Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İnsaflı tənqidə dözümlü və sakit yanaşmaq lazımdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə prezidenti və hökumət kabinetinin üzvləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, cəmiyyətdə mənəvi-psixoloji rahatlığın təmin olunmasını, inflyasiyanın kontrolda saxlanmasını, milli valyutanın dəyərinin sabitləşdirilməsini və səhiyyə sistemi ilə bağlı dövlət proqramının icrasını ötən 1 ildə 11-ci hökumətin həyata keçirdiyi dəyərli və təqdirəlayiq tədbirlər sırasında qeyd etmək olar. O, bütün dövlət rəsmilərinə inqilabi ruhiyyə və tendensiyanı qoruyub saxlamağı və gücləndirməyi, daxili potensial və istehsala söykənməyi, müqavimət iqtisadiyyatının siyasətlərini dəqiq şəkildə icra etməyi, aqrar sektora və kəndlərdə emal sənayesinə xüsusi diqqət ayırmağı, ardıcıl elmi inkişafa ciddi surətdə önəm verməyi, elmi əsaslı şirkətləri gücləndirməyi, qlobal və regional problemlərə, özəlliklə də Amerikanın müdaxiləsinə qarşı qətiyyətli mövqe tutmağı, dövlətin daxili birlik və möhkəmliyini qorumağı, özəlliklə 1388-ci il (2009) hadisələri ilə bağlı qırmızı xətlərə riayət etməyi, insaflı tənqidə dözümlü və sakit yanaşmağı tövsiyə etdi.

Hökumət həftəsi münasibətilə baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei şəhid Rəcayi və Bahonərin xatirələrini ehtiramla yad edərək bildirdi ki, inqilabi ruhiyyə və tendensiya, Allahın razılığını qazanmaq şövqü bu iki şanlı şəhidin ən mühüm özəlliklərindəndir. O, əlavə etdi: “Dövlət rəsmiləri olaraq, biz hamımız daim inqilabi ruhiyyə və tendensiyanı özümüzdə qorumalıyıq, hədəfimiz də Allahın razılığını qazanmaq olmalıdır”.

11-ci hökumətin 1 illik fəaliyyəti haqqında verdiyi hesabata görə ölkə başçısına təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər dedi: “Hökumətin fəaliyyəti ilə bağlı bu informasiya ictimaiyyətə çatdırılmalıdır ki, insanlarımız görülən işlər barədə məlumat almaqla bərabər, gələcək işlərdən və planlardan da xəbər tutsunlar”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Bu informasiyanın ictimaiyyətə təqdim olunması əhalidə gələcəyə ümid yaradacaq. Əlbəttə, diqqət etmək lazımdır ki, bu hesabatlarda statistik göstəricilər dəqiq verilsin, şişirtmədən uzaq olsun”.

“Hökumət kabinetlərinin əvəzlənməsinin, yeni-yeni şüarları rəhbər tutan hökumətlərin iş başına keçməsinin bərəkətli təsirlərindən biri də əhalidə ümid yaranmasıdır” – deyən Həzrət Ayətullah  Xamenei əlavə etdi: “Xalqda bu ümidi qorumaq və gücləndirmək lazımdır. Bunun yollarından biri isə ictimaiyyəti görülən işlər barədə məlumatlandırmaqdır”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Əlbəttə ki, təkcə hesabatlar təqdim etməklə xalqın ümidi güclənməyəcək. İnsanlara bütün bu söhbətlərin əməli nəticəsi, görülən işlər lazımdır”.

Çıxışının ardında Ali Məqamlı Rəhbər hökumət rəsmilərinə bir neçə mühüm tövsiyə verdi. Onun ilk tövsiyəsi durmadan işləmək, əhaliyə ardıcıl xidmət göstərmək, qeyri-konstruktiv meyllərdən çəkinməklə bağlı oldu.

Ali Məqamlı Rəhbərin ikinci tövsiyəsi isə hökumətin daxili birlik və həmrəyliyinin qorunması ilə əlaqədar oldu. O dedi: “Diqqət etmək lazımdır ki, hökumət rəsmilərinin bəyanatlarında təzadlı məqamlar müşahidə olunmasın. Ayrı-ayrı hökumət strukturlarında sözçülərin təyin olunmasının fəlsəfəsi də elə budur ki, dövlət müxtəlif məsələlərlə bağlı ortaya vahid mövqe qoysun”.

Üçüncü tövsiyəsində Həzrət Ayətullah Xamenei rəsmiləri siyasi şüar və qalmaqallarla cəmiyyətdə qütbləşmə yaratmaqdan çəkinməyə çağıraraq dedi: “Bu və ya digər siyasi cinahda yer almağın heç bir problemi yoxdur, amma cəmiyyəti iki qütbə ayırmaq lazım deyil. Çünki bu, insanları məyus edərək yorur, vahid cəmiyyət atmosferində boşluq yaradır”.

Ali Məqamlı Rəhbərin 4-cü tövsiyəsi dövlətin siyasi məsələlərdə cinahlara bölünməkdən çəkinməsi ilə bağlı oldu. O dedi: “Hökumət nümayəndələrinin bəzi siyasi cinahlara meyllənməsində heç bir problem yoxdur, lakin hökumət kabineti və onun üzvləri bu kimi şeylərə aludə olmamalıdırlar”.

O, əlavə etdi: “Siyasi cinahlara bölünmə mövzusundan danışarkən biz daim qarşılıqlı dostluq və xoş münasibətin vacibliyini vurğulayırıq. Lakin bəzi məsələlərdə vəziyyət fərqlidir və qırmızı xətlərə hökmən riayət etmək lazımdır.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Mühüm məsələlərdən, qırmızı xətlərdən biri də fitnə və fitnəkarlardır. Hökumət kabinetində təmsil olunan möhtərəm nazirlər öz etimad səsvermələrində bu kimi hallara qarşı mənfi münasibətlərini vurğuladıqları kimi, bundan sonra da bu prinsipə sadiq qalmalıdırlar”.

Ali Məqamlı Rəhbər 5-ci tövsiyəsini insaflı tənqidə dözümlü və sakit yanaşmağın vacibliyinə həsr etdi. O dedi: “Cənab prezident, əlbəttə ki, müəyyən hallarda haqlı olaraq bəzi tənqidlərdən narahat olur. Belə ki bəzən tənqidlər çox kəskin və insafdan kənar olur”.

Ali Məqamlı Rəhbər fikirlərinə aşağıdakıları da əlavə etdi: “Hər sözə və ya tənqidə cavab verməyə lüzum yoxdur, çünki bəzən susmaq daha yaxşıdır. Bir də ki, əleyhimizə deyilən hər söz insanların bizim haqqımızda düşüncələrinə, mütləq, təsir edərək qəbul olunmur”.

O həmçinin vurğuladı: “Tənqid olmalıdır, lakin müsbət bir tonla bildirilməli, insaflı olmalı, məqsədi də qarşı tərəfi biabır edib nüfuzdan salmaq olmamalıdır. Bu, sözsüz ki, yanlış bir metoddur”.

Ali Məqamlı Rəhbər tənqidlərə məntiqli və soyuqqanlı cavablar vermək lazım olduğunu da qeyd etdi.

“İnsaflı tənqid hökumətə qarşı düşmənçilik yox,  köməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hazırda olduqca əhəmiyyətli məsələlərdən biri də cəmiyyətdə mövcud olan mənəvi-psixoloji rahatlıqdır. Bunu qorumaq lazımdır”.

Ali Məqamlı Rəhbərin hökumət nümayəndələrinə verdiyi 6-cı tövsiyə keçmiş hökumətlərin tədbir və siyasətlərini tənqid edərkən insaflı davranmağın vacibliyi ilə bağlı oldu.

O vurğuladı: “İş başına gələn hökumət kabinetləri həmişə əvvəlkiləri tənqid edib. Bunun heç bir eybi yoxdur. Lakin bu tənqidlər şişirdilmiş və destruktiv xarakter daşımamalıdır, çünki bütün bunlar əhalinin əhval-ruhiyyəsinə pis təsir göstərir, insanlarda gələcəyə inamsızlıq yaradır”.

Keçmiş hökumət kabinetlərinin fəaliyyəti ilə bağlı səsləndirilən bəzi şişirdilmiş, insafdan kənar tənqidlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Əgər bu gün biz belə insafsız tənqidlərə yol verəriksə, heç şübhəsiz, gələcəkdə bizim fəaliyyətimizə də insafsız münasibət bəslənəcək. Əgər biz özümüzdən əvvəlki hökumət kabinetinin bəzi tədbir və siyasətlərini qəbul etmiriksə, ən yaxşı metod nöqsan hesab etdiyimiz məqamları öz işimizdə düzəltməkdir və bu, hansısa tənqidi fikirlər bildirməkdən daha yaxşıdır”.

Ali Məqamlı Rəhbərin hökumətə verdiyi 7-ci tövsiyə beynəlxalq və regional məsələlərə qarşı açıq və qətiyyətli mövqe tutmaqla bağlı oldu.

Həzrət Ayətullah Xamenei ötən 1 il ərzində hökumətin bu kimi məsələlərə münasibətdə daim təqdirəlayiq mövqe nümayiş etdirdiyini bildirərək dedi: “Fələstin məsələsi, İsrail rejimi, Qəzza, Suriya, İraq, təkfirçilər, Amerikanın müdaxilələri və s. bu kimi məsələlərə münasibətdə açıq və qətiyyətli mövqe seçilməsi İran İslam Respublikasının xeyrinə olmaqla yanaşı, diplomatik fəaliyyətlər və müzakirələrlə də heç bir uyğunsuzluq təşkil etmir”.

O vurğuladı: “Bu kimi məsələlərdə şəffaf və qətiyyətli mövqe tutulması İslam dövlətinin ümumi imicini və xalqlar arasındakı strateji dayağını qoruyub saxlayacaq”.

Ali Məqamlı Rəhbərin 8-ci tövsiyəsi ölkənin elmi inkişafının yüksək sürət tempi ilə davam etdirilməsinin, elmi əsaslı şirkətlərə dövlət tərəfindən dəstək verilməsinin vacibliyi, habelə fundamental və tətbiqi xarakterli elmi tədqiqatların həlledici rolu ilə bağlı oldu.

Həzrət Ayətullah Xamenei səhiyyə sistemi ilə bağlı qəbul edilmiş yeni layihəni 11-ci hökumətin çox müsbət tədbirlərindən biri kimi dəyərləndirərək öz 9-cu tövsiyəsində aşağıdakıları qeyd etdi: “Bu layihəyə dəstək verərək icrasını davam etdirmək lazımdır. Eyni zamanda diqqət yetirmək lazımdır ki, qəbul edilən bəzi qərarlar bu layihəni öz əksinə çevirməsin”.

Ali Məqamlı Rəhbərin hökumətə verdiyi sonrakı tövsiyələr, əsasən, iqtisadiyyatla bağlı oldu.

O, öz 10-cu tövsiyəsində daxili imkan və potensiala arxalanmağın, yerli istehsala dəstək olmağın vacibliyini vurğulayaraq dedi: “Möhtərəm prezidentin də vurğuladığı iqtisadi inkişaf və çiçəklənmənin açarı istehsaldır. Ölkə daxilindəki geniş imkanlardan istifadə edərək yerli istehsalı hərəkətə gətirmək lazımdır ki, iqtisadiyyatımız rövnəqlənsin, qeyri-neft məhsullarının ixracı artsın”.

“Daxili imkanların reallaşdırılması, yerli istehsalın hərəkətə gətirilməsi üçün müqavimət iqtisadiyyatının siyasətlərinin icrası son dərəcə əhəmiyyətlidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dövlət öz iqtisadi siyasətlər paketini müqavimət iqtisadiyyatının siyasətləri ilə uyğunlaşdırmalı, bu siyasətlərlə uyğunsuzluq təşkil edən məqamları ixtisara salmalıdır”.

Ali Məqamlı Rəhbər milli valyutanın dəyərinin sabitləşdirilməsi və inflyasiyanın kontrol altına alınmasını dövlətin ötən 1 ildə iqtisadiyyat sahəsində həyata keçirdiyi dəyərli tədbirlər kimi qeyd edərək dedi: “Bu tədbirlərlə qane olmaq lazım deyil, çünki bunlar hələ atılan ilk addımlardır”.

Ali Məqamlı Rəhbər ölkədə mövcud olan ciddi problemlərdən birinin də bankların investisiya fəaliyyəti olduğunu qeyd edərək vurğuladı: “Hökumət sözügedən problemə ciddi diqqət ayıraraq onu həll etməlidir. Çünki banklar istehsalata xidmət etməlidir və belə olduğu təqdirdə bir çox problemlər həllini tapacaq”.

Həzrət Ayətullah Xameneinin hökumətə verdiyi 11-ci tövsiyə kənd təsərrüfatı sektoruna, bölgələrdə emal sənayesinə xüsusi diqqət ayrılmasının vacibliyi ilə bağlı idi. O vurğuladı: “Aqrar sənaye bütün ölkələrdə xüsusi dəstək görən strateji sektorlardan biridir. Bizdə də hökumət kənd təsərrüfatı sektoru üçün xüsusi yardım və güzəştlər nəzərdə tutmalıdır”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Regionları inkişaf etdirməyin yolu orada emal sənayesi yaratmaqdır”.

Həzrət Ayətullah Xamenei hökumətə 12-ci tövsiyəsi kimi, mədən sektoruna, bu sektorun əlavə dəyəri və yaratdığı məşğulluq imkanlarına xüsusi əhəmiyyət verilməsini qeyd etdi. Daha sonra isə o, lüzumsuz idxalın ziyanlarından, bunun daxili istehsala mənfi təsirindən danışaraq 13-cü tövsiyəsini həmin məsələyə həsr etdi.

Lüzumsuz idxal probleminin təkcə göstəriş və təlimatlar yolu ilə həll edilməyəcəyini vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Dövlət zəruri olmayan, lüks və dəbdəbəli malların idxalının qarşısını almaq üçün daha sərt tədbirlər görməli, lazım gələrsə, güc tətbiq etməlidir”.

Ali Məqamlı Rəhbərin 14-cü tövsiyəsi kənd təsərrüfatında istifadə olunan sularla bağlı oldu. O, Energetika Nazirinin bu sahədə həyata keçirdiyi siyasətləri dəstəklədiyini bildirərək dedi: “Ölkədəki su problemini həll etməyin mühüm yollarından biri də yeni suvarma metodlarından, özəlliklə də təzyiqli suvarmadan istifadə etməklə suvarma sularına qənaət etməkdir”.

Ali Məqamlı Rəhbərin hökumətə sonuncu – 15-ci tövsiyəsi “Məskən-e mehr” adlandırılan mənzil-tikinti layihəsinin tamamlanmasına ciddi diqqət yetirməyin vacibliyi ilə bağlı oldu. O dedi: “Ola bilsin ki, bilavasitə bu layihənin özünə, yaxud bu layihə çərçivəsində bank kreditlərinin ayrılma mexanizminə qarşı çıxan insanlar var, lakin yaddan çıxarmaq olmaz ki, hazırda bir neçə milyon nəfər insan səbirsizliklə “Məskən-e mehr” layihəsinin tamamlanmasını gözləyir. Bu işi ciddi surətdə davam etdirərək sona çatdırmaq lazımdır”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər 11-ci hökumət kabinetinin üzvlərinə xitabən aşağıdakıları dedi: “Allaha arxalanın, Ona təvəkkül edin. Siz Allahın köməyinə ümid etsəniz, heç şübhəsiz, Uca Yaradan da sizə kömək edəcək. Bunu da bilin ki, sizin uğurunuz İslam dövlətinin uğuru və başucalığıdır”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Ruhani hökumətin 1 illik fəaliyyəti ilə bağlı hesabat verdi.

11-ci prezident seçkiləri fonunda ölkənin siyasi həyatında bir qəhrəmanlığın gerçəkləşdiyini qeyd edən cənab Ruhani dedi: “Hökumət bütün səylərini cəmiyyətdə sabitlik və asayişin bərqərar edilməsinə, əhalidə ölkənin gələcək inkişaf və yüksəlişinə inam yaradılmasına yönəldib. Bu gün biz bu asayiş və təhlükəsizliyin yaradılmasını özümüz üçün ən böyük nailiyyət hesab edirik”.

Daha sonra ölkə başçısı bəzi iqtisadi göstəricilərdə müşahidə olunan dəyişikliklərlə bağlı statistikanı qeyd edərək dedi: “İşə başladığı ilk vaxtlarda hökumət kabineti öz fəaliyyət proqramını sürətlə artan inflyasiyanın tənzimlənməsi üzərində qurmuşdu və əhaliyə verilmiş vədə əsasən, 1392-ci ilin sonunda inflyasiya göstəricisi 35 faizdən aşağı düşdü. Cari ilin sonuna qədər isə bu rəqəm 20 faizdən də aşağı düşəcək. Həmçinin ümid edirik ki, 1395-ci ilin sonuna qədər ölkədə inflyasiya göstəricisi ilk dəfə olaraq birrəqəmli ədədlə ifadə olunacaq”.

Cənab Ruhani əlavə etdi: “İşə başladığı ilk dövrlərdə inflyasiyadan əlavə, hökumətin üzləşdiyi problemlərdən biri də 1391 və 1392-ci illərdə ard-arda baş vermiş və əvvəllər heç bir zaman müşahidə olunmamış iqtisadi durğunluq idi. Bu durğunluqdan yaxa qurtarmaq üçün hökumət bir neçə ay fəaliyyət proqramları üzərində işlədikdən sonra münasib siyasətlər paketi hazırladı”.

Ölkə başçısı neft, qaz, kənd təsərrüfatı, sənaye və mədən sektorlarında istehsalın artmasını və ölkəyə turist axınının güclənməsini iqtisadiyyatın müsbət istiqamətdə inkişafının və rövnəqlənməsinin daha bir göstərici hesab etdiyini bildirərək dedi: “Əlbəttə ki, hökumət durğunluqdan çıxmaq üçün daxili istehsala və qeyri-neft məhsullarının ixracının artımına əsaslanan müqavimət iqtisadiyyatının siyasətlərinə ciddi diqqət yetirir”.

“Hökuməti narahat edən daha bir məsələ işsizlik probleminin həllidir” – deyən cənab Ruhani əlavə etdi: “Bu problemin həlli üçün hökumət iqtisadiyyatın rövnəqləndirilməsi və investisiya qoyuluşunun artırılması əsasında təcili tədbirlər görməlidir”.

Hesabatının digər hissəsində cənab Ruhani ölkənin su təminatı sahəsində həyata keçirilmiş işlər haqda danışaraq suvarma suyu , texniki su və hətta içməli su ilə bağlı mövcud olan ciddi problemlərə toxundu. Bu mühüm infrastruktur layihələrin icrasına göstərdiyi yardım və dəstəyə görə Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirən ölkə başçısı dedi: “Bu sahəyə 10 milyard dollar investisiya qoyulacaq və qarşıdakı 4 il ərzində 12 milyard kub metr su saxlanacaq”.

Cənab Ruhani elektrik təminatı ilə bağlı da müəyyən narahatlıqların mövcud olduğunu qeyd edərək bildirdi ki, sözügedən problemin həlli yolu investor və sahibkarları bu sahəyə sərmayə qoyuluşuna təşviq etməkdir.

Ölkə başçısı öz hesabatını neft və qaz  hasilatının 3 milyon 700 min barel həcmində artırılması üçün həyata keçirilmiş tədbirlər barədə məlumatla davam etdirdi. O həmçinin dedi: “Çalışırıq ki, cari ildə qışın əvvəlinə qədər gündəlik qaz hasilatını 100 milyon kub metrə  çatdıraq, gələn il isə bu rəqəmi ikiqat artıraq”.

Urmiya və Hamun gölləri, palıd meşələri zonalarında mövcud olan ekoloji problemlərə, həmçinin ölkəyə daxil olan qum qasırğaları probleminə toxunan cənab Ruhani dedi: “Bu problemlər hələlik öz həllini tapmayıb, lakin dövlət onları ciddi şəkildə izləyərək narahatlıqları aradan qaldıracaq”.

Daha sonra ölkə başçısı ünvanlı subsidiyalar layihəsinin ikinci mərhələsinin icrasına başlamamışdan öncə nağd vəsaitlə subsidiyaların ayrılması nəticəsində 12 trilyon tümən həcmində büdcə kəsirinin yarandığına toxunaraq dedi: “Bu kəsir ünvanlı subsidiyalar layihəsinin ikinci mərhələsinin icrası sayəsində yumşaq bir keçidlə kompensasiya ediləcək. Maliyyə resurslarının bir hissəsi isə səhiyyə sistemində dəyişikliklər layihəsinin icrasına sərf ediləcək”.

Ölkə başçısı hökumətin səhiyyə sferasında əldə etdiyi mühüm nailiyyətlər sırasında  dərman preparatlarının qiymətinə nəzarət edilməsini və qiymətlərin sabitləşdirilməsini, xaricdən gətirilən dərman preparatlarının və tibbi ləvazimatların qiymətinin aşağı salınmasını, tibb müəssisələrində əhalinin payına düşən müalicə xərclərinin 35 faizdən 10 faizədək və daha aşağı salınmasını, aztəminatlı əhalinin yaşadığı bölgələrə tibb mütəxəssislərinin ezam edilməsini  sadalayaraq dedi: “Kütləvi səhiyyə sığortasının tətbiqi də hökumətin bu sfearada əldə etdiyi uğurlardandır”.

Cənab Ruhani hökumətin ötən bir il ərzində həyata keçirdiyi tədbirlər sırasında ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi dövlət proqramının hazırlanmasını, Məkran sahilləri ilə bağlı layihələri, ostanlara 7 səfərin təşkil edilməsini və yerlərdə əhaliyə real vədlərin verilməsini də qeyd etdi. O həmçinin siyasi, ictimai və mədəni sferalarda asayiş, vəhdət, həmrəylik və milli birliyin artdığını diqqətə çatdırdı.

Daha sonra ölkə başçısı hökumətin xarici siyasət strategiyası haqda danışdı. O dedi: “Hökumət İraq, Suriya, Livan və özəlliklə də Fələstin xalqlarına dəstək olmaq üçün bütün siyasi, iqtisadi və sosial imkanlarını səfərbər edib”.

O, terrorizm və cinayətkar İsrail rejimi əleyhinə mübarizədə region xalqlarının qələbə çalacağına, regionda asayiş və sabitliyin yenidən bərqərar olacağına ümidvar olduğunu bildirdi.

Ölkə başçısı həmçinin dünya ictimaiyyətinin zehnində iranafobiya baryerinin müəyyən qədər alçaldığını  da qeyd edərək ölkəyə qarşı tətbiq olunan zülmkar sanksiyalarla bağlı aşağıdakıları dedi: “Hökumət sanksiyaların azaldılması və aradan qaldırılması sahəsində müəyyən addımlar atıb və gələcəkdə bu tədbirləri daha da artırmağı nəzərdə tutur”.

Cənab Ruhani hökumətin nüvə danışıqları ilə bağlı rəhbər tutduğu strategiya haqda da danışaraq aşağıdakıları dedi: “İran tərəfi öz məntiqini, şəffaflığını və sülhməramlılığını nümayiş etdirib. Biz danışıqları elə bir formada davam etdirəcəyik ki, əgər bəzi dövlətlərin haqsız tələbləri danışıqların uğurlu gedişinə mane olsa, dünya ictimaiyyəti bunun məsuliyyətini hegemonluq iddiasında olan həmin dövlətlərdə görəcək”.

Daha sonra cənab Ruhani 11-ci kabinetdən öncə 24 il ərzində hakimiyyətdə olmuş hökumətlərin fəaliyyətini 3 səkkizillik mərhələyə bölərək inflyasiya və iqtisadi inkişaf göstəriciləri baxımından müqayisə etdi və çıxışını hazırkı çətin etapdan uğurla keçməsi üçün bütün qurumların hökumətə dəstək olub yardım etməli olduqları barədə fikirlərlə tamamladı. O dedi: “Hökumət qazandığı uğurlara görə daim özünü Uca Yaradanın lütfünə, İmam Mehdi Sahibəzzamanın (ə.f) diqqətinə, xalqın dəstəyinə, Ali Məqamlı Rəhbərin köməyinə və istiqamətləndirməsinə borclu bilir”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /