Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Xalq arasında ikitirəliyin yaranması milli mənafeyə və amallara ziddir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Qum əhalisi ilə keçirdiyi izdihamlı görüşdə qeyd etdi ki, xarici qüvvələrin İslam İnqilabının reallıqlarını təhrif etmək, 1356-cı ilin 19 dey, 1388-ci ilin 9 dey günü kimi tarixi hadisələri yaddaşlardan silmək üçün göstərdikləri səylərə qarşı mübarizə aparmaq vacibdir. O həmçinin dedi: “İmperializmin İran xalqı ilə düşmənçiliyi qurtarmayacaq, odur ki rəsmilər daxili imkanlara söykənərək heç bir vəchlə etimada layiq olmayan düşmənin əlindən sanksiya silahını almalı, həqiqətən ümidverici olan məqamlardan güc alaraq inqilabın və xalqın parlaq amallarının gerçəkləşməsi uğrunda öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməlidirlər”.

Ali Məqamlı Rəhbər görüş iştirakçılarını Həzrət Peyğəmbər (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri münasibətilə təbrik edərək 19 dey 1356-ci ildə baş vermiş qiyamın böyük, tarixi əhəmiyyətli və həlledici bir hadisə olduğunu dedi. O, əlavə etdi: “İslam İnqilabının gedişində və son 30 il ərzində baş vermiş tarixi olayları, böyük və həlledici günləri unutdurmağa çalışan qüvvələr var. Bununla belə, nə qədər ki xalqımız yaşayır, stimul dolu, imanlı qəlblər, haqqı deyən dillər var, bu, baş verməyəcək”.

Ali Məqamlı Rəhbər 19 dey 1356, 22 bəhmən 1357, 9 dey 1388-ci il kimi tarixləri, habelə İran xalqının digər həlledici günlərini yaddaşlarda qoruyub saxlamaq üçün ciddi iş aparmağa ehtiyac olduğunu bildirərək dedi: “İslam dövlətinin qarşısında duran cəbhə ümidini inqilabın 2-ci və 3-cü nəslinə bağlamışdı ki, onları İslam İnqilabından döndərsin. Lakin elə həmin 3-cü nəsl – ölkənin gəncləri möhtəşəm 9 dey hadisəsinə imza atdı, fitnə ilə inqilabı düzgün kursundan yayındırmaq istəyənlərə o möhkəm silləni çəkdi”.

1356-cı ilin 19 dey günü Qumda baş verən olayların tarixi əhəmiyyətini bir daha xatırladan Həzrət Ayətullah Xamenei dedi: “19 dey ölkədə ümummilli bir hərəkatın başlanğıcı oldu və İran xalqını diktator rejimə qarşı mübarizəyə sövq etdi. Ən nəhayət, bu ölkədə şah diktaturasının kökü kəsildi”.

Daha sonra Ali Məqamlı Rəhbər müəyyən qüvvələrin Pəhləvi rejimi ilə bağlı həqiqətləri təhrif etməyə çalışdıqlarını qeyd edərək bu rejimin bir neçə xüsusiyyətindən danışdı. O dedi: “Qara diktatura, qorxulu zindanlarda ən qəddar və ən vəhşi işgəncə metodlarından istifadə edilməsi Pəhləvi rejiminə xas xüsusiyyətlərdən biri idi. Bu gün insan haqları iddiası edənlər isə belə bir rejimi var qüvvələri ilə himayə edirdilər”.

Ali Məqamlı Rəhbər şah dövründə xalqa cəhənnəm əzabı yaşatmış SAVAK kimi bir qurumun təsis edilməsində, ölkədə dözülməz repressiya mühitinin yaradılmasında sionistlərin və Amerikanın roluna toxunaraq dedi: “ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanaları və orada tətbiq olunan işgəncələr barədə son zamanlar aşkarlanmış məlumatlar da göstərir ki, Amerikanın söz azadlığının tərəfdarı olduğu barədə iddiaları əsla reallığa uyğun deyil”.

“Pəhləvi rejiminin daha bir xüsusiyyəti xarici dövlətlərdən alçaldıcı asılılıq idi” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “O dövrdə ölkəmizin daxili, regional və beynəlxalq siyasətində əsasən yad dövlətlərin, özəlliklə də Amerikanın mənafeyi izlənir, İran xalqı kəskin formada təhqir olunurdu”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalıların İran xalqına və İslam İnqilabına qarşı sonsuz qəzəb, nifrət və düşmənçiliyinin səbəbi budur ki, İran kimi strateji mövqeyə və mühüm özəlliklərə malik bir ölkə İslam İnqilabı nəticəsində onların əlindən çıxıb”.

Həzrət Ayətullah Xamenei Pəhləvi rejiminin 3-cü xüsusiyyəti kimi, hökumətin yüksək ranqlı rəsmilərinin cürbəcür əxlaqi və cinsi pozğunluqlara yol verməsini, korrupsiyanın baş alıb getməsini qeyd edərək dedi: “O murdar və koorrupsioner hakimiyyətin dövründə xalq əsla hesaba alınmır, xalqın fikri heç bir əhəmiyyət daşımırdı. Hakimiyyətlə xalq arasında əlaqə tamamilə kəsilmişdi”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, elmin inkişafına etinasızlıq, özünü cılız görmə psixologiyasının genişlənməsi, Qərb mədəniyyətinin şişirdilmiş formada təbliği, daxili istehsalın dirçəldilməsi əvəzinə xalqda import məhsullara hüsnrəğbət yaradılması, milli sənaye və kənd təsərrüfatının məhv edilməsi Pəhləvi rejiminin üzüqara tarixinin digər səhifələridir. O, əlavə etdi: “Bu təhqir, zülm və fəsadların şahidi olan müdrik İran xalqı ilahi bir insanın – dahi İmam Xomeyninin (r.ə) vasitəçiliyi ilə mübarizə meydanına girərək sonda qalib oldu”.

O həmçinin vurğuladı: “Hazırkı uğur və nailiyyətlərimiz, İran xalqının oyanışı və regionda qazandığı üstün mövqe – bütün bunlar korrupsiyaçı, zalım və asılı Pəhləvi rejiminin yaratdığı maneələrin aradan qaldırılmasının nəticəsidir”.

Ali Məqamlı Rəhbər imperializmin İran xalqına qarşı düşmənçiliyinin İslam İnqilabının qələbəsindən sonra başladığını qeyd edərək vurğuladı: “Heç kəs elə bilməsin ki, düşmən xəbisliyindən və ədavətindən əl götürəcək”.

Həzrət Ayətullah Xamenei bu barədə aşağıdakıları da əlavə etdi: “Düşmənin xəbisliyindən xəbərsiz şəkildə ona etimad göstərsəniz, onun üçün ölkədə öz məqsədlərini həyata keçirmək fürsəti yaranar. Yox əgər güclü və hazırlıqlı olub, düşməni yaxşı tanısanız, imperialistlər əlacsız surətdə düşmənçilikdən əl çəkərlər”.

Dünyanın hegemon dövlətlərinin İran xalqına göstərdiyi bugünkü təzyiqlərin sonu görünməyən bir düşmənçilikdən qaynaqlandığını bildirən Ali Məqamlı Rəhbər dedi: “Hərçənd sosial ədalət və İslam əxlaqı kimi idealların tam şəkildə reallaşmasına hələ çox var, amma bəzilərinin İran xalqının uğursuzluğu ilə bağlı söylədikləri düşünülməmiş və yanlış fikirlərin əksinə olaraq, bu xalq öz uca amalları yolunda irəliləyərək çox böyük nailiyyətlər əldə edə bilib”.

Ali Məqamlı Rəhbər xalqın nailiyyətlərini, o cümlədən ölkənin elmi inkişafını görməməzliyə vuranları tənqid edərək dedi: “Beynəlxalq elm mərkəzlərinin də etiraf etdiyi nailiyyətləri nəyə görə ağılsızcasına inkar edir, yanlış və insafsız sözlər danışmaqla xalqımızın qət etdiyi və hətta düşmənlərimizin də məcburən təqdir etdiyi iftixar doğuran yola şübhə kölgəsi salırsınız?”

İslamın yer üzünə gəldiyi ilk dönəmləri yada salan Həzrət Ayətullah Xamenei dedi: “O zaman da bütün ideallar reallaşmamışdı, amma əsas o idi ki, hədəflərin gerçəkləşməsi yolunda irəliləyiş davam edirdi. Bu gün İran xalqı o yolu qüdrət, iftixar və mübarizliklə davam etdirir”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər ölkənin və cəmiyyətin prioritetlərindən danışdı. O, milli birlik və həmrəyliyin bu günün ən əsas ehtiyacı olduğunu qeyd etdi.

O vurğuladı ki, camaat arasında istənilən ad və bəhanə altında təfriqə və ikitirəliyin yaradılması milli mənafeyə və ideallara ziddir.

“Hökumətə və rəsmilərə yardımçı olmaq hər kəsin borcudur” – deyən Ali Məqamlı Rəhbər daxili güc və potensiala əsaslanmağın vacib olduğunu bir daha vurğulayaraq dedi: “Rəsmilər də bilsinlər ki, onlara vəzifələrini layiqincə yerinə yetirmək imkanı qazandıracaq yeganə amil xalqa, ölkənin daxili güc və potensialına arxalanmaqdır”.

Ölkəyə qarşı tətbiq olunan zülmkar sanksiyalara toxunan Ali Məqamlı Rəhbər dedi: “Sanksiyalar ölkə üçün müəyyən problemlər yaradır, amma əgər düşmən bu sanksiyaları aradan qaldırmaq üçün hansısa prinsipial məsələdən geri durmağımızı, o cümlədən İslam dinindən, ölkənin suverenliyindən və elmi inkişafından əl çəkməyimizi şərt qoysa, sözsüz ki, bunu heç bir dövlət rəsmisinin qeyrəti götürməyəcək”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, hazırda düşmənin aşkarda bizim heç bir idealımızla işi yoxdur, amma əgər mübarizədən geri çəkilsək, ardınca amallarımıza da əl qoyulacaq. Odur ki düşmənin sözlərini, təkliflərini və atdığı addımları sayıqlıqla dəyərləndirmək lazımdır”.

“Düşmənin manevr qabiliyyətini məhdudlaşdırmağın yeganə yolu ölkədə sanksiyalara qarşı müqavimət yaratmaqdır” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Müqavimət iqtisadiyyatının əsl mənası da elə budur. Bu mühüm işi reallaşdırmaq ölkə rəsmilərimizin başlıca vəzifəsidir”.

Ali Məqamlı Rəhbər neft gəlirlərindən asılılığa son qoyulmasının vacibliyini dəfələrlə vurğuladığını xatırladaraq dedi: “Ölkə və hökumət rəsmiləri yadların əlinə göz dikməməli və bilməlidirlər ki, geriyə atılan hər addım düşmənin irəli gəlməsinə şərait yaradacaq. Odur ki əsaslı şəkildə düşünmək, xalqa və daxili imkanlara arxalanaraq elə etmək lazımdır ki, düşmən sanksiyaları qaldırmasa belə, inkişafımıza, xalqımızın rifahına heç bir zərbə dəyməsin”.

Həzrət Ayətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da əlavə etdi: “Düşmənin əlindən sanksiya silahını almalısınız, çünki əgər gözünüzü düşmənin əlinə diksəniz, sanksiyalar olduğu kimi qalacaq. Elə amerikalılar özləri də bu gün tamamilə həyasızcasına elan edirlər ki, İran nüvə məsələsində güzəştə getsə belə, sanksiyalar hamısı və birdəfəyə qaldırılmayacaq”.

Ali Məqamlı Rəhbər ortaya belə bir sual qoydu: “Bu reallığı nəzərə alaraq belə bir düşmənə etimad etmək olarmı?”

O, əlavə etdi: “Mən danışıqların əleyhinə deyiləm, lakin bu fikirdəyəm ki, biz ümidlərimizi xəyali hədəflərə yox, real hədəflərə bağlamalıyıq”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər dedi: “Allahın lütfü sayəsində, rəsmilərimiz gərgin fəaliyyətdədirlər. Onlar hamısı hökumətə kömək etməlidir, lakin hökumət nümayəndələri də diqqətli davranaraq lazımsız şərhlər verməkdən, fikirlər səsləndirməkdən çəkinməli, ikitirəlik yaratmamalı, xalqın birliyindən, imanından və əzmindən düzgün istifadə etməyə çalışmalıdırlar”.

“Əziz İranımızın gələcəyi tamamilə parlaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allahın lütfü sayəsində, xalqımız öz amallarını gerçəkləşdirmək yolunda qürurla irəliləyir. Ölkəmizin gəncləri zalım və təkəbbürlü düşmənlərin məcburən onların qarşısında təvazökar davrandığı günü görəcəklər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /