Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təkfirçilik imperializmin məqsədlərinə xidmət edir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İslam alimlərinin təkfirçi cərəyanlara yanaşması” adı altında keçirilən beynəlxalq konfransda iştirak edən alim və mütəfəkkirlər, eləcə də konfransın digər qonaqları ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, son illərdə təkfirçi cərəyanın yenidən baş qaldırması İslam dünyası üçün imperializm tərəfindən bilərəkdən yaradılmış bir problemdir. O, xəbis təkfirçi cərəyanın Amerika və İsrailin, həmçinin digər işğalçı dövlətlərin məqsədlərinə xidmət etdiyini, özəlliklə də başlıca əhəmiyyət kəsb edən  Fələstin və Məscidül-Əqsa probleminin unutdurulması istiqamətində çalışdığını qeyd edərək aşağıdakıları vurğuladı: “Hazırkı şəraitdə İslam dünyasının din alimlərinin öhdəsinə düşən ən mühüm və prioritet vəzifələr təkfirçi cərəyanın kökünü kəsməkdən ötrü elmi, məntiqi və geniş əhatəli bir hərəkat formalaşdırmaq, bu cərəyanın yenidən baş qaldırmasında imperializmin siyasətinin oynadığı rol barədə maarifləndirmə işi aparmaq, Fələstin məsələsinin  İslam dünyasının əsas problemi kimi qabardılması istiqamətində ciddi işlər görmək və birgə tələblər irəli sürməkdir”.

Çıxışının əvvəlində Həzrət Ayətullah Xamenei təkfirçi cərəyanla mübarizə aparmaq üçün belə bir konfransın keçirilməsi, İslam dünyasının din alimləri arasında geniş əhatəli bir elmi hərəkatın formalaşdırılması işində ciddi səylər göstərdiklərinə görə Ayətullah Məkarim Şirazi və Ayətullah Sübhaniyə, həmçinin Qumun digər alim və ruhanilərinə təşəkkürünü bildirərək dedi: “Bu təhlükəli cərəyanı araşdırarkən bir məqama diqqət yetirmək lazımdır ki, əsas məsələ yenidən baş qaldırmış, İŞİD adlandırılan qrupdan daha geniş miqyasa malik olan təkfirçi cərəyana qarşı hərtərəfli mübarizə aparılmasıdır. İŞİD, əslində, bu murdar şəbəkənin bir qoludur”.

Daha sonra Ali Məqamlı Rəhbər inkaredilməz bir məsələyə də toxunaraq dedi: “Təkfirçi cərəyan və onun arxasında duran dövlətlər tamamilə imperializmin, yəni Amerika, istismarçı Avropa dövlətləri və İsrailin məqsədlərinin reallaşması istiqamətində çalışır, müsəlman adı altında, faktiki olaraq, onlara xidmət edirlər”.

Ali Məqamlı Rəhbər təkfirçi cərəyanın İslam dünyasının əleyhinə yönəldiyini və imperializmin məqsədlərinə xidmət etdiyini sübuta yetirən bəzi faktları qeyd etdi.

İlk olaraq o, islami oyanış hərəkatının öz düzgün kursundan yayındırılmasına toxunaraq dedi: “İslami oyanış Amerikaya, istibdada, Amerikanın əli ilə hakimiyyətə gətirilmiş diktatorlara qarşı yönələn bir hərəkat idi. Təkfirçi cərəyan isə bu möhtəşəm hərəkatı vətəndaş müharibəsinə, müsəlmanlar arasında qardaş qırğınına çevirdi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Regionda müsəlmanların mübarizə hərəkatının ön cəbhəsi işğal olunmuş Fələstin idi. Təkfirçi cərəyan isə bu cəbhənin yerini dəyişərək onu İraq, Suriya, Pakistan və Liviyanın küçə və şəhərlərinə çəkdi. Bu, təkfirçi cərəyanın unudulmaz cinayətlərindən biridir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /