Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Həzrət Əmirəlmöminin Əlinin (ə) mövludu münasibəti ilə bir qrup məhkumun əfvinə razılıq verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin Həzrət Əmirəlmöminin Əlinin (ə) mövludu münasibəti ilə, barələrində çıxarılmış hökm 12.02.1394-cü il tarixinə qədər qüvvəyə minmiş, habelə əfv kriterilərinə cavab verən bir qrup məhkumun cəzasının əfv edilməsi və ya yüngülləşdirilməsi təklifini müsbət cavablandırdı.

Ayətullah Amoli Laricaninin məktubunun və Ali Məqamlı Rəhbərin bu məktuba verdiyi cavabın mətni aşağıdakından ibarətdir:

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin mübarək məhzərinə,

İlk öncə Sizə böyük ehtiramımı, salamlarımı və salamatlıq diləklərimi bildirir, Sizi 13 rəcəb – Həzrət Əmirəlmöminin Əlinin (ə) mübarək mövludu münasibəti ilə təbrik edirəm.

İran İslam Respublikası Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndini rəhbər tutaraq, Sizə bir qrup məhkumun cəzasının əfvi üçün şərt və kriteriləri təqdim edirəm. Cənabınız tərəfindən təsdiq olunacağı təqdirdə, hazırkı əfv təqdimatına əsasən, Ümumi və İnqilab Məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş, barələrində çıxarılmış hökm 12.02.1394-cü il tarixinə qədər qüvvəyə minmiş, aşağıda göstərilən əfv kriterilərinə cavab verən məhkumların cəzası əfv ediləcək və ya yüngülləşdiriləcək və onlar islami mərhəmətdən bəhrələnəcəklər.

a) Azadlıqdan məhrum edilmiş məhkumlar:

1. Bir ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2. Bir ildən beş ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının 2/3-si;

3. Beş ildən on beş ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının 1/2-i;

4. On beş ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum edilmiş, cəzasının ən azı 1 ilini çəkmiş şəxslərin cəzasının ½-i;

5. 20 ildən artıq müddətə azadlıqdan məhrume dilmiş və cəzasının ən azı 5 ilini çəkmiş şəxslərin cəzasının ½-i;

6. Ömürlük həbs cəzasına məhkum edilmiş və bu günə qədər cəzasının ən azı 15 ilini çəkmiş məhkumların cəzasının qalan hissəsi.

7. İslami Cəzalar Məcəlləsinin 718 və 719-cu maddələrində qeyd olunmuş hallar (02.03.1375-ci ildə təsdiqlənmiş həbs cəza və sanksiyaları) istisna olunmaqla, qəsdən cinayət törətməmiş bütün şəxslərin cəzasının qalan hissəsi;

8. 10 ilə qədər müddətə azadlıqdan məhrum edilmiş, Qəyyumluq Haqqında Qanuna əsasən, övladlarının himayəsi öhdəsində olan qadın məhkumların cəzasının qalan hissəsi;

9. Ağır xəstəliyi olan, yaxud sağalmaz infeksion xəstəliyə tutulmuş məhkumların cəzasının qalan hissəsi; Həmin məhkumların xəstəlik dərəcəsi və cəzaçəkmə müəssisələrində qalmaq iqtidarında olmadıqları 31.04.1394-cü il tarixinə qədər Məhkəmə Tibbi Komissiyası tərəfindən təsdiq olunmalıdır. Aydındır ki, Ümumi və İnqilab Məhkəmələri Cinayət Prosessual Məcəlləsinin 291-ci maddəsinin icrası istiqamətində məhkəmələrin gördüyü tədbirlər hazırkı əfvin tətbiqi üçün maneə deyil.

10. Şəxsiyyətini təsdiq edən sənədə əsasən, yaşı 18-dən aşağı olan (cinayət törətdiyi vaxt), bir ilə qədər müddətə islah və tərbiyə müəssisələrində saxlanma cəzası almış məhkumların cəzasının qalan, bir ildən artıq müddətə islah və tərbiyə müəssisələrində saxlanma cəzası almış məhkumlarınsa cəzasının 4/5 hissəsi; şəxsiyyətini təsdiq edən etibarlı bir sənədi olmayan xarici ölkə vətəndaşlarının yaşı tibbi komissiyaların rəyi əsasında təsdiq olunmalıdır;

11. Şəxsiyyətini təsdiq edən sənədə əsasən yaşı 65-dən yuxarı olan kişi və yaşı 55-dən yuxarı olan qadın məhkumların cəzasının qalan hissəsi (şəxsiyyətini təsdiq edən etibarlı bir sənədi olmayan xarici ölkə vətəndaşlarının yaşı tibbi komissiyaların rəyi əsasında təsdiq olunmalıdır). Bu bəndin şamil olunduğu məhkumlar 1 ildən artıq həbs cəzasına məhkum edilmiş olduqları təqdirdə cəzalarının ən azı 1/5 hissəsini, ömürlük həbs cəzasının isə ən azı 5 ilini çəkmiş olmalıdırlar;

Qeyd: 8, 9,10 və 11-ci bəndlərin şamil olunduğu məhkumlara həbs cəzasından əlavə, nağd pulla cərimə cəzası da kəsilmişdirsə, hazırkı əfv onların nağd pulla cərimə cəzalarına da aiddir.

b) Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan məhkumlar:

1. 500 milyon riala qədər olan cərimələrə görə həbsə məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2. 500 milyon 1 rialdan 1 milyard riala qədər olan cərimələrə görə həbsdə yatan şəxslərin cəzasının 4/5 hissəsi;

c) Hazırkı əfvin şamil olunma şərtləri:

1. Bundan öncə 2 dəfədən artıq məhkumluğu olmamaq;

2. Həbs, yaxud cəzaçəkmə müəssisəsini icazə əsasında tərk etmə müddətində İslami Cəzalar Məcəlləsinin 01.02.1392-ci ildə təsdiqlənmiş 19-cu maddəsində nəzərdə tutulan 1-5-ci dərəcəli cinayətlərdən birinə təkrarən və qəsdən yol verməmək;

3. Xüsusi bir şikayətçinin olmaması; Belə bir şikayətçi olduğu təqdirdə, onun razılığı alınmalı, yaxud zərərçəkmişə (istər fiziki, istərsə də hüquqi şəxs olsun) dəymiş ziyan 31.04.1394-cü il tarixinə qədər kompensasiya edilməlidir;

4. Hazırkı və əvvəlki məhkumluğu dövründə əfvdən yararlanmamaq;

Qeyd: Qəsdən adam öldürmə istisna olunmaqla, cinayətdə iştirakçılıq halında xüsusi şikayətçinin razılığının alınması tələb olunmur və hazırkı əfvin bu məhkumlara şamil olunması üçün heç bir maneə yoxdur.

d) Hazırkı əfv aşağıda sadalanan cinayətlərə görə həbs cəzasına məhkum edilmiş şəxslərə şamil olunmur:

1. Silahlı, yaxud işgəncə ilə müşayiət olunan soyğunçuluq hallarına görə məhkum olunma, oğurluğa görə 5 ildən artıq həbs cəzasına məhkum olunma;

2. Silahlı, yaxud külli miqdarda narkotik maddə qaçaqmalçılığı (külli miqdarda narkotik maddə qaçaqmalçılığı deyərkən “Narkotik Maddələrlə Mübarizə haqqında qanun”a düzəliş və əlavələrin 5-ci maddəsinin 6-cı, habelə 8-ci maddəsinin 6-cı bəndində qeyd olunmuş cinayətlər nəzərdə tutulur);

3. Silah-sursat qaçaqmalçılığı;

4. Daxili və xarici təhlükəsizliyi pozmağa cəhd;

5. Adam oğurluğu;

6. Kimyəvi maddə ilə fiziki xəsarət yetirmə;

7. Zorlama;

8. Fəsad və əxlaqsızlıq yuvası qurma;

9. Yeyinti, rüşvətxorluq, dələduzluq, qeyri-qanuni yollarla qazanc əldə etmə;

10. Saxta əsginas və qəlp sikkələr hazırlama;

11. Çirkli pulların yuyulması;

12. İqtisadi sistemdə pozuntu yaratmaq;

13. Spirtli içkilərlə bağlı cinayətlər.

Qeyd: Hazırkı əfv yuxarıdakı maddənin 1,2,3,6 və 12-ci bəndlərində göstərilən cinayətlərin iştirakçısı olmuş şəxslərə də şamil olunmur;

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

Sadiq Laricani
7 ordibeheşt 1394
27 aprel 2015


Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizə salamlarımı, salamatlıq diləklərimi və Həzrət Əlinin (ə) mövludu münasibətilə təbriklərimi çatdırır, təklifinizlə razı olduğumu bildirərəm.

Allahın salamı və mərhəməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
13 ordibeheşt 1394
3 may 2015


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /