Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Regionda və İraqda yaranmış hazırkı vəziyyət bəzi ölkələrin Suriya ilə bağlı məsuliyyətsiz siyasətinin nəticəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İraqın baş naziri cənab Heydər Əl-Abadi və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, regionda böyük önəm kəsb edən bir ölkə kimi İraqın təhlükəsizliyi, rifahı, iqtidarı və nüfuzu İran İslam Respublikası üçün olduqca əhəmiyyətlidir. O, İranın yeni seçilmiş İraq hökumətini qətiyyətlə dəstəklədiyini bildirərək dedi: “Regionda, o cümlədən İraqda hökm sürən hazırkı vəziyyət xarici dövlətlərin və bəzi region ölkələrinin Suriya ilə bağlı məsuliyyətsiz siyasətinin nəticəsidir. Biz inanırıq ki, İraq dövləti və xalqı, xüsusilə də bu ölkənin gəncləri terroristlərə qalib gəlib asayiş və təhlükəsizliyi bərqərar etməyə qadirdirlər və bunun üçün yadellilərin iştirakına ehtiyac yoxdur”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər yeni hökumət qurmaq kimi böyük bir sınaqdan müvəffəqiyyətlə çıxdıqları üçün İraq dövlətini və xalqını təbrik edərək dedi: “İraq regionda mühüm əhəmiyyətə və təsir gücünə malik olan böyük bir dövlətdir. Bu ölkədə asayiş və təhlükəsizlik bərpa olunsa və həyat əvvəlki axarı ilə davam etsə, İraq, doğrudan da, regionun siyasi həyatında mühüm rol oynaya bilər”.

İraqda hakimiyyətdə olmuş əvvəlki hökumətlərin asayiş və təhlükəsizliyi bərpa etmək, xalqın problemlərini çözmək üçün bir sıra səylər göstərdiklərini qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Biz cənab Nuri Malikinin öz ölkəsi və regionumuz üçün göstərdiyi böyük xidmətləri unutmayacağıq”.

Ali Məqamlı Rəhbər cənab Heydər Əl-Abadiyə xitabən aşağıdakıları vurğuladı: “Biz sizin yanınızdayıq və əvvəlki hökumət kimi, sizin hökumətinizi də ciddi şəkildə dəstəkləyəcəyik”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz İran və İraq arasındakı bağların günü-gündən daha da möhkəmləndirilməli olduğuna inanırıq. Elə buna görə də İran İslam Respublikası əlindən gələn heç bir köməyi əsirgəməyəcək”.

İraqın bir nömrəli prioritetinin asayiş və təhlükəsizlik olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bundan əvvəl də elan etdiyimiz kimi, biz bu fikirdəyik ki, İraq dövləti və xalqının təhlükəsizliklə bağlı problemlərin öhdəsindən gəlmək üçün başqa ölkələrə, yadellilərə ehtiyacı yoxdur”.

İraqın təhlükəsizliyinin İran üçün olduqca böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Regionda elə bir dolaşıq vəziyyət hökm sürür ki, buradakı dövlətlərdən hansınınsa təhlükəsizliyi digərlərindən ayrı, müstəqil şəkildə təmin oluna bilməz. O cümlədən İran da geniş əlaqələrə malik olduğu qonşu və qardaş ölkə kimi, İraqın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir”.

Ali Məqamlı Rəhbər son illər ərzində İraq ərazisindən Suriya əleyhinə istifadə olunmasına icazə verilməməsini düzgün və müdrik bir siyasət adlandıraraq aşağıdakıları vurğuladı: “Regionda formalaşmış hazırkı vəziyyət xarici dövlətlərin və bəzi region ölkələrinin Suriya ilə bağlı yürütdükləri məsuliyyətsiz siyasətin nəticəsidir. Buna qarşı möhkəm əzmlə mübarizə aparmaq lazımdır”.

Ali Məqamlı Rəhbər İŞİD-ə qarşı mübarizə ilə bağlı səsləndirilən iddialara toxunaraq dedi: “Biz bu sözləri deyənlərin səmimiyyətinə inanmır və düşünürük ki, İŞİD və terrorizm problemi region ölkələrinin vasitəçiliyi ilə həllini tapmalıdır”.

“Yeni İraq hökumətinin milli, etnik və tayfa birliyinə əsaslanan siyasəti tamamilə düzgün bir siyasətdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İraq vahid bir dövlətdir və burada şiə və sünnilər, kürd və ərəblər arasında ayrı-seçkilik salmaq mənasızdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Proseslərə aidiyyəti olanlar və bəzi tayfalar da bu məsələyə diqqət yetirərək bilməlidirlər ki, milli birliyin ziddinə atılan addımlar İraqın mənafeyinə uyğun deyil”.

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, xalqın seçimi, demokratiya əsasında formalaşması əvvəlki hökumət kimi, yeni İraq hökumətinin də üstünlüklərindən biridir. O, əlavə etdi: “Bəziləri regionda və İraqda belə bir reallığın mümkünlüyünü qəbul etmək istəmirlər. Amma bu, baş verib və İraq dövləti bu mühüm nailiyyəti var gücü ilə qorumalıdır”.

Ali Məqamlı Rəhbər ölkəsini müdafiə etməyə hazır olan İraq gənclərinin İraq dövləti üçün dəyərli bir sərvət olduğunu bildirərək dedi: “Son hadisələr zamanı hamı İraq gənclərinin təhlükəli vəziyyətdə ölümü gözə alaraq meydana necə atıldıqlarının şahidi oldu”.

O vurğuladı: “Bu böyük sərvətin qədrini bilmək lazımdır, çünki ehtiyac olduğu zaman İraq dövlətinin köməyinə məhz o gənclər yetişəcək”.

Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüş zamanı İraqın baş naziri cənab Heydər Əl-Abadi yeni hökumətin təşkilindən sonra ilk rəsmi xarici səfərinin İrana olmasından məmnunluq duyduğunu qeyd edərək dedi: “Cənabınızın olduqca gözəl mövqeyinə, həmçinin İŞİD və terrorizmə qarşı mübarizə məsələsində İran İslam Respublikasının göstərdiyi köməyə görə sizə minnətdarıq”.

O, İŞİD və terrorizmin bütövlükdə region üçün təhlükə kəsb etdiyini qeyd edərək dedi: “Təəssüf ki, bəzi ölkələr bu təhlükənin nə qədər genişmiqyaslı və çoxaspektli ola biləcəyinə diqqət yetirmirlər. Lakin biz inanırıq ki, İran və İraq xalqlarının uzaqgörənliyi, din alimlərinin dəstəyi və Cənabınızın tövsiyələri sayəsində biz bu mərhələni uğurla geridə qoyub terrorçuları geri oturda bilərik”.

Şiə və sünnilər arasında konflikt yaratmaq məqsədi ilə bəzi məkrli planların həyata keçirildiyini deyən baş nazir yeni yaradılmış İraq hökumətinin milli birlik şüarını rəhbər tutduğunu qeyd edərək İran-İraq əlaqələri ilə bağlı aşağıdakıları vurğuladı: “Bu səfər çərçivəsində biz iki ölkə arasında müxtəlif sferalarda əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsinə nail olmaq fikrindəyik”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /