Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qəzzada qazanılmış qələbə daha böyük qələbələrin müjdəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə bildirdi ki, Qəzzanın 51 gün davam etmiş hərbi əməliyyatlar zamanı müqavimət göstərək qalib gəlməsi və İsrail rejiminin blokada şəraitində yaşayan əhali qarşısında acizlik nümayiş etdirməsi onu son dərəcə sevindirir. Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, bu böyük qələbə Allahın möminlərə verdiyi kömək vədinin bariz nümunəsi, gələcəkdə qazanılacaq daha böyük qələbələrin müjdəçisidir. O vurğuladı: “İslam Respublikası və İran xalqı sizin mübarizliyiniz və qalibiyyətinizlə fəxr edir. Ümidvarıq ki, müqavimət hərəkatının silsilə qələbələri qəti və son qələbəyə qədər davam edəcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, məhdud əhali sayına və imkanlara malik kiçik bir bölgə olan Qəzzanın 51 gün davam etmiş döyüşlərdə qəddar bir rejimin cürbəcür silahlarla təchiz olunmuş, güclü dəstək görən hərbi qüvvəsi qarşısında müqavimət göstərməsi mühüm və heyrətamiz bir məsələdir. O həmçinin dedi: “Adi təhlil və hesablamalara görə, ixtiyarında o cür imkanlar olan İsrail rejimi elə ilk bir neçə gündə işi bitirməli idi. Lakin son nəticədə İsrail həm öz məqsədlərinə çata bilmədiyini boynuna aldı, həm də müqavimətin şərtlərini qəbul etmək məcburiyyətində qaldı”.

Ali Məqamlı Rəhbər Allah-Taalanın cihad edərək müqavimət göstərənlərə kömək vədi verdiyini xatırladaraq dedi: “Əhalinin müqavimət dəstələri ilə heyrətamiz bir şəkildə əməkdaşlıq edərək çiyin-çiyinə vuruşmağı, düşmənin ara verməyən bombardmanından, çoxlu sayda qadın və uşaq da daxil olmaqla 2 mindən çox insanın rəhmsizcəsinə qətlə yetirilməsindən usanmamağı Allahın lütf və yardımından başqa bir şey deyildi”.

Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “İlahi vədin bu meydanda gerçəkləşməsi onu göstərir ki, bu vədlər daha geniş meydanlarda da gerçəkləşəcək və Allah-Taalanın iradəsi Fələstin problemini sizin əlinizlə sona çatdırmağı nəzərdə tutur”.

Sözünün davamında Ali Məqamlı Rəhbər düşmənin müqavimət hərəkatı əleyhinə  qurduğu dolaşıq xarakterli planlardan ehtiyatlı olmaq lazım olduğunu qeyd etdi və bu nöqteyi-nəzərdən iki mühüm strategiyaya diqqət çəkdi.

“İsrailin hücumları təkrarlaması zəif bir ehtimal deyil” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müqavimət hərəkatı hazırlıq səviyyəsini günü-gündən daha da yüksəltməli, Qəzzanın daxilində öz iqtidarının bazasını gücləndirməlidir”.

İkinci strategiyanın nədən ibarət olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Fələstinin qərb sahil bölgəsinin işğalçı rejimə qarşı mübarizəyə qoşulması istiqamətində fəaliyyət proqramları qurmaq başlıca əhəmiyyət daşıyan bir layihədir. O vurğuladı: “İsrail rejiminə qarşı müharibə ölkənin və xalqın müqəddəratını müəyyən edən taleyüklü  bir müharibədir və burada hər kəs öhdəsinə düşən vəzifəni qəti surətdə dərk etməlidir. Elə etmək lazımdır ki, düşmən Qəzza sarıdan keçirdiyi narahatlıqları qərb sahili sarıdan da duysun”.

Sonda Ali Məqamlı Rəhbər hazırda regionda olduqca dolaşıq və mürəkkəb xarakterli bir vəziyyətin hökm sürdüyünü bildirərək dedi: “Əlbəttə ki, regionda gedən proseslərin sabahında çox aydın və gözəl üfüqlər var. Ümidvarıq ki, Allah-Taala hamımızı müsəlman ümmətinin və Fələstinin mənafeyinə xidmət edən, düşmənin məkrli planlarını pozacaq işlərə istiqamətləndirər”.

Görüş zamanı Fələstin İslami Cihad Hərəkatının baş katibi cənab Ramazan Abdullah da Ali Məqamlı Rəhbərin səhhətinin yerində olmasından sevinc duyduğunu bildirərək dedi: “İslami cihad və müqavimət hərəkatında təmsil olunan bütün qardaşlarımız hər namazda Sizin sağlamlığınız və salamatlığınız üçün dua edirdilər. Ümid edirik ki, bir gün Məscidül-Əqsada Sizinlə birgə namaz qılmaq bizə nəsib olar”.

Ali Məqamlı Rəhbərə 51 gün davam etmiş hərbi əməliyyatlar haqda məlumat verən cənab Ramazan Abdullah onu bu qürurverici qələbə münasibətilə təbrik edərək dedi: “Sözsüz ki, bu qələbə İran İslam Respublikasının dəstəyi sayəsində qazanıldı. İranın effektiv və strateji yardımları olmasaydı, Qəzzada müqavimət və qələbə imkanı yaranmazdı”.

O həmçinin dedi: “Müqavimət hərəkatının Qəzzada qazandığı qələbə, əslində, Fələstin xalqının qələbəsidir. Şiddətli xəsarətlər aldığına baxmayaraq, camaat qüvvələrin qeyri-bərabər olduğu bu döyüşlərdə misilsiz birlik, səbir və müqavimət nümayiş etdirdi”.

Cənab Ramazan Abdullah həmçinin qeyd etdi ki, Ali Məqamlı Rəhbərin döyüşlər getdiyi bir vaxtda çıxış edərək İsrail rejiminin militarist davranışlarına qarşı mübarizə aparması üçün Qəzzanı silahlandırmaq lazım olduğunu vurğulaması strateji əhəmiyyət daşıyan bir məsələ, effektiv bir həll yolu idi və mücahidlərə möhkəm ruh, ikiqat artıq güc bəxş etmişdi.

Baş katib bəzi ölkələrin Qəzzanın yenidən qurulmasına yardım edəcəkləri barədə vəd verdiklərinə də toxunaraq dedi: “Biz bu vədlərə o qədər də ümid bağlamır, İsrailin hücumları nəticəsində dəymiş ziyanı aradan qaldırmaqda yalnız Allaha güvənirik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /