Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dünyasının bir nömrəli problemi olan Fələstin problemi həcc ziyarəti zamanı diqqətdə saxlanmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmilərlə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, həcc ziyarəti İslam ümmətinin vəhy diyarının mənəvi gözəlliklərindən bəhrələnməsi, Allah-Taala ilə arasında olan rabitəni möhkəmləndirməsi, eləcə də müsəlmanların İslam dünyasındakı problemlərin aradan qaldırılması naminə öz aralarında fikir mübadiləsi aparmaları üçün böyük bir fürsətdir. Ali Məqamlı Rəhbər vurğuladı: “Bu gün İslam dünyasının ən önəmli problemlərindən biri böyük dövlətlərin və onlardan asılı olan qüvvələrin İslam ümməti arasına ixtilaf salmaq üçün göstərdikləri genişmiqyaslı səylərdir. Həcc ziyarətinin yaratdığı misilsiz fürsətdən bəhrələnərək müsəlman ümməti arasında birlik və qarşılıqlı anlaşmanın yaradılması, konflikt və anlaşılmazlıqlara yol açan amillərin aradan qaldırılması istiqamətində tədbirlər görmək lazımdır”.

Görüş zamanı Ali Məqamlı Rəhbər iştirakçıları 8-ci imam Həzrət Rzanın (ə) mövludu münasibətilə təbrik edərək o həzrətin Xorasanda yerləşən müqəddəs məqbərəsinin bərəkət mənbəyi, Yaradana diqqət, zikr və tövhid mərkəzi olduğunu bildirdi. Ali Məqamlı Rəhbər dövrünün zalım və qəddar siyasi aparatının məkrli planlarına qarşı mübarizə aparmaq üçün İmam Rzanın (ə) seçdiyi müdrik metoda toxunaraq dedi: “Həzrət İmam Rza (ə) onun əleyhinə çox ustalıqla cızılmış məkrli planı Allaha təvəkkül edərək, ilahi bir tədbirlilik və imamət məqamından irəli gələn uzaqgörənliklə tam əksinə yönəldib, İslam dünyasının təfəkküründə Quran maarifinin təbliği istiqamətində Əhli-Beytin (ə) adı ilə bağlı olan möhtəşəm bir hərəkat yarada bildi”.

Daha sonra Ali Məqamlı Rəhbər yenidən həcc mövzusuna qayıdaraq həcc mövsümünü müsəlmanların dini-mənəvi məsələlərinin yoluna qoyulması, İslam dünyasındakı mühüm problemlərin həllini tapması üçün böyük və dəyərli bir fürsət adlandırdı. O, əlavə etdi: “Həccin davam etdiyi günlərdə müsəlmanlar bu ilahi səfərin mənəvi faydalarından tam surətdə bəhrələnməli, Allah-Taala ilə aralarında olan rabitəni elə möhkəmləndirməlidirlər ki, həcc ziyarətindən sonra onlarda, doğrudan da, bir dəyişiklik müşahidə olunsun”.

Həzrət Ayətullah Xamenei İslam dünyasındakı mühüm problemlərin nəzərdən keçirilməsi, onların aradan qaldırılması istiqamətində fikir mübadiləsinin aparılması ilə əlaqədar olaraq, aşağıdakıları vurğuladı: “Bu gün İslam dünyası çox həssas və təhlükəli bir şəraitdədir və onun ən mühüm problemlərindən biri imperialist dövlətlərin müsəlmanlar arasına konflikt və anlaşılmazlıq salmaq üçün göstərdikləri səylər, işlətdikləri manevrlərdir”.

“Həcc günlərində bütün müsəlmanlar var gücləri ilə qəlblərini təmizləməyə, süni kin-küdurəti azaltmağa çalışmalıdırlar” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, istər şiələrdən, istərsə də əhli-sünnədən olan bəzi müsəlmanlar bilməməzlik ucbatından bir-birinə qarşı reallıqdan uzaq olan cürbəcür ittihamlar səsləndirərək İslam ümmətinin düşmənlərinə kömək edir, Amerika və sionizmin dəyirmanına su tökürlər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Müsəlmanlar sayıqlıq və həmrəyliklə düşmənin silahını əlindən almalıdırlar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hazırkı şəraitdə təkfirçilik İslam düşmənlərinin müsəlmanlar arasına konflikt salmaq, onları Fələstin problemindən yayındıraraq başlarını bir-birinə qarışdırmaq, bununla da sionistlərin mənafeyinə xidmət etmələrini təmin etmək üçün işlətdikləri silahdır. O vurğuladı: “İslam dünyasının bir nömrəli problemi olan Fələstin problemi həcc ziyarəti zamanı diqqətdə saxlanmalıdır”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Sevindirici haldır ki, bu gün Fələstin məsələsində üstünlük müsəlmanlara məxsusdur. Qəzzada gedən 50 günlük hərbi əməliyyatlar və Qərbin regiondakı güc simvolu kimi İsrail rejiminin cüzi imkanlara malik olan, blokada şəraitində yaşayan azsaylı Qəzza əhalisi qarşısında məğlubiyyətə uğraması bunun bariz nümunəsidir”.

O həmçinin dedi: “Qəzzadakı son qələbə müsəlmanların güclü və çox şeyə qadir olduqlarını, hər cür düşmənlə üz-üzə gəlib özlərini müdafiə edə biləcəklərini göstərdi”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Biz İslamın, Quranın, imanın və İslam ümmətinin qüdrətini lazımınca qiymətləndirməli və imperialist dövlətlərin zülmünə müqavimət göstərmək gücündə olduğumuzu bilməliyik”.

Sonda Ali Məqamlı Rəhbər iranlı hacılara təqdim olunan məişət xidmətinin, eləcə də dini-mənəvi tədbirlərin səviyyəsinin son illər ərzində yüksəldiyini qeyd edərək dedi: “Bu səviyyə ilə kifayətlənmək lazım deyil. Qalan nöqsan və çatışmazlıqları aradan qaldıraraq elə bir şərait qurmaq lazımdır ki, zəvvarlar həcc mövsümünün yaratdığı fürsətdən maksimum dərəcədə yararlana bilsinlər”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, iranlı hacıların kuratoru Höccətül-İslam vəl-muslimin Qazi Əskər iştirakçıları Həzrət İmam Rzanın (ə) mübarək mövludu münasibətilə təbrik edərək qeyd etdi ki, həcc ziyarətinin təşkilinə cavabdehlik etmək cihad mahiyyətli, qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilməli olan, bəsic ruhu tələb edən bir işdir. O vurğuladı: “Regionumuzda və İslam dünyasındakı vəziyyəti nəzərə alaraq, habelə zəvvarların bu nurlu səfərin potensialından lazımınca bəhrələnməsini təmin etmək məqsədilə builki həcc ziyarətimiz üçün “Həcc – mənəviyyat, özünəinam və müsəlman birliyi” şüarını seçmişik. Bütün sferalardakı tədbirlərimizin ana xəttini məhz bu şüar təşkil edəcək”.

Höccətül-İslam vəl-muslimin Qazi Əskər Ali Rəhbərlik Məqamının Məkkədəki nümayəndəliyin həyata keçirdiyi tədbirlər sırasında hacılara səviyyəli xidmətin təqdim olunmasını, İran İslam Respublikasının həcc ziyarətinin təşkilati işlərində digər ölkələr üçün örnəyə çevrilməsini, iranlı hacıların həcc ziyarətinin fəlsəfəsi ilə tanış olmasını, qrup rəhbərlərinə lazımi təlimlərin keçilməsini, xüsusi iclasların, təlim-izah xarakterli forumların təşkil olunmasını qeyd etdi.

Görüş zamanı Həcc və Ziyarətlər Komitəsinin sədri cənab Əvhədi də çıxış edərək rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlər haqqında məlumat verdi. O, cari il üçün nəzərdə tutulmuş tədbirlər sırasında icraçı kadrların sayının 25 faizə qədər azaldılmasını, hacılara bütün sutka ərzində tibbi xidmətlərin göstərilməsini, həcc ziyarəti üçün ödənilən yekun məbləğin azaldılmasını, zəvvarların ehtiyaclarını ödəmək üçün Ərəbistana göndərilən məhsulların 150 faiz artırılmasını və ölkədən xaricdə yaşayan iranlı zəvvarlara xidmət göstərilməsini qeyd edərək dedi: “Bu il ölkənin 19 hava limanından 450 karvanın tərkibində 64 min nəfər həcc ziyarətinə yola salınacaq”.

Görüşdən əvvəl Ali Məqamlı Rəhbər Məkkə və Mədinədəki müqəddəs məkanların təsvir olunduğu fotoqalereyaya baxış keçirdi, həmçinin Ali Rəhbərlik Məqamının Məkkədəki nümayəndəliyi tərəfindən hazırlanmış mədəniyyət məhsulları ilə tanış oldu.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /