Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər İraq Respublikasının prezidenti ilə görüşdü

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günortadan sonra İraq Respublikasının prezidenti cənab Fuad Məsum və onu müşayiət edən nümayəndə heyəti ilə keçirdiyi görüşdə müsəlman ərəb ölkələri içərisində İraqın çox mühüm və nüfuzlu bir dövlət olduğunu qeyd etdi. O, Yəmən və Suriya da daxil olmaqla regionda yaranmış təəssüfləndirici vəziyyətə toxunaraq aşağıdakıları vurğuladı: “İraqın mühüm mövqeyini nəzərə alaraq demək olar ki, bu ölkə, heç şübhəsiz, regionda gedən proseslərə təsir göstərə bilər və bu potensialdan əvvəlkindən də artıq istifadə etmək lazımdır”.

İranla İraq arasında çox dərin qardaşlıq münasibətlərinin mövcud olduğunu deyən Həzrət Ayətullah Xamenei bu əlaqələrin günü-gündən daha da genişlənməsini alqışladığını bildirərək aşağıdakıları vurğuladı: “Ötən illərlə müqayisədə hazırda İranla İraq arasında münasibətlər əvvəllər heç bir zaman görünməmiş səviyyədədir. İraqlı qardaşlarımızın müdriklik və uzaqgörənliyindən xəbər verən bu proses eynilə davam etdirilməlidir”.

“İran İslam Respublikası İraqın inkişafı və sabitliyi üçün hər cür kömək göstərməyə hazırdır” – deyən Ali Məqamlı Rəhbər cənab Fuad Məsumun iki ölkə arasındakı əlaqələr, habelə regionda və İraqda mövcud olan vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin dəqiq və hərtərəfli olduğunu bildirərək dedi: “Müsəlman ərəb ölkələri içində İraq özünəməxsus üstünlükləri olan bir neçə mühüm ölkədən biridir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İraqda xalqın seçimi əsasında sabit bir dövlətin bərqərar olunması ərəb ölkələri arasında bu ölkənin misilsiz üstünlüklərindən biridir. O həmçinin vurğuladı: “İraq rəsmiləri və ölkədəki müxtəlif qruplar bu böyük üstünlüyü göz bəbəyi kimi qorumalı, bəzi mümkün ixtilafların İraq xalqının bu tarixi nailiyyətinə xələl gətirməsinə imkan verməməlidirlər”.

Ali Məqamlı Rəhbər İraqın ərəb dünyasında da böyük təsir gücünə malik olduğunu bildirərək dedi: “Bu gün regionumuz və İslam dünyası Fələstin məsələsi, Şimali Afrikada baş verən hadisələr, Suriya və Yəməndə gedən müharibələr kimi təəssüfləndirici və həqiqətən, acınacaqlı olaylara şahiddir. İraq, sözsüz ki, bu problemlərin həllinə təsir göstərə bilər”.

İslam düşmənlərinin Suriya üçün cızdıqları planların olduqca təhlükəli olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar Suriyada asayiş və təhlükəsizliyi uzun müddətə pozmaq və bu yolla bütün regionda qeyri-sabitlik yaratmaq istəyirlər”.

“Bəzi ərəb ölkələri Suriya ilə bağlı çox dağıdıcı planlar qururlar” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onların bu planları nəinki təkcə Suriyanı, elə öz ölkələrini də viran qoyacaq”.

Suriyada sabitliyin yenidən bərqərar edilməsi və qorunmasının ən önəmli məqsəd olduğunu bildirən Ali Məqamlı Rəhbər İraq prezidentinin İŞİD-in Suriyada törətdiyi terrorçu əməllər və bunun İraq və regiona təsiri ilə bağlı səsləndirdiyi fikirlərə toxunaraq aşağıdakıları vurğuladı: “Suriyada müxtəlif adlar altında çoxsaylı təkfirçi-terrorçu qruplaşmaların mövcudluğu, əslində, İsrailin və regiona öz iradəsini diktə edə bilmək üçün burada sabitliyin pozulmasını istəyənlərin xeyrinədir”.

Söhbətinin davamında Ali Məqamlı Rəhbər Yəməndə baş verən acınacaqlı hadisələrə toxunaraq aşağıdakıları vurğuladı: “Səudiyyə hökuməti Yəməndə böyük bir səhvə yol verib. Onların yol verdiyi cinayətin nəticələri, sözsüz ki, elə özlərinə zərbə vuracaq”.

“Ən qısa zamanda Yəməndə məzlum əhalinin qətlinə son qoyulmalıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Yəməndə baş verənlər göstərir ki, Səudiyyə hökuməti Yəmənlə bağlı müdriklikdən uzaq, cahil bir təfəkkür əsasında qərar çıxarır”.

Ali Məqamlı Rəhbər Yəmənə hücum edən Səudiyyə hökumətinin ağlasığmaz arqumentlər gətirdiyini qeyd edərək dedi: “Onlar ən həssas anda öz ölkəsinə xəyanət edərək qaçmış keçmiş Yəmən prezidentinin yenidən hakimiyyətə gətirilməsi bəhanəsi ilə bu ölkəyə hücum etmişlər”.

“İraqın bu olaylara münasibət bildirməsi və problemin çözümündə rol oynaması mühümdür” – deyən Həzrət Ayətullah Xamenei İraqın gələcəyinə çox optimist yanaşdığını, İraq dövlətinin silahlı qüvvələrlə yanaşı, xalqın gücündən də istifadə etməsini, xalqın ictimai-siyasi proseslərdə iştirakını təmin etməsini yüksək dəyərləndirdiyini qeyd etdi.

O həmçinin dedi: “Hər bir İraq gənci münasib şəraitdə müxtəlif meydanlarda diqqətəlayiq rol oynamağa qadir olan potensial qəhrəmandır. Biz bunu İranda görüb təcrübə qazanmışıq”.

Ali Məqamlı Rəhbər həmçinin İraqın keçmiş prezidenti cənab Cəlal Talibaninin səhhəti ilə də maraqlanaraq Allah-taaladan ona şəfa dilədi.

Ölkə prezidenti cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə İraq prezidenti cənab Fuad Məsum Ali Məqamlı Rəhbərlə görüşündən son dərəcə məmnun olduğunu bildirərək dedi: “İnanıram ki, Siz həm İslam İnqilabının Rəhbəri, həm də böyük din alimi olaraq, İranla İraq arasında münasibətlərin əvvəlkindən də çox genişləndirilməsinə, həmçinin İraqda mövcud olan problem və çətinliklərin həllinə hər iki aspektdən yardımçı ola biləcəksiniz”.

Cənab Fuad Məsum İraq hökuməti və xalqının İŞİD-in bu ölkəyə hücumu zamanı, ən çətin anlarda İslam Respublikasının İraqa göstərdiyi yardımları heç vaxt unutmayacaqlarını bildlirərək dedi: “İŞİD-in İraq və ya Suriyada olmasının heç bir fərqi yoxdur, çünki o, bütün region üçün təhlükə kəsb edir”.

İran prezidenti cənab Ruhani ilə aralarında çox gözəl danışıqların baş tutduğunu qeyd edən cənab Məsum aparılan söhbətlərin iki ölkə arasında əməkdaşlıqların getdikcə daha da genişlənməsi üçün zəmin yaradacağına ümidvar olduğunu bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /