Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin mərhum Həbibullah Əsgərövladının Xatirəsini Anım Komitəsinin üzvləri ilə görüşü zamanı etdiyi çıxış

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sadiq mücahid, İslam İnqilabının vəfalı dostu mərhum Həbibullah Əsgərövladının ailə üzvləri və onun xatirəsinə anım tədbirlərinin təşkil edilməsi məqsədilə yaradılmış komitənin üzvləri ilə 17.10.1392-ci ildə (07.01.2014) keçirdiyi görüşdə mərhum Əsgərövladının 3 təqdirəlayiq xüsusiyyətə: dindarlıq, xoşxasiyyətlilik və sağlam düşüncəyə malik olduğunu bildirərək vurğulamışdı: “İşgüzarlıq, ardıcıl və dinamik siyasi fəaliyyət mərhum Əsgərövladının öyrədici keyfiyyətlərindəndir. Bu keyfiyyətlər bizə belə bir reallıqdan xəbər verir ki, insan mübarizə meydanında heç vaxt qocalıq, yorğunluq, tənbəllik və guşənişinlik kimi hisləri özünə yaxın buraxmamalıdır”.

Ali Məqamlı Rəhbərin həmin görüş zamanı etdiyi çıxışın mətni bu böyük inqilabi şəxsiyyətin vəfatının birinci ildönümü ərəfəsində yayımlanmışdır.

Çıxışın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Möminin həyatı da, ölümü də mübarək olar, bərəkətli olar. Cənab Əsgərövladı da belələrindən idi: həm bərəkətli bir ömür yaşadı, həm də ölümündən sonra bərəkətləri oldu. Mənim fikrimcə, mərhum Əsgərövladını 3 cəhətdən təqdirəlayiq, böyük bir insan hesab etmək olar. Bunlardan birincisi onun dinidir, dindarlığıdır. O, doğrudan da, həqiqi mənada, dindar, ibadətkar, dinə, şəri məsələlərə sözün əsl mənasında bağlı bir insan idi. Əsgərövladının bütün mübarizə fəaliyyətinin motivi də onun dini hisləri, dindarlığı olmuşdur. Bu mübarizə onun gənclik illərindən, İslam Koalisiyasının sıralarında olduğu dövrdən başlamış, həbsxanada davam etmiş – belə ki o, həbsxanada da mübarizə aparıb – həbsxanadan sonra da İslam İnqilabının qələbəsinə qədər və ondan sonrakı illərdə axıra qədər davam etmişdir. Son dövrlərdə qələmə aldığı kitablar, gördüyü işlər də onun mübarizəsinin davamıdır. O, doğrudan da, öz dini məsuliyyətini hiss edirdi. Son dövrlərdə o, mənə də bir məktub yazmışdı. Məktubda deyirdi ki, ömrünün sonlarında da gücü çatdığı, imkanı olduğu qədər iş görməli, nə isə etməli olduğunu düşünür və bu məktubları yazmağı, bizimlə əlaqə saxlamağı özü üçün bir dini, şəri vəzifə hesab edir. Onu iş görməyə vadar edən, uzun illər boyu – inqilabi mübarizə hərəkatından öncə, eşitdiyimə görə, fədailərin dövründən başlayaraq ruhanilərin mübarizə illərinə, 1341-42-ci illərdən (1962-63) ta ömrünün sonuna qədər – bu çətin mübarizələrə sövq edən, doğrudan da, dindarlığı idi. Yəni onun stimulu dini hisləri idi. Məncə, bu, bir insanın şəxsiyyətinə böyük təsirə malik olan diqqətəlayiq məqamlardan biridir.

Cənab Əsgərövladında qabarıq surətdə nəzərə çarpan xüsusiyyətlərdən biri də onun əxlaqı idi. O, şəriətə uyğun olan gözəl əxlaqa malik bir insan idi. Çox möhkəm, təmkinli, səbirli, insaflı idi. Əsl dindar da elə belə olmalıdır; yoxsa sən vacib namazları qıl, nafilələri qıl, gecə namazı qıl, amma insanlarla münasibətində insaflı davranma, bu, yaramaz. Mərhum Əsgərövladı xarakter və təbiəti baxımından dini əxlaqa malik bir insan idi. Yəni çox möhkəm, səbirli, insaflı adam idi. Bunu biz onun davranışlarında da görürdük. Ehtiyatlı, diqqətli bir insan idi. Özünə, danışığına diqqət edərdi – bu, çox mühümdür; insan gərək ağzından çıxan sözə fikir versin, nə gəldi danışmasın; özünə nəzarət edərdi. Mərhum Əsgərövladının ikinci səciyyəvi cəhəti olan bu gözəl əxlaq dinin mahiyyətində var. Hər bir insanın gözəl əxlaqı onun dindarlığının mahiyyətini ortaya qoyur.

بُعِثتُ لِاُتَمِّمَ مَكارِمَ الاَخلاق

– “Mən gözəl əxlaqi keyfiyyətlərlə göndərilmişəm”. Gözəl əxlaqi keyfiyyətlər dedikdə elə bunlar nəzərdə tutulur: səbirli olmaq, möhkəm olmaq, insaflı olmaq, xoşxasiyyət olmaq, insanlara qarşı xeyirxah davranmaq, onlara xidmət etmək, işgüzarlıq, təşəbbüskarlıq, öncüllük, tənbəllikdən çəkinmək. Bunlar İslam dinində bəyənilən əxlaqi keyfiyyətlərdir. Cənab Əsgərövladıda bütün bu keyfiyyətlər var idi. Bunu hamınız bilirsiniz, şahidi olmusunuz.

Cənab Əsgərövladının 3-cü səciyyəvi cəhəti onun dərin düşüncəsi, təfəkkür qabiliyyəti idi. O, dərin düşüncəyə malik bir insan idi. İctimai-siyasi məsələlərlə bağlı çox gözəl fikirlər irəli sürərdi. Bu baxımdan o, əsla sıradan biri deyildi. İstənilən işdən yapışsa, öz fikrini deyər, ortaya yeni bir fikir qoyardı. İqtisadi məsələlərdə də, siyasətdə də belə idi. Düşünən, dərk edən, problemin mahiyyətini müəyyənləşdirən bir insan idi. Cənab Əsgərövladı həbsxanadan çıxana qədər mənim onunla yaxından tanışlığım olmayıb, uzaqdan tanımışam. Bir gün o, cənab Heydəri ilə bizim Məşhəddəki evimizə gəldi. Mən birinci dəfə idi ki, onu yaxından görürdüm; o günə qədər heç vaxt görməmişdim. Oturduq, o mənə həbsxanadakı vəziyyətlə bağlı məlumat verdi, onunla birgə həbsdə yatan, bir-biri ilə konflikt və problemlər yaşamış yoldaşlarının davranışlarını təsvir etdi. Mən, doğrudan da, heyran qaldım. O, həmin insanların – münafiqlərin vəziyyətini elə gözəl, yaxşı, real və əsaslandırılmış şəkildə, aramla təsvir etdi ki, mən, doğrudan da, onun dərk etmə, insanları tanıma qabiliyyətinə heyran qaldım. Düşünmək, analiz etmək qabiliyyəti onda qabarıq şəkildə önə çıxırdı. Həmişə mənimlə görüşəndə də – bəzən bura gəlirdi – cürbəcür məsələlərdən danışırdıq və o düşüncə, təfəkkür onda həmişə özünü göstərirdi. Yəni düşünən, yaxşı ideyalar ortaya qoyan, dəlillərə əsaslanan, məntiqli biri idi. Müxtəlif məsələlərə münasibətdə beyni, doğrudan da, işləyirdi. Hərtərəfli bir insan idi.

Allah ona rəhmət etsin. Çox işlər görüb və ümidvarıq ki, Allah əcrini verəcək. Ondan çox şeylər öyrənməliyik. Onunla bağlı qeyd etdiyim o 3 xüsusiyyətin hər biri, əslində, bizim üçün bir dərsdir: həm dindarlığı, həm gözəl əxlaqı, həm də dərin düşüncəsi. İnsan dinin əsas prinsiplərinə, şəriətə, həqiqətən də, bağlı olmalıdır. Allahın haram buyurduqlarından çəkinmək lazımdır. İnsanların bu haramlara münasibəti müxtəlifdir. Bəziləri üçün haramlar bir şeydir, bizim üçün isə başqa bir şey: qeybət edirik, qeybətə qulaq asırıq, həqiqətin əksini deyirik, yanlış mühakimə yürüdürük, danışmaq lazım olan yerdə susur, susmaq lazım olan yerdə danışırıq. Bu, bizim şəriətə fərqli yanaşmamızdır. Bunlara diqqət yetirmək, riayət etmək lazımdır. Gözəl əxlaqı da eynilə. Gözəl əxlaq, yaxşı xasiyyət, sözün əsl mənasında, dinin mahiyyətini təşkil edir. Biz ondan səbri, təmkini, insafı, möhkəm olmağı, güzəşti, çalışqanlığı, tənbəl olmamağı öyrənməliyik; bunlar bizə lazımdır. O hətta 80 yaşı keçəndən sonra da siyasi fəaliyyətdən əl çəkməmişdi. Bu çox mühüm bir şeydir ki, mübarizə meydanında, mübarizə fəaliyyətində insan özündə qocalıq hiss etməsin; yorğunluq, tənbəllik, hər şeyi buraxıb bir kənara çəkilmək istəyi hiss etməsin. Bunlar çox mühümdür.

Ümidvarıq ki, Uca Yaradan ona da, bizə də mərhəmətli olar. İnşallah ki, hamımıza qarşı Öz lütf və mərhəməti ilə davranar.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /