Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Polis qüvvələri İslam Respublikasının iqtidar və təhlükəsizliyinin təzahürüdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei polis qüvvələrinin siyasi-ideoloji hazırlığına cavabdeh olan rəhbər kadrların forumunda iştirak edən yüksək rütbəli komandirlərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə polis qüvvələrinin İslam Respublikasının iqtidar və təhlükəsizliyinin təzahürü olduğunu qeyd etdi. O vurğuladı ki, cəmiyyətdə fərdi, ictimai, əxlaqi, mənəvi-psixoloji asayişin təmin olunması polis qüvvələrinin öhdəsinə düşən ən mühüm vəzifələrdən biridir. Ali Məqamlı Rəhbər dedi: “Asayiş və təhlükəsizliyin bərqərar olunması üçün qüdrətli polisə ehtiyac var, amma bu qüdrət ədalət, insaf və mərhəmətlə yanaşı olmalıdır”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər iştirakçıları rəcəb ayının gəlişi münasibətilə təbrik edərək bildirdi ki, rəcəb və şəban ayları ilahi dəyərlərə yaxınlaşmaq, özünütərbiyə, mübarək ramazan ayına mənəvi hazırlıq üçün dəyərli fürsətlərdir. O, hər kəsə bu ayların bərəkətindən əvvəlkindən də çox faydalanmağı tövsiyə etdi.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, asayiş və təhlükəsizliyin bərqərar edilməsi və qorunması polis qüvvələrinin başlıca vəzifəsidir və bu, sözügedən qüvvələri özündə birləşdirən qurumun nə qədər böyük əhəmiyyət daşıdığını göstərir. O, əlavə etdi: “Asayiş və təhlükəsizliyin yaradılması dildə deməklə, təbliğatla başa gələn bir şey deyil. Əhali, insanlar bunun varlığını hiss etməlidir”.

“Müxtəlif istiqamətlərdə – küçələrdə, şəhərlərdə, sərhəddə, müxtəlif mərkəzlərdə asayiş və təhlükəsizlik nə qədər yaxşı səviyyədə olsa da, polis qüvvələri bununla qane olmamalıdır” – deyə vurğulayan Ali Məqamlı Rəhbər qeyd etdi ki, cəmiyyətdə mənəvi-psixoloji asayişin təmin edilməsi olduqca mühüm məqamlardan biridir. O həmçinin dedi: “Cəmiyyətdə mənəvi-psixoloji narahatlıq doğuran bəzi amillər var. Məsələn, ailələr övladlarının narkotik maddələrə, əxlaqsızlığa cəlb olunacağı qorxusu ilə narahatlıq keçirərək onların küçə və parklara çıxmasını istəmirlər. Bu kimi amillərə qarşı mübarizə fiziki təhlükələrə qarşı mübarizədən qat-qat əhəmiyyətlidir və onlara qarşı çox ciddi surətdə mübarizə aparılmalıdır”.

“Cəmiyyətdə mənəvi-psixoloji narahatlıq doğuran təzahürlərdən biri də pul və sərvətdən başı gicəllənən bəzi gənclərin bahalı avtomobillərlə küçədə cövlan etməsidir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Polis müxtəlif istiqamətli təhlükələrə qarşı tədbirlər planına malik olmalı və mübarizə aparmalıdır”.

Cəmiyyətdə asayiş və təhlükəsizliyin bərqərar edilməsi üçün qüdrətli polisə ehtiyac olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Polis qüvvələri İslam Respublikasının iqtidar və təhlükəsizliyinin təzahürü olduğu üçün qüdrətli olmalıdır. Amma bu qüdrət zülm etmək, özbaşına davranışlara yol vermək anlamında deyil”.

“Biz Hollivud filmlərində nümayiş olunan, Qərb və Amerika cəmiyyətindəki kimi polisimiz olmasını arzulamırıq” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Belə qüdrət nəinki asayiş və təhlükəsizliyi təmin etməz, hətta əksinə, asayiş və təhlükəsizliyin pozulmasına yol açar”.

Həzrət Ayətullah Xamenei Amerika polisinin qaradərili əhaliyə qarşı davranışlarının zülmkar qüdrətə nümunə olduğunu bildirərək dedi: “Bu gün ölkə başçısı da qaradərili bir insan olan Amerikada qaradərililər polis tərəfindən zülm, etinasızlıq və təhqirlərə məruz qalır. Bu cür davranışlar hətta iğtişaşlara da səbəb olub”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövlətində arzu olunan iqtidarın mahiyyəti ədalət, insaf və mərhəmətlə yanaşı olan qətiyyətdən ibarətdir. Necə ki Allah-taalanın müqəddəs zatı Rəhman və Rəhim olmaqla yanaşı, ağrıdıcı əzab da verəndir”.

Ali Məqamlı Rəhbər polis qüvvələrinin fəaliyyətində iki müstəvidə: xalqla münasibətdə və qurumun öz daxilində qanunçuluğun vacib və əhəmiyyətli olduğunu qeyd edərək dedi: “Polis qüvvələrinin xalqla geniş əlaqədə olduğunu nəzərə alaraq demək olar ki, bu strukturda sağlam kadrların çalışması olduqca əhəmiyyətlidir. Belə ki düzgün işləyən, qətiyyətli polis nəfərləri xalqın gözündə İslam Respublikasına böyük nüfuz qazandıra bilər”.

Polis qüvvələrində mənəvi-ideoloji, etik aspektləri gücləndirməyin, həmçinin elmi bilik və innovasiyalara əsaslanmağın əhəmiyyətini vurğulayan Ali Məqamlı Rəhbər müxtəlif sferaların rəsmilərini bu qüvvələrlə əməkdaşlığa çağırdı.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei özəlliklə Novruz günlərində çəkdikləri zəhmətə, səylərinə görə polis qüvvələrinə təşəkkürünü bildirdi.

Ali Baş Komandanın çıxışından öncə İİR Polis Qüvvələrinin komandanı briqada generalı Əştəri rəhbərlik etdiyi strukturda həyata keçirilən proqram və fəaliyyətlər haqda məruzə edərək dedi: “İİR PQ-nin həyata keçirdiyi başlıca tədbirlər sırasında ağır cinayətlərin açılmasında yüksək faiz göstəricisinin təmin olunmasını, narkotik alverçilərinə qarşı mübarizənin davam etdirilməsini, sərhədlərə nəzarət hazırlığının artırılmasını, yol nəqliyyat hadisələri zamanı tələfat hallarının 7 faiz azaldılmasını, tanınmış insanlarla əlaqələrin genişləndirilməsini, elm və texnologiya sahəsində qabaqcıl inkişafı, eləcə də dini və inqilabi dəyərlərin qorunmasını qeyd etmək olar”.

“İnqilabi ruhlu, dini dəyərlərə önəm verən bir quruma sahib olmadan, bəsic təfəkkürünü genişləndirmədən, cihad ruhlu idarəetməni təmin etmədən, xalqla, eləcə də digər strukturlarla birlik və həmrəylik şəraitində çalışmadan böyük addımlar atmaq mümkün deyil” – deyən cənab Əştəri əlavə etdi: “Biz İran İslam Respublikasına layiq bir polis qüvvələri məqamına yaxınlaşmaq üçün bütün gücümüzü saf niyyət və sədaqətlə səfərbər etmişik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /