Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müsəlmanlar arasında birlik və qardaşlıq dinimizin əsas prinsiplərindən biridir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cari ildə ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olmuş rəsmi şəxslərlə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarətinin effektivliyini artırmaq, zəvvarların mənəvi-ideoloji ehtiyaclarını, həmçinin sual doğuran məqamları və İslam düşmənlərinin yalan təbliğatını cavablandırmaq üçün islahatçı və təşəbbüskar yanaşma əsasında fəaliyyət proqramları qurmaq vacib bir məsələdir. O vurğuladı: “İslam ümmətinin vəhdətinə düşmən olanların işlətdiyi metodlardan biri də İran İslam Respublikası ilə İslam dünyasının digər ölkələri arasına sədd çəkməkdir. İslam ümmətinin hamılıqla toplaşdığı bir meydan kimi, həccin yaratdığı fürsətdən bu qondarma səddi yıxmaq, düşmənin yalan təbliğatı nəticəsində formalaşmış yanlış inam və təsəvvürləri dəyişmək üçün ən gözəl şəkildə istifadə etmək lazımdır”.

Həccin effektivliyinin artırılması haqda daha ətraflı danışan Həzrət Ayətullah Xamenei iki məqama: xidmətlərin yaxşılaşdırılması, həmçinin ziyarət zamanı zəvvarların mənəvi-ideoloji baxımdan ehtiyac duyduğu yüksək səviyyəli məzmunun təmin olunması məsələlərinə toxundu. O dedi: “Həccin effektivliyinin həqiqətən artırılması hacıların mənəvi-ideoloji ehtiyaclarının cavablandırılmasından asılıdır. Bunun üçün isə hazırda həyata keçirilən fəaliyyətlərin, misal üçün, “Kumeyl” duasının oxunuşu, müşriklərə etiraz və bu kimi mərasimlərin, həmçinin təşkil olunan konfransların keyfiyyətinin artırılması istiqamətində tədbirlər görmək lazımdır. Eyni zamanda zəvvarların İslam dünyasının hazırkı problemləri ilə bağlı sualları da fərqli,  novator yanaşma ilə cavablandırılmalıdır”.

Ali Məqamlı Rəhbər bu nöqteyi-nəzərdən, mühüm bir məsələ olan müsəlman birliyi məsələsinin hazırda İslam dünyasının real ehtiyacı olduğunu qeyd edərək dedi: “Müsəlmanlar arasında birlik və qardaşlıq dinimizin əsas prinsiplərindən biridir və bu məsələdə İslam Respublikası heç kimə formal münasibət bəsləmir”.

“Müsəlman birliyi müxtəlif müsəlman firqələrinin öz ideologiyalarından dönməsi demək deyil” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam Respublikasının başlıca şüarı olan müsəlman birliyini bu şəkildə izah etmək olar ki, İslam ümməti öz arasında düşmənçilik etməməli və mühüm qlobal məsələlərdə bir-birini dəstəkləməlidir”.

Ali Məqamlı Rəhbər mərhum İmam Xomeyninin (r.ə) müsəlman birliyi şüarını İslam Respublikasının rəsmi və açıq siyasəti elan etməyə təşəbbüs göstərdiyini xatırladaraq qeyd etdi ki, İslam ümmətinin vəhdətinə düşmən olan qüvvələr bu açıq siyasətə zərbə vurmaq üçün İranla İslam dünyası arasına sədd çəkmək metodundan istifadə edirlər. O vurğuladı: “Bu qondarma səddin yıxılması üçün səy göstərmək hər bir müsəlmanın şəri vəzifəsidir. İslam ümmətinin bir araya gəldiyi həcc ziyarəti isə bu vəzifəni yerinə yetirmək üçün ən gözəl fürsət və məkandır”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər qeyd etdi ki, düşmənin İslam Respublikasını İslam dünyasından ayırmaq üçün istifadə etdiyi metodlardan biri də geniş həcmli yalan təbliğat aparmaqla şiəlik, İslam Respublikası və İranla bağlı şübhə və yanlış təsəvvürlər yaratmaqdır. O dedi: “Bu şübhələri cavablandırmaq üçün sırf kitab yazmaq kifayət deyil. Bunun üçün yalan təbliğat və iftiralar əsasında formalaşdırılmış təsəvvürləri  bu günün çoxsaylı və növbənöv kommunikasiya vasitələrindən yararlanaraq necə dəyişmək mümkün olduğunu araşdırmaq lazımdır”.

Sonda Ali Məqamlı Rəhbər düşmənin reallıqdan uzaq təbliğatını inandırıcı edən əsas amilləri üzə çıxarmaq və onların təhlükəlilik dərəcəsini müəyyənləşdirməyin vacib olduğunu vurğuladı.

Görüşün əvvəlində vəli-fəqihin Məkkədəki nümayəndəsi və iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əsgər cari ildə həcdə həyata keçirilmiş tədbirlər haqda məlumat verərək dedi: “Ali Rəhbərlik Məqamının Məkkədəki nümayəndəliyinin həyata keçirdiyi proqram və tədbirlər sırasında Quranın qiraəti, təfsiri və əzbərlənməsinə ciddi diqqət ayrılmasını, “Kumeyl” və “Ərəfə” dualarının oxunuşu üçün möhtəşəm mərasimlərin təşkil olunmasını, həclə bağlı maarifləndirmənin aparılması üçün ziyalıların potensiyalından istifadə edilməsini, şəhid ailələrinə, əlil və veteranlara yüksək səviyyədə diqqət və qayğı göstərilməsini, zəvvarları müşayiət edən ruhanilərin iştirakı ilə forumların keçirilməsini, habelə məzhəblərarası dialoq, Fələstin, Əhli-beyt (ə) və İslam dünyasının birliyi mövzuları ətrafında iclas və konfransların təşkil edilməsini qeyd etmək olar”.

Həcc və Ziyarətlər Təşkilatının sədri cənab Əvhədi də çıxış edərək cari ildə 451 karvanın tərkibində 64 min zəvvarın Məkkəyə yola düşdüyü barədə məlumat verdi. O dedi: “Həyata keçirilmiş tədbirlər sayəsində iranlı hacıların ehtiyac duyduğu 50 adda məhsul ölkə daxilindən təmin olunmuş, zəvvarlar üçün qənaətbəxş səviyyədə otel, nəqliyyat və qidalanma şəraiti yaradılmışdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /