Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının nüfuz, heysiyyət və tərəqqisini özündə ehtiva edən yaxşı bir anlaşmanı alqışlaya bilərik

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hərbi Hava Qüvvələrinin və Havadan Müdafiə Qərargahının yüksək rütbəli zabitləri və şəxsi heyəti ilə bu gün (bazar günü) səhər baş tutan görüşündə Amerikanın İrana qarşı 36 ildir davam edən və sonu bilinməyən düşmənçiliyinin başlıca səbəbini və hədəfini açıqlayaraq bu dövlətin İran xalqını diz çökdürüb təhqir etmək üçün qurduğu planlarda səhvə yol verdiyini bildirdi. O, nüvə danışıqlarında İranın məntiqli və əsaslandırılmış şəkildə davrandığını, qarşı tərəfin isə məntiqsiz rəftar sərgiləyərək öz şərtlərini diktə etməyə çalışdığını qeyd edərək vurğuladı: “22 bəhmən günü İran xalqı heç kəsin zorakı tələblərinə boyun əyməyəcəyini, onu təhqir edən hər kəsə qarşılıqlı zərbə ilə cavab verəcəyini nümayiş etdirəcək”.

1357-ci ilin 19 bəhmən günü Ordunun Hərbi Hava Qüvvələrinin o zaman “humafər” adı daşıyan yüksək rütbəli zabitlərindən bir qrupunun İmam Xomeyniyə (r.ə) tarixi beyətinin ildönümündə baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei o mühüm hadisənin özündə dolğun və qalıcı bir mənanı ehtiva etdiyini qeyd edərək dedi: “HHQ-nin zabit və əsgərlərinin 1357-ci ilin 19 bəhmən günü atdığı cəsarətli addım İslam İnqilabının mesajlarının hətta o dövrdə şaha tabe olan və Amerikanın da sevimlisi sayılan HHQ-nin qəlbinin dərinliklərinə nüfuz edəcək qədər haqlı və cəlbedici olduğunu göstərdi”.

Bu mühüm həqiqəti bilmək və qorumaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər hazırkı dövrün bəzi reallıqlarına, o cümlədən İslam İnqilabının geniş nüfuz qazanmasına toxunaraq dedi: “İslam İnqilabının qələbəsindən sonra Amerikanın hegemonluğuna qarşı açıq-aşkar müqavimətə qalxmış İran xalqının şücaət və qəhrəmanlığının şahidi olan xalqlar həyəcana gələrək bu inqilabın mesajlarına cəzb olundular”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Qarşı tərəfdə də başda Amerika olmaqla hegemon dövlətlər elə inqilabın ilk günündən etibarən getdikcə genişlənməkdə olan bu əzəmətli hərəkatı yatırmaq üçün əllərindən gələn hər şeyi edib, bacardıqları qədər təzyiq göstərdilər. Bu düşmənçilik bu günə qədər də davam edir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerika və digər imperialist dövlətlərinin düşmənçiliyi ayrı-ayrı şəxslərlə deyil. Onlar İran xalqının müqavimət ruhu, milli istiqlal, qürur və heysiyyət tələbi ilə müşayiət olunan hərəkatının özünə, rəhbər tutduğu bu tendensiyaya düşməndirlər”.

Ali Məqamlı Rəhbər Amerikanın bəzi dövlət adamlarının son illər səsləndirdikləri, İran xalqına qarşı açıq-aşkar kin və nifrət dolu fikirləri xatırladaraq dedi: “İran xalqının mübarizliyi onları əsəbləşdirir. Amerika və onun müttəfiqlərinin əsas məqsədi İran xalqını diz çökdürmək və təhqir etməkdir. Əlbəttə ki, onlar təhlillərində səhvə yol verirlər”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, Amerikanın region, xüsusilə də İranla bağlı məsələlərdə ardıcıl uğursuzluqlarla üzləşməsinin səbəbi də elə hesablamalarında yol verdiyi strateji səhvlərdir. O, əlavə etdi: “Bu səhvlərdən biri də bir neçə gün öncə Amerika rəsmilərindən birinin: “Nüvə danışıqlarında iranlılar əli-qolu bağlı çarəsiz vəziyyətdə qalıblar”, – deyə səsləndirdiyi fikirlərdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “22 bəhmən günü İran xalqının öz varlığını necə nümayiş etdirdiyini görəcəksiniz və onda məlum olacaq ki, İran xalqı əli-qolu bağlıdır, yoxsa yox”.

O həmçinin dedi: “İran xalqının və İran rəsmilərinin əl-qolu heç vaxt bağlı olmayıb. Onlar bunu bu günə qədər işlərində göstəriblər, bundan sonra da öz təşəbbüs və şücaətləri ilə nümayiş etdirəcəklər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Hal-hazırda problemlə qarşılaşıb çətin vəziyyətdə qalan tərəf Amerikadır. Bu həqiqəti regionumuzda və ondan xaricdəki bütün reallıqlar sübut edir”.

Həzrət Ayətullah Xamenei Amerika siyasətinin Suriya, İraq, Livan, Fələstin, Qəzza, Əfqanıstan və Pakistanda iflasa uğradığını, habelə bu ölkənin Ukraynada da uğursuzluqla üzləşdiyini qeyd edərək Amerika rəsmilərinə xitabən aşağıdakıları vurğuladı: “İllər boyu ardıcıl məğlubiyyətlərlə üzləşən sizsiniz, İran İslam Respublikası isə irəli gedib və otuz neçə il əvvəlki ilə heç bir vəchlə müqayisə oluna bilməz”.

Ali Məqamlı Rəhbər İslam Respublikasının elm və texnologiya sahəsində, cürbəcür sosial məsələlərdə, beynəlxalq arenada qazandığı genişmiqyaslı nailiyyətlərə, regionda əldə etdiyi böyük nüfuza, İslam İnqilabının prinsiplərinin gənclərin qəlbində özünə yer etməsinə toxunaraq dedi: “Belə dəyərli təcrübə ehtiyatı olan İslam Respublikası qüdrətlə irəliləməkdədir. Onun kökünü qazımağa müvəffəq olmamış amerikalılar isə İslam dövlətinin varlığına dözmək məcburiyyətindədirlər. Onların siyasi, iqtisadi, mədəni və təhlükəsizlik planları bu inkişafa mane ola bilməyəcək”.

Nüvə danışıqları məsələsinə toxunan Ali Məqamlı Rəhbər bədxah düşmənlərin İranın bu mövzuda çıxılmaz vəziyyətdə qaldığı barədə fikir formalaşdırmağa çalışdıqlarını dedi. O, nüvə danışıqları ilə bağlı bir neçə mühüm məqamı qeyd etdi.

Həzrət Ayətullah Xamenei, ilk olaraq, razılaşmanın əldə olunmasına qarşı olmadığını bildirərək dedi: “Mən əldə oluna biləcək razılaşmanın tərəfdarıyam, “pis” bir razılaşmanın isə əleyhinəyəm”.

Ali Məqamlı Rəhbər Amerika rəsmilərinin dəfələrlə: “Razılaşmanın əldə olunmaması pis bir razılaşmanın əldə olunmasından yaxşıdır” – deyə bəyanatlar verdiyini xatırladaraq dedi: “Elə biz də bu fikirdəyik! Biz də düşünürük ki, razılaşmanın əldə olunmaması milli mənafeyə zidd olan, böyük İran xalqının alçaldılması üçün zəmin yaradacaq bir razılaşmanın əldə olunmasından daha yaxşıdır”.

Ali Məqamlı Rəhbərin qeyd etdiyi ikinci məqam ölkə rəsmilərinin və danışıqlarda iştirak edən heyətin daim sanksiya silahını düşmənin əlindən almağa çalışması oldu. O dedi: “Əgər bu baş versə və razılaşma yolu ilə sanksiya silahı düşmənin əlindən alınsa, çox yaxşı. Lakin bu olmasa da, hamı bilsin ki, sanksiya silahını zərərsizləşdirmək üçün ölkənin daxilində bir çox yollar var”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər çalışıb səy göstərərək əlimizdə olanlara lazımınca diqqət yetirsək, sanksiya silahını düşmənin əlindən ala bilməsək də, təsirini nisbətən azalda bilərik”.

Ali Məqamlı Rəhbərin vurğuladığı üçüncü məqam İran İslam Respublikasının nüvə mövzusu ətrafında aparılan müzakirələrdə məntiqli, qarşı tərəfin isə məntiqsiz və zorakı rəftar nümayiş etdirməsi ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei ölkə prezidentinin bir müddət əvvəl danışıqların iki tərəfin ortaq məxrəcə gəlməsi anlamında olduğu barədə səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Elə buna görə də danışıqlarda tərəflərdən biri məntiqsiz davranaraq istədiyi hər bir şeyin reallaşmasına çalışmamalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalılar və onların göstərişi ilə oturub-duran bir neçə Qərb dövləti danışıqlarda məntiqsiz davranış nümayiş etdirir, qarşıya həddən artıq tələblər qoyaraq bütün istəklərinin həyata keçməsini gözləyirlər. Halbuki müzakirənin yolu bu deyil”.

İran rəsmilərinin qarşı tərəfin haqsız tələbkarlığı qarşısında müqavimət göstərməsinin tamamilə düzgün bir addım olduğunu deyən Həzrət Ayətullah Xamenei İslam Respublikasının müxtəlif etaplarda, o cümlədən Müqəddəs Müdafiənin gedişində, 598-ci qətnamə qəbul edildiyi zaman, eləcə də müharibədən sonra baş vermiş cürbəcür hadisələr zamanı məntiqli və əsaslandırılmış surətdə davrandığını qeyd edərək dedi: “İslam dövləti nüvə danışıqlarında da məntiqli davranır, qarşı tərəfin isə heç məntiqi yoxdur. Onlar məntiqə yox, zorakılığa əsaslanırlar”.

O həmçinin vurğuladı: “İran xalqı zorakılığa, haqsız tələblərə və məntiqsiz davranışlara tabe olmayacaq”.

Ali Məqamlı Rəhbər bir daha vurğuladı: “Mən danışıqların davam etdirilməsi, irəliləməsi və yaxşı bir anlaşmanın əldə edilməsi ilə razıyam. Heç şübhəsiz, İran xalqı da onun qürur və ehtiramını təmin edəcək istənilən anlaşmanın əleyhinə deyil”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müzakirələrdə İran xalqının nüfuz və ehtiramı, inkişafı təmin olunmalıdır, çünki bu xalq Amerika və ya bir başqasının hegemonluğuna boyun əyməyə adət etməyib”.

O həmçinin ikimərhələli: əvvəlcə ümumi prinsiplər, bir müddət sonra isə təfərrüatlarla bağlı razılaşmanın əldə edilməsi barədə səsləndirilən bəzi fikirlərə toxunaraq dedi: “Bu cür razılaşma məqbul deyil, çünki biz qarşı tərəflə qarşılıqlı münasibətdən qazandığımız təcrübədən bilirik ki, sırf ümumi prinsiplərlə bağlı əldə edilən razılaşma təfərrüatlarla bağlı bir-birinin ardınca bəhanələr gətirilməsinə yol açacaq”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Hər hansı bir razılaşma əldə ediləcəksə, bu, birdəfəyə olmalı və bütün ümumi müddəa və təfərrüatları birgə əhatə etməlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu müqavilənin məzmunu da fərqli yozumlara yer qalmayacaq şəkildə açıq-aydın olmalı, boş-boş danışmağa adət etmiş qarşı tərəfin müxtəlif hadisələr zamanı bəhanələr gətirməsinə əsas verməməlidir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Sanksiyalar da sözün əsl mənasında ortadan qaldırılmalıdır”.

O həmçinin dedi: “Allahın köməyi ilə, 22 bəhmən günü İran xalqı göstərəcək ki, onu alçaltmaq istəyən hər kəs qarşılıqlı zərbə ilə üzləşəcək”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Bütün İran xalqı, xalqına canı yanan hər kəs yekdilliklə bu fikirdədir ki, bir ölkə üçün milli qürur son dərəcə əhəmiyyətlidir, çünki milli qürur olmasa, təhlükəsizlik və tərəqqi də olmaz. Odur ki milli qürur qorunmalıdır və rəsmilərimiz də bunu bilir”.

Sonda Ali Məqamlı Rəhbər dedi: “Allahın köməyi ilə, 22 bəhmən günü İran xalqı öz qüdrətli iştirakı və güclü əzmi ilə düşməni diz çökdürəcək”.

Görüşün əvvəlində Ordunun Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Həsən Şahsəfəvi “humafər” dəstələrinin İmam Xomeyniyə (r.ə) tarixi beyətinin ildönümü olan 19 bəhmən gününü əlamətdar bir gün kimi xatırlayaraq HHQ-nin güc və potensialı, əldə etdiyi nailiyyətlər haqda məlumat verdi.

General Şahsəfəvi dedi: “Ordunun Hərbi Hava Qüvvələrində daxili potensial əsasında aviasimulyatorların dizaynı, konstruksiyası və təkmilləşdirilməsi, enli füzelajlı hərbi təyyarələrin dizayn və konstruksiyasına nail olunması, müxtəlif tipli təyyarələrin təmiri, bərpası və istifadəyə yararlı vəziyyətə gətirilməsi, mövcud maddi-texniki bazanın təkmilləşdirilməsi, müxtəlif uçuş avadanlıqlarının istehsalı, habelə strateji raketlərin istehsalı və istifadəyə verilməsi havadan müdafiə avadanlıqları sahəsində ölkəmizin üzərinə qoyulmuş sanksiyaların darmadağın ediləcəyi ilə bağlı iddiaları təsdiqləyir, regionda yeni müdafiə balansının yaranacağını müjdə verir”.

Görüşdən əvvəl Ali Baş Komandan İİR Ordusunun Hərbi Hava və Havadan Müdafiə Qüvvələrinin yüksək rütbəli zabitləri ilə ayrıca görüşüb söhbət edərək onların xidmət etdiyi hərbi qüvvələrin ölkənin ümumi müdafiə sistemində özünəməxsus həssas və təhlükəli rola malik olduğunu bildirdi. O dedi: “Hava Qüvvələri peşə istiqaməti baxımından elm və texnologiyaya əsaslanır və bu, kənar təhlükələr qarşıya çıxdığı zaman sözügedən qüvvələrin əhəmiyyətini müəyyən cəhətlərdən daha da artırır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /