1394-cü ilin ilk günündə – bu gün (şənbə günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Əli İbn Musa Rzanın (ə) müqəddəs hərəmini ziyarətə gəlmiş insanlar, eləcə də o ətrafda yaşayan əhali ilə görüşdü. İmam Xomeyni (r.ə) adına salonda və yaxınlıqdakı salonlarda toplaşmış minlərlə insan qarşısında çıxış edən Ali Məqamlı Rəhbər yeni il üçün elan edilmiş “Dövlət və xalq – birlik və həmrəylik” şüarının mahiyyətini açıqladı. O, xalqla dövlətin öhdəsinə qarşılıqlı vəzifələr düşdüyünü bildirərək qeyd etdi ki, həm əhali legitim və qanuni dövləti dəstəkləməli, həm də rəsmilər məntiqli tənqidlərə dözümlü yanaşmalıdır. Ali Məqamlı Rəhbər İslam dövlətinin əsasını təşkil edən 4 başlıca amilə, eləcə də dövlətin qarşısında duran problem və fürsətlərə toxunaraq dedi: “Hər kəsin öhdəsinə düşən böyük bir vəzifə bundan ibarətdir ki, rəsmilər iqtisadiyyatın inkişafı və rövnəqlənməsi üçün qarşıya konkret hədəflər qoyaraq fəaliyyət proqramları hazırlasınlar, xalq, özəlliklə də fəal iqtisadi subyektlər və media isə milli iqtisadiyyata dəstək olsunlar. İqtisadiyyat sferası bu gün özünəməxsus bir qarşıdurma meydanıdır. Bu meydanda bütün daxili imkan və təşəbbüslər səfərbər edilərək cihad ruhiyyəsi ilə iş görmək, onun özünəməxsus vasitə, metod və siyasətlərindən istifadə etmək lazımdır”.
Ali Məqamlı Rəhbər nüvə danışıqları mövzusuna da toxunaraq dedi: “İranda heç kəs nüvə probleminin diplomatik yolla həllinin əleyhinə deyil. Lakin digər tərəfdən İran xalqı, rəsmiləri və danışıqlarda iştirak edən komanda Amerikanın hegemonluğu və zorakı tələbləri qarşısında güzəştə getməyəcək, mətinliklə bu böyük sınaqdan üzüağ çıxacaq”.
Qurani-Kərimin ayələrindən birinə istinad edən Həzrət Ayətullah Xamenei bildirdi ki, namaz, zəkat, “əmr be məruf” (yaxşılıqlara dəvət) və “nəhy əz münkər” (pisliklərdən çəkindirmək) İslam dövlətinin əsasını təşkil edən 4 başlıca meyardır. O, əlavə etdi: “ Uca Yaradan vəd verib ki, bu meyarları özündə əks etdirən hər bir xalqa yardım edəcək və onu zalım hökumətlərin ağalığından xilas edəcək”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Bu meyarların hər biri İslam dövlətinin formalaşmasında effektiv rola malik olan fərdi və ictimai aspektlərə malikdir”.
Namazın mömin insanın rahatlıq və xoşbəxtliyində fərdi aspektinə toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bununla yanaşı, namaz müsəlmanların eyni vaxtda bir araya gətirilməsi, qəlblərinin bir-birinə yaxınlaşdırılaraq bir mərkəzə yönəldilməsi baxımından da sosial aspektlərə malikdir”.
Zəkatın insanda güzəşt ruhiyyəsinin güclənməsi üçün zəmin yaratdığını qeyd edən Həzrət Ayətullah Xamenei zəkatın ictimai aspektini açıqlayaraq dedi: “İctimai baxımdan zəkat müsəlman fərdin İslam cəmiyyətinə, yoxsul və ehtiyaclı insanlara qarşı etinasız qalmamasını ifadə edir”.
Ali Məqamlı Rəhbər “əmr be məruf və nəhy əz münkər”in bütün İslam hökmlərinin əsasını təşkil etdiyini bildirərək vurğuladı ki, dünyanın istənilən nöqtəsində bütün möminlərin vəzifəsi cəmiyyəti yaxşılığa, xeyirə dəvət edərək pisliklərdən, çirkinliklərdən çəkindirməkdir. O, əlavə etdi: “Əsas diqqəti isə ən böyük xeyir və yaxşılığa – yəni İslam dövlətinin yaradılması və qorunmasına dəvətə yönəltmək lazımdır”.
Ali Məqamlı Rəhbər gerçəkləşməsi üçün hamının səy göstərməli olduğu digər ən böyük xeyir və yaxşılıqlar sırasında İran xalqının nüfuzunun qorunması, mədəniyyətin yüksəlişi, cəmiyyətdə mənəvi-əxlaqi atmosferin sağlamlığı, ailə mühitinin sağlamlığı, ölkəni inkişaf etdirməyə hazır olan gənc nəslin yetişdirilməsi və say artımı, iqtisadiyyat və istehsalın rövnəqləndirilməsi, İslam əxlaqının kütləviləşdirilməsi, elm və texnologiyanın genişləndirilməsi, hüquqi və iqtisadi ədalətin bərqərar edilməsi, müsəlman birliyi uğrunda səy göstərilməsi, xalqın yüksəlişi və İslam ümmətinin iqtidarının artırılmasını qeyd etdi.
Həzrət Ayətullah Xamenei həmçinin ən böyük pislik və çirkinliklərə də nümunələr qeyd etdi. Bu sırada o, mədəniyyətin tənəzzülünü, düşmənlərə köməyi, İslam dövləti, İslam mədəniyyəti, iqtisadiyyat, elm və texnolgoyanın zəiflədilməsini sadalayaraq dedi: “İnsanları ilk əvvəl Allah-taalanın müqəddəs zatı yaxşılığa dəvət edib, pisliklərdən çəkindirir. Habelə İslam Peyğəmbəri (s) və məsum imamlar (ə) “əmr be məruf və nəhy əz münkər”in ən üstün və ən böyük təmsilçiləridir. Dünyanın istənilən nöqtəsində də bütün müsəlmanlar Allah-taalanın vacib etdiyi bu hökmə əməl etməlidirlər”.
Çıxışının davamında yeni ilin şüarını, yəni “Dövlət və xalq – birlik və həmrəylik” şüarını izah edən Ali Məqamlı Rəhbər bu şüarın həmin 4 başlıca meyara əsaslandığını və əhali ilə İslam dövləti arasında milli və sosial birliyə xidmət etdiyini bildirərək dedi: “İslam bütün sosial kəsimlərin birgə və həmrəy olmasını, bir-birinə yardım etmələrini istəyir. Odur ki İslam dövlətində hər bir hökumət bütün xalq, hətta ona səs verməmiş insanlar tərəfindən dəstəklənməli və himayə edilməlidir”.
Ali Məqamlı Rəhbər özəlliklə ölkənin mühüm problemlərlə üz-üzə qaldığı anlarda dövlətlə xalqın söz birliyinin vacib olduğunu vurğulayaraq dedi: “Bu gün xalqın nümayəndələrinin öhdəsinə düşən vəzifə budur ki, ölkə və hökumət rəsmilərinə kömək edərək onları dəstəkləsinlər”.
Hökumətə yardım və onunla əməkdaşlığın daimi və dəyişməz bir prinsip olduğunu deyən Həzrət Ayətullah Xamenei bu məsələnin vacibliyini açıqlayaraq aşağıdakıları dedi: “Bütün hökumətləri narahat edən başlıca məsələ bacardıqları qədər ölkənin və xalqın problemlərini həll etməkdir. Odur ki bu problemlərin həllində hər kəs hökumətlərə yardımçı olmalıdır”.
“Hökumətlərin legitimliyinin əsasında xalqın əksəriyyətinin verdiyi səslər durur” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Mühüm olan o deyil ki, bu və ya digər prezidentə xalqın neçə faizi səs verib. Xalqın əksəriyyətinin müəyyən həddə səsini toplamış hər bir hökumət konstitusiyaya əsasən legitimlik qazanır və xalq bu legitim hökumətə bacardığı qədər kömək etməlidir”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər bu qarşılıqlı yardım və əməkdaşlıq atmosferində hər iki tərəfin hüquqlarının bərqərar olacağını qeyd edərək tənqidlər, tənqidləri necə səsləndirmək və qəbul etmək məsələsinə toxundu.
O, hər bir hökuməti tənqid edənlərin mövcudluğunu təbii bir proses adlandıraraq dedi: “Əvvəlki hökumətlər kimi, hazırkı hökuməti də tənqid edənlər var. Dövlətin fəaliyyətini, davranışlarını, bəyanatlarını və siyasətini qəbul etməyən müəyyən şəxslərin onu tənqid etməsində heç bir problem yoxdur, amma tənqidlər məntiq çərçivəsində irəli sürülməlidir”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Mən özüm də müxtəlif hökumət administrasiyalarını tənqid etmişəm, tənqidə yer olduğunu düşündüyüm istənilən halda fikrimi deməkdən çəkinməmişəm, amma tənqidlərimi münasib situasiya və formada çatdırmışam”.
Ardınca məntiqli tənqidin hansı çərçivədə olmalı olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Tənqid elə formada olmamalıdır ki, fəaliyyətdə olan rəsmilərə ictimai inamı yox edib, xalqda onlara qarşı etimadsızlıq yaratsın. Həmçinin tənqid təhqir və aqresiya ilə də müşayiət olunmamalıdır”.
Həzrət Ayətullah Xamenei tənqid bildirərkən riayət edilməli olan digər meyarlar sırasında müsəlman qardaşlığı əsasında, birlik, həmrəylik və mehribanlıqla davranmanın vacib olduğunu qeyd edərək dedi: “Əlbəttə ki, bu tövsiyələr hər iki tərəfə aiddir. Hakimiyyətin hər 3 qolunda təmsil olunan ölkə rəsmiləri bu normalara riayət edərək, tənqid etdikləri şəxslərə qarşı münasib şəkildə, təhqirdən uzaq formada davranmalıdırlar. Çünki rəsmilərin təhqirə yol verməsi müdrikliyə, tədbirliliyə ziddir”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Mən əziz xalqımızı etinasızlığa, işlərə nəzarət etməməyə çağırmıram, əksinə, onların ölkədəki problemlərlə yaxından maraqlanmasını istəyirəm. Lakin təkidlə qeyd edirəm ki, istər xalq, istərsə də rəsmilər təhqir və nifrət ifadə edən, destruktiv davranışlar nümayiş etdirməməlidir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Kimlərinsə ölkədəki mühüm problemlərlə bağlı narahatlıq ifadə etməsi günah deyil və bunun heç bir eybi yoxdur, amma bu, kimisə ittiham etmək, çəkilən zəhməti, görülən işləri görməzliyə vurmaq formasında olmamalıdır. Digər tərəfdən hökumət və onun tərəfdarları da narahatlıq ifadə edən şəxslərə qarşı təhqirlərə yol verməməlidirlər”.
Bütün keçmiş hökumətləri dəstəklədiyini vurğulayan Həzrət Ayətullah Xamenei bu yanaşmanın onun həmişəki metodu olduğunu bildirərək dedi: “Hazırkı hökuməti də dəstəkləyirəm. Əlbəttə, heç kəsə altı imzalı ağ kağız da vermirəm. Görülən işlərə baxıb mühakimə yürüdür, addım atıram”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər ölkədə mövcud olan imkan və potensiala, həmçinin qarşıdakı maneə və çətinliklərə toxunaraq dedi: “Münasib planlama işlərinin aparılması və mövcud imkanlardan düzgün istifadə sayəsində, Allahın köməyi ilə, çətinlikləri yenmək olar”.
Həzrət Ayətullah Xamenei böyük və dəyərli potensiallar sırasında ölkədə əksəriyyəti gənclərdən ibarət olan effektiv və təşəbbüskar insan sərmayəsinin varlığını, xalqın və gənclərin İslam dövlətini dəstəkləməsini qeyd edərək aşağıdakıları əlavə etdi: “Xarici medianın gənclərimizi ölkənin gələcəyindən məyus etmək, dövlətə qarşı qoymaq və ya etinasızlığa düçar etmək məqsədilə onları daim genişmiqyaslı təbliğat bombardmanına məruz qoyduğuna baxmayaraq, 22 bəhmən günü ölkənin hər yanında on milyonlarla gənc küçələrə çıxaraq İslam dövlətinə, mərhum İmam Xomeyniyə (r.ə) dərin sevgi və bağlılığını ifadə edir”.
Sanksiyalar şəraitində qazanılmış elmi nailiyyətlərin ölkə üçün digər bir böyük və əlverişli imkan olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Son illər qazanılmış müxtəlif elmi nailiyyətlər, o cümlədən Cənubi Pars yatağının 12-ci fazası kimi böyük və mürəkkəb sənaye layihələrinə start verilməsi, Silahlı Qüvvələrin təlimlərində düşməni təəccübləndirən yeni texnikalardan istifadə olunması və bu kimi digər uğurların hamısı bədxahların İranı iflicedici sanksiyalara məruz qoyduqlarını güman etdikləri bir dövrdə qazanılıb”.
Bütün çətinliklərinə baxmayaraq, hazırkı sanksiyaların da ələ düşən münasib bir fürsət olduğunu deyən Ali Məqamlı Rəhbər ardınca İslam dövlətinin qarşısında duran bəzi problemlərdən danışdı. O dedi: “Hazırda ölkənin əsas problemlərindən biri milli iqtisadiyyatın dirçəldilməsi, iqtisadi problemlərin həlli, xalqın məişət rifahının yaxşılaşdırılmasıdır. Bu problemlərin həlli üçün ciddi bir hərəkatın reallaşdırılmasına, böyük işlərin görülməsinə ehtiyac var”.
Həzrət Ayətullah Xamenei düşmənin bütün səylərini ölkə iqtisadiyyatına yönəldəcəyini hələ bir neçə il öncə proqnozlaşdırdığını və rəsmiləri buna hazır olmağa çağırdığını xatırladaraq dedi: “İran xalqının bədxahları ölkəmizə iqtisadi təzyiqlər göstərməklə siyasi bir məqsəd izlədiklərini, yəni əhalidə narazılıq yaratmaq, xalqı dövlətə və hökumətə qarşı qoymaqla ölkədə asayiş və təhlükəsizliyi pozmaq istədiklərini açıq-açığına deyiblər”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu təhlükəyə qarşı mübarizə aparmaq üçün hakimiyyətin hər 3 qolunun və rəsmilərin bir olub əməkdaşlıq etməsinə, eləcə də iqtisadiyyat mövzusuna ciddi yanaşılmasına ehtiyac var. O, iqtisaidyyatla bağlı 4 mühüm məqama toxundu.
Ali Məqamlı Rəhbər əvvəlcə iqtisadi qarşıdurma meydanında Amerikanın düşmənçi siyasətlərinə qarşı mübarizə aparmaq üçün cihad ruhlu bir hərəkata ehtiyac olduğunu bildirərək iqtisadi problemlərin hansı yolla həll edilməli olduğu barədə ölkədə iki yanaşmanın mövcud olduğunu qeyd etdi və həmin yanaşmaları şərh etdi.
O dedi: “Həmin yanaşmalardan biri budur ki, ölkədə iqtisadiyyatın rövnəqlənməsini indiyə qədər kifayət qədər diqqət yetirilməmiş və ya qətiyyən istifadə olunmamış daxili imkan və potensialdan bəhrələnməklə təmin etmək lazımdır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “İkinci yanaşmanı əsas tutanlar isə birincinin tam əksinə olaraq, iqtisadiyyatın inkişaf edib çiçəklənməsinin xarici – sərhəddən kənar amillərdən asılı olduğuna, elə buna görə də iqtisadi problemlərin həlli üçün xarici siyasətdə dəyişikliklər edərək imperialistlərlə yola getmək, onların hegemonluğunu qəbul etmək lazım olduğuna inanır”.
Həzrət Ayətullah Xamenei bu ikinci yanaşmanın tamamilə yanlış, qüsurlu və faydasız olduğunu vurğuladı və fikrini aşağıdakı cümlələrlə əsaslandırdı: “Qərbin hazırda İran xalqına qarşı tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatını xaricdən asılı surətdə rövnəqləndirmək prinsipinin yanlış olduğuna açıq-aydın sübutdur. Çünki xarici dövlətlər təzyiq və zorakılığın heç bir həddi ilə kifayətlənən deyillər. Bundan başqa, ortaya dünyada neftin qiymətini qəsdən aşağı salmaq və bununla da ölkə iqtisadiyyatına zərbə vurmaq kimi qəfil və gözlənilməz məsələlər də çıxarırlar”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün İran xalqının bədxahları ölkədə bu ikinci yanaşmanı gücləndirməyə çalışırlar. Elə buna görə də Amerika prezidenti İran xalqına ünvanladığı Novruz mesajında deyir ki, əgər nüvə danışıqlarında bizim tələblərimizi qəbul etsəniz, İranda məşğulluq artacaq, investisiya qoyuluşu yüksələcək və iqtisadiyyat rövnəqlənəcək”.
O vurğuladı: “İqtisadi problemlərin həlli üçün gözünü xaricə dikmək heç vaxt müsbət nəticə verə bilməz. Ona görə də həmişə ölkənin daxili potensialından istifadə etməyə çalışmaq lazımdır. Bütün iqtisadi ekspertlər tərəfindən müsbət qarşılanaraq alqışlanan müqavimət iqtisadiyyatı da xalqın və ölkənin daxili imkan və potensialından istifadəni əsas götürür”.
Ali Məqamlı Rəhbərin iqtisadiyyat mövzusu ilə bağlı qeyd etdiyi üçüncü məqam rəsmilərin bu sahədə əsas hədəfləri müəyyən edərək konkret siyasətlər işləyib hazırlamasının, gündəlik problemlərlə baş qatmaqdan çəkinmələrinin vacibliyi oldu.
O dedi: “Bu il rəsmilər və xalq başlıca hədəf kimi, daxili istehsalın gücləndirilməsini diqqətdə saxlamalı və bu istiqamətdə xüsusilə səy göstərməlidirlər”.
Daxili istehsalı gücləndirməyin yollarından danışan Həzrət Ayətullah Xamenei dedi: “Daxili istehsalı gücləndirməyin yolları kiçik və orta istehsalat müəssisələrinin himayə edilməsindən, elmi əsaslı müəssisələrin fəaliyyətinin gücləndirilməsindən, xammal satışının azaldılmasından, investisiya qoyuluşunun asanlaşdırılmasından, istehlak məhsullarının idxalının azaldılmasından və qaçaqmalçılıqla mübarizədən ibarətdir. Əlbəttə ki, banklar bu sahədə həm dəstəkləyici, həm də dağıdıcı rol oynaya bilər. Ona görə də bank sisteminin yüksək vəzifəli rəsmiləri buna xüsusi diqqət yetirməlidirlər”.
Ali Məqamlı Rəhbər bütün bu işləri əməli surətdə həyata keçirməyin çətin olduğunu vurğulamaqla yanaşı, aşağıdakıları da qeyd etdi: “Rəsmilər bu çətin işləri həyata keçirməlidirlər, çünki iqtisadiyyat məsələsi, iqtisadiyyatın rövnəqlənməsi olduqca əhəmiyyətlidir”.
Ali Məqamlı Rəhbər daxili istehsala dəstək olmaqda əhalinin və investorların da effektiv rola malik olduğunu bildirərək dedi: “İnvestisiyanın daxili istehsala istiqamətləndirilməsi, daxili məhsulun istehlakı və israfdan çəkinmək də milli istehsalı gücləndirməyin strategiyalarındandır”.
Milli iqtisadiyyatla bağlı dördüncü – sonuncu məqama toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları dedi: “İran xalqına qarşı mübarizə aparmaq üçün düşmənin əlində olan yeganə vasitə sanksiyalardır. Odur ki əgər biz düşünülmüş surətdə, işimizi düzgün planlayaraq hərəkət etsək, sanksiyaların təsiri azalacaq və sonda onlar nəticəsiz qalacaq”.
O, əlavə etdi: “Dövlət rəsmiləri, əhali və fəal iqtisadi subyektlər əzmlə işə girişsələr və media da onlara yardımçı olsa, sanksiyaların İran xalqını inkişafdan saxlamağa qadir olmadığını görəcəyik”.
Daha sonra Həzrət Ayətullah Xamenei nüvə danışıqları mövzusuna toxunaraq bununla bağlı bir neçə məqamı qeyd etdi.
O, əsas etibarilə Amerika dövlətinin simasında təmsil olunan qarşı tərəfin bu məsələ ilə bağlı dəqiq proqram və siyasətləri olduğunu qeyd edərək dedi: “Amerikalıların bu danışıqlara çox ehtiyacı var. Bu ölkədəki daxili ixtilafların da səbəbi odur ki, hazırkı Amerika administrasiyasının rəqib cinahı bu danışıqların uğurunun partiya rəqibinin adına yazılmasını istəmir”.
Ali Məqamlı Rəhbər Amerika prezidentinin Novruz mesajına və bu çıxışında səsləndirdiyi qeyri-səmimi fikirlərə toxunaraq dedi: “Amerika prezidenti öz mesajında deyir ki, İranda nüvə probleminin diplomatik yolla həll olunmsını istəməyənlər var. Halbuki bu, yalandır, çünki İranda elə bir adam yoxdur ki, nüvə probleminin danışıqlar yolu ilə həllini tapmasına qarşı olsun”.
O, əlavə etdi: “İran xalqının əleyhinə olduğu şey Amerikanın zorakı tələbləri və hegemoluğudur. Xalq məhz buna qarşı çıxır”.
Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Nə rəsmilərimiz, nə danışıqlarda iştirak edən komanda, nə də İran xalqı Amerikanın zorakılığını qəti surətdə qəbul etməyəcək”.
Amerika ilə aparılan hazırkı danışıqların başqa bir mövzu yox, sırf nüvə mövzusu ətrafında olduğunu bir daha qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Biz daxili və regional məsələlər, eləcə də silahlanma mövzusu ilə bağlı Amerika ilə heç bir vəchlə danışıqlara getməyəcəyik. Çünki Amerikanın regionumuzda yürütdüyü siyasət asayiş və təhlükəsizliyi pozmağa, region xalqlarına və islami oyanışa qarşı mübarizəyə əsaslanır. Bu isə İran İslam Respublikasının başlıca siyasətlərinə daban-dabana ziddir”.
Ali Məqamlı Rəhbər amerikalıların dəfələrlə səsləndirdiyi “sanksiyalar razılaşma əldə olunduqdan, İranın sonrakı rəftar və davranışları gözdən keçirildikdən sonra aradan qaldırılacaq” fikrinə toxunaraq bunun hiylə olduğunu bildirdi. O dedi: “Bu fikir qəbuledilməzdir. Çünki sanksiyaların ortadan qaldırılması danışıqların nəticəsi yox, bir hissəsidir. Odur ki, möhtərəm ölkə başçımızın da açıq-aydın qeyd etdiyi kimi, razılaşma əldə olunduqdan sonra sanksiyalar dərhal ortadan qaldırılmalıdır”.
Həzrət Ayətullah Xamenei həmçinin Amerika tərəfin “Ehtimal olunan istənilən razılaşmada İranın verdiyi qərarlar geri dönməz olmalıdır” kimi bəyanatlarına da münasibət bildirərək dedi: “Bu fikir də qəbuledilməzdir, çünki əgər onlar ehtimal edilən razılaşmadan sonra hansısa bəhanə ilə yenidən sanksiyalar tətbiq etmək haqqına sahib olmaq istəyirlərsə, bizim hansısa geri dönməz tədbirləri qəbul etməyimiz üçün heç bir əsas yoxdur”.
O vurğuladı: “İranın nüvə sənayesi xalqa aid olan, yerli bir sənayedir və inkişaf etdirilməlidir. Çünki inkişaf hər bir sənaye və texnologiyanın mahiyyətinin bir hissəsidir”.
Ali Məqamlı Rəhbər Amerikanın İranın nüvə silahı əldə etməyə çalışdığı barədə iddialarına toxunaraq dedi: “Onlar özləri də bilirlər ki, bu danışıqlarda biz bütün beynəlxalq öhdəliklərə və siyasi etika normalarına sadiq qalmışıq, bu öhdəlikləri pozmamışıq, səbatsızlıq da nümayiş etdirməmişik. Qarşı tərəf olan amerikalılar isə verdikləri sözə xilaf çıxıblar, saxtakarlıq ediblər, mövqe və bəyanatlarında səbatsızlıq nümayiş etdiriblər”.
Amerikanın nüvə müzakirələrindəki davranışlarının xalq üçün ibrət dərsi olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikanın davranışı ölkə daxilindəki ziyalı ictimaiyyəti üçün ibrətvericidir. Qoy onlar danışıqlarda kiminlə üz-üzə olduğumuzu, Amerikanın necə davrandığını anlasınlar”.
Ali Məqamlı Rəhbər Amerikanın razılaşma əldə olunmayacağı halda sanksiyaların daha da artırılacağı və ya İrana qarşı hərbi manevrlərə başlanacağı barədə təhdidlərinə toxunaraq vurğuladı: “Bu təhdidlər İran xalqını qorxutmur, çünki bu xalq ayaqdadır və bu böyük sınaqdan tam müvəffəqiyyətlə çıxacaq”.
“İran xalqının bu yolda qazandığı uğurun başlıca səbəbi Allahın yardım və dəstəyidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dövlətimizin və xalqımızın çiyinlərinə böyük işlər düşür. Onların sırasında müsəlman birliyi, zəif xalqlara kömək etmək, regionda İslamın mənəvi nüfuzunu artırmaq kimi məsələləri qeyd etmək olar. Bu gün İran xalqı bütün bu mövzuların bayraqdarıdır”.
Çıxışının digər hissəsində Novruz bayramının tarixi keçmişinə toxunan Ali Məqamlı Rəhbər hazırkı Novruz mərasimini “İslamın müdrik təşəbbüsü” adlandıraraq dedi: “Padşahların bayramı olan qədim Novruz zalım, müstəbid hökmdarların öz zahiri dəbdəbə və ehtişamını camaata nümayiş etdirmələri üçün fürsət idi. Müsəlman iranlılar isə müdrik və tədbirli bir şəkildə bu ənəni öz xeyirlərinə dəyişdilər”.
Ali Məqamlı Rəhbər Novruzun xalqa aid məna və mahiyyət kəsb etdiyini qeyd edərək dedi: “Bugünün Novruzu qədim Novruzdan fərqlənir. Bu gün o, bu mərasimi mənəvi hədəflərə can atmaq üçün sərmayəyə çevirmiş müsəlman bir xalqın – İran xalqının bayramıdır”.
O, əlavə etdi: “Hazırkı dövrdə Novruz günlərində, yeni il təhvil olunduğu zaman geniş ərazili ölkəmizin ən sıx, izdihamlı mərkəzləri imamların və imamzadələrin (ə) ziyarətgahlarıdır”.
Bu il Həzrət Fatimənin (s.ə) şəhadəti ilə bağlı günlərin Novruzla üst-üstə düşdüyünü qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İran insanının Novruza müdrik yanaşmasını nəzərə alaraq demək olar ki, builki Novruz mərasimləri İslam dünyasının böyük qadını Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə olan ehtiramın qorunmasına heç bir formada zidd olmamalı, xələl gətirməməlidir və sözsüz ki, bu, elə belə də olacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir