Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının Amerikanın inamını qazanmağa ehtiyacı yoxdur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Bəsic Təşkilatı Ali Şurasının üzvləri və əhalinin müxtəlif təbəqələrindən olan bəsicilərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, məntiqi bir təfəkkür olan bəsic təfəkkürünün əsasında iki başlıca prinsip durur: 1. üzərinə düşən dini və insani məsuliyyəti dərk etmək; 2. gözüaçıqlıq. O, İranı nüvə danışıqlarında təmsil edən heyətin ciddi səylərini və mətinliyini yüksək dəyərləndirərək İran xalqının Amerikanın inamını qazanmağa ehtiyacı olmadığını qeyd etdi. Ali Məqamlı Rəhbər həmçinin dedi: “Danışıqların özünə nəyə əsasən qarşı çıxmırdımsa, elə həmin dəlilə əsasən onların uzadılmasının də əleyhinə deyiləm. Əlbəttə, biz istənilən məntiqli və ədalətli qərarı qəbul edəcəyik, amma onu da bilirik ki, razılaşmanın əldə edilməsinə ehtiyacı olan, razılaşmanın baş tutmayacağı təqdirdə istənilən halda zərər çəkəcək tərəf Amerika dövlətidir. Bu danışıqlar sonda heç bir nəticə verməsə belə, İran İslam Respublikasına heç bir ziyan dəyməyəcək”.

“Bəsicin geniş və növbənöv meydanlarda uğurlu iştirakının sirri bu kollektivin simasında ideya, elm və məntiqin sevgi və daxili stimulla çulğaşmasıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəsic təfəkkürünün dinin dəyişməz prinsiplərindən qaynaqlanan birinci və ən başlıca dayağı insanın özü, ailəsi, cəmiyyət və bəşəriyyət qarşısında öhdəsinə düşən dini və insani məsuliyyəti hiss etməsidir”.

O, əlavə etdi: “Bəsic təfəkkürünün bu birinci dayağının tamamlayıcısı və vacib şərti olan ikinci dayağı isə bəsirət, gözüaçıqlıq, uzaqgörənlikdir. Bunun mənası zamanı və prioritetləri düzgün dəyərləndirmək, dost-düşməni tanımaq, düşmənə qarşı hansı vasitə ilə mübarizə aparmaq lazım olduğunu bilməkdir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, bəsirətin olmamağı şübhələrə düçar olmaq, nadanlıq və yanlış anlama üçün zəmin yaradır. O dedi: “Bəsirəti olmayanlar –1388-ci il hadisələri zamanı ortalığa düşüb ziyan çəkən biçarələr kimi – sanki, toz-dumanlı şəraitdə yeriyirlər. Bu səbəbdən də o qədər ola bilər ki, düşmənə kömək edib, dosta hücum etsinlər”.

Həzrət Ayətullah Xamenei bəsirət olmadığı halda, öhdəsinə hansısa məsuliyyət düşdüyünü hiss etməyin çox təhlükəli olduğunu qeyd edərək dedi: “İnqilabdan əvvəlki mübarizə illərində və son 30 ildə bəzi insanlar öhdələrinə məsuliyyət düşdüyünü hiss edərək, lakin bəsirətləri olmadan hansısa hərəkətləri etdilər, lakin bu, sonda İmamın (r.ə), inqilabın və ölkənin ziyanına oldu”.

1388-ci ildə törədilmiş fitnəkar iğtişaşlar zamanı bəsirət məsələsini dönə-dönə vurğuladığını xatırladan Ali Məqamlı Rəhbər dedi: “O zaman bəziləri bəsirət məsələsinin təkrarlanmasından narahat olurdular, lakin mən yenə də bunu vurğulayıram. Çünki insan bəsirətli olmadığı halda, özündə nə qədər çox məsuliyyət və stimul hiss etsə, bu, bir o qədər təhlükəlidir və belə birisinə əsla etimad etmək olmaz”.

Ali Məqamlı Rəhbər müxtəlif etaplarda ehtiyac duyulan məsələləri qeyd edib, tendensiyaları müəyyənləşdirən İmam Xomeyninin (r.ə) gözüaçıqlığına və uzaqgörənliyinə toxunaraq dedi: “Dahi imamımız (r.ə) həm Bəsic Təşkilatının təsis edilməsi ilə bağlı sərəncam imzaladı, həm də bu qurumun əsas hədəf və tendensiyasını müəyyənləşdirərək dedi: “Səsiniz çıxdığı qədər Amerikanın üstünə bağırın!”

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məşhur: “İslam dövlətinin qorunması ən vacib məsələdir” – deyiminə toxunaraq dedi: “İmamın (r.ə) dediklərini anlamayanlar müəyyən etaplarda kobud və bağışlanmaz səhvlərə yol verdilər”.

Çıxışının bu hissəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei aşağıdakıları əlavə etdi: “Bəsic təfəkkürünün başlıca dayağı kimi məsuliyyət hissini və onun vacib şərti kimi bəsirəti bir an belə olsun unutmaq olmaz”.

“Məhz bu yanaşma əsasında da bəsicin dəqiq tərifini vermək olar” – deyən Ali Məqamlı Rəhbər həmin tərifi aşağıdakı kimi formulə etdi: “Məsuliyyət hissi və bəsirətlə fəal şəkildə işlə məşğul olan hər bir şəxs harada olmasından asılı olmayaraq bəsicidir. Odur ki İran xalqının mütləq əksəriyyəti bəsicidir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu böyük məcmunun baş qərargahı Bəsic Təşkilatı, bəsic müqavimət qüvvələridir. Onlar nizam-intizam, təlim-tərbiyə və fəal iştirakda başqalarına nümunə olaraq ilham verməlidir”.

Həzrət Ayətullah Xamenei bəsicin fəaliyyət dairəsinin qeyri-məhdud və sonsuz olduğunu qeyd edərək dedi: “Müdafiə, quruculuq, iqtisadiyyat, siyasət, incəsənət, elm və texnologiya, dini təşkilatlar – ümumiyyətlə, bütün sferalar bəsicin fəaliyyət meydanıdır”.

“Bütün bu sferalarda başqaları üçün örnək və meyar ola biləcək bəsicilər var” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Elm və tədqiqat sferasında da nümunəvi bəsicilər var. Xəbis düşmən İran xalqının üzünə bütün qapıları bağlayıb xəstə insanların radio-dərman preparatlarını əldə etməsinə mane olmaq istədiyi zaman Şəhid Şəhriyari və onun həmkarları bəsici əzmli fəaliyyətləri ilə 20 faiz zənginləşdirilmiş uran və yanacaq lövhələri kimi texnologiyaları əldə etməyə müvəffəq oldular”.

Ali Məqamlı Rəhbər daha bir mühüm məqama toxunaraq dedi: “Banisi dahi İmam Xomeyni (r.ə) olan bəsici təfəkkürü hal-hazırda hər tərəfə yayılıb. Eynilə bahar çiçəklərinin ətri kimi, bu məfkurənin də qarşısını heç kəs ala bilməz”.

O, əlavə etdi: “Bu gün biz bəsici təfəkkürünün insanı ruhlandıran, ilhamverici yellərinin İraq, Suriya, Livan və Qəzzada əsdiyini görürük. Allahın köməyi ilə yaxın gələcəkdə bu yellərin Qüdsi-Şərifdə, Məscidül-Əqsanın nicatı uğrunda əsdiyinin də şahidi olacağıq”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bu reallıqlara və bəsici təfəkkürünün bərəkətinə əsaslanaraq deyə bilərik ki, İran İslam Respublikası məğlubedilməzdir”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “İran İslam dövlətinin məğlubedilməzliyinin dayağı İran xalqının mütləq əksəriyyətinin bəsici olmasıdır, lakin bu o demək deyil ki, sınaqlara, düzgün hərəkət kursunun qorunmasına diqqətsiz yanaşmaq olar”.

Ali Məqamlı Rəhbər bildirdi ki, İslam dövlətinin əsas hərəkət istiqaməti imperializmə və imperialist Amerika dövlətinə qarşı mübarizədir. O dedi: “Bu yolda zəifliyə və ya hər hansı bir səhvə yol vermək olmaz. Əlbəttə ki, bizim Amerika xalqı və ya bu ölkə ilə heç bir problemimiz yoxdur. Biz Amerika administrasiyasının hegemonluğuna, haqsız tələblərinə qarşıyıq”.

Həzrət Ayətullah Xamenei “5+1” qrupu ilə müzakirələrin müddətinin uzadılması barədə aşağıdakıları dedi: “Mən danışıqların özünə hansı əsasla qarşı çıxmırdımsa, həmin əsasla da onların uzadılmasının əleyhinə deyiləm, lakin bir neçə məqam var ki, onlara diqqət yetirmək lazımdır”.

İran tərəfdən müzakirələrdə iştirak edən heyətin işgüzar, ciddi, canıyanan, mətin və məntiqli olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran diplomatları, doğrudan da, haqsız tələblərə müqavimət göstərir və qarşı tərəfdən fərqli olaraq, sözlərini hər gün dəyişmirlər”.

Amerikalıların ikili yanaşma nümayiş etdirdiklərinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Onlar xüsusi iclas və yazışmalarda bir cür, ümumi dairələrdə isə başqa cür danışırlar”.

Ali Məqamlı Rəhbər İranın qarşı tərəfində yer alanların arxasında müxtəlif diplomatik, siyasi və media vasitələrinin durduğunu qeyd edərək dedi: “Bizimlə danışıqlar masasına oturanların hər birinin arxasında bir ordu var. Onlar arasında Amerika hamısından əxlaqsızı, İngiltərə isə hamısından hiyləgəridir”.

O, əlavə etdi: “Həm İran xalqı, həm də bizimlə danışıqlar aparanlar bilsin ki, əgər danışıqlar heç bir nəticə verməsə, hər kəsdən çox ziyan çəkən tərəf biz yox, Amerika olacaq”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Biz güclü arqumentlərə əsaslanaraq qəti surətdə düşünürük ki, imperializmin əsl məqsədi İran xalqının günü-gündən artan inkişaf, nüfuz və iqtidarının qarşısını almaqdır”.

Nüvə məsələsinin sadəcə bəhanə olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, onların başqa bəhanələri də var, lakin mühüm bir amil kimi iqtisadi sanksiya və təzyiqlərin gerçək hədəfi İranın inkişafını durdurmaqdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Qərb mediasının Amerika prezidentinin öz populyarlığını itirdiyini etiraf etməsi, ölkədə baş tutmuş sonuncu seçkilərdə çox az adamın iştirak etməsi, habelə Ferquson hadisələri ABŞ administrasiyası ilə Amerika xalqı arasında dərin uçurum yarandığını sübut edən çoxsaylı göstəricilərdəndir. O, Amerika dövlətinin nüvə danışıqlarına nəyə görə ehtiyac duyduğunu açıqlayaraq aşağıdakıları dedi: “Amerika rəsmiləri günü-gündən artan problemlərini nəzərə alaraq böyük bir uğur və qələbəyə ehtiyac duyurlar”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər danışıqlar razılaşma ilə nəticələnməsə, Amerikadan fərqli olaraq, bizim üçün bu, arzuolunmaz nəticələr verməyəcək, çünki müqavimət iqtisadiyyatı kimi bir həll yolumuz var”.

Müqavimət iqtisadiyyatının düşmən sarıdan gələn zərbələri qısa müddət ərzində azaldacağını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Mütəxəssislərin də qeyd etdiyi kimi, bu yanaşma orta və uzun müddətli perspektivlə İran xalqının möhtəşəm inkişaf hərəkatına yüksəliş bəxş edəcək”.

ABŞ rəsmilərindən bəzilərinin danışıqların müddəti uzadıldıqdan sonra səsləndirdiyi fikirləri tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Onlar deyir ki, İran dünya ictimaiyyətinin etimadını qazanmalıdır. Bu fikirdə iki tamamilə səhv məqam var”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Əvvəla, sayı az olan bu bir neçə ölkə özlərini dünya ictimaiyyəti adlandırır və bununla da Qoşulmama Hərəkatına üz olan 150-yə yaxın ölkəni, bəşər cəmiyyətinin milyardlarla nümayəndəsini faktiki olaraq dünya ictimaiyyətindən ixtisara salır”.

O həmçinin dedi: “İkinci məqam isə budur ki, bizim Amerikanın etimadına qətiyyən ehtiyacımız yoxdur və bu etimadı qazanmaq niyyətində də deyilik. Çünki bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Onlar hegemon imperialistlərdir, bizimki isə imperialistlərlə tutmaz”.

Ali Məqamlı Rəhbər Amerika rəsmilərinin öz bəyanatlarında vurğuladıqları daha bir məqama – nüvə danışıqları fonunda İsrailin təhlükəsizliyini qorumağın vacibliyi məsələsinə toxunaraq vurğuladı: “Onu bilsinlər ki, danışıqlar razılaşma ilə nəticələnsə də, nəticələnməsə də, İsrailin təhlükəsizliyi günü-gündən daha çox sarsılacaq”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı aşağıdakıları da əlavə etdi: “Əlbəttə ki, Amerika rəsmiləri hətta bu sözlərində də dürüst deyillər, çünki onları, əslində, İsrailin təhlükəsizliyi yox, öz fərdi mənafe və təhlükəsizlikləri narahat edir”.

O, bu fikrini daha ətraflı şərh edərək dedi: “Amerika rəsmilərinin əsl məqsədi sionistlərin dünya kapitalist şəbəkəsini razı vəziyyətdə saxlamaqdır. Çünki bu şəbəkə həm onlara rüşvət, pul və vəzifə verir, həm də itaətsizlik etdikləri halda onları təhdid, rüsvay və hətta terror edir”.

İran rəsmilərinin xalqa qarşı həmişə dürüst davrandıqlarını qeyd edən Ali Məqamlı Rəhbər İran xalqının hegemonların haqsız tələbləri qarşısında mübarizlik nümayiş etdirməsinə toxunaraq dedi: “Əgər danışıqlarda məntiqli fikirlər yürüdülsə, ədalətli və rasional qərarlar çıxarılsa, qəbul edəcəyik, lakin İran başdan ayağa, sıravi vətəndaşlarından tutmuş bütün rəsmilərinə qədər hegemonluğa və haqsız tələblərə müqavimət göstərəcək”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər bəsicilərin diqqətini bir neçə mühüm məqama yönəldərək öz tövsiyələrini verdi.

Ali Məqamlı Rəhbərin vurğuladığı məqamlar və verdiyi tövsiyələr sırasında həlimlik və qardaşlıq, dürüstlük, saflıq və təmiz əxlaq, şücaət və fədakarlıq, təkəbbürdən uzaq olmaq, müxtəlif vəsvəsələrlə üzləşən zaman iman, etiqad və əməldə sapınmanın qarşısını almaq, bəsic sıralarında əhalinin bütün təbəqələrinin təmsil olunmasının, bu təbəqələr arasında sıx əlaqələrin qurulmasının vacibliyi yer alırdı.

“Hökumət bəsicin inkişafına və genişlənməsinə yardım etməlidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müqavimət iqtisadiyyatının əsasında daxili istehsalın güclənməsi durur. Dövlət rəsmiləri bu məsələdə bəsicin köməyindən yararlana bilər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Məhəmmədəli Cəfəri bəsicilərin onların öhdəsinə düşən vəzifə və məsuliyyətləri yerinə yetirməyə hazır olduqlarını vurğulayaraq dedi: “Möhtəşəm bir məcmu olan bəsic müasirləşmək, eyni zamanda cəmiyyətdə İslam İnqilabı təfəkkürünü yayaraq gücləndirmək məqsədilə intellektual elitanın cəmiyyətdəki potensialının genişləndirilməsi üçün yeni bir təşkilatlanma modeli irəli sürüb ki, onun da ən yüksək müstəvisi Ali Bəsic Şurasıdır”.

Bəsic Təşkilatının sədri general Məhəmmədrza Nəqdi də öz çıxışında Bəsic Qüvvələri Ali Şurasının təsis edildiyinə toxunaraq dedi: “Bu şura ayrı-ayrı bəsici qruplarının mövqeyini aydınlaşdırmaq və onlar arasında həmrəylik yaratmaqla İslam İnqilabının daha da sürətli inkişafına yardımçı olmağa çalışır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /