Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Neftin ucuzlaşması iqtisadi yox, siyasi bir məsələdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Venesuela Respublikasının prezidenti cənab Nikolas Maduro ilə bu gün (şənbə günü) günortadan sonra keçirdiyi görüşdə Venesuela Respublikasının özəlliklə İsrail rejiminə qarşı mövqe və davranışlarını yüksək qiymətləndirdiyini qeyd edərək bildirdi ki, imperializm cəbhəsinin Venesuelaya qarşı düşmənçiliyinin səbəbi bu dövlətin öz əvvəlki cəsarətli mövqeyi üzərində möhkəm durması və Latın Amerikası regionunda strateji təsirə malik olmasıdır. O həmçinin dedi: “İran İslam Respublikası Venesuela ilə hərtərəfli əməkdaşlığı daha da artıraraq davam etdirməkdə qəti surətdə qərarlıdır”.

Görüş zamanı Ali Məqamlı Rəhbər Venesuelanın keçmiş prezidenti cənab Hüqo Çavezi İranın yaxşı dostu kimi xatırladı. O, iki ölkə arasındakı sıx əməkdaşlığa toxunaraq dedi: “Vəzifədə olduğunuz müddətdə siz də bu əməkdaşlığı davam etdirdiniz və düşmənlərinizin qəsdən yaratdığı problem və çətinliklərə şücaətlə qalib gəldiniz”.

Ali Məqamlı Rəhbər qısa müddət ərzində neftin qiymətinin heyrətamiz dərəcədə aşağı düşməsini iqtisadi yox, siyasi bir məsələ adlandıraraq dedi: “Bizim ortaq düşmənlərimiz neftdən siyasi bir silah kimi istifadə edirlər. Neftin bu cür ucuzlaşmasında, heç şübhəsiz, onların rolu var”.

Həzrət Ayətullah Xamenei İran və Venesuela prezidentləri arasında neftin ucuzlaşmasına qarşı birgə mübarizə istiqamətində əldə edilmiş razılaşmaları dəstəklədiyini bildirərək dedi: “Əlbəttə ki, ölkələrimiz arasındakı əməkdaşlıq təkcə neft sektoru ilə məhdudlaşmır. İran və Venesuela arasında mübadilələrin və sərmayə qoyuluşunun həcmi hazırda gözlənilən səviyyədə olmasa da, gələcəkdə artırılmalıdır”.

Ali Məqamlı Rəhbər daha sonra Venesuelanın regional və beynəlxalq arenadakı mövqe və davranışlarını, müqavimətini yüksək dəyərləndirərək dedi: “Latın Amerikası ölkələri faktiki olaraq Venesuelanın strateji dərinliyidir. Venesuelanın idealları o regionda bir çox xalqların oyanışına səbəb olub. Amerikanın Venesuela dövləti və xalqı ilə düşmənçiliyinin səbəbi də elə budur”.

Ali Məqamlı Rəhbər bu baxımdan Venesuela dövlətinin Qəzzada gedən 51 günlük hərbi əməliyyatlara münasibətdə sərgilədiyi gözəl mövqeyə, həmçinin Venesuela prezidentinin onunla görüşü zamanı səsləndirdiyi fikirlərə toxunaraq dedi: “İsrail rejimi bütün dünyanın, xüsusilə də regionumuzda yaşayan xalqların hədsiz nifrətinə tuş gəlib. Sizin bu rejimə qarşı nümayiş etdirdiyiniz cəsarətli mövqe xalqlar arasında sizə çoxlu sayda dostlar qazandıracaq”.

Venesuela hökumətinə uğurlar diləyən Həzrət Ayətullah Xamenei cənab Maduroya xitabən aşağıdakıları vurğuladı: “Siz gənc, əzmli və iradəlisiniz. İran İslam Respublikası da qəti şəkildə iki ölkə arasında uzun illərdir əsası qoyulmuş əməkdaşlığı davam etdirmək niyyətindədir. Belə ki bu əməkdaşlığın davam etdirilməsi və möhkəmləndirilməsi hər iki ölkənin xeyrinədir”.

İran prezidenti cənab Ruhaninin də iştirak etdiyi bu görüş zamanı Venesuela prezidenti cənab Nikolas Maduro yardım və dəstəyinə görə İran İslam Respublikasına təşəkkürünü bildirərək dedi: “Cənab Çavez öz çıxışlarında daim Sizin ona verdiyiniz tövsiyələri xatırlayır, İran xalqına, İranın mövqeyinə və tarixinə xüsusi hörmət bəsləyirdi. Elə biz də onun kimi İranı öz evimiz bilirik”.

“Ölkələrimiz arasındakı qarşılıqlı etimad ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün dəyərli bir sərmayədir” – deyən cənab Maduro əlavə etdi: “Hər iki ölkənin imkan və potensialından istifadə edərək əlaqələrimizin sıçrayışlı inkişafına səy göstərməliyik”.

Söhbətinin davamında cənab Maduro dünya üzrə neftin qiymətinin ucuzlaşmasına toxunaraq dedi: “Biz neftin qiymətini kontrol altına saxlamaq üçün OPEK-ə üzv, həmçinin Rusiya da daxil olmaqla digər neft ixracatçısı olan ölkələr arasında şura yaratmağa çalışırıq ki, birgə əməkdaşlıq və yeni mexanizmlərdən istifadə etməklə neftin qiymətini məqbul səviyyəyə qaytaraq”.

Çıxışının digər hissəsində cənab Maduro Fələstin məsələsinə toxunaraq vurğuladı: “Fələstin bəşəriyyətin əsas amallarından biridir. Venesuela dövləti və xalqı özünü Fələstin ideologiyasına borclu bilir. Biz əminik ki, günlərin bir günü Fələstin azad ediləcək”.

Venesuela Respublikasının prezidenti həmçinin dedi: “Fələstin Amerikanın imperialist və dağıdıcı siyasətlərinin qurbanı oldu. Amerika öz antibəşər və imperialist simasını yüz cür başqa bəyənilən sima altında gizlətməyə çalışır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /