbər üzünü bütün müsəlman ölkələrinə tutaraq dedi: “İran xalqı, böyük İslam ümməti, müsəlman ölkələrinin başında duran rəsmilər, bilin ki, biz bu cahiliyyətin qarşısında dura bilərik”.

“Hazırkı şəraitdə imperializmin regionda izlədiyi çirkin hədəflərin əsas mehvərini vasitəli müharibələrin yaradılması təşkil edir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Onlar öz mənafeyini qorumaq, silah istehsal edən şirkətlərin cibini doldurmaq dərdindədirlər. Ona görə də region ölkələri bu siyasətlərin qurbanına çevrilməmək üçün sayıq olmalıdırlar”.

Fars Körfəzi regionunda təhlükəsizliyin təmin edilməsinin Amerikanın daha bir yalan iddiası olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Fars Körfəzinin təhlükəsizliyi Amerikaya yox, bu regionun müştərək mənafeyə malik olan ölkələrinə aiddir. Odur ki Fars Körfəzində təhlükəsizlik bu regionda yerləşən ölkələrin vasitəçiliyi ilə təmin olunmalıdır”.

Ali Məqamlı Rəhbər Amerikanın Fars Körfəzində təhlükəsizliyi təmin etmək niyyəti izləmədiyini və bu barədə fikir bildirmək səlahiyyətinə malik olmadığını qeyd edərək dedi: “Fars Körfəzi regionunda təhlükəsizlik təmin olunsa, regionun bütün ölkələri bu təhlükəsizlikdən bəhrələnəcək. Yox əgər Fars Körfəzində sabitlik və təhlükəsizlik pozulsa, bu, regiondakı bütün ölkələrə öz təsirini göstərəcək”.

“Yəməndəki acınacaqlı olaylar Amerikanın regionda təhlükəsizliyi qorumaq niyyətində olması ilə bağlı iddialarının yalan olduğuna daha bir sübutdur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün Yəmən günahsız qadın və uşaqların qətlə yetirildiyi bir meydana çevrilib. Bu qırğının icraçısı zahirən müsəlman olan ölkələrdir, əslində isə planı cızan və bütün bunları törədən Amerikadır”.

Ali Məqamlı Rəhbər Amerikanın başqa bir yalan iddiasına – İranın terroru himayə etməsi fikrinə toxunaraq dedi: “Amerikanın maliyyəsi və himayəsi ilə ölkəsində baş qaldırmış terrora qarşı qətiyyətlə mübarizə aparmış İran xalqı bütün bunlardan sonra terroru himayə etməkdə ittiham olunur. Halbuki terrorizmi açıq-aşkar himayə edən elə Amerikadır”.

“İran xalqı terrora və terroru himayə etməyə daim qarşı olub və olacaq” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı İraq, Suriya, Livan və işğal olunmuş digər ölkələrdə ən təhlükəli terrorçulara və terrorçu sionistlərə qarşı mübarizə aparan hər kəslə əməkdaşlıq edəcək”.

Amerikanın törətdiyi terrorçu əməlləri bir daha xatırladan Ali Məqamlı Rəhbər Amerika rəsmilərinə xitabən aşağıdakıları dedi: “Terrorçu sizsiniz, terror hərəkətləri sizə aiddir. Biz isə terrorun əleyhinəyik, onunla mübarizə aparacaq və kimliyindən asılı olmayaraq hər məzlumu müdafiə edəcəyik”.

Ali Məqamlı Rəhbər Yəmən, Bəhreyn və Fələstin xalqlarının məzlum xalqlardan olduğunu bildirərək dedi: “İslamın gəldiyi ilkin dövrlərdə Məkkə müşrikləri haram ayda müharibəni dayandırdıqları halda, bu gün haram ay sayılan rəcəb ayında Yəməndə günahsız əhalinin başına raket və mərmilər yağdırılır”.

Məzlumu müdafiə etməyin İslam dininin açıq-aydın göstərişlərindən olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz bacardığımız qədər məzlumu müdafiə edəcək və zalıma qarşı mübarizə aparacağıq”.

Həzrət Ayətullah Xamenei region ölkələrini imperialistlərin uydurma bir düşmən düzəltməklə onları bir-birindən qorxutmaq siyasətinə qarşı sayıq olmağa çağıraraq dedi: “Onlar əsl düşməndən – yəni imperialistlərdən, onların əlaltılarından və sionistlərdən diqqəti yayındırıb, müsəlman ölkələrini bir-birinə qarşı qoymaq istəyirlər. Odur ki elə modern cahiliyyət olan bu siyasətə qarşı mübarizə aparmaq lazımdır”.

“Region xalqları artıq oyanıb” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İslami oyanışı bir müddətlik əzib susdurmaq olar, amma oyanış və gözüaçıqlıq sıxışdırıb əzməklə məhv olub aradan gedəsi bir şey deyil. Bu gün İran xalqı və region ölkələrinin çoxu sayıq və məlumatlıdır”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “İmperialist dövlətlər uzun illərdir ki, regionda oyanış və müqaviməti əzib məhv etməyə çalışırlar və ötən 35 ildə bu oyanışın mehvəri olaraq İslam Respublikasına qarşı əllərindən gələni ediblər, amma həmişə uğursuzluğa düçar olublar və bundan sonra da belə olacaq”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani iştirakçıları Məbəs bayramı münasibəti ilə təbrik edərək bildirdi ki, İslam peyğəmbərinin (s) besəti insanlığın yenidən dirçəlişi, imanlı insanlar üçün yeni bir dövrün başlanğıcı deməkdir. O, əlavə etdi: “Besətin təlimlərinə görə, xoşbəxt gələcəyi, ədalətli cəmiyyəti qılınc, güllə və uca saraylar sayəsində yox, haqq və ilahi vəhy sayəsində qurmaq olar”.

Peyğəmbərin (s) insanlar üçün gətirdiyi şəriətin hikmət, ədalət və gözəl, mükəmməl əxlaqi keyfiyyətlərdən ibarət olduğunu deyən cənab Ruhani aşağıdakıları vurğuladı: “Qəddarlıq və aqresiyanın İslam şəriətinə heç bir aidiyyəti yoxdur və şəriəti aqresiya ilə yanaşı qoymaq istəyənlər şəriətdən heç nə anlamayıblar”.

Müsəlmanlar arasında konfliktlərin və iranafobiyanın genişləndirildiyinə toxunan cənab Ruhani İranın əvvəldən bəri sülh, ədalət, başqalarına yardım etmək, zülm və hegemonluğa qarşı müqavimət göstərmək niyyətində olduğunu,  zülmə və haqsız tələblərə boyun əyməyəcəyini bildirərək dedi: “İran heç bir ölkəyə təcavüz etməyib və etməyəcək, amma əgər təcavüzə məruz qalsa, cavabı 8 illik Müqəddəs Müdafiə kimi peşmanedici olacaq”.

“İran öz qanuni haqlarından başqa heç nə istəmir” – deyən Ali Məqamlı Rəhbər regiondakı qonşu müsəlman ölkələrinə xitabən aşağıdakıları vurğuladı: “Peyğəmbərin (s) və Quranın düşərgəsinə pənah aparın, Kemp-Devidə sarı getməyin, çünki sizin xilaskarınız yalnız İslamın və Həzrət Peyğəmbərin düşərgəsi ola bilər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /