Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qədir-Xum məsələsi şiə məfkurəsinin əsasını təşkil edən ideoloji bir məsələdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün – mübarək Qədir-Xum bayramı günü səhər baş tutan görüşündə qeyd etdi ki, Qədir-Xum hadisəsinin mahiyyətində iki əsas məsələ durur: 1. Əmirəl-möminin Əlinin (ə) Allah-Taala tərəfindən imam olaraq təyin edilməsi; 2. İslam dininin siyasət və hakimiyyət məsələlərinə diqqət yetirərək bununla bağlı müvafiq göstərişlər verməsi. O, müsəlmanlar arasında birlik və həmrəyliyin taleyüklü zərurət olduğunu vurğulayaraq dedi: “Qarşı tərəfin emosiyalarını təhrik edən, şiə və sünnilər arasında konfliktin qızışmasına səbəb olan istənilən şəxs və ya istənilən addım Amerikaya, xəbis İngiltərəyə və sionizmə – yəni cahil, mürtəce və xarici qüvvələrdən asılı olan təkfirçilik cərəyanının əsasını qoyanlara kömək edir”.

İnsanları əzəmətli Qədir-Xum bayramı münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei dolğun məna yükünə malik, mühüm bir hadisə olan Qədir-Xum hadisəsinin İslam tarixinin danılmaz faktlarından olduğunu qeyd edərək dedi: “İslam məzhəblərindən heç birinin ardıcılları Qədir-Xum hadisəsinin özünə, eləcə də sonuncu peyğəmbərin (s) həmin gün buyurduğu cümləyə – yəni “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” cümləsinə şübhə ilə yanaşmır”.

O, əlavə etdi: “Hazırda təzə çıxan bəzi mütəfəkkirlərin bu tarixi cümlənin mənası ilə bağlı ağlına gələn sualları isə böyük din alimləri min il bundan qabaq cavablandırıblar”.

Həzrət Peyğəmbərin (s) Qədir-Xum günü buyurduğu cümlənin geniş yayılmış və hər kəsə məlum olan mənasına – yəni Əlinin (ə) ümmətin imamı və Peyğəmbərin (s) vəsisi olaraq təyin edilməsi məsələsinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu cümlənin daha bir mühüm mənası var ki, onu diqqətdən qaçırmaq olmaz. Həmin məna İslam dininin ümmətin siyasət və hakimiyyət məsələlərinə etinasız yanaşmaması, bu barədə  öz təlim və göstərişlərini irəli sürməsidir”.

Ali Məqamlı Rəhbər İslamın düşmənlərinin bu möhtəşəm dini siyasətdən təcrid edib yalnız fərdi, özəl məsələlər çərçivəsində məhdudlaşdırmaq üçün məqsədyönlü fəaliyyət göstərdiklərini vurğulayaraq dedi: “Qədir-Xum hadisəsi İslam dininin bu sekulyar yanaşmanı inkar edən aydın və güclü məntiqini ortaya qoyur. Belə ki Qədir-Xum İslam dininin hakimiyyət və siyasət məsələlərinə xüsusi diqqətlə yanaşmasının təzahürü hesab olunur”.

Əmirəl-möminin Əlinin (ə) Peyğəmbər (s) tərəfindən ümmətin imamı təyin edilməsinə yalnız mənəvi aspektdən yanaşmağın, bu rəhbərliyi yalnız dini, mənəvi məsələlərə aid etməyin doğru olmadığını qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İnsanlara mənəvi cəhətdən rəhbər təyin olunması mümkün deyil. Bu mübarək hadisənin əsl mənası hakimiyyət məsələsinə, cəmiyyətin idarə olunması işinə diqqət yetirilməsidir və Qədir-Xum hadisəsinin müsəlmanlar üçün öyrədici mahiyyəti də elə bundan ibarətdir”.

“Qədir-Xum məsələsi şiə məfkurəsinin əsasını təşkil edən ideoloji bir məsələdir” – deyən Həzrət Ayətullah Xamenei eyni zamanda aşağıdakıları da vurğuladı: “Şiəliyin Qədir-Xumla bağlı irəli sürdüyü güclü məntiqin və danılmaz arqumentlərin elmi dairələrdə, mütəxəssislər arasında araşdırılması daha doğrudur. Bu mövzu müsəlmanların birgə yaşayışına, onlar arasındakı qardaşlıq və bərabərliyə mənfi təsir göstərməməlidir”.

Məhz bu aspektdən çıxış edən Ali Məqamlı Rəhbər imperialistlərin başlıca siyasətini,  yəni İslam məzhəbləri, xüsusilə də şiə və sünnilər arasında konflikt yaratmaq siyasətini gözdən keçirərək dedi: “Müsəlmanlar arasında konfliktlərin meydana çıxması, təbii ki, onların güc, əzm və stimullarının daxildəki dava-dalaşa sərf edilməsinə, əsl və böyük düşmənlərinə diqqət yetirməmələrinə səbəb olur. Elə istismarçı imperialistlər də öz planlarını məhz bu hədəf üzərində qurublar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, imperializmin müsəlmanlar arasına konflikt salmaq planına daha artıq sərmayə qoymasının əsas səbəbi İslam Respublikasının təbliğ etdiyi cəlbedici, doğru istiqamətə yönəldən məfkurəyə qarşı mübarizə aparmaqdır. O dedi: “Amerika, İsrail və konflikt yaratmaq işində köhnənin peşəkarı olan xəbis İngiltərə  İslam İnqilabının qələbəsindən sonra şiə və sünnilər arasına ixtilaf salmaq, onların diqqətini əsl düşmənlərindən yayındırmaq istiqamətində göstərdikləri səyləri kəskin şəkildə artırıblar”.

İraq, Suriya və bəzi digər ölkələrdə təkfirçilik cərəyanının ortaya çıxmasını imperialistlərin müsəlmanlar arasına konflikt salmaq planlarının nəticəsi kimi dəyərləndirən Ali Məqamlı Rəhbər dedi: “Onlar “Əl-qaidə” və İŞİD-i təfriqə salmaq, İslam Respublikasına qarşı mübarizə aparmaq məqsədilə yaratmışdılar, amma indi  bu cərəyanlar onların öz boğazına keçib”.

Həzrət Ayətullah Xamenei regionda gedən hazırkı proseslərə toxunaraq dedi: “Bu hadisələrə dərindən nəzər salıb təhlil etdikdə görürsən ki, Amerika və onun müttəfiqləri yalandan İŞİD-ə qarşı mübarizə adı verdikləri tədbirləri ilə bu cərəyanın ocaqlarını məhv etməkdən daha çox, müsəlmanlar arasına konflikt və düşmənçilik salmaq məqsədi güdürlər”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “İstər sünni, istərsə də şiə olsun – İslam dininə etiqad edən və Quranın hakimiyyətini qəbul edən hər kəs bilməlidir ki, İslamın və müsəlmanların əsl, gerçək düşməni Amerika və sionizmin siyasətləridir”.

“Digər məzhəblərin emosiyalarını təhrik etməkdən mütləq surətdə çəkinmək və bu baxımdan ehtiyatlı davranmaq bütün müsəlmanların mühüm vəzifəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Şiələr də, sünnilər də bilməlidir ki, istənilən addım və ya söz, o cümlədən qarşı tərəfin müqəddəs hesab etdiklərinə qarşı təhqirə yol verilməsi, həssaslığın artmasına və arada konflikt yaranmasına səbəb olur. Bu isə, heç şübhəsiz, müsəlmanların ümumi düşmənlərinin xeyrinədir”.

Sonda Ali Məqamlı Rəhbər dünyada hegemonluq etməyə çalışan böyük dövlətlərin bütün planlarının son 35 ildə boşa çıxdığını qeyd edərək vurğuladı: “Allahın köməyi ilə, bu xalqın düşmənləri bu dəfə də məğlub olacaq, İran İslam dövlətində yaşayan bütün müsəlmanlar bu günə qədər olduğu kimi, sayıqlıq və müdrikliklə öhdələrinə düşən vəzifələri yerinə yetirəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /