Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslamı bütün zahiri forma və mahiyyəti ilə qoruyub möhkəmləndirmək lazımdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, mükəmməl İslamın gerçəkləşməsi Uca Yaradanın istəyi və İran İslam Respublikasının başlıca hədəfidir. O, imperialistlərin xalqlar arasında islamafobiyanı yaymaq cəhdləri qarşısında əsl İslamı dünyaya təqdim etmək vacib olduğunu qeyd edərək vurğuladı: “Mövcud problemlərin həlli yollarını və səbəblərini araşdırarkən səthi yanaşmalardan çəkinmək, məsələlərin kökünə gedərək onları məntiqi şəkildə idarə etmək lazımdır”.

Ayətullah Yəzdinin görkəmli bir şəxsiyyət olduğunu və keçmiş xidmətlərini vurğulayan Ali Məqamlı Rəhbər onun Xubriqan Məclisinin yeni sədri seçilməsinin layiqli və münasib bir seçim olduğunu qeyd etdi. O həmçinin dedi: “Digər hökumət strukturları üçün nümunə ola biləcək bu seçki çox qətiyyətli, bu gün geniş yayılmış təfərrüatlardan uzaq bir şəkildə baş tutdu”.

Ali Məqamlı Rəhbər Quranın çoxsaylı ayələrinə istinadən qeyd etdi ki, dinin bütün hökmlərinə və başlıca prinsiplərinə diqqətlə yanaşmaq İslamın tələbidir. O həmçinin vurğuladı: “İslam təlimlərində minimal din adlı bir şey yoxdur. Bizim hədəfimiz haqq din olan İslamı bütün komponentləri ilə birgə gerçəkləşdirmək olmalı, bu yolda səy göstərərək getdikcə irəliləməliyik”.

“İslamı bütün zahiri forma və mahiyyəti ilə qoruyub möhkəmləndirmək lazımdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslamın bütün mahiyyəti ilə qorunması o deməkdir ki, ölkəmizin, xalqımızın və rəsmilərimizin ümumi hərəkatını formalaşdıran bütün fəaliyyətlərdə İslam başlıca hədəf və ideya olmalı, ona yetişmək üçün yüksələn xətt üzrə fəaliyyət proqramları qurulmalı və hamı bu yolda irəliləməlidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, mükəmməl İslamın gerçəkləşməsinə doğru irəliləyişin başlıca əleyhdarları dünyadakı quldur dövlətlərdir. O, əlavə etdi: “Sionistlərin siyasi-təbliğat maşınları vasitəsilə islamafobiyanın genişləndirilməsi bunu göstərir ki, onlar qeyri-qanuni mənafelərinin aradan getməsindən qorxurlar”.

Ali Məqamlı Rəhbər düşmənlərin: “İslam Respublikasının özünün yox, davranışlarının dəyişməsini istəyirik” – deyə səsləndirdikləri bəzi fikirlərə toxunaraq aşağıdakıları vurğuladı: “İslam dövlətinin öz davranışlarını dəyişməsi, əslində, o deməkdir ki, İran xalqı öz ideallarının gerçəkəşməsi yolunda irəiləyişin, mükəmməl İslamın gerçəkləşməsinin zəruri tələblərindən vaz keçməlidir. Bu isə dolayısı ilə elə dövlətin dəyişməsi, İslam dövlətinin ümumi hərəkatının öz islami mahiyyətini itirməsi deməkdir”.

“İslamafobiya təzahürünə qarşı passiv mübarizədən çəkinmək çox vacibdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslamafobiya, əslində, beynəlxalq arenadakı hegemon qüvvələrin siyasi İslam, xalqların həyatında əks olunan İslam qarşısında qorxu və çaşqınlığı deməkdir. Onların qorxduğu bu siyasi İslamın bərqərar edilib gücləndirilməsinin bayraqdarı isə İran xalqı olmuşdur”.

Ali Məqamlı Rəhbər islamafobiyanı təhlükədən fürsətə çevirməyin tamamilə mümkün olduğunu qeyd edərək dedi: “Xalqları və gəncliyi İslamdan qorxutmaq üçün göstərilən ardıcıl səylər dünya ictimaiyyətinin zehnində belə bir sual doğuracaq: Nəyə görə İslama bu qədər hücumlar edilir?”

Ali Məqamlı Rəhbər xalqlara əsl İslamı tanıtmaqla bu sualı cavablandırmağın sonsuz bərəkətləri olacağını bildirərək dedi: “Biz bütün gücümüzü bu istiqamətə yönəltməliyik”.

Əsl İslamın özəlliklərindən danışan Həzrət Ayətullah Xamenei dedi: “Məzlumun tərəfində, zalımın isə əleyhinə olan İslamın təbliği dünyanın hər yerində gəncləri həyəcana gətirəcək və onlara İslamın məzlumları, binəsibləri himayə etmək üçün əməli bir proqramı olduğunu analadacaq”.

Rasionallığın tərəfdarı, təəssübkeşlik və mürtəceliyin, xurafat və fantaziyaların əleyhinə olmağın əsl İslamın digər bir özəlliyi olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Biz dünyaya laübalılığa, bivecliyə qarşılıq olaraq məsuliyyətli, sekulyar İslama qarşılıq olaraq insanların həyatında əks olunan, zəiflərə rəhmli, imperialistlərlə cihad edən İslamı tanıtmalı və bu yolla düşmənlərin islamafobiya layihəsini xalqların diqqətini əsl İslama cəlb etmək üçün fürsətə çevirməliyik”.

Söhbətinin davamında Ali Məqamlı Rəhbər İranla Amerika və bəzi Qərb dövlətləri arasında mövcud olan problemlərə, o cümlədən nüvə məsələsinə toxunaraq dedi: “Səthi yanaşmadan çəkinərək mövcud problemlərin köklərini araşdırmaq və bu yolla da onların məntiqi həll yollarını tapmaq lazımdır”.

Ali Məqamlı Rəhbər konkret misal olaraq, sanksiyalar nəticəsində dəymiş ziyanlardan danışdı. O dedi: “Dəqiq araşdırmalar göstərir ki, sanksiyalar ucbatından üzləşdiyimiz zərbələr ölkənin neftdən asılılığından, iqtisadiyyatda dövlət sektorunun üstünlük təşkil etməsindən, əhalinin iqtisadiyyatda passiv iştirakından qaynaqlanır”.

Ali Məqamlı Rəhbər çox mühüm suallarla çıxış edərək dedi: “Əgər biz ölkənin iqtisadiyyatını və xalqın həyatını neftdən asılı vəziyyətə salmasaydıq, inqilabın əvvəllərində buraxılmış səhvi davam etdirərək bütün məsələləri dövlətə həvalə etməyib, xalqı, doğrudan da, iqtisadi fəaliyyətlərə cəlb etsəydik, düşmən neft sanksiyaları və dövlət strukturlarına qoyulan sanksiyalarla bizə bu ziyanları verə bilərdimi?”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər məsələlərin bu şəkildə kökünü araşdırıb çarə etsək, problemlər həll olunar və düşmənin xoş münasibətinə göz dikmərik”.

Ali Məqamlı Rəhbər bu dərin və məntiqli yanaşmanın dünyanın hegemon gücləri ilə gizli və aşkar qarşıdurmaların, o cümlədən nüvə məsələsinin idarə olunmasında da effektiv ola biləcəyini qeyd edərək dedi: “Möhtərəm prezidentin nüvə müzakirələrində iştirak etmək üçün seçdiyi komandada, doğrudan da, yaxşı, etimadalayiq, təqdir olunası, canıyanan insanlar təmsil olunur və onlar işləyir, çalışırlar. Lakin o yaxşı qardaşlarımızın varlığına baxmayaraq, mən yenə də nigaranam, çünki qarşı tərəf hiyləgərdir, məkrlidir, arxadan zərbə vurandır”.

Ali Məqamlı Rəhbər qüdrətli şəxslərin hiyləgərliyə ehtiyacı olmadığı barədə yanlış bir təsəvvür mövcud olduğunu bildirərək dedi: “Bəziləri elə bilirlər ki, siyasi, iqtisadi və hərbi cəhətdən bu qədər qüdrətli olan Amerikanın hiyləgərliyə, riyakarlığa ehtiyacı yoxdur. Amma bu təsəvvürün əksinə olaraq, amerikalıların hiylə və yalana çox ehtiyacı var və indi də elə bu cür davranırlar. Bizi bu reallıq narahat edir”.

Həzrət Ayətullah Xamenei Amerikanın hiylələrindən ehtiyatlı olmaq lazım olduğunu vurğulayaraq dedi: “Amerikalılar danışıqların tamamlanması üçün müəyyən edilmiş vaxt yaxınlaşdıqda həmişə daha kobud, möhkəm və acıqlı tonla danışmağa başlayırlar ki, məqsədlərinə nail olsunlar. Onların bu hiyləsindən ehtiyatlı olmaq lazımdır”.

Ali Məqamlı Rəhbər amerikalıların son həftə və son günlərdə səsləndirdikləri səfeh və nifrətamiz fikirlərə toxunaraq dedi: “Bir sionist təlxək orada nələrsə deyib, Amerika rəsmiləri də yaxalarını kənara çəkmək üçün hansısa fikirlər səsləndiriblər, amma həmin bəyanatlarında İranı terrorizmi dəstəkləməkdə ittiham ediblər. Bu, doğrudan da, gülünc bir söhbətdir”.

O, əlavə etdi: “Amerikalılar və onların regiondakı müttəfiqləri İŞİD və onun kimi ən murdar və qəddar terrorçuları yaradıblar və bu günə qədər də himayə edirlər, sonra da bu kimi işləri İran xalqına və İslam dövlətinə aid edirlər!”

Ali Məqamlı Rəhbər Amerikanın qondarma İsrail rejimini açıq-aşkar himayə etdiyini xatırladaraq dedi: “Vaşinqton terrorçu hərəkətlərini rəsmən etiraf edən bir dövləti mümkün olan ən çirkin formada himayə edir və bununla belə, İslam Respublikasını ittiham edir”.

“Amerika senatının son məktubu bu ölkədə siyasi etikanın tənəzzülə uğradığını göstərən çoxsaylı nümunələrlə doludur”, – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qəbul olunmuş beynəlxalq normalara əsasən, bütün dünya ölkələri qəbul etdikləri öhdəçiliklərə hakimiyyət dəyişikliyindən sonra da sadiq qalırlar. Amerika senatorları isə rəsmən elan edirlər ki, əgər hazırkı administrasiya hakimiyyətdən getsə, onun qəbul etdiyi öhdəçiliklər heç yoxmuş kimi hesab olunacaq. Məgər bu, siyasi etikanın ən son həddə tənəzzülü, Amerika dövlətinin daxildən çökməsi deyilmi?”

O həmçinin dedi: “İslam Respublikasının rəsmiləri nə etdiklərini yaxşı bilirlər. Onlar bilirlər ki, razılaşma əldə olunsa da, Amerika dövlətinin sonradan dediyindən boyun qaçırmaması üçün necə etmək lazımdır”.

Ali Məqamlı Rəhbər mərhum Ayətullah Mehdəvikəninin də xatirəsini ehtiramla yad edərək onun elminə əməl edən, effektiv mücahidələr həyata keçirmiş bir ruhani olduğunu qeyd etdi və dünyadan getmiş bu alimə Allahdan rəhmət və bağışlanma dilədi.

Həzrət Ayətullah Xameneinin çıxışından öncə Xubriqan Məclisinin sədri Ayətullah Yəzdi çıxış edərək məclisin 17-ci iclası haqda məlumat verdi.

Ayətullah Yəzdi sonuncu iclasda nitq və müzakirələrin əsas mehvərini təşkil etmiş məsələlər sırasında aşağıdakıları sadaladı:

- nüvə danışıqları və ölkənin daxili problemləri;

- müqavimət iqtisadiyyatının əməli surətdə reallaşdırılmasının, şüarçılıqdan çəkinməyin vacibliyi;

- dünyada mövcud olan hazırkı şəraitdə İslam dininin yeri və rolu;

- Qərbdə islamafobiya məsələsi;

- mədəni sfera ilə bağlı bəzi məsələlərin narahatlıq doğurması.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /