Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müəllimlərin məişət rifahına önəm verilməzsə, düşmən bundan sui-istifadə edəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Təhsil Naziri, təhsil sahəsinin rəsmiləri və ölkənin müxtəlif bölgələrində çalışan müəllimlərdən böyük bir qrupu ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə təlim-tərbiyənin cəmiyyətdəki əvəzsiz yerindən, müəlimlərin imanlı, bilikli, ziyalı, özünəinamlı, optimist bir gənc nəslin yetişdirilməsində olduqca mühüm və effektiv rola malik olmasından danışaraq bildirdi ki, belə ali hədəflərin gerçəkləşməsi “Təhsil sistemində əsaslı dəyişikliklər haqqında dövlət sənədi”nin tam və hərtərəfli icrasından asılıdır. O həmçinin vurğuladı: “Hökumət rəsmiləri, xüsusilə də maliyyə məsələlərinə cavabdeh olan vəzifəli şəxslər təhsilə, müəllimlərin məişət problemlərinə digər qurumlardan daha yüksək, özəl münasibət göstərməli və bilməlidirlər ki, bu sahəyə xərclənən istənilən maliyyə vəsaiti gələcəyə qoyulan investisiyadır və əlavə dəyərin istehsalı ilə nəticələnəcəkdir”.

Ali Məqamlı Rəhbər həmçinin nüvə danışıqları hələ davam etdiyi halda, Amerika rəsmilərinin səsləndirdikləri son təhdidlərə də toxunaraq dedi: “Mən təhdid edilən halda danışıqlar aparmağın əleyhinəyəm. Ölkəmizin xarici siyasət rəsmiləri, danışıqlarda iştirak edən diplomatlar qırmızı xətlərə, əsas prinsiplərə diqqətlə riayət etməli, danışıqları davam etdirməklə yanaşı, İran xalqının əzəmət və nüfuzunu da qorumalı, heç bir məcburiyyətə, zorakılığa, təhqir və təhdidə boyun əyməməlidirlər”.

Çıxışının əvvəlində Şəhid Ayətullah Mütəhhərinin xatirəsini ehtiramla yad edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, onun ən mühüm xüsusiyyəti ixlaslı, yorulmaq bilmədən çalışan bir müəllim olması idi. Ali Məqamlı Rəhbər ölkənin gələcəyinin qurulmasında təlim-tərbiyənin əvəzsiz roluna toxunaraq dedi: “Təlim-tərbiyə prosesində müəllimlər şagirdlərin, ölkənin gələcək nəslinin mənəvi və intellektual cəhətdən bir şəxsiyyət kimi formalaşmasında ən başlıca və effektiv rola malikdirlər. Belə ki hətta valideynləri, böyüdükləri ətraf mühit belə, şagirdlərə bu qədər təsir göstərmir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Təlim-tərbiyənin, müəllimlərin ölkənin gələcəyində oynadığı rolu nəzərə alaraq demək olar ki, bu sahə üçün çəkilən istənilən xərc, əslində, sərmayə qoyuluşudur”.

Təhsilin iqtisadiyyatı ilə bağlı proqramlar hazırlayarkən məhz bu yanaşmanı rəhbər tutmaq lazım olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei görkəmli şəxsiyyətlərin, dahi insanların yetişməsində müəllimlərin payı və roluna toxunaraq dedi: “Müəllimlərin vəzifəsi imanlı, bilikli, özünəinamlı, gələcəyə optimist yanaşan, yüksək ruhlu, ziyalı, iradəli, fiziki və mənəvi cəhətdən sağlam bir gənc nəsil yetişdirməkdir”.

Ali Məqamlı Rəhbər həmçinin əlavə etdi: “Müəllimlərin vəzifəsi, əslində, daha ali bir cəmiyyət formalaşdırmaqdan ibarətdir ki, bu da peyğəmbərlərin missiyası olan öyrətmək və islah etmək missiyasının davamıdır”.

Müəllimlərin həqiqi missiyasının gerçəkləşməsi üçün müəyyən şərtlər tələb olunduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Bu şərtlərdən biri müəllimlərin məişət rifahına diqqət yetirilməsidir. Məhdudiyyətlərə baxmayaraq, hökumət rəsmiləri, xüsusilə də maliyyə məsələləri ilə məşğul olan vəzifəli şəxslər təhsil sahəsinə və müəllimlərə müstəsna şəkildə yanaşmalı, onların rifahının yüksəldilməsini öz prioritet işləri sırasına daxil etməlidirlər”.

“Müəllimlərin məişət rifahına önəm verilməzsə, düşmən bundan sui-istifadə edəcək” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bizim müəllimlərimiz mömin, nəcib və sayıq insanlardır. Onlar düşmənlərin, İslam dövlətinə kin bəsləyən qüvvələrin müəllimlərin məişət problemlərini bəhanə edərək fitnəkar, qərəzli və siyasi şüarlar səsləndirməklə məkrli planlar qurduqlarını, İslam dövləti üçün problem yaratmağa çalışdıqlarını yaxşı anlayırlar”.

Ali Məqamlı Rəhbər pedaqoji işçilərin cəlb və inkişaf etdirilməsi baxımından Maarifçilər Universiteti məsələsinin də olduqca mühüm əhəmiyyət kəsb etdiyini deyərək aşağıdakıları vurğuladı: “Bu universitetlərdə bütün proseslər, xüsusilə də müəllimlərin seçimi üçün müəyyən edilən kriteri və meyarlar, dərslərin məzmunu, professor-müəllim heyətinin və elmi şuraya üzvlərin seçilməsi şəffaf şəkildə, İslam İnqilabının və dinimizin dəyər və meyarlarına uyğun şəkildə həyata keçirilməlidir”.

Ali Məqamlı Rəhbər “Təhsil sistemində əsaslı dəyişikliklər haqqında dövlət sənədi”nə, bu sənədin yüksək ixtisaslı ekspert və mütəxəssislər tərəfindən müsbət qarşılandığına toxunaraq dedi: “Bu sənədin gözlənilən nəticəni verməsi üçün onun bütün maddələri tam və hərtərəfli surətdə icra olunmalıdır. “Təhsil sistemində əsaslı dəyişikliklər haqqında sənəd”in bir hissəsi həyata keçirilib, digər bir hissəsi diqqətdən kənarda qalarsa, bu sənəd effekt verməyəcək və heç bir dəyişiklik olmayacaq”.

Ali Məqamlı Rəhbər bütün təhsil işçilərini və müəllimləri sözügedən sənədin tələbləri ilə tanış etmək lazım olduğunu vurğulayaraq dedi: “Bu məsələdə media qurumları, xüsusilə də “Səda və sima” Dövlət Teleradiosu Təhsil Nazirliyinin köməyinə çatmalıdır”.

“Başlıca siyasətlər əsasında, inşallah, işlənib hazırlanacaq 6-cı inkişaf proqramının imkanlarından istifadə etmək, bu proqramda təhsil sistemində əsaslı dəyişikliklərin həyata keçirilməsinə xüsusi yanaşmanı təmin etmək vacibdir” – deyən Həzrət Ayətullah Xamenei təhsil sahəsində çalışan rəsmilərə xitabən dedi: “Diqqətli olun ki, təhsil sistemində əsaslı dəyişikliklərin yerini səthi, gündəlik plan və tədbirlər tutmasın”.

Ölkədə təhsil sahəsində əsaslı dəyişikliklərin həyata keçirilməsi üçün əlverişli şərait olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Sevindirici haldır ki, bu gün ölkəmizdə asayiş və təhlükəsizlik hökm sürür, hökumət rəsmiləri canıyananlıqla işləyirlər. Belə bir şəraitdə təhsilin keyfiyyətini yüksəldib tələb olunan səviyyəyə çatdırmaq üçün münbit zəmin vardır”

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər müəllimləri bir daha yüksək dəyərləndirdiyini qeyd edərək dedi: “Mən buradan ölkəmizin bütün müəllimlərinə salam göndərirəm”.

Ali Məqamlı Rəhbər çıxışının ikinci hissəsini Amerika rəsmilərinin son vaxtlar danışıqlar davam etdiyi bir vaxtda İran xalqına qarşı sərgilədiyi münasibətə həsr edərək mühüm məqamlara toxundu.

O, əvvəlcə inkaredilməz bir həqiqətə toxunaraq aşağıdakıları vurğuladı: “Ötən 35 il ərzində İslam dövlətinin düşmənləri İran xalqını və İslam Respublikasını daim bol-bol tənqid atəşinə tutub pisləsələr də, həmişə onun əzəmət və heybətini dərk etmişlər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bu əzəmət və heybət qorxunc yox, realdır. Çünki 70 milyondan çox əhalisi olan böyük İranın dərin və köklü tarixi-mədəni keçmişi, xalqlara örnək olacaq əzm və şücaəti vardır”.

“Bu xalq həmişə öz qürur və heysiyyətini qoruyub” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “8 il davam edən Müqəddəs Müdafiədə dünyanın bütün güclü dövlətləri bu xalqı diz çökdürməyə çalışdılar, amma bunu bacarmadılar. Odur ki bu əzəmət və heybəti qorumaq lazımdır”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Müxtəlif ölkələrin bir çox siyasi liderlərinin gizli və aşkar etiraf etdikləri kimi, İran xalqına qarşı hazırda tətbiq olunan sanksiya və təzyiqlər istənilən başqa ölkəyə tətbiq olunsaydı, həmin ölkə çökərdi. İran İslam Respublikası isə mətin və möhkəm duraraq müqavimət göstərir”.

O, əlavə etdi: “Bunlar kiçik məsələlər deyil, amma dünyada aparılan təbliğat həmişə müxtəlif ölkələrin xalqlarının İrandakı reallıqlar haqda məlumatsız qalmasına çalışır. Buna baxmayaraq, əksər xalqlar da reallıqların nədən ibarət olduğunu bilir, dünyanın siyasi rəsmiləri də dilə gətirib deməsələr, başqa cür danışsalar da, həmin reallıqlardan yaxşı xəbərdardır.”

Ali Məqamlı Rəhbər bu girişdən sonra üzünü ölkə rəsmilərinə, xüsusilə də xarici siyasətin aparıcı simalarına, həmçinin ictimaiyyət içərisindəki tanınmış insanlara tutaraq dedi: “Bilin ki, əgər bir xalq yadelillər qarşısında öz əzəmət və heysiyyətini qoruya bilmirsə, heç şübhəsiz, alçalacaq. Odur ki millətin qürur və heysiyyətinin qədrini bilmək lazımdır”.

Həzrət Ayətullah Xamenei nüvə danışıqları hələ davam etdiyi halda, son günlər ərzində iki Amerika rəsmisinin İrana qarşı hərbi hücum təhdidləri səsləndirdiyini xatırladaraq dedi: “Təhdid atmosferində danışıqlar aparmağın heç bir mənası yoxdur. İran xalqı təhdid kölgəsi altında kiminləsə nəyisə müzakirə etməyə dözməyəcək”.

Ali Məqamlı Rəhbər bir daha son günlərdə Amerika rəsmilərinin “əgər şərait filan cür olsa, biz hərbi hücum edəcəyik” kimi bəyanatlar səsləndirdiklərinə toxunaraq bu ölkənin dövlət nümayəndələrinə xitabən aşağıdakıları vurğuladı: “Əvvəla, qələt edərsiniz, ikincisi isə, əvvəlki Amerika prezidentinin dövründə də dediyim kimi, özbaşınalıq dövrü qurtarıb və İran xalqı ona hücum etmək fikrinə düşən heç bir kəsə qurtuluş verməyəcək”.

Hər kəsin, özəlliklə də danışıqlarda təmsil olunan rəsmilərin bu mövzuya diqqət yetirməli olduqlarını bir daha vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Nüvə danışıqlarında iştirak edən rəsmilər əsas hüdudları və qırmızı xətləri daim nəzərə almalıdırlar və inşallah ki, bu xətlərdən keçməyəcəklər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Danışıqlar gedə-gedə qarşı tərəfin durmadan təhdidlər etməsi qəbuledilməzdir”.

O, əlavə etdi: “Amerikalıların bu müzakirələrə ehtiyacı bizdən çox deyilsə də, heç bizdən az da deyil. Biz danışıqların müsbət nəticə verməsini və sanksiyaların ortadan qaldırılmasını istəyirik, amma bu o demək deyil ki, sanksiyalar qalxmasa, biz ölkəni idarə edə bilməyəcəyik”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Bu gün ölkə daxilində hər kəsə sübut olunub ki, ölkənin iqtisadi problemlərinin həlli sanksiyaların ləğvindən asılı deyil və bu problemlər bizim öz iradəmiz, tədbirliliyimiz və imkanlarımız hesabına həll olunmalıdır – istər sanksiyalar olsun, istərsə də olmasın”.

Həzrət Ayətullah Xamenei dedi: “Əlbəttə, əgər sanksiyalar olmasa, ola bilsin, problemlər daha rahatlıqla həll olunar, amma sanksiyalar davam etdiyi şəraitdə də problemlərin həlli mümkündür”.

İslam Respublikasının nüvə danışıqlarına münasibətdə məhz belə bir mövqe tutduğunu deyən Ali Məqamlı Rəhbər ABŞ-ın bu müzakirələrə çox böyük ehtiyac hiss etdiyini aşağıdakı arqumentlə əsaslandırdı: “Onlar öz fəaliyyət tarixçələrinə mühüm bir məqamı artırıb, “Biz İranı danışıqlar masasına oturdub bəzi mövzuları ona zorla qəbul etdirdik!” deyə bilmək üçün bu danışıqlara kəskin ehtiyac duyurlar”.

Həzrət Ayətullah Xamenei bir daha vurğuladı: “Biz təhdid atmosferi altında keçən danışıqlara razı deyilik”.

O, üzünü danışıqlarda iştirak edən komandaya tutaraq dedi: “Əsas sərhədləri gözləmək şərti ilə danışıqları davam etdirin. Bu çərçivədə hansısa razılaşmaya getməyinizin də eybi yoxdur, amma heç bir vəchlə məcburiyyətə, zorakılığa, təhdid və təhqirə boyun əyməyin”.

Bu gün ABŞ-ın dünyada ən nüfuzsuz dövlət olduğunu deyən Ali Məqamlı Rəhbər qeyd etdi ki, bunun səbəblərindən biri də Amerikanın Səudiyyə dövlətinin cinyətlərini açıq-aşkar himayə etməsidir. O həmçinin dedi: “Səudiyyə dövləti heç bir açıqlama vermədən, təkcə Yəmən xalqının hansısa şəxsin hakimiyyətini qəbul etməməsi bəhanəsi ilə bu ölkədə günahsız insanları qırır, qadın və uşaqları qətlə yetirir. Amerikalılar isə bu böyük cinayətə havadarlıq edirlər”.

Amerikanın region xalqları arasında heç bir nüfuzu olmadığını vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar Yəmən əhalisinin qətlə yetirilməsini xəcalət çəkmədən himayə edirlər, amma Yəmən əhalisinə tibbi ləvazimat və ərzaq çatdırmaq istəyən İranı bu ölkənin işlərinə müdaxilə etməkdə və oraya silah ötürməkdə ittiham edirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Mübariz və inqilabçı Yəmən əhalisinin silaha ehtiyacı yoxdur, çünki hər cür hərbi obyekt və bazaları var. Onlar sizin yaratdığınız blokada ucbatından humanitar yardıma – tibbi ləvazimat, ərzaq və enerjiyə möhtacdırlar, amma siz hətta Qızıl Ayparanın da ora daxil olmasına imkan vermirsiniz”.

“İran xalqının seçdiyi yol mətin, sarsılmaz və gözəl aqibətli bir yoldur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allahın köməyi ilə, bu yol düşmənə göz dağı olaraq bizi arzuolunan nəticələrə çatdıracaq və hər kəs düşmənlərin İran xalqı ilə bağlı məşum planlarını həyata keçirməyə müvəffəq olmadıqlarını görəcək”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Təhsil Naziri cənab Fani şəhid Rəcayi, Bahonər və Mütəhhərinin xatirələrini ehtiramla yad edərək ölkədə qeyd olunan Müəllimlər Həftəsi münasibəti ilə təhsil işçilərini təbrik etdi. O dedi: “Təhsil Nazirliyinin yeni fəaliyyət dövründə həyata keçirdiyi tədbirlər sırasında “Təhsil sistemində əsaslı dəyişikliklər haqqında sənəd”in yol xəritəsinin hazırlanmasını, icraiyyə komitəsinin yaradılmasını, “Nur yolçuları” məktəbli ekskursiya qruplarının sayının artırılmasını, məktəblərdə Qurani-Kərimin məzmununun əzbərlənməsi kurslarının keçilməsini, iranlı-müsəlman həyat tərzinin öyrənilməsi məqsədi ilə təlim-tərbiyə qruplarının sayının artırılmasını, “təhsil, mənəvi tərbiyə və idman” prinsipləri əsasında məktəblərdə idman olimpiadalarının keçirilməsini, yoxsul regionlardakı məktəblilərə xüsusi diqqət ayrılmasını, tədris proqramında müqavimət iqtisadiyyatının siyasətlərinə və demoqrafik siyasətə uyğun olaraq dəyişikliklər edilməsini, yeni məktəblərin inşasına maraq göstərən xeyriyyəçilərin fəaliyyətinə rəvac verilməsini və müəllimlərin bacarıqlarının təkmilləşdirilməsini qeyd etmək olar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /