Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Milli qürur ruhiyyəsi böyük uğurlara doğru irəliləyiş üçün zəmin yaradır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İnçxon Asiya və Para-Asiya Oyunlarında iştirak etmiş və yüksək nəticələr göstərmiş idmançılarla bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə müxtəlif yarışlarda çempionluq əldə edən idmançıların xalqda milli qürur hissinin yaranmasında böyük rol oynadıqlarına toxunaraq qeyd etdi ki, çempionların və digər idmançıların milyonların gözü önündə dini dəyərlərin qorunması və təbliği məsələsində mənəvi dözüm nümayiş etdirməsi olduqca əhəmiyyətlidir. O həmçinin vurğuladı: “Dünya arenalarında nümayiş olunan bu mənəvi dözüm İran xalqının mətinlik və mübarizliyinin güclü bir elementinin göstəricisidir”.

Asiya və Para-Asiya oyunlarında qalib olaraq medallar qazanmış idmançılara hədsiz təşəkkürünü bildirən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bir xalqın özünün milli qürur mənbəyi olan amillərə bələd olması və özündə milli qürur duyması onun daha böyük uğurlara doğru irəliləyişi üçün zəmin yaradır. Ali Məqamlı Rəhbər dedi: “Gənc bir idmançının öz qələbəsini xalqına ərməğan etməsi, duyduğu sevinc və qürur hisslərini insanlarımızın qəlbinə ötürməsi olduqca dəyərli bir addımdır”.

Ali Məqamlı Rəhbər çempionluq qazandığı anda bütün gözlərin həmin idmançıya dikildiyini bildirərək dedi: “Çempionluq əldə etmiş idmançıların rəftar və davranışları xalqımızı, onun mədəniyyətini və milli kimliyini, həmçinin mənəvi müqavimətini dünyaya tanıdır”.

Mənəvi dözümlülük mövzusunu daha ətraflı açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Beynəlxalq mərkəzlərin və qlobal media imperatorluğunun fəaliyyətində dinsizlik və abırsızlığın başlıca yer tutduğu, çılpaqlıq və iffətsizliyin geniş şəkildə təbliğ olunduğu bir dünyada gənc bir İran idmançısı tərəfindən mənəvi bir təzahürün nümayiş etdirilməsi, əslində, İran xalqının dünyada baş alıb gedən bu böyük azğınlıq dalğası qarşısında mənəvi müqavimət qabiliyyətinin nümayiş olunması deməkdir”.

Daha sonra Ali Məqamlı Rəhbər idmançılara bir neçə tövsiyəsini verdi.

Ali Məqamlı Rəhbərin birinci tövsiyəsi yerli və beynəlxalq idman arenalarında qanunsuz hərəkətlərdən çəkinməyin, bu kimi hallara yol verənlərə qarşı qətiyyətli davranmağın vacibliyi ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Belələrinə qarşı münasibətdə heç nəyi nəzərə almamaq, səhlənkarlığa qətiyyən yol verməmək lazımdır. Çünki qanunsuzluq qəbuledilməzdir – istər bu, rəsmilərin və ya sıravi insanların, ziyalıların və ya qeyrilərinin, yaxud siyasət, idman, elm və ya sənaye sektorundakı qabaqcıl simaların işində olsun”.

“İdmançıların və çempionların xalq tərəfindən sevilməsi onların gənclər üçün örnəyə çevrilməsinə şərait yaradır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Çempionların hər bir yaxşı hərəkəti milyonlarla yaxşı hərəkətin artmasına, cəmiyyətdə xeyir əməllərin rəvac tapmasına səbəb olur”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Qəhrəmanlıq edib insanlar tərəfindən sevilmək ikiağızlı, iti bir xəncərə bənzəyir: onunla lazımınca davransan, çox yaxşı, yox əgər onunla davranış qaydalarına riayət edə bilməsən, həddən artıq təhlükəli olacaq”.

Həzrət Ayətullah Xamenei həmçinin Gənclər və İdman Nazirinin çıxışına da toxunaraq vurğuladı ki, məsələlərin prioritet ardıcıllığının müəyyən olunması olduqca vacibdir. O dedi: “Professional idmandan başqa, kütləvi idmana da dəstək vermək lazımdır, çünki kütləvi idman cəmiyyətin ümumi sağlamlığına yol açır”.

Sonda Ali Məqamlı Rəhbər İran xalqının müxtəlif sferalarda, o cümlədən elm və əxlaqda qəhrəmanlar yetişdirdiyini qeyd edərək dedi: “Qəhrəmanlar yetişdirmək ölkəmizdə bir ruhiyyəyə çevrilib və bu ruhiyyə günü-gündən daha da genişləndirilməlidir”.

Görüşün əvvəlində Gənclər və İdman Naziri cənab Qudərzi İran idmançılarının Asiya və Para-Asiya oyunlarında qazandığı uğurlara toxunaraq qeyd etdi ki, ölkədə idmanın və idmançlıarın başlıca şüarı “Saf, mənəviyyatlı və dindar olaq!” şüarıdır. O həmçinin dedi: “İdman və Gənclər Nazirliyinin son 1 ildə həyata keçirdiyi işlər sırasında kütləvi və peşəkar idmana yanaşmada balans yaradılması, qadınlar arasında idmanın genişləndirilməsinə xüsusi diqqət ayrılması, İran-İslam mədəniyyətinin genişləndirilməsi istiqamətində səy göstərilməsi, dövlət öhdəçiliyinin azaldılmasını qeyd etmək olar”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /