Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranı qabaqcıl gənclərin ağıl və istedadına söykənərək idarə etmək lazımdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc elm xadimləri, yerli və beynəlxalq elmi olimpiada və müsabiqələrin qalibləri ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə qeyd etdi ki, ölkədə elmi inkişafı universitetlər və elmi-tədqiqat mərkəzləri arasında bütün həlqələri tamamlanan bir zəncir, böyük bir şəbəkə formasında qurmaq lazımdır. O, əlavə etdi: “İranı yeraltı sərvətlərdən, neftdən gələn tükənən gəlirlərə yox, yerüstü resurslara, yəni ölkənin qabaqcıl gənclərinin ağıl və istedadına söykənərək idarə etmək lazımdır”.

Ölkənin işıqlı gələcəyinin müjdəçisi olan gənc elm xadimləri ilə görüşlərin onun  üçün çox ürəkaçan olduğunu bildirən Ali Məqamlı Rəhbər bütün gənclərə aşağıdakı tövsiyəni verdi: “Vətən adlı evinizi ağıl, əzm və iradənizin gücü ilə elə qurub abadlaşdırın ki, bu xalqa və onun qürurverici tarixinə layiq olsun”.

Ali Məqamlı Rəhbər gənc alimləri elmə xidmət etməyin mahiyyəti, bunun əslində nə demək olduğu barədə dərindən düşünməyə çağıraraq dedi: “Alim olmaq üçün 3 əsas keyfiyyət tələb olunur: 1. ağıl və istedad; 2. tədqiqat aparmaq, işləmək üçün böyük əzm; 3. dayanmadan, ardıcıl surətdə işləmək üçün təqdirəlayiq səbir və hövsələ. Bu keyfiyyətlərə bir qədər fəlsəfi yanaşsaq görərik ki, onların hamısı Allahın insana nəsib etdiyi bir nemət, ruzidir”.

Ali Məqamlı Rəhbər ilahi nemətlərin Allah yolunda bəndələr üçün sərf olunması ilə bağlı Quran ayələrinə istinadən aşağıdakıları vurğuladı: “İnsan ona nəsib olan elm ruzisini Allah yolunda, Onun bəndələrinin xeyri üçün xərcləməli, yaşadığı cəmiyyətin, xalqının və ölkəsinin bu günü və gələcəyinə xidmət yolunda sərf etməlidir”.

Həzrət Ayətullah Xamenei üzünü gənc elm xadimlərinə tutaraq aşağıdakıları da qeyd etdi: “Əgər siz elm nemətini Allah yolunda bəndələrə xidmət üçün sərf etsəniz, Allahın hidayəti sizə nəsib olacaq, yəni həm sadaladığım keyfiyyətlər sizdə daha da güclənəcək, həm də Uca Yaradan sizi elminizə həqiqətən ehtiyac duyulan sferalara istiqamətləndirəcək”.

Ali Məqamlı Rəhbər Şəhid Çəmranın Müqəddəs Müdafiədəki effektiv iştirakını və Şəhid Şəhriyarinin nüvə tədqiqatları sahəsində gördüyü işləri elm nemətini ölkə və cəmiyyət üçün xərcləməyin, Allah-Taalanın elm xadimlərini istiqamətləndirməsinin iki bariz nümunəsi kimi qeyd etdi.

İranın son 10 ildə qazandığı elmi nailiyyətlərə toxunan Həzrət Ayətullah Xamenei ölkənin sürətli elmi inkişafın davam etdirilməsinə, doğrudan da, ehtiyac duyduğunu bir daha qeyd edərək dedi: “Ali Mədəni İnqilab Şurasının fəaliyyəti ilə bağlı verdiyimiz son sərəncamda da qeyd olunduğu kimi, ölkənin elmi inkişafını heç bir əsasla durdurmaq olmaz. Çünki hər bir duruş geriləməyə səbəb ola bilər”.

Ali Məqamlı Rəhbər dünya dövlətləri və xalqlarının sürətli elmi inkişaf marafonunda olduqlarını xatırladaraq dedi: “Sürətli elmi inkişafımıza baxmayaraq, geridə olduğumuz məqamlar o qədər çoxdur ki, İran hələ layiq olduğu mərtəbəyə çata bilməyib. Odur ki ölkənin elmi inkişafını davam etdirmək, bunun üçün tələb olunan bütün vacib şərtləri, o cümlədən elmi əsaslı şirkətlərin, elmi əsaslı iqtisadiyyatın gücləndirilməsini təmin etmək lazımdır”.

Ali Məqamlı Rəhbər ölkənin qurtuluşunun, xalqın işıqlı gələcəyinin elmi bazanın gücləndirilməsindən asılı olduğunu bildirdi. O həmçinin dedi: “Elm Xadimləri Fondunun sədrinin də tam doğru olaraq qeyd etdiyi kimi, yeraltı resurslara əsaslanan iqtisadiyyatda istedadlı elm xadimlərinin üzə çıxarılmasına, işə cəlb olunmasına və fəaliyyətinə heç bir ehtiyac duyulmayacaq və ölkə də, faktiki olaraq, həqiqi inkişafa nail olmayacaq”.

Həzrət Ayətullah Xamenei ölkənin yeraltı resursların satışı əsasında idarə edilməsini varlı övladlarının pul xərcləməsinə bənzədərək dedi: “Varlıların övladları pullarının qədrini bilmədən göyə sovururlar. Ölkənin xam neftin satışı əsasında idarə edilməsi də eynilə buna bənzəyir”.

“Ölkə iqtisadiyyatını neftdən gələn gəlirlər əsasında planlaşdırmaq İran iqtisadiyyatını qlobal siyasəti müəyyən edənlərə həvalə etməkdir” – deyən Ali Məqamlı Rəhbər beynəlxalq bazarda neftin qiymətinin tez-tez dəyişdiyinə toxunaraq əlavə etdi: “İqtisadiyyatını bu şəkildə tənzimləyən ölkənin gələcəyi məlumdur”.

Ali Məqamlı Rəhbər qeyd olunan reallıqlara istinad edərək aşağıdakıları vurğuladı: “İranı neftdən gələn gəlirlərə arxalanmaqla yox, ölkənin daxili qüvvəsinə, yerüstü ehtiyatlarına, yəni gənclərinin ağıl və istedadına, elmin inkişafına əsaslanaraq idarə etmək lazımdır. Belə olan halda dünyada heç bir dövlət ölkəmizin iqtisadiyyatı ilə oyun oynaya bilməz”.

Həzrət Ayətullah Xamenei elmi inkişafın elmi məqalələrin say çoxluğu demək olmadığını bildirərək aşağıdakıları əlavə etdi: “Əlbəttə ki, qabaqcıl və sanballı elmi məqalələrin ərsəyə gəlməsi çox dəyərlidir, lakin məsələ yalnız bununla bitmir”.

Ali Məqamlı Rəhbər elm adamlarına aşağıdakı tövsiyəni verdi: “Hazırlanan elmi məqalələr yeni ixtiraların patentləşdirilməsi ilə nəticələnməli və ölkənin daxili ehtiyaclarını hədəfə almalıdır”.

O, bütün nazirliklərin və hökumət strukturlarının elmi inkişaf üçün səy göstərməli olduqlarını bildirərək dedi: “Ölkənin kompleks elmi planı bu prosesdə bütün sektorların öhdəsinə düşən vəzifələri müəyyən edə bilər”.

Çıxışının bu hissəsini yekunlaşdıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün dövlət strukturlarının planlı fəaliyyəti ilə elmi inkişaf sahəsində bütün komponentləri bir-birini tamamlayan və bir-biri ilə koordinasiyada olan tam bir zəncir, böyük bir şəbəkə yaratmaq lazımdır”.

Ali Məqamlı Rəhbər gənc alimlərə Uca Yaradanla aralarındakı rabitəni gücləndirməyi tövsiyə edərək dedi: “Siz gənclərin pak və nurlu qəlbləriniz Allahın razılığının cəlb edilməsi və ilahi nemətlərin artmasında qiymətli bir amildir”.

Ali Məqamlı Rəhbər həmçinin Prezidentin Elm və Texnologiya Məsələləri üzrə Mavini, Görkəmli Xadimlər Milli Fondunun sədri Dr. Setarinin səsləndirdiyi dəyərli fikirləri də təqdir edərək dedi: “Dr. Setarinin şəhid atası da gözəl düşüncə və ideyalarından əlavə, iman, stimul və çətin meydanlarda iştirak baxımından da, həqiqətən, görkəmli bir şəxsiyyət idi”.

Görüşün əvvəlində Prezidentin Elm və Texnologiya Məsələləri üzrə Mavini, Görkəmli Xadimlər Milli Fondunun sədri Dr. Setari çıxış edərək bildirdi ki, iman, özünəinam, ixlas, fədakarlıq və vətənpərvərlik İranın görkəmli şəxsiyyətləri və elm xadimləri üçün xarakterik keyfiyyətlərdir. O, əlavə etdi: “Görkəmli şəxsiyyətlər onlara vəsait xərc edərək yetişdirmiş vətənlərinə borcludurlar və sahib olduqları ən dəyərli şeyləri öz xalqları və ölkələri üçün sərf etməlidirlər”.

Cənab Setari rəhbərlik etdiyi fondun əsas məqsədinin intellektual elitanın imkan və potensialını artırmaq olduğunu bildirdi. O, ölkə iqtisadiyyatı ilə bağlı bəzi strategiyalarda islahatlara ehtiyac olduğunu qeyd edərək dedi: “Sərvətlərin istehsalının xam neftə, yeraltı resurslara və mədənlərə əsaslandığı, neftdən asılı bir iqtisadiyyat şəraitində intellektual elita yetişə bilməz”.

Elm adamlarının qısa müddət ərzində ölkənin iqtisadi kursunu dəyişmək iqtidarında olduqlarını deyən cənab Setari əlavə etdi: “Ölkənin iqtisadi kursu elmi əsaslı iqtisadiyyata doğru yönəlməlidir. Bu isə yalnız gərgin əmək və təşəbbüskarlıq sayəsində mümkün ola bilər”.

Cənab Setari Görkəmli Xadimlər Milli Fondunun fəaliyyət proqramları və həyata keçirdiyi tədbirlər sırasında fondun nizamnamələrinə dəyişikliklər edilməsini, fondun gəlirlərinin cari ilin mehr ayından etibarən 4 dəfə artmasını, Təhsil və Tərbiyə Nazirliyinin əməkdaşlığı ilə “Şəhab” layihəsinin reallaşdırılmasını, mədəni fəaliyyətlər sferasında ciddi dəyişikliklərin edilməsini, xaricdə yaşayan iranlıların potensialından istifadə olunmasını, ölkənin ehtiyac duyduğu sferalar üçün elm adamlarının yetişdirilməsi istiqamətində fəaliyyət proqramlarının qurulmasını qeyd etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /