İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xanımlar, şairlər və Əhli-Beyt (ə) məddahları ilə bu gün səhər keçirdiyi görüşdə iştirakçıları Xanım Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edərək nüvə məsələsi və Yəməndə baş verən olaylarla bağlı çox mühüm məqamlara toxundu.
Ali Məqamlı Rəhbər çıxışına belə bir girişlə başladı: “Bəziləri soruşurlar ki, nə üçün Ali Rəhbərlik Məqamı nüvə məsələsi ilə bağlı son danışıqlara mövqe bildirməyib?”
O vurğuladı: “Mənim mövqe bildirməməyimin səbəbi budur ki, ortada hələ mövqe bildirəcək bir şey yoxdur. Çünki ölkə və nüvə rəsmilərimiz hələ heç bir iş görülmədiyini, iki tərəf arasında öhdəçilik yaradacaq heç bir məsələnin əldə olunmadığını deyirlər”.
Həzrət Ayətullah Xamenei hazırkı vəziyyətdə heç bir mövqe bildirməyə ehtiyac olmadığını qeyd edərək dedi: “Əgər məndən soruşsalar ki, siz nüvə məsələsi ilə bağlı son danşıqların lehinəsiniz, ya əleyhinə, deyərəm ki, nə lehinəyəm, nə də əleyhinə, çünki hələ heç bir razılıq əldə olunmayıb”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün çətinlik hələ bundan sonra başlayacaq; hələ təfərrüatlarla bağlı müzakirələr aparılmalıdır. Qarşı tərəf inadkar, sözünün üstündə durmayan, işində düzgün olmayan, arxadan zərbə vuran biridir və təfərrüatlarla bağlı müzakirələr mərhələsində ölkəmizi, xalqımızı və danışıqlarda iştirak edən rəsmilərimizi təkləyə bilər”.
O dedi: “İndiyə qədər baş verənlər nə razılaşmanın özünə, nə razılaşma ilə sonuclanacaq müzakirələrə, nə də razılaşmanın mahiyyətinə zəmanət vermir. Hətta bu müzakirələrin razılaşma ilə sonucalanacağına da zəmanət vermir. Odur ki təbriklər deməyin heç bir mənası yoxdur”.
Çıxışının ardında Ali Məqamlı Rəhbər bir neçə məqama toxunaraq dedi: “Mən Amerika ilə danışıqlara heç vaxt nikbin yanaşmamışam və mənim bu yanaşmam hansısa təsəvvürlərə yox, bu sahədə indiyə qədər qazanılmış təcrübəyə əsaslanır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər gələcəkdə indi aparılan nüvə danışıqlarının, baş verən olayların təfərrüatları, bütün bunlarla bağlı qeydlər geniş ictimaiyyətə açıqlanarsa, mənim bu təcrübəmin nədən qaynaqlandığını hər kəs anlayar”.
O həmçinin dedi: “Amerika ilə danışıqlara nikbin yanaşmasam da, konkret məsələ ilə bağlı hazırkı müzakirələri bütün varlığımla dəstəklədim, hal-hazırda da dəstəkləyirəm”.
Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Mən İran xalqının milli qürurunu təmin edəcək bir razılaşmanı yüzdə-yüz dəstəkləyirəm. Əgər kimsə Ali Rəhbərliyin nüvə məsələsində razılaşma əldə olunmasının əleyhinə olduğunu desə, həqiqətə uyğun olmayan bir fikir səsləndirmişdir”.
Ölkənin və xalqın mənafeyini təmin edəcək bir razılaşmaya tam razı olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, mən bunu da demişəm ki, razılığa gəlməmək pis bir razılıq əldə etməkdən daha yaxşıdır. Çünki İran xalqının mənafeyini ayaqlar altına atmaq, bu xalqın qürurunu məhv etmək istəyən bir razılaşmanı qəbul etməmək İran xalqını təhqir etmək istəyən bir razılaşmadan daha şərəflidir”.
Daha sonra Ali Məqamlı Rəhbər bir şübhəni açıq şəkildə və birbaşa cavablandıraraq dedi: “Bəzən deyirlər ki, bu danışıqların təfərrüatı Ali Rəhbərlik Məqamının nəzarəti altındadır, amma bu, düzgün söz deyil”.
O, əlavə etdi: “Mən bu danışıqlara qarşı etinasız deyiləm, amma indiyə qədər onların təfərrüatına müdaxilə etməmişəm, bundan sonra da etməyəcəyəm”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Mən ümumi məsələləri, başlıca prinsip və çərçivələri, qırmızı xətləri əsas etibarilə ölkə başçısına və müəyyən məhdud məqamlarda Xarici İşlər Nazirinə demişəm, təfərrüatlar isə onların ixtiyarındadır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Mən nüvə danışıqlarında təmsil olunan diplomatlara inanıram, bu günə qədər onlara qarşı heç bir şübhəm olmayıb və inşallah, bundan sonra da belə olacaq, amma bu danışıqlarla bağlı ciddi narahatlıqlarım var”.
Ali Məqamlı Rəhbər ciddi narahatlıq keçirməsinin əsas səbəbini qarşı tərəfin yalançı, verdiyi sözə əməl etməyən, düzgün istiqamətdə davranmayan biri olması ilə izah edərək dedi: “Qarşı tərəfin bu kimi davranışlarına daha bir nümunə bu yaxınlarda nüvə danışıqlarının gedişində baş verdi. Ağ Ev danışıqların sona çatmasından təxminən 2 saat sonra danışıqlarla bağlı əksər məqamlarda həqiqəti əks etdirməyən bir bəyannamə yaydı”.
O, əlavə etdi: “Belə bir bəyannamənin 2 saat içərisində hazırlanması mümkün deyil. Odur ki onlar hələ bizimlə müzakirə masasında oturduqları zaman o yanlış, qüsurlu, danışıqların əsl mahiyyətini əks etdirməyən bəyannaməni hazırlamaqla məşğul imişlər”.
Ali Məqamlı Rəhbər qarşı tərəfin sözünün üstündə durmayan, saxtakar biri olduğunu vurğulayaraq dedi: “Hər dəfə danışıqların müəyyən mərhələsi başa çatandan sonra onlar hansısa rəsmi bəyanatlarla çıxış edirlər, daha sonra özəl görüşlərdə bunun öz ölkələrində nüfuzlarını qorumaq, müxaliflərini rəqabətdə üstələmək üçün olduğunu deyirlər. Halbuki bütün bunların bizə heç bir aidiyyəti yoxdur”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Onlar “kafir elə bilər ki, hamı onun əqidəsindədir” məsəlinə uyğun olaraq, deyirlər ki, əgər İranın Ali Rəhbərlik Məqamı da bu danışıqların əleyhinə olduğunu ifadə edərsə, bu, onun əsl mövqeyi deyil və yalnız ölkə daxilində nüfuzunu qorumaq məqsədi daşıyır. Halbuki onlar İrandakı reallıqları dərk etmirlər”.
O vurğuladı: “Rəhbər xalqla qarşılıqlı etimad əsasında danışır. Camaat bu həqir bəndəyə inandığı kimi, mən də xalqımıza tam olaraq etimad edirəm və inanıram ki, Allahın əli həmişə bu xalqın üstündədir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqın 22 bəhmən sərmayəsində, habelə yayın istisində, orucağız Qüds günü yürüşlərində iştirak etməsi Allahın əlinin, Allahın dəstəyinin nişanələridir. Biz də buna əsasən xalqımıza tamamilə inanır, camaatımızla onun bu hissiyatına, sədaqətinə və uzaqgörənliyinə arxalanaraq danışırıq”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Mən qarşı tərəfin danışıqlara hansı formada davam edəcəyindən, bundan sonra necə davranacağından narahatam”.
O, nüvə danışıqlarının lehinə və əleyhinə edilən bəzi çıxışlara toxunaraq dedi: “Bu məsələdə tələsib nəyisə şişirtmək lazım deyil. Səbir edib baxımaq lazımdır ki, nə baş verəcək”.
Ali Məqamlı Rəhbər eyni zamanda rəsmilərə xitabən vurğuladı ki, camaatı, özəlliklə də ziyalıları danışıqların təfərrüatı barədə məlumatlandırmaq, həqiqətləri onlara çatdırmaq lazımdır, çünki ortada gizli, xəlvəti bir şey yoxdur.
“Camaatın, ziyalıların nüvə danışıqlarının təfərrüatı barədə məlumatlandırılması rəsmilərlə xalq arasında birlik və həmrəyliyin göstəricisidir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Birlik və həmrəylik göstərişlə, tapşırıqla başa gələn bir şey deyil. Onu yaratmaq və inkişaf etdirmək lazımdır. Hazırkı şərait xalqla əlbir-dilbir olmaq üçün münasib fürsətdir”.
Çıxışının davamında rəsmilərə bir təkliflə müraciət edən Ali Məqamlı Rəhbər dedi: “Milli mənafeyə həssas yanaşan və sədaqətli insanlar olan rəsmilərimiz danışıqların gedişini tənqid edən şəxsləri dəvət edərək onlarla söhbətlər aparmalıdırlar. Əgər onların dediklərində diqqətəlayiq bir məqam varsa, bundan danışıqların daha uğurlu axarı üçün istifadə etməli, yoxsa da, bu davranışları ilə onları razı salmalıdırlar”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Həmrəylik, əlbir-dilbir olub yola getmək budur”.
O, əlavə etdi: “Rəsmilər deyə bilərlər ki, razılaşmanın əldə olunması üçün 3 ay vaxt müəyyən olunub, odur ki tənqid edənlərin fikirlərini eşitmək, onlarla söhbətlər aparmaq üçün o qədər də vaxtımız yoxdur. Cavabında deyirəm ki, bu 3 ay vaxt müddəti dəyişilməsi mümkün olmayan bir məsələ deyil. Müəyyən mərhələdə qarşı tərəf vaxtı 7 ay uzatdığı kimi, lazım gələrsə biz də müəyyən olunmuş bu müddəti uzada bilərik”.
Ali Məqamlı Rəhbər Amerika ilə danışıqların hər hansı bir başqa mövzu ətrafında yox, məhz nüvə məsələsi ilə bağlı olduğunu bir daha vurğulayaraq dedi: “Əlbəttə ki, nüvə mövzusu ilə bağlı danışıqlar bizim üçün bir təcrübədir. Əgər qarşı tərəf dolaşıq hərəkətlərindən əl çəksə, bu təcrübəni başqa məsələlərdə də davam etdirmək olar. Yox əgər onlar xoşagəlməz hərəkətlərindən əl götürməsələr, biz Amerikaya etimadsızlığa əsalanan əvvəlki təcrübəmizə daha da əmin olacağıq”.
Həzrət Ayətullah Xamenei həmçinin İranın qarşısında dünya ictimaiyyətinin olduğunu ifadə edən bəzi yanaşmalardan narazılığını bildirərək dedi: “İran xalqının qarşısında durub verdiyi sözdən qaçanlar dünya ictimaiyyəti yox, Amerika və 3 Avropa dövlətidir. Dünya ictimaiyyəti bir neçə il əvvəl prezidentləri, habelə yüksək çinli rəsmiləri Qoşulmayanlar Hərəkatının Tehranda keçirilən sammitində iştirak etmiş o 150 dövlətdir. “Bizim qarşımızda dünya ictimaiyyəti durub”, “Biz dünya ictimaiyyətinin etimadını qazanmalıyıq” – deyənlər yersiz və əsassız danışırlar”.
Daha sonra Ali Məqamlı Rəhbər xüsusi iclaslarda nüvə mövzusu ilə bağlı rəsmilərin qarşısına qoyduğu tələbləri şərh edərək dedi: “Mən təkid edirəm ki, rəsmilər bu an üçün nüvə sahəsində qazanılmış nailiyyətləri olduqca əhəmiyyətli nailiyyətlər kimi dəyərləndirsinlər və bunları kiçik, əhəmiyyətsiz işlər hesab etməsinlər”.
Nüvə sənayesinin ölkə üçün bir zərurət olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bəzi psevdoziyalılar: “Nüvə sənayesi bizim nəyimizə lazımdır?” – deyirlər. Bu, özünü aldatmaqdır”.
Ali Məqamlı Rəhbər ölkənin enerji, radiodərman preparatlarının istehsalı, dəniz suyundan içməli suyun alınması və kənd təsərrüfatı sahələrində nüvə sənayesinə ehtiyac duyduğunu qeyd edərək dedi: “Ölkəmizdə nüvə sənayesinin ən mühüm özəlliyi budur ki, bu olduqca mühüm sənaye sahəsində əldə edilmiş uğurlar iranlı gənclərin fitri istedadının partlayışının nəticəsi olmuşdur. Buna görə də bu sahədə inkişafın sürət tempi davam etdirilməlidir”.
Ali Məqamlı Rəhbər Amerika kimi nüvə silahından istifadə etmiş və ya Fransa kimi təhlükəli nüvə sınaqları keçirmiş bir neçə cinayətkar ölkənin irəli sürdüyü iddialara toxunaraq dedi: “Onlar bizi atom bombasının istehsalına can atmaqda ittiham edirlər, halbuki İran İslam Respublikası şəri fətvaya, eyni zamanda ağıl və məntiqin hökmünə əsasən heç vaxt nüvə silahı əldə etmək niyyətində olmayıb, olmayacaq və bu silahı əldə etməyin problem və başağrısı gətirən bir şey olduğunu düşünür”.
Ali Məqamlı Rəhbər bildirdi ki, rəsmilərdən digər bir istəyi qarşı tərəfə etimad etməmələridir. O, əlavə etdi: “Bu yaxınlarda rəsmilərimizdən biri qarşı tərəfə inanmadıqlarını açıq-aşkar demişdi. Bu mövqe çox yaxşıdır”.
Qarşı tərəfin təbəssümünə aldanmamaq, vədlərinə inanmamaq lazım olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bunun bariz nümunəsi Amerika prezidentinin danışıqlarla bağlı sonuncu bəyannamə yayıldıqdan sonra ifadə etdiyi mövqe və səsləndirdiyi fikirlərdir”.
“Rəsmilərdən digər bir tələbimiz sanksiyaların biryolluq ləğv edilməsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu, olduqca mühüm bir məsələdir və sanksiyalar elə razılaşma əldə olunduğu gün tamamilə aradan qaldırılmalıdır”.
O həmçinin dedi: “Sanksiyaların ləğvi başqa – yeni bir proseslə şərtləndirilərsə, danışıqlar mahiyyətini itirəcək, çünki bu danışıqlarda əsas hədəf sanksiyaların ortadan qaldırılmasıdır”.
Nüvə danışıqlarında təmsil olunan rəsmilərdən növbəti tələbin nə olduğunu açıqlayan Ali Məqamlı Rəhbər nüvə yoxlamaları mövzusuna toxunaraq dedi: “Nəzarət bəhanəsi ilə ölkənin müdafiə və təhlükəsizlik sferasında toxunulmazlığının pozulmasına qətiyyən icazə vermək olmaz. Ölkənin hərbi rəsmilərinə də heç bir vəchlə icazə verilmir ki, nəzarət və yoxlanış bəhanəsi ilə yadellilərin bu toxunulmazlığı pozmalarına imkan yaratsınlar və ya ölkənin müdafiə sahəsindəki inkişafını durdursunlar”.
O, əlavə etdi: “Ölkənin müdafiə qabiliyyəti bundan sonra da qorunmalı, xalqın hərbi sahədə yumruğu əvvəlki kimi möhkəm olmalı və günü-gündən daha da möhkəmlənməlidir. Həmçinin danışıqların gedişində bizim dünyanın müxtəlif bölgələrində müqavimət hərəkatı həyata keçirən qardaşlarımıza verdiyimiz dəstəyə heç bir vəchlə xələl gəlməməlidir”.
Həzrət Ayətullah Xamenei İranın nüvə proqramına nəzarət metodu ilə bağlı aşağıdakıları dedi: “Dünya praktikasında qəbul edilməmiş, İranı sırf kontrol altında olan bir ölkəyə çevirəcək bir nəzarət metodunun tətbiq edilməsi əsla qəbuledilməzdir. Ölkəmizin nüvə proqramına nəzarət yalnız bütün dünyada tətbiq edilən formada olmalı, bu çərçivəni aşmamalıdır”.
Son olaraq Ali Məqamlı Rəhbər vurğuladı ki, ölkənin nüvə proqramının texnoloji cəhətdən inkişafını davam etdirmək vacibdir.
O dedi: “Müxtəlif aspektlərdən elmi və texnoloji inkişafı davam etdirmək lazımdır. Əlbəttə ki, danışıqlarda iştirak edən komanda bəzi sferalarda müəyyən məhdudiyyətləri qəbul etməyi lazımlı hesab edə bilər, buna sözümüz yoxdur, amma texnoloji inkişaf hökmən davam etməli və ölkəmiz bu sahədə tam gücü ilə irəli getməlidir”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Bu istəklərin təmin edilməsi danışıqlarda təmsil olunan diplomatların öhdəsinə düşür. Onlar etibarlı və məlumatlı insanların, eləcə də tənqid edənlərin fikirlərindən yararlanaraq düzgün müzakirə metodlarını tapıb tətbiq etməlidirlər”.
Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Yəməndə gedən mühüm dəyişikliklərə toxunaraq aşağıdakıları vurğuladı: “Səudiyyə hökuməti Yəmənə hücum etməklə səhvə yol verdi və regionda çox pis və bəyənilməz bir yeniliyin əsasını qoydu”.
“Bu günlərdə Səudiyyə hökumətinin Yəməndə etdikləri sionistlərin Qəzzada törətdiyi cinayətlərə bənzəyir” – deyən Həzrət Ayətullah Xamenei bu mövzunun iki aspektinə toxundu.
Yəmən xalqı əleyhinə yol verilən hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı olan cinayət və soyqırımı adlandıran Ali Məqamlı Rəhbər əlavə etdi: “Bir ölkədə körpələrin qətlə yetirilməsi, evlərin xarabalığa çevrilməsi, milli infrastruktur və sərvətin dağıdılması böyük bir cinayətdir”.
O həmçinin vurğuladı: “Şübhə yoxdur ki, Səudiyyə hökuməti bu məsələdə böyük ziyanla üzləşəcək və heç bir vəchlə qalib çıxmayacaq”.
Səudiyyənin məğlubiyyətini nəyə əsasən proqnozlaşdırdığını açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Bu proqnozun nəyə əsaslandığı açıq-aydındır: sionistlərin hərbi gücü Səudiyyədən qat-qat artıq, Qəzza sektoru isə kiçik bir bölgə olduğuna baxmayaraq, onlar istədiklərinə nail ola bilmədilər. Halbuki Yəmən on milyonlarla əhalisi olan, geniş əraziyə malik bir ölkədir”.
Ali Məqamlı Rəhbər bir daha vurğuladı: “Bu olayda səudiyyəlilər, heç şübhəsiz, zərbə alacaq və burunları ovulacaq”.
Həzrət Ayətullah Xamenei Səudiyyə hökumətinin indiyə qədər apardığı xarici siyasətə toxunaraq dedi: “Bizim müxtəlif siyasi məsələlərlə bağlı səudiyyəlilərlə çoxlu sayda fikir ayrılığımız var, buna baxmayaraq, həmişə demişik ki, onlar xarici siyasətdə vüqar və təmkin nümayiş etdirirlər. Lakin indi bu ölkənin xarici siyasəti bir neçə təcrübəsiz gəncin əlinə keçib və onlar apardıqları siyasətdə barbarlıq cəhətini təmkin, özünü tox tutmaq kimi prinsiplərdən önə keçirirlər. Bu isə, sözsüz ki, onların ziyanına tamamlanacaq”.
Ali Məqamlı Rəhbər Səudiyyə hökumətinə xitabən aşağıdakıları vurğuladı: “Regionda bu kimi hərəkətlər yolverilməzdir və mən onlara xəbərdarlıq edirəm ki, Yəməndəki cinayətkar əməllərindən əl çəkməlidirlər”.
Daha sonra Həzrət Ayətullah Xamenei Amerikanın Səduiyyə hökumətini müdafiə edərək dəstəklədiyinə toxunaraq dedi: “Bu, Amerika üçün xarakterik bir cəhətdir: onlar həmişə məzlumu müdafiə etmək əvəzinə, zalımın tərəfini tuturlar. Amma onlar da bu məsələdə zərbə alaraq məğlubiyyətlə üzləşəcəklər”.
İranın Yəmənin işlərinə müdaxilə etməsi ilə bağlı iddialara toxunan Ali Məqamlı Rəhbər dedi: “Onların cinayətkar təyyarələri Yəmənin hava sərhədlərini pozub, Yəmənə etdikləri müdaxiləyə don geydirmək üçün istər Yaradanın və xalqların gözündə, istərsə də beynəlxalq siyasətin məntiqi baxımından səfeh olan bəhanələr uydururlar, amma öz gördükləri işləri müdaxilə hesab etmir, əksinə, İranı ittiham edirlər”.
“Yəmən xalqı öz hökumətini müəyyən etmək üçün kifayət qədər bacarıq və potensialı olan, çoxəsrlik keçmişə malik qədim bir xalqdır” – deyən Ali Məqamlı Rəhbər bir daha vurğuladı: “Səudiyyə hökuməti bu faciə saçan cinayətlərindən tez bir zamanda əl götürməlidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Yəmən xalqının bədxahlarının bu ölkə üçün hazırladığı ilk plan hakimiyyətdə boşluq yaratmaq və bu yolla Yəməndə də Liviyadakı çox pis və ürəkağrıdan vəziyyətə bənzər bir vəziyyət yaratmaqdan ibarət idi. O, əlavə etdi: “Xoşbəxtlikdən, onlar bu hədəfi reallaşdıra bilmədilər, çünki şiə, sünni, zeydi və ya hənəfi olmasından asılı olmayaraq, üzərinə düşən məsuliyyəti dərk edən, Həzrət Əmirəl-mömininin (ə) yoluna inanan mömin gənclər onlara müqavimət göstərdi, bundan sonra da müqavimət göstərərək qələbə qazanacaqlar”.
Çıxışının əvvəlində mərhum Ahinin xatirəsini dinə və inqilaba bağlı, məsuliyyətli, xeyirxah və çalışqan bir Əhli-Beyt (ə) məddahı kimi yad edən Ali Məqamlı Rəhbər üzünü məddahlara tutaraq bir neçə məqamı qeyd etdi.
Həzrət Ayətullah Xamenei ilk olaraq bu mövzuya toxundu ki, məddahlar Əhli-Beyt (ə) məclislərində geniş auditoriyaya, özəlliklə də gənclərə xitab etmək kimi bir fürsəti dəyərləndirərək dini təlimləri, islami həyat tərzini təbliğ etməli, insanları hazırkı dövrdə öhdələrinə düşən böyük məsuliyyətləri yerinə yetirməyə sövq etməlidirlər.
Onun diqqət çəkdiyi digər bir mühüm mövzu isə sapmalardan, mövhumatdan, gənclərin ideologiyasında dolaşıqlıq yaratmaqdan çəkinməyin vacibliyi oldu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir