Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam peyğəmbərinin (s) mövludu elm, rasionallıq, əxlaq, mərhəmət və vəhdətin dünyaya gəlişidir

Böyük İslam peyğəmbəri Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələri, ordu və hökumət rəsmiləri, “İslami vəhdət” Konfransında iştirak edən alim və mütəfəkkirlər, habelə müsəlman ölkələrinin səfirləri ilə keçirdiyi görüşdə qeyd etdi ki, vəhdət sonuncu peyğəmbər Həzrət Məhəmmədin (s) İslam ümmətinə öyrətdiyi ən böyük dərs olmaqla yanaşı, bu gün ümmətin həddən artıq böyük ehtiyac duyduğu bir amildir. O həmçinin vurğuladı: “Allahın sonuncu peyğəmbəri olan Həzrət Məhəmmədi (s) yalnız dildə uca tutub tərifləmək lazım deyil. O həzrətin ümməti vəhdətə çağıran mesajlarını reallaşdırmaq müsəlman ölkələri və xalqlarının ən mühüm prioriteti olmalıdır”.

Ali Məqamlı Rəhbər özündə iki əlamətdar hadisəni birləşdirən bu əziz gün münasibətilə görüş iştirakçılarını təbrik edərək İslam peyğəmbərinin (s) mövludunu elm, rasionallıq, əxlaq, mərhəmət və vəhdətin dünyaya gəlişi adlandırdı. O həmçinin dedi: “Bəşəriyyəti səadətə qovuşduracaq bu dərin mənaların gerçəkləşməsi işində müsəlman ölkələrinin rəsmilərinin, siyasi simalarının, alim və ziyalılarının çiyninə çox ağır vəzifələr düşür”.

İslam düşmənlərinin təfriqəçi planlarının uğur qazanmasından böyük təəssüf hissi keçirdiyini bildirən Həzrət Ayətullah Xamenei vurğuladı: “Belə böyük imkanlara və müstəsna özəlliklərə malik müsəlman xalqları ikinci dərəcəli, kiçik məsələlərdə yox, ümumi strategiya və tendensiyalarda birgə və həmrəy olsalar, İslam ümmətinin inkişaf və yüksəlişi qarant altına alınar. İslam dünyasının vəhdət və söz birliyinin dünyada inikası isə İslam peyğəmbərinə şərəf, nüfuz və əzəmət gətirəcək”.

Ali Məqamlı Rəhbər İslam ümmətinə hörmət və başucalığı gətirən vəhdət və həmrəylik nümunələri kimi, müsəlman xalqlarının Ramazan bayramlarında qıldığı möhtəşəm namazları və əzəmətli həcc toplumunu misal gətirərək ddi: “Bu il İmam Hüseynin (ə) ərbəin günündə də sıralarına sünnilərin də qatıldığı milyonlarla müsəlman möhtəşəm və heyrətamiz bir hadisəyə imza atdı. Bu hadisənin dünya müsəlmanlarının ən böyük toplantısı kimi bütün dünyada əks-səda doğurması İslam dünyasına əzəmət və iftixar qazandırdı”.

Ali Məqamlı Rəhbər builki ərbəin mərasimi zamanı fədakarlıq və qonaqpərvərliklə zəvvarların xidmətində durduqları üçün İraq hökuməti, İraq xalqı və İraq qəbilələrinə təşəkkür və qədirdanlığını ifadə etdi.

Həzrət Ayətullah Xamenei İslam dünyasında vəhdət yaradacaq amilləri sadalayarkən bildirdi ki, müxtəlif sünni və şiə firqələrinin bir-birinə qarşı sui-zənn və təhqirlərə yol verməkdən çəkinməsibu baxımdan son dərəcə əhəmiyyətlidir. O, Qərbin xüsusi xidmət və kəşfiyyat orqanlarının İslam məzhəbləri arasında konflikt yaratmaq üçün geniş fəaliyyət göstərdiklərinə toxunaraq dedi: “İngiltərənin Mİ6-sı ilə əlaqəli olan şiəlik və Amerikanın CİA-sından muzd alan sünnilik – hər ikisi İslamın və Peyğəmbərin əleyhinədir”.

İslam vəhdəti mövzusunda İmam Xomeyninin (r.ə) bayraqdar olduğunu bildirən Ali Məqamlı Rəhbər İran İslam Respublikasının bu sahədə durmadan fəaliyyət göstərdiyini qeyd etdi. O həmçinin dedi: “Son 35 ildə İranın öz müsəlman qardaşlarına etdiyi yardımlar əsas etibarilə sünni qardaşlarımıza olub. İslam dövləti və İran xalqı Fələstin xalqını və regionun digər dövlətlərinin əhalisini ardıcıl olaraq dəstəkləməklə vəhdət şüarına sadiq olduğunu əməli surətdə sübut edib”.

Üzünü İslam dünyasının siyasətçilərinə, din alimlərinə və ziyalılarına tutan Həzrət Ayətullah Xamenei belə bir sual verdi: “Dünyanın hegemon dövlətləri islamafobiyanı yaymaq, İslamın nurlu simasını gözdən salmaq üçün qızğın iş apardığı bir vaxtda İslam firqələrinin liderlərinin təfriqəçi çıxışlar etməsi, qarşılıqlı surətdə bir-birini pisləməsi ağıl, siyasət və müdrikliyə zidd deyilmi?”

“Bəzi region ölkələrinin öz xarici siyasətlərini İranla qarşıdurmaya kökləmələri böyük bir səhvdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu qeyri-rasional siyasətlərdən fərqli olaraq, İran İslam Respublikası həmişə olduğu kimi, bundan sonra da öz xarici siyasətini bütün müsəlman ölkələri, o cümlədən region dövlətləri ilə dostluq və qardaşlıq münasibətləri əsasında davam etdirəcək”.

O həmçinin plüralizmin təbliğinin də Quran və digər İslam mənbələrindən çıxarılmış yanlış nəticə olduğunu bildirərək dedi: “Quranın açıq-aydın ayələrinə əsasən demək olar ki, İslam dini plüralizmi qəbul etmir”.

İslam ümmətinin mənafeyi, İslam dünyasının vəhdəti üzərində mərkəzləşmənin ayrı-ayrı müsəlman ölkələrinin mənafeyinin təmin olunması üçün zəmanət yaradacağını deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Biz müsəlmanlar hamılıqla Quranı, o cümlədən “اَشِدّاءُ عَلَی الکُفار رُحماءُ بَینَهم” – “(Möminlər) Kafirlərə qarşı çox sərt, öz aralarında həlim və mehribandırlar” ayəsini rəhbər tutaraq başda Amerika və qəsbkar İsrail olmaqla imperializmə və öldürücü xərçəng şişi olan sionizmə qarşı mübarizə aparmalı, öz aramızda isə birgə, mehriban və həmrəy olmalıyıq”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı görüş iştirakçılarını Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mübarək mövludları münasibətilə təbrik edərək dedi: “Bu gün İslam dünyası Peyğəmbərə (s) xas mənəvi-əxlaqi keyfiyyətlərə, mehribanlıq, mərhəmət, güzəşt, qanunçuluq və vəhdətə hər zaman olduğundan daha çox ehtiyac duyur”.

Cənab Ruhani həmçinin dedi: “Haqsız yerə İslam, din və cihad adı altında adam öldürən, aqresiya və ekstremizm nümayiş etdirənlər istəsələr də, istəməsələr də islamafobiyaya rəvac verir, İslam əleyhinə iş aparırlar”.

Aqresiya və terrorizmin istər regionda, istərsə də Avropada qəbuledilməz və qınağa layiq bir təzahür olduğunu deyən ölkə başçısı əlavə etdi: “Çox sevinirik ki, İraq, Suriya, Livan və Fələstindən tutmuş Pakistan və Əfqanıstana qədər – regionumuzun müsəlman əhalisi aqresiya, ekstremizm və terrorizmə qarşı mübarizə apararaq hər gün yeni-yeni qələbələr qazanır”.

Cənab Ruhani həmçinin vurğuladı: “İslam Respublikası terrorizmə qarşı ayağa qalxaraq mübarizə aparan bütün xalqları həmişə olduğu kimi dəstəkləyir”.

Görüşün sonunda “İslami vəhdət” Konfransında iştirak edən qonaqlardan bir qismi Ali Məqamlı Rəhbərlə yaxından görüşdülər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /