Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqının mübarizliyi dünyanın bir çox nüfuzlu simalarında boş əllə güclü müdafiəyə böyük inam yaratdı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ordu və polis qüvvələrinin yüksək rütbəli zabitlərindən bir qrupu ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə Müqəddəs Müdafiə illərinin İran xalqı üçün başucalığı sayılan bir dövr olduğunu bildirərək dedi: “8 illik Müqəddəs Müdafiə təcrübəsi göstərdi ki, bütün sıxıntı və təzyiqlərə, maddi vəsaitin olmamağına, saysız-hesabsız problemlərin mövcudluğuna baxmayaraq, güclü əzm və Allaha təvəkkül sayəsində dünyanın super-dövlətlərinin zorakılığı və yersiz tələbləri qarşısında dayanmaq mümkündür”.

Müqəddəs Müdafiə həftəsi münasibətilə baş tutan bu görüşdə Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə dövrünü müxtəlif aspektlərə malik, mühüm bir məsələ adlandıraraq dedi: “8 illik Müqəddəs Müdafiə ilə bağlı xatirələr, reallıqlar və ibrətamiz dərslər coşqun çay kimi canlı bir mədəniyyətdir və onun düzgün dərk olunması, heç şübhəsiz, İran xalqının, ölkənin gələcəyinin xeyrinə olar”.

Həzrət Ayətullah Xamenei İran xalqının məcburən müharibəyə sövq edildiyi o illərdə  böyük dövlətlərin, eləcə də onlardan asılı olan region dövlətlərinin İran İslam Respublikasına qarşı qərbdən şərqə geniş və mütəşəkkil bir cəbhə açdıqlarını deyərək aşağıdakıları vurğuladı: “Bu geniş cəbhənin məqsədi İslam dövlətini zəiflədərək nüfuzdan salmaq, daxildə çoxsaylı problemlərlə üz-üzə qoymaq və ən nəhayət, İslam Respublikasının süqutu üçün zəmin yaratmaq idi. Lakin İslam dövləti və İran xalqı o dövrdə maddi-texniki imkanlarının məhdudluğuna, çoxsaylı problemləri olmasına baxmayaraq, bu cəbhənin qarşısında duraraq meydandan başıuca çıxdı”.

O, əlavə etdi: “İran xalqının 8 illik Müqəddəs Müdafiədə göstərdiyi mətinlik və mübarizlik sayəsində müsəlman və qeyri-müsəlman ölkələrində nüfuzlu simalardan, çalışan beyinlərdən bir çoxunda boş əllə güclü müdafiəyə böyük inam yarandı”.

Ali Məqamlı Rəhbər İran xalqının bu məcburi müharibədə verdiyi itkiləri, özəlliklə də İslam İnqilabına fəda edilmiş dəyərli şəhidləri xatırladaraq dedi: “Bu müharibənin maddi-mənəvi bahası yüksək olduğuna baxmayaraq, İran xalqının Müqəddəs Müdafiədə qazandıqları itirdikləri ilə müqayisədə həddən artıq çoxdur”.

Sonda Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiədə iştirak etmiş bütün komandir və döyüşçülərə bu dövrlə bağlı xatirələri və reallıqları yazıya almağı tapşıraraq dedi: “Allahın lütfü sayəsində, Müqəddəs Müdafiə haqqında bu günə qədər nəşr olunmuş əsərlər də olduqca dəyərlidir”.

Görüşün əvvəlində Silahlı Qüvvələrin Baş Qərargah Rəisi General Firuzabadi qısa çıxış edərək ordunun zabitləri ilə görüşə razılıq verdiyi üçün Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirdi, onun səhhətinin tam yaxşılaşmasından sevincini ifadə etdi. General Firuzabadi həmçinin ölkədə Müqəddəs Müdafiə həftəsinin qeyd olunduğunu xatırladaraq Silahlı Qüvvələrin İslam İnqilabının nailiyyətlərini müdafiə etməyə tam hazır olduğunu vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /