Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika İŞİD əleyhinə ciddi tədbir görmək niyyətində deyil

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bir müddət xəstəxanada yatıb tam yaxşılaşdıqdan sonra bu gün (bazar ertəsi) səhər evə buraxıldı.

Xəstəxananı tərk etməzdən öncə Mərkəzi Xəbər Bürosunun reportyoruna müsahibə verən Ali Məqamlı Rəhbər keçirdiyi cərrahiyyə əməliyyatından və ardınca xəstəxanadakı müalicə dövrü ərzində ona göstərilən diqqət və qayğıdan razı qaldığını bildirərək dedi: “Hazırda fiziki cəhətdən tam sağlam vəziyyətdə və ruh yüksəkliyi ilə evə dönürəm. Onu da deyim ki, son bir neçə gün ərzində mənə göstərilən böyük sevgi və lütfkarlıqdan xəcalət çəkir, çiyinlərimdə ağır yük hiss edirəm”.

Xalqın müxtəlif təbəqələrini təmsil edən insanların, din alimləri və mərcə-təqlidlərin, ölkə rəsmiləri və görkəmli şəxsiyyətlərin, siyasətçilərin, incəsənət xadimlərinin və idmançıların ona göstərdikləri sonsuz sevgiyə görə hər kəsə təşəkkür və qədirdanlığını ifadə edən Həzrət Ayətullah Xamenei dedi: “Ölkəmizin əhalisindən başqa, digər millətlər də mənə qarşı böyük sevgi və mehribanlıq nümayiş etdirdilər. Bu isə onu göstərir ki, mənim hər zaman vurğuladığım kimi, İran xalqı başqa xalqlar arasında strateji dərinliyə malikdir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İkinci belə bir dövlət və xalq yoxdur ki, öz sərhədlərindən kənarda başqa xalqlarla bu cür mənəvi-ideoloji, emosional bağlara, köklərə sahib olsun”.

Ali Məqamlı Rəhbər yatdığı xəstəxananın həkimlərinə və kiçik tibbi heyətinə də təşəkkürünü bildirərək dedi: “İnsan ölkəmizin xəstəxanalarında çalışan həkimlərin, tibb işçilərinin bilik səviyyəsini, bacarığını və peşəkarlığını görəndə xalqın və cəmiyyətin həyatında ən əsas və əhəmiyyətli rola malik sferalardan biri olan səhiyyə sferasında belə möhtəşəm insan potensialının varlığından qürur duyur”.

Müsahibə əsnasında daha bir məqama toxunan Həzrət Ayətullah Xamenei dedi: “Xəstəxanada yatdığım son bir neçə gün ərzində mən özüm üçün bir əyləncə də tapmışdım ki, o da Amerika rəsmilərinin İŞİD ilə mübarizə mövzusunda səsləndirdiyi bəyanatlara qulaq asmaq idi. Doğrudan da, çox gülməli və əyləncəli idi”.

Amerika rəsmilərinin bu mövzuda səsləndirdiyi fikirlərin boş, mənasız və məqsədli olduğunu bildirən Ali Məqamlı Rəhbər İranı İŞİD ilə mübarizəyə dəvət etməyəcəklərini açıq-aşkar şəkildə elan etmiş ABŞ Xarici İşlər Naziri və həmin qurumun sözçüsünün bəyanatlarına toxunaraq dedi: “Amerikanın İranı kollektiv surətdə görülən yanlış bir işə cəlb etməkdən məyus olması bizim üçün qürur mənbəyidir. Bizim üçün bundan yüksək iftixar ola bilməz”.

Daha sonra Həzrət Ayətullah Xamenei Amerikanın İŞİD ilə mübarizə mövzusunda yalan danışdığını sübut etmək üçün məsələnin bəzi pərdəarxası məqamlarını açıqladı.

O dedi: “İŞİD-in İraqa ağır hücumlar etdiyi günlərdə Amerikanın İraqdakı səfiri ölkəmizin İraqdakı səfirinə xahişlə müraciət edərək Amerika və İranın İŞİD ilə bağlı müzakirələr aparıb koordinasiyaya nail olmaq üçün iclas keçirmələrini istəmişdi. Səfirimiz rəsmi Tehranı bu barədə məlumatlandırmış, bəzi rəsmilər də belə bir iclasın keçirilməsinə etiraz etməmişdilər. Mən isə buna qarşı çıxaraq bizim bu məsələdə Amerika ilə heç bir vəchlə müttəfiqlik edə bilməyəcəyimizi dedim. Çünki onların niyyəti və əlləri kirlidir. Belə olan halda biz onlarla necə müttəfiqlik edə bilərik?”

Ali Məqamlı Rəhbər bir neçə gün öncə “Biz İŞİD-ə qarşı mübarizədə İranı müttəfiqliyə dəvət etməyəcəyik” kimi bəyanatlar səsləndirmiş ABŞ Xarici İşlər Nazirinin fikirlərinə münasibət bildirərək dedi: “Elə ABŞ Xarici İşlər Nazirinin şəxsən özü cənab Dr. Zərifə müraciət edərək İŞİD məsələsində dövlətimizlə əməkdaşlıq etməyi təklif etmiş, Dr. Zərif isə onun təklifini rədd etmişdi”.

O, əlavə etdi: “Hətta ABŞ Xarici İşlər Nazirinin hamının tanıdığı xanım müavini də cənab İraqçı ilə danışıqlar zamanı bir daha həmin təklifi təkrarlamış və rədd cavabı almışdı”.

İran İslam Respublikasının İŞİD-ə qarşı mübarizədə Amerika ilə əməkdaşlığın açıq-aşkar şəkildə əleyhinə olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “İndi onlar yalandan İranı bu məsələdə müttəfiqliyə qəbul etməyəcəklərini deyirlər, halbuki İran belə bir ittifaqa qoşulmayacağını əvvəlcədən elan etmişdi”.

O həmçinin vurğuladı: “Amerikalılar bundan əvvəl də səs-küy salıb, bir neçə ölkənin iştirakı ilə rəsmi Suriya əleyhinə bir ittifaq qurmuşdular, amma heç nə edə bilmədilər. İraq məsələsində də eyni vəziyyət olacaq”.

“Amerika İŞİD əleyhinə ciddi tədbir görmək niyyətində deyil” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikalılar, hətta İŞİD-cilər özləri də yaxşı bilirlər ki, İraqda İŞİD-in belini qıran Amerika yox, İŞİD-lə necə mübarizə aparmaq lazım olduğunu yaxşı öyrənmiş və ona ciddi zərbələr vuran xalq qüvvələri ilə İraq ordusu oldu”.

Xalq qüvvələri və İraq ordusunun İŞİD-ə qarşı zərbələrinin davam etdiriləcəyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Reallıq budur ki, Amerika Pakistanda etdiklərini təkrarlamaq, oturuşmuş dövləti və güclü ordusu olduğuna baxmayaraq, bu ölkəyə icazəsiz girib müxtəlif məntəqələrini bombardman etdiyi kimi, İraq və Suriyada da eyni əməlləri törətmək üçün bəhanə axtarır”.

O vurğuladı: “Amerikalılar bilməlidirlər ki, əgər belə bir şey etsələr, son 10 ildə İraqda üzləşdikləri çətinliklərlə bir daha üzləşəcəklər”.

Müsahibəsinin sonunda Ali Məqamlı Rəhbər dedi: “Hər halda, xəstəxanada yatdığım bu bir neçə gün ərzində Amerika rəsmilərinin bəyanatları mənim üçün əyləncə idi”.

Ali Məqamlı Rəhbər tibbi heyətlə də yaxından görüşərək onlara səmimi təşəkkürünü bildirdi.

Xəstəxananı tərk etməzdən öncə o, Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvikənini də ziyarət etdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /