Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İstehlakçılar ölkənin mənafeyini dərk edərək xarici brend və markalara göz yummalı, daxili məhsuldan istifadə etməlidirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif regionlarından gəlmiş minlərlə fəhlə və zəhmətkeşlə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə daxili istehsalla əlaqəli hökumət qurumlarının, rəsmilərin və digər müxtəlif şəxslərin öhdəsinə düşən vəzifələri açıqlayaraq korrupsiya və qaçaqmalçılıqla real mübarizə aparmaq lazım olduğunu vurğuladı. O dedi: “Xalqın iqtisadi problemlərinin, habelə fəhlə ictimaiyyətinin çətinliklərinin həlli yolu xaricdə yox, daxildədir. Bu yol daxili istehsalı gücləndirmək və rövnəqləndirməkdən ibarətdir”.

Görüş iştirakçılarını Həzrət Əmirəlmöminin Əlinin (ə) və İmam Cavadın (ə) mövlud günləri münasibəti ilə təbrik edən Ali Məqamlı Rəhbər bildirdi ki, fəhlə və zəhmətkeşlərlə görüşməkdə əsas məqsədi əməyə və zəhmətkeş insanlara olan böyük hörmətini ifadə etmək, habelə cəmiyyətin və rəsmilərin gözündə əməyin dəyərini yüksəltməkdir. O dedi: “Peyğəmbərin (s) zəhmətkeş bir insanın əlindən öpməsi yalnız jest yox, ibrətverici bir addımdır”.

Ali Məqamlı Rəhbər son 30 ildə ölkənin fəhlə ictimaiyyətinin daxildən və xaricdən gələn ardıcıl provokasiyalar qarşısında sayıqlıq və ləyaqətlə davrandığını qeyd edərək dedi: “Ölkəmizin fəhlə və zəhmətkeşlər ictimaiyyəti bütün çətinlik və problemlərə dözüb ölkənin inkşafı yolunda durmadan səy göstərməklə, doğrudan da, bir sınaqdan üzüağ çıxdı. Rəsmilər bu fədakarlıq və ləyaqətinə görə zəhmətkeşlərə təşəkkür etmək üçün onların problemlərinin həlli istiqamətində daha artıq çalışmalıdırlar”.

Həzrət Ayətullah Xamenei zəhmətkeşlərin üzləşdiyi problemlərə, o cümlədən işdən çıxarılma, işsizlik, əmək haqlarının gecikdirilməsi və məişət problemlərinə toxunaraq aşağıdakıları vurğuladı: “Bu problemlər danışmaqla həll olunmayacaq. Bunun üçün iş görmək, təşəbbüs göstərmək lazımdır”.

“Ölkədəki problemlərin həllinin və müqavimət iqtisadiyyatının reallaşmasının onurğa sütunu daxili istehsalın gücləndirilməsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəziləri deyirlər ki, sanksiyalar və iqtisadi təzyiqlər şəraitində daxili istehsalın rövnəqlənməsi mümkün deyil. Şübhəsiz, bu zülmkar sanksiyalar problemlərin ortaya çıxmasına təsir göstərib, lakin sanksiya və təzyiqlər, sözsüz ki, daxili istehsalın rövnəqlənməsi üçün göstərilən planlı, təşkilatlanmış və kollektiv səylərin qarşısını ala bilməz”.

Ali Məqamlı Rəhbər sanksiyaların daxili səylərin qarşısında əngəl ola bilmədiyini sübut etmək üçün İranın müdafiə sənayesi, bio-texnologiyalar, bənd salma, nano-texnologiyalar, elmi əsaslı sənaye və nüvə sferalarında qazandığı heyrətamiz nailiyyətlərə toxunaraq dedi: “Sanksiyalar bu sferalardan bəzilərinə daha çox təzyiq göstərib, amma daxili qüvvələrin inkişaf və səyləri qarşısında əngəl ola bilməyib”.

O həmçinin dedi: “Əlbəttə, əgər sanksiyalar olmasaydı, yəqin ki, biz bu sferalardan bəzilərində daha çox uğur qazanardıq. Amma bu da ola bilər ki, o zaman neftdən gələn gəlirlərə arxalanıb, heç bu gün əldə etdiyimiz nailyyətləri də əldə etməzdik”.

“Əsas diqqətin istehsala yönəldilməsi iqtisadi problemlərin həllinə yol açmaqdan əlavə, xalqda qürur və özünəinam hissinin yaranmasına da səbəb olacaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İqtisadiyyat sferası da daxil olmaqla dövlətin daxili strukturunun möhkəmləndirilməsi istənilən mövzuda danışıqlar masasına oturan rəsmilərimizin güclənməsinə səbəb olacaq. Əks təqdirdə isə qarşı tərəf daim cürbəcür şərtlər irəli sürəcək, mövzu ilə əlaqəsi olmayan, havayı sözlər danışacaq”.

Ali Məqamlı Rəhbər bütün səy və diqqəti daxili istehsalın rövnəqləndirilməsinə yönəltməyin nəyə görə vacib olduğunu açıqladıqdan sonra bu böyük milli hədəfin reallaşmasının tələb və zərurətlərindən danışdı.

“İstehsalat sferası ilə əlaqəli bütün qurumların, rəsmilərin və digər amillərin birlik, həmrəylik və qarşılıqlı anlaşma şəraitində fəaliyyəti ölkənin inkişaf yolundan böyük bir maneənin götürülməsi üçün zəmin yarada bilər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Daxili istehsalın güclənməsinin mühüm elementlərindən biri olan daxili investorlar əllərindəki pul və sərmayəni bu sahəyə xərcləsinlər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Qeyri-istehsalat sektorundan, vasitəçilikdən gələn daha artıq gəlirlərdən vaz keçib, daxili istehsalın rövnəqləndirilməsinə baş qoşan bir investor, sözsüz ki, ibadət halındadır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, daxili istehsalın gücləndirilməsində fəhlə və zəhmətkeşlərin payına düşən vəzifə yaxşı və keyfiyyətli məhsullar istehsal etməkdən ibarətdir. O həmçinin əlavə etdi: “İnsaflı istehlakçılar da ölkənin mənafeyini dərk edərək xarici brend və markalara göz yummalı, daxili məhsuldan istifadə etməklə zəhmətkeş həmvətənlərinin yardımına tələsməlidirlər”.

Dövlət qurumlarının çoxluğuna işarə edən Həzrət Ayətullah Xamenei dövlətin ən böyük istehlakçı olduğunu qeyd etdi və Əmək Nazirinə xitabən aşağıdakıları dedi: “İsrar və ciddiyyətlə çalışın ki, hökumət qurumlarında hökmən daxili məhsuldan istifadə olunsun. Dövlət strukturları daxildə analoqu olduğu təqdirdə hər cür irili-xırdalı xarici məhsuldan istifadəni özlərinə haram bilməlidirlər”.

Ali Məqamlı Rəhbər hökumət strukturlarında daxili məhsuldan istifadənin vacibliyi ilə bağlı aşağıdakıları da qeyd etdi: “Dövlət səhlənkarlıq və Allah eləməmiş, sui-istifadə hallarının qarşısını almalıdır”.

Həzrət Ayətullah Xamenei daxili istehsalın gücləndirilməsində digər effektiv amil kimi, qaçaqmalçılıqla qəti və əməli mübarizəni qeyd edərək dedi: “Əlbəttə ki, bəzi məhsulların idxalı özəl sektorun ixtiyarındadır, amma dövlət idxalata nəzarəti həyata keçirib bu prosesi düzgün istiqamətləndirməklə daxili istehsala zərbə dəyməsinə əngəl ola bilər”.

Ali Məqamlı Rəhbər milli istehsalın güclənməsinə təsir göstərə biləcək digər amillər sırasında medianın daxili məhsuldan istifadənin təbliği sahəsində daha geniş və effektiv fəaliyyətini, habelə investisiya fəaliyyətləri ilə bağlı parlament tərəfindən sabit qanunvericiliyin təmin olunmasını qeyd etdi. O, əlavə etdi: “Mədəniyyət sferasında çalışan rəsmilər də elə etməlidirlər ki, tənbəlliyin qınanması, əməksevərliyin təqdir edilməsi cəmiyyətdə ümumi bir mədəni dəyərə çevrilsin”.

Ali Məqamlı Rəhbərin bugünkü çıxışının mühüm bir qismi korrupsiyaya qarşı mübarizəyə həsr olunmuşdu.

Korrupsiyaya qarşı mübarizə ilə bağlı sözdə qalıb reallaşmayan fikirlərin dönə-dönə səsləndirildiyini qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Oğru, oğru” deməklə oğru oğruluğundan əl çəkməyəcək. Onun qarşısını almaq lazımdır”.

O həmçinin dedi: “Hökumət rəsmiləri dövri mətbuat deyil ki, həmişə korrupsiya haqqında danışsınlar. Onlar əməli işə keçməli, korrupsiyanın qarşısını sözün əsl mənasında almalıdırlar”.

Söhbətini, bir növ, yekunlaşdıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İqtisadi problemlərin həlli Lozannada, Cenevrədə və ya Nyu-Yorkda yox, ölkənin daxilindədir. Bu problemlərin yeganə həlli yolu kimi, hər kəs milli istehsalın gücləndirilməsində öhdəsinə düşən özünəməxsus vəzifəni həyata keçirməlidir”.

Hökumətin öz işinə ciddi maraq və həvəslə çalışdığını, nazirlər kabinetində səriştəli mütəxəssislərin təmsil olunduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqı və rəsmiləri son 30 ildə daha böyük problemləri çözdükləri kimi, inşallah, daha artıq səy və zəhmətlə daxili istehsal problemini də həll edəcəklər”.

Görüşün əvvəlində Əmək, Kooperasiya və Sosial Rifah Naziri cənab Rəbii iştirakçıları İmam Cavad və İmam Əlinin (ə) mübarək mövludları, habelə ölkədə qeyd olunan Zəhmətkeşlər Həftəsi münasibəti ilə təbrik edərək dedi: “Ölkənin fəhlə və zəhmətkeşlər ictimaiyyətinin rəsmiləri aztəminatlı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, habelə İslam dövlətinin əldə etdiyi uğurların müdafiəsi işində əllərindən gələni əsirgəməməyi öz vacib vəzifələri hesab edirlər”.

O, effektiv işçi qüvvəsi kimi böyük bir fürsətdən istifadənin, kiçik istehsalat müəssisələrinə, elmi əsaslı şirkətlərə dəstək verilməsinin, habelə daxildən güc alaraq inkişaf edən iqtisadiyyata doğru irəliləyişin rəhbərlik etdiyi nazirliyin əsas fəaliyyət istiqamətləri olduğunu qeyd etdi.

Cənab Rəbii 11-ci hökumətin fəaliyyəti dövründə həyata keçirilmiş tədbirlər sırasında əhalinin bütün təbəqələrinin sığortalanmasını, kənd əhalisi arasında sığorta göstəricilərinin artırılmasını, habelə fəhlələrin maaşının inflyasiya hesabına artırılmasının qarşısının alınmasını qeyd edərək dedi: “Sosial ədalətin əsaslarının möhkəmləndirilməsi, müxtəlif sosial qrupların risk faktorlarından qorunması nazirliyimizin əsas vəzifəsidir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /