Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ekoloji problemlərin başlıca səbəbi insanla təbiət arasındakı balansın pozulmasıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ətraf mühit və təbii sərvətlərin qorunması məsələləri ilə əlaqəli hökumət qurumlarının rəsmiləri və rəhbər işçiləri ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, havanın çirklənməsi, qum tufanları, meşələrin, otlaqların və yaşıllıq zonalarının qırılması və s. bu kimi ekoloji problemlərin həlli üçün aidiyyətli qurumların ciddi və ardıcıl surətdə fəaliyyət proqramları hazırlanmasına, müvafiq tədbirlər görməsinə və nəzarətinə ehtiyac var. O vurğuladı: “Ətraf mühitin qorunması dövlətin öhdəsinə düşən bir vəzifədir. Ətraf mühitlə bağlı dövlət sənədinin hazırlanması, bütün tikinti və sənaye layihələrinə ekoloji məsələlərlə bağlı qoşmanın əlavə edilməsi, ekologiyanın korlanmasına görə müvafiq cəza tədbirlərinin təyin olunması və s. tədbirlərlə bu olduqca mühüm vəzifəni yerinə yetirmək lazımdır”.

Ali Məqamlı Rəhbər Yer kürəsinin ümumi ərazisinin və sərvətlərinin qorunması məsələsinə İslam dininin yanaşması barədə danışaraq dedi: “İslam və digər səmavi dinlər insanın təbiət qarşısında məsuliyyət hiss etməsinin, insanla təbiət arasında balansın qorunmasının vacibliyini daim vurğulayır. Çünki ekoloji problemlərin ortaya çıxmasının başlıca səbəbi insanla təbiət arasındakı bu balansın pozulmasıdır”.

Ekoloji problemlərin bütün dünyanı əhatə etdiyini deyən Həzrət Ayətullah Xamenei bu məsələlərin uzunmüddətli təsirə malik olduğunu qeyd edərək dedi: “Müxtəlif ölkələrin təcrübəsi göstərir ki, ekoloji problemlərin əksəriyyətinin qarşısını almaq və onları həll etmək mümkündür”.

Ali Məqamlı Rəhbər nümunə üçün meqapolislərdə havanın çirklənməsinə və qum tufanları təzahürünə toxunaraq dedi: “Səbir və təmkinlə, lazımi və ardıcıl tədbirlər həyata keçirməklə bu problemləri həll etmək mümkündür”.

O, əlavə etdi: “Ekoloji problemlər bu və ya digər hökumətin, şəxsin və ya siyasi cərəyanın problemi deyil. Bunlar ümumlilikdə ölkənin və xalqın problemidir və bu sahə ilə bağlı problemlərin həlli üçün hamı əl-ələ verməldir”.

Ali Məqamlı Rəhbər hava, su və torpağı ətraf mühitin 3 başlıca ünsürü adlandıraraq dedi: “Meqapolislərdə havanın çirklənməsi, qum tufanları, həmçinin su çatışmazlığı və torpaq eroziyası kimi problemlərin həlli üçün təbliğat aparmaqdan çox, ciddi və ardıcıl tədbirlər həyata keçirmək lazımdır”.

Meşə və otlaqları “şəhərlərin ağciyəri” adlandıran Həzrət Ayətullah Xamenei onların eyni zamanda torpağın möhkəmliyinin qorunmasında da mühüm rol oynadığını qeyd etdi. O yalnız öz mənfəətini güdən şəxslərin özəlliklə ölkənin şimalında meşələrə və təbii resurslara əl qoymasından həddən artıq təəssüfləndiyini bildirərək dedi: “Rəsmi orqanlar otel tikintisi, turistlərin cəlb edilməsi, teoloji mərkəzin qurulması və s. bu kimi zahirən məqbul sayıla biləcək istənilən bəhanə ilə meşələrə təcavüz edilməsinə qarşı qətiyyətlə mübarizə aparmalıdırlar”.

“Torpaqların və son dövrlərdə dağlıq ərazilərin cürbəcür spekulyasiyalarla ələ keçirilməsi, yüksəkliklərdə inşaat işlərinin aparılması da digər üzücü və təəssüfləndirici təzahürlərdir” – deyən Həzrət Ayətullah Xamenei vurğladı: “Hüquqi cəhətdən bu kimi hərəkətlər cinayət kimi qiymətləndirilməli, sui-istifadəçi insanlar heç bir vəchlə güzəşt olunmadan hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. Əgər rəsmi strukturlarda hər hansı bir nöqsan və ya səhlənkarlığa yol verilirsə, bunu edənlərə qarşı da kəskin şəkildə tədbir görülməlidir”.

Ətraf mühitin qorunmasının hakimiyyətin öhdəsinə düşən bir vəzifə olduğunu vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Ətraf mühitin qorunması ilə bağlı dövlət proqramının hazırlanması, bütün inşaat, sənaye və ticarət layihələrinə ekoloji məsələlər mövzusunda qoşmanın əlavə edilməsi, ekologiyanın korlanmasına səbəb olanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunlara yenidən baxılması, güzəştsiz nəzarətin gücləndirilməsi ətraf mühitin qorunmasında və öz mənfəəti naminə qanunu pozan insanlara qarşı mübarizədə ən mühüm çıxış yollarıdır”.

Ali Məqamlı Rəhbər ətraf mühitin qorunmasında əhalinin roluna, milli teleradio vasitəsilə cəmiyyətdə müvafiq mədəniyyətin formalaşdırılmasının əhəmiyyətinə toxunaraq dedi: “Toxunulmalı olan məsələlər bu gün qeyd olundu. Bundan sonra insanlar özləri nəticə çıxarmalıdırlar ki, ətraf mühitin qorunması istiqamətində hansı strukturlar öhdələrinə düşən vəzifələri yerinə yetirir və hansılar səy göstərib lazımi tədbirləri həyata keçirmir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /