Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbərin həkim heyətinin sədri cərrahiyyə əməliyyatından sonra müsahibə verdi

Ali Məqamlı Rəhbərin bu gün səhər keçirdiyi cərrahiyyə əməliyyatından sonra onun sağlıq durumuna cavabdeh olan həkim heyətinin sədri Dr. Mərəndi müsahibə verərək baş tutan əməliyyatdan tam razı qaldığını bildirdi və dedi: “Əməliyyat narkozsuz – yerli anesteziya üsulu ilə həyata keçirilmişdir. Ali Məqamlı Rəhbərin ümumi vəziyyəti yaxşı və normaldır”.

Dr. Mərəndi həmçinin dedi: “Prostat əməliyyatı ahıl və hətta ortayaşlı insanlar arasında geniş yayılmış bir əməliyyatdır və əksər hallarda prostat vəzin rezeksiyasına ehtiyac yaranır”.

O, əlavə etdi: “Bir müddət idi ki, Ali Məqamlı Rəhbər bundan əziyyət çəkirdi. Həkimlər cərrahiyyə əməliyyatının indi keçirilməsini məsləhət gördülər, Ali Məqamlı Rəhbər də onların fikri ilə razılaşdı”.

Həkim heyətinin sədri cərrahiyyə əməliyyatının gedişi ilə bağlı aşağıdakıları dedi: “Əməliyyat bu gün səhər, yarım saatdan da az bir müddət ərzində, yerli anesteziya vasitəsilə, narkoza ehtiyac olmadan və heç bir problemli hal müşahidə olunmadan keçdi”.

O, əlavə etdi: “Əməliyyat boyunca Ali Məqamlı Rəhbər özündə idi, söhbət edirdi. Hal-hazırda da onun vəziyyəti yaxşıdır və məndən xahiş etdi ki, bunu xalqımıza da çatdırım”.

Dr. Mərəndi Ali Məqamlı Rəhbərin cərrahiyyə əməliyyatının məhz dövlət xəstəxanalarından birində keçirilməsinə təkid etdiyini qeyd edərək dedi: “Ali Məqamlı Rəhbər təkidlə başqa xəstələrin narahat olmamağını istədiyinə görə əməliyyat sübh tezdən keçirildi”.

Cənab Mərəndi Ali Məqamlı Rəhbərin xəstəxanadan nə vaxt çıxacağı ilə bağlı sualı da cavablandıraraq dedi: “Adətən bu əməliyyatdan sonra bütün xəstələr 3, yaxud 5 gün xəstəxanada nəzarət altında qalır. Ali Məqamlı Rəhbərdə də belə olacaq”.

O həmçinin dedi: “Xəstəxanadan çıxdıqdan sonra da bütün xəstələrdə olduğu kimi əməliyyatdan sonrakı bərpa olunma mərhələsində gərgin iş rejimi ilə bağlı müəyyən məhdudiyyətlərə riayət olunmalıdır. Ali Məqamlı Rəhbər də həddən artıq fəal və işgüzar bir insan olduğuna baxmayaraq, iş qrafikini yüngülləşdirməli, bəzi işlərini ixtisara salmalıdır. Əlbəttə ki, o özü mümkün qədər tez gündəlik həyatına və iş rejiminə dönmək niyyətindədir”.

Cənab Mərəndi həmçinin cərrahiyyə əməliyyatında iştirak etmiş həkimlərə və tibb bacılarına, həmçinin Ali Məqamlı Rəhbərin salamatlığı üçün səmimi-qəlbdən dua edən İran xalqına təşəkkürünü bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /